Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb

 

Noyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dağıstan Respublikası Xalq Məclisinin Sədri Xızrı Şıxsəidov və digər rəsmi şəxslər də iştirak ediblər.

Sədr qonaqları səmimi salamlayaraq qeyd edib ki, müstəqil Azərbaycan Respublikası Rusiya Federasiyası, onun subyektləri, o cümlədən Dağıstanla hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Xalqlarımız arasındakı mədəni və mənəvi yaxınlıq münasibətlərimizin daha da inkişafı üçün yaxşı zəmin yaradır.

Bildirilib ki, ölkə başçılarının görüşlərində aparılan danışıqlar və imzalanmış sənədlər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə qalxması baxımından çox əhəmiyyətlidir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrimizə də öz müsbət təsirini göstərir. Parlamentlər səviyyəsində münasibətlərimizin inkişafı ümumi məqsədlərə xidmət edir.

Milli Məclisin sədri Rusiya tərəfdən Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrup üzvləri arasında Dağıstandan olan deputatların fəaliyyətini təqdirəlayiq hesab edib. Qeyd edilib ki, deputatlarımızın qarşılıqlı səfərləri onları düşündürən məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Görüşdə bildirilib ki, dini liderlərin növbəti sammitində iştirak etmək üçün ölkəmizə səfər etmiş Rusiya nümayəndə heyəti Milli Məclisdə olmaqdan çox məmnundur. Qonaqlar qeyd ediblər ki, müştərək tarixi keçmişə malik xalqlarımız arasında münasibətlərin dərinləşməsi günün tələbidir. Rusiya, o cümlədən Dağıstan Azərbaycanla iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da genişləndirməyə böyük əhəmiyyət verir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.-14 noyabr.- S.4.