Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

 

Noyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC DQİDK-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunan komitə sədri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin əhəmiyyətinə toxunub. Münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığı, tarixboyu formalaşan mənəvi və ümumbəşəri dəyərlərin dayandığını qeyd edən Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin bu əlaqələri daha yüksəkliyə qaldırdığını və hazırda Prezident İlham Əliyev tərəfindən uzaqgörən siyasətlə uğurla davam etdirildiyini bildirib.

Ölkəmizdəki dini mühit haqqında məlumat verən Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərildiyini, ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını və bu münasibət sayəsində Azərbaycanın zəngin tolerantlıqmultikultural dəyərlərinin qorunduğunu deyib.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dini radikalizmə qarşı mübarizə sahəsində fikir və təcrübə mübadiləsinin aparılmasının zəruriliyinin, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının önəmindən bəhs edib.

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edən Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımov xalqlarımızın bir çox ortaq xüsusiyyətlərinin olduğunu qeyd edib. Bildirib ki, hərtərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin mühüm rolu var. Özbəkistanla Azərbaycan arasında dini-mənəvi sahədə əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını qeyd edən müşavir bu sahədə təcrübə mübadiləsi, əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı, eyni zamanda, din sahəsində dövlət siyasətinin aparılması üzrə təcrübə mübadiləsi, dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 14 noyabr.- S.5.