Bakıda Beynəlxalq
Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər”
adlı beynəlxalq qala tədbir keçirilib
Beynəlxalq Paralimpiya Komitəsinin
30 illik yubileyi münasibətilə noyabrın 13-də
Bakıda, Gənc Tamaşaçılar Teatrında “Yenilməzlər”
adlı beynəlxalq qala tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq
Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin
idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondunun və Azərbaycan
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı
ilə keçirilən və özünəməxsusluğu
ilə seçilən tədbirdə fiziki məhdudiyyətli
insanların həyat hekayələri kölgə teatrı,
ultrabənövşəyi şou və pantomima
tamaşaları vasitəsilə təqdim olunub.
İştirakçılar əvvəlcə
Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) fotomüxbiri İlqar Cəfərovun
paralimpiyaçılarımızın uğurlarından bəhs
edən fotolarından ibarət stendə baxıblar.
Tədbirdə “Yenilməzlər”in
loqosu təqdim olunub. İlk baxışdan sadə
görünən loqo
özündə paralimpiya
ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl
qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir.
Alovun dilləri Azərbaycan bayrağının rənglərinə
boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə
olan ruh” simvolu yer alıb.
Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.
Tədbirdə fiziki məhdudiyyətlərə
baxmayaraq, uğur qazanan tanınmış şəxslər həyat
hekayələrini tamaşaçılarla
bölüşüblər.
“Yenilməzlər”in
ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında
yenilməyən, çətinlikləri
aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində
çox nüfuzlu insanlara çevrilməyi bacaran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
fəxri cəngavər-bakalavrı,
Beynəlxalq Paralimpiya
Komitəsinin ikinci prezidenti Ser Filip Kreyven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının
fəxri vitse-prezidenti
Entoni Seynsburi olub.
Ser Filip Kreyven 16 yaşında olarkən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onurğa
sütunu zədələnib. Həmin vaxtdan
bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza
və ondan sonra yaranan fiziki
məhdudiyyət Filipin
iradəsini sındıra
bilməyib. O, idmandan
nəinki uzaqlaşmayıb,
əksinə, bütün
dünyada əlil idmanının və paralimpiya hərəkatının
inkişafına mühüm
töhfələr verib.
O məmnunluqla qeyd edib ki, Azərbaycanda
paralimpiya hərəkatının
inkişafına dövlət
tərəfindən böyük
diqqət göstərilir.
Məhz bunun nəticəsidir ki, azərbaycanlı paralimpiyaçılar beynəlxalq
arenada uğurla çıxış edirlər.
İdmançılar əldə etdikləri
nailiyyətlərlə paralimpiya
hərəkatının inkişafına
da mühüm töhfələr verirlər.
Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanının dostu Entoni Seynsburi haqqında da demək olar. Azərbaycan Milli
Paralimpiya Komitəsinin
beynəlxalq əlaqələrinin
qurulmasında və təbliğində onun xüsusi xidmətləri
var. Mütəxəssis hazırda
bu missiyanı davam etdirir. O, Azərbaycan Respublikasının
Milli Paralimpiya Komitəsinin yaradılmasının
20 illik yubileyi münasibətilə dövlətimizin
başçısının 2016-cı il fevralın
2-də imzaladığı Sərəncama əsasən,
ölkəmizdə paralimpiya
hərəkatının inkişafındakı
xidmətlərinə görə
Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Entoni Seynsburi dünyada paralimpiya hərəkatının
geniş vüsət aldığını, əlil
insanların idman vasitəsilə cəmiyyətə
inteqrasiyasının vacibliyini
qeyd edib.
Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri
xanım Muniba Mazari olub. Pakistanın “dəmir ledisi” kimi tanınan Muniba keçirdiyi qəza nəticəsində
əlil arabasından istifadə etməyə məcbur olub. Fiziki məhdudiyyətlərini və
digər stiqmaları dəf edən Muniba Mazari dünyanın
nüfuzlu qadınlarından
birinə çevrilib.
O, BBC tərəfindən dünyanın
100 güclü qadını,
“Forbes” jurnalı tərəfindən
isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu şəxs siyahısında
yer alıb.
Muniba Mazari fiziki imkanları
məhdud şəxsləri,
xüsusilə də qadınları daha güclü olmağa çağırıb. Bildirib ki,
əlilliyi olan insanlar cəmiyyətdən
təcrid edilməməlidirlər.
Onlar özlərinə inanmalı,
sahib olduqlarını və
əldə etdiklərini
digərlərinə ötürməlidirlər.
Adı hər bir Azərbaycan vətəndaşına yaxından
tanış olan ikiqat paralimpiya
çempionumuz İlham
Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olub. Onun hərbi xidmət
zamanı düşmən
gülləsinə tuş
gəlməsi nəticəsində
görmə qabiliyyətini
itirməsinə baxmayaraq,
həyatda böyük
uğurlara nail olması
bədii şəkildə
səhnələşdirilib. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilən tamaşada yer alıb.
Dünya cüdosunun tanınmış
simalarından olan paralimpiya çempionu Oleq Kretsul da
İlham Zəkiyev ilə eyni səhnəni
bölüşüb. Oleq Kretsulun
bu tədbirdə yer alması təsadüfi deyil. Keçirdiyi
avtomobil qəzasından
sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə
ayrılır. 1997-ci ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atıb. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməyib və Oleq Kretsul
bu dəfə paracüdo idmanında uğurlar qazanıb və paralimpiya çempionluğuna qədər
yüksələ bilib.
Tədbirdə ölkəmizdə jestika ilə ilk “vine” çəkən
Mahmud Səfərov “Mahmudun
dünyası” tamaşasını
təqdim edib. Onun çıxışı
fiziki məhdudiyyətinə
baxmayaraq, uğur qazanan insanlara həsr olunub.
BP-nin Azərbaycanda əlaqələr
üzrə meneceri Tamam Bayatlı şirkətin fəaliyyət
göstərdiyi ölkələrdə
korporativ sosial məsuliyyət dəyərlərinə
böyük önəm
verdiyini vurğulayıb. Bildirib ki,
BP Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya
Komitəsinin tərəfdaşıdır.
Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov çıxış edərək
deyib: “Xoşbəxtlik
əllərdə və
ayaqlarda deyil. Əsas odur ki, insanın
həyat sevgisi tükənməsin. Çünki məhz sevgi insanları həyata bağlayan və ona uğur qazandıran
məfhumdur”.
Tədbirin sonunda Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər
iştirakçılar üzərində “Yenilməzlər”in
loqosunun həkk olunduğu tablonu xüsusi zərlərlə rəngləyiblər.
Azərbaycan.- 2019.- 14 noyabr.- S.4.