Azərbaycan dinlərarası dialoqun inkişafında
önəmli rol oynayır
İlham Əliyev Bakıdan dünyaya
çağırış etdi: dindən siyasi məqsədlər
üçün istifadə etməyin, münaqişələrə
dini don geyindirməyin
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər.
Əvvəlcə birgə foto çəkdirildi.
Sammit müqəddəs "Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
- Hörmətli Şeyxülislam Allahşükür Paşazadə həzrətləri.
Zati-müqəddəsləri Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill.
Hörmətli din xadimləri, qonaqlar, xanımlar və cənablar.
Mən bütün qonaqları səmimiyyətlə salamlayıram. Dünya dini liderlərinin ikinci Zirvə görüşündə iştirak edən bütün qonaqlara "Xoş gəlmisiniz!” deyirəm.
Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır.
Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir.
Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi – Atəşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. Onu da bildirməliyəm ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır.
Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini demişlər. Bu sözlər, bu yüksək qiymət bizim üçün çox dəyərlidir və bu, reallığı əks etdirir.
Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir.
Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik.
Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi.
Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Hər il bir neçə ölkədə şeyx həzrətlərinin təşəbbüsü və rəhbərliyi ilə mötəbər beynəlxalq tədbirlər keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuz qazanmış şeyx həzrətləri din-dövlət münasibətlərinin necə tənzimlənməsi istiqamətində atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını dəstəkləyir. Çünki hər bir ölkənin sabitliyi hər bir ölkənin gələcəyi deməkdir. Sabitlik pozulan yerlərdə inkişafa da yer qalmır. Əfsuslar olsun ki, son illər ərzində dini zəmində müxtəlif ölkələrdə iğtişaşlar, müharibələr, münaqişələr baş alıb gedir. Əfsuslar olsun ki, bir çox hallarda dini şüarlar altında böyük cinayətlər törədilir.
Şeyx həzrətləri Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biridir. Bu ilin avqust ayında mənim Sərəncamımla Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev” ordeni şeyx həzrətlərinə verilmişdir və bu gün təntənəli şəkildə bu yüksək mükafat şeyx həzrətlərinə təqdim ediləcəkdir.
Dinlərarası münasibətlərə gəldikdə, hesab edirəm ki, bu münasibətlərin spektri kifayət qədər genişdir. Biz Azərbaycanda ümumi konsepsiyaya baxdıqda görürük ki, bir neçə istiqamət var, bu, sadəcə olaraq, dini liderlərin bir-biri ilə əlaqədə olması demək deyil. Bu, müxtəlif tədbirlərin keçirilməsidir və önəmli mesajların verilməsidir. Mən bu tədbirlərin arasında Azərbaycanda bir neçə il bundan əvvəl keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunlarını da qeyd etmək istəyirəm. Baxmayaraq ki, bu, idman yarışlarıdır, ancaq bu yarışların çox böyük siyasi mənası vardır. Çünki təsəvvür edin, cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə İslam ölkələrinin və Avropa ölkələrinin idmançıları yarışır və eyni zamanda, dostluq əlaqələri yaradırlar. Çünki bu oyunlar, sadəcə olaraq, idman yarışı deyil. Bu oyunlar Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına çevrilmişdir. Hər iki idman yarışında 100-dən çox ölkə təmsil olunurdu, minlərlə idmançı, məşqçi, qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu vardır.
Keçən il
biz "Bakı Prosesi”nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi” bizim təşəbbüsümüzlə
başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq
dəstəyə malikdir. O cümlədən BMT
"Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası
dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət
nazirlərinin toplantısı keçirilmişdir və biz qərara
gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına
üzv olan ölkələrin Mədəniyyət nazirlərini
dəvət edək və beləliklə, birinci təmas
yarandı. Ondan sonra 2009-cu ildə Bakıda
İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin Mədəniyyət nazirlərinin
toplantısına biz Avropadan nazirləri dəvət etdik.
Azərbaycan nadir ölkələrdəndir ki, həm
İslam Əməkdaşlıq Təşkilatına, həm
də Avropa Şurasına üzvdür və biz bu imkandan
istifadə edib "Bakı Prosesi”nə start verdik. Bayaq qeyd etdiyim kimi, bu gün beynəlxalq aləmdə
"Bakı Prosesi” çox yüksək qiymətləndirilir
və bu, doğrudan da nadir əməkdaşlıq
formatıdır.
Dinlərarası dialoqdan
danışarkən, əlbəttə ki, biz təkcə
müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda,
münaqişələri din amilinə bağlamaq cəhdlərini
də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.
Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli
Azərbaycan torpağıdır, tarixi Azərbaycan
torpağıdır. Azərbaycan xalqı əsrlərboyu
bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə,
eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində
çap edilmiş xəritələrində Dağlıq
Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan
mənşəlidir. Qarabağ
xanlığı Azərbaycan xanlığı olmuşdur.
Sadəcə olaraq, XIX əsrin əvvəllərində
ermənilər Dağlıq Qarabağa
köçürülmüşlər və XX əsrdə
orada milli tərkib böyük dərəcədə
deformasiyaya uğramışdır. Onu da
bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar
arasında cızılan xəritələrə gəldikdə,
o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul
edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində
saxlanılsın. Bu, çox önəmli məqamdır,
çünki tarixi təhrif etməkdə usta dərəcəsinə
çatmış erməni tarixçiləri qeyd edirlər
ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi
haqqında qərar qəbul edilmişdir. Halbuki
bu, belə deyil və tarixi sənədlər bunu göstərir,
Dağlıq Qarabağı Azərbaycanın tərkibində
saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları
əks etdirir.
Ancaq Sovet İttifaqının
dağılması ərəfəsində Dağlıq
Qarabağda və Ermənistanda baş qaldırmış millətçi
qüvvələr Azərbaycana qarşı təcavüzə
başlamışdır və hərbi təcavüz nəticəsində
torpaqlarımızın təxminən 20 faizi, o cümlədən
Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal
altına düşmüşdür. Bu ərazilərdə
Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir,
bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o
cümlədən məscidlərimiz ermənilər tərəfindən
dağıdılmışdır. Münaqişə
ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə
qəbul edib və bu qətnamələrdə erməni
silahlı qüvvələrinin bizim torpaqlarımızdan
çıxarılması haqqında açıq-aydın
müddəalar var, Ermənistan bu qətnamələrə məhəl
qoymur. Digər beynəlxalq təşkilatlar –
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və
başqa təşkilatlar oxşar qərar və qətnamələr
qəbul etmişlər. Münaqişənin həlli
üçün yeganə yol Azərbaycanın ərazi
bütövlüyünün bərpasıdır.
Bu böyük humanitar fəlakət
nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan
və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı
qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8
milyon idi. Yəni, təsəvvür edin nə qədər
böyük humanitar fəlakət idi. Buna
baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz
beynəlxalq aləmdə böyük nüfuz
qazanmışdır. Keçən ay
Bakıda Qoşulmama Hərəkatının Zirvə
Görüşünün Yekun Bəyannaməsi də ədaləti
əks etdirir və bildirməliyəm ki, Azərbaycan bu
böyük təşkilata sədrliyi öz üzərinə
götürmüşdür. Azərbaycan 120 ölkənin
yekdil qərarı ilə bundan sonra üç il
ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.
Bizim iqtisadi göstəricilərimiz
çox müsbətdir. 2003-cü ildən bu günə qədər ölkə
iqtisadiyyatı 3,2 dəfə artmışdır,
savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində
təxminən 50 faizdən 5 faizə
düşmüşdür. Azərbaycan texnoloji
inkişafa böyük önəm verir və bu gün
dünyanın məhdud sayda olan kosmik klubunun
üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat
layihələri icra edilir. Bu layihələr,
sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq
layihələridir. Çünki nəqliyyat
elə bir sahədir ki, qonşu ölkələr və digər
bölgə ölkələri bir-birindən asılı
olurlar. Azərbaycan açıq dənizlərə
çıxışı olmayan bir ölkə kimi artıq
beynəlxalq nəqliyyat mərkəzlərindən birinə
çevrilmişdir - Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən
keçir.
Bütün bu nailiyyətlər
deməyə əsas verir ki, inkişafımız bundan sonra da
uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və
uğurlu gələcəyimizin əsas şərti daxili
sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan
xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir.
Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu
inkişafının əsas amillərindən biridir və
eyni zamanda, dinlərarası münasibətlər də bizim
gücümüzü artırır.
Mən əminəm ki, bu
Zirvə görüşünün çox böyük əhəmiyyəti
olacaq və Bakıdan səslənən mesajlar lazımi
ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri
dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya,
islamofobiya, antisemitizmə qarşı birgə mübarizə
aparmaq, dindən siyasi məqsədlər üçün
istifadə etməmək, münaqişələrə dini don
geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri
dağıtmamaq və ənənəvi dəyərləri təbliğ
etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər
Azərbaycanın bu istiqamətdəki siyasətini əks
etdirir. Əminəm ki, Zirvə
görüşünün nəticələri bu istiqamətdə
atılmış növbəti addım olacaqdır.
Mən bir daha qonaqları səmimiyyətlə
salamlayıram və Zirvə görüşünə
uğurlar arzulayıram. Sağ olun.
***
Sonra Prezident İlham
Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadənin
"Heydər Əliyev” ordeni ilə təltif edilməsi
haqqında Sərəncamı oxundu.
Dövlətimizin
başçısı İlham Əliyev "Heydər
Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə
təqdim etdi.
Sonra Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür PAŞAZADƏ
çıxış edərək dedi:
-Bismillahir rəhmanir rəhim.
Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev.
Əziz qardaşım,
Zati-müqəddəsləri, Moskvanın və Bütün
Rusiyanın Patriarxı Kirill həzrətləri.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti möhtərəm
Mehriban xanım Əliyeva.
Hörmətli rəyasət,
dəyərli dini liderlər və dövlət xadimləri, əziz
qonaqlar.
Dünya dini liderlərinin II
Bakı Sammitində hər birinizi salamlamaqdan böyük
şərəf duyuram. Allah-Təala Qurani-Şərifdə
içərimizdə "yaxşılığa
çağıran, xeyirli işlər görməyi buyuran və
pis əməllərdən çəkindirən bir camaat”
olmasını bizə tövsiyə etmişdir. Bugünkü Zirvə görüşündə məhz
belə bir cəmiyyət toplanmışdır, milyonlarla
dindarları təmsil edən qüdrətli dini liderlər,
böyük nüfuza malik şəxsiyyətlər, siyasi və
ictimai xadimlər bir araya gəlmişlər. Bu məqamda
mən II Bakı Sammitinin dəyərli qonaqlarının iradəsini
ifadə edərək, Bakı Zirvə görüşünün
ərsəyə gəlməsinə xeyir-dua vermiş, tədbirimizə
mənəvi və əməli dəstək olmuş Azərbaycan
Prezidenti cənab İlham Əliyevə hamımızın
adından minnətdarlığımı bildirmək istərdim.
Azərbaycan dövlətinin
başçısı Zati-aliləri Prezident İlham
Əliyev qlobal miqyasda ümumbəşəri dəyərlərin
carçısı, dünya miqyasında multikulturalizm,
İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı,
mədəniyyətlərarası əməkdaşlığa
dair "Bakı Prosesi”nin müəllifidir. Multikulturalizm
bizim həyat tərzimizdir. Bu milli-dini
birlik ideyası ölkəmizdə dövlət siyasəti səviyyəsində
həyata keçirilir. Ulu öndər Heydər
Əliyev tərəfindən təməli qoyulan müasir Azərbaycanda
Zati-aliləri Prezident İlham Əliyevin qətiyyətli
siyasi iradəsi, Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın yüksək dövlətçilik təfəkkürü
ilə milli-mənəvi dəyərlərə verdiyi önəm
sayəsində bəşəri birliyə xidmət edən
multikulturalizm, İslam həmrəyliyi kimi ideyaların
reallaşması istiqamətində uğurlu addımlar
atılır və bu addımlar beynəlxalq aləmdə
böyük siyasi-mənəvi rezonans yaradır. Qeyd edim ki, Azərbaycan Prezidentinin tövsiyəsi ilə
2017-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində
Bakı Beynəlxalq Dinlərarası və
Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis
edildi və dövlətimizin başçısının
ideya müəllifi olduğu qlobal
çağırışlar Mərkəzimizin İspaniyada,
Almaniyada, Avstriyada keçirdiyi beynəlxalq tədbirlərdə
böyük rəğbətlə qarşılandı.
Bu gün keçirilən bu möhtəşəm
Sammitin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə
ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm
kimi təhlükələrin qarşısının
alınması üçün siyasi, ictimai və dini liderlərin
birgə səylərinin artırılmasının və
qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan
etməkdir. Təəssüf ki, müasir
dövrümüzdə insanlar arasında təcavüzə,
zorakılığa və ayrı-seçkiliyə təhrik
edən nifrət çağırışları ictimai təhlükəyə
çevrilməkdədir. İnformasiya-kommunikasiya
sahəsindəki müasir texnologiyalar, sosial şəbəkələr,
kütləvi media vasitələri nifrət
çağırışlarını bütün dünyada
genişmiqyaslı sistemə çevirir. Qlobal
miqyasda nifrət çağırışları İraqda,
Suriyada, Fələstində, Əfqanıstanda və digər
ölkələrdə sabitliyi pozmuş, hərbi və
soyqırımı cinayətlərinə rəvac
vermişdir. Nifrətin ideoloji təsirləri
altında Qərb dünyası miqrant problemlərinə
antihumanist münasibətilə bəşəri fəlakətlərə,
bəlkə də cinayətlərə yol açır.
Məhz belə nifrət çağırışları sayəsində
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf
7 rayonu Ermənistan tərəfindən hərbi təcavüzə
və soyqırımına məruz qalmış, 20 faiz torpaqlarımız
işğal edilmiş, 1 milyondan çox insan əzəli
torpaqlarından qaçqın və məcburi
köçkün düşmüş, dini və mədəni
abidələrimiz vəhşicəsinə
dağıdılmışdır. Əfsuslar olsun ki, beynəlxalq
hüququn norma və prinsiplərinə rəğmən
bu tarixi ədalətsizlik bu günə qədər davam etməkdədir.
Nifrət
çağırışlarının, təhrik
mesajlarının çoxalması olduqca aktual problemdir. Təsadüfi
deyil ki, BMT-nin Ekspert qrupu bununla əlaqədar xüsusi qətnamə
qəbul etmişdir. KAİSİİD Beynəlxalq
təşkilatının iclasında qeyd olunduğu kimi,
"Nifrət nitqlərinə qarşı mübarizə insan
hüquqlarının müdafiəsinin vacib elementidir”. Zati-aliləri İlham Əliyev cənablarının
beynəlxalq müstəvidə aktual problemlərin həllində
hər zaman öncül olduğunu, dərin təfəkkür
tərzini bildiyimiz üçün nifrətə
çağırış probleminin fəsadlarını və
ictimai təhlükəsini nəzərə alaraq, Sammit
iştirakçıları adından Zati-alilərinə
müraciət etmək istərdim. Burada iştirak edən
BMT və KAİSİİD Beynəlxalq dinlər və mədəniyyətlərarası
Dialoq Mərkəzi və Bakı Dinlərarası Əməkdaşlıq
Mərkəzinin birgə təşkilatçılığı
ilə "Qlobal nifrət çağırışları
ilə mübarizədə din, siyasət və ictimaiyyət
xadimlərinin birgə səyləri” mövzusunda gələcəkdə
beynəlxalq konfransın keçirilməsinə dair təşəbbüsümüzün
Zati-aliləri tərəfindən dəyərləndirilərək
razılıq verilməsi beynəlxalq ictimaiyyət və biz
din xadimləri üçün Allahın köməyi ilə
müstəsna əhəmiyyət kəsb edə bilər.
Biz Azərbaycan heç vaxt
söz azadlığının və demokratiyanın əleyhinə
olmamışıq. Biz söz azadlığını nifrət
çağırışlarına çevirənlərin əleyhinəyik.
Söz – Yaradanın insana əmanətidir, insan
hər sözü üçün Allah qarşısında məsuliyyət
və cavabdehlik daşıyır. Söz – Ana, Vətən,
Nur, Məhəbbət, Cənnət də ola
bilər, Söz - savaş, müharibə, ölüm, cəhənnəm
də ola bilər. Bizim məqsədimiz təfriqə
və ayrı-seçkilikdən uzaq olan, xalqları və millətləri
bir araya gətirən, mənəvi və insani dəyərləri
üstün tutan vahid qardaşlıq dünyası naminə
birgə çalışmaq, İlahi Nurun ardınca getməyi
Sözlə təbliğ etməkdir. Çünki
bütün dini kitablarda deyildiyi kimi, iman gətirənlər
qardaşdırlar! Hamımız babamız Adəmdən,
Adəm isə torpaqdan yaranmışdır. Torpaq
qardaşlarını birləşdirən cəhətlər
isə onları ayıran və yadlaşdıran cəhətlərdən
qat-qat üstün və dəyərlidir!
Zati-aliləri, möhtərəm
Sammit iştirakçıları. Mən öz iştirakı ilə tədbirimizi
zinətləndirən ali
qonaqlarımıza, Sammitə təbrik məktubları
göndərən dövlət və din xadimlərinə,
beynəlxalq təşkilatlara və ictimai qurumlara minnətdarlığımı
bildirirəm. Özəlliklə uzun illər səmərəli
fəaliyyətimiz sayəsində özümə dost,
qardaş bildiyim Zati-müqəddəsləri Moskvanın və
bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinə,
digər dəyərli şəxsiyyətlərə və
burada iştirak edən qardaş və bacılarıma təşəkkür
edirəm.
Mənim və ailəm
üçün çox əlamətdar haldır ki, bəşəri
məsələlərin müzakirə olunduğu və
mühüm qərarların bəyan edildiyi Dünya dini liderlərinin
builki Bakı Sammiti yubileyimlə eyni vaxta təsadüf edir. Bu tarixi gündə Azərbaycan
dövlətinin başçısı, Zati-aliləri
İlham Əliyev cənabları məni ölkəmizin ən
ali mükafatı olan "Heydər
Əliyev” ordeni ilə təltif etdi. Ulu öndər Heydər
Əliyevin adını əbədiləşdirən ordeni mənə
təqdim etməklə Azərbaycan Prezidenti yüksək səviyyəli
dövlətçilik təfəkkürünü, dünyəvi
dövlətin milli-dini dəyərlərə və
din-dövlət münasibətlərinə ali
diqqətinin bariz nümunəsini nümayiş etdirdi. Böyük qardaşım, ulu öndər Heydər
Əliyevin adını daşıyan ordenə layiq
görülmək həyatım boyu mənim üçün
böyük şərəf və fəxarət olacaqdır.
Bu, mənim 70 illik yubileyimə və 40 illik
Şeyxülislamlıq fəaliyyətimə verilən ən
böyük dəyərdir. Bu illər ərzində Ulu
Öndərin və daha sonra Zati-alilərinizin rəğbəti
və dəstəyi ilə Qafqaz Müsəlmanları İdarəsini
dünyanın tanınmış dini təşkilatı səviyyəsinə
qaldırmağa birgə nail olduq. Böyük
tarixi nailiyyətimiz olan müstəqilliyimizin qorunması,
dövlətçiliyimizin möhkəmləndirilməsi və
milli-mənəvi dəyərlərimizə
qayıdışı təmin etmək üçün
Zati-alilərinizin rəhbərliyi ilə var qüvvəmizlə
çalışmaqdayıq. Bu gün əminliklə deyə
bilərəm ki, harada dövlət və din münasibətləri
düzgün məcrada inkişaf edirsə, orada dövlətin
və xalqın siyasi, iqtisadi və mənəvi rifahı
mütləq labüddür!
Zati-aliləri, möhtərəm
cənab Prezident. Hörmətli Sammit iştirakçıları.
Mən bir daha Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə bu Sammitdə iştirakına və ali təltifinə görə minnətdarlığımı
bildirirəm. Ümidvaram ki, Sammitin qərarları Yekun sənədində
öz əksini tapacaq, Dünya dini liderlərinin II Bakı
Sammiti qloballaşan dünyanın müasir
çağırışlarının, aktual problemlərinin
həllinə Azərbaycan dövlətinin dəyərli
töhfəsi olacaqdır. Bu Sammit dünya dinləri tarixinə
əlamətdar hadisə kimi həkk olunacaq və beynəlxalq
müstəvidə qarşılıqlı anlaşma
mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir,
İnşallah!
Vəssalamu əleykum və
rəhmətullahi və bərəkatuhu.
***
Moskvanın və Bütün
Rusiyanın Patriarxı
KİRİLL çıxış edərək dedi:
-Zati aliləri, çox hörmətli
cənab Prezident.
Zati-aliləri xanım
Mehriban Əliyeva.
Mənim əziz
qardaşım, möhtərəm Şeyxülislam
Allahşükür Paşazadə.
Zati müqəddəslər
və hörmətli dini liderlər.
Mən Azərbaycan hökumətinin,
bu Sammitin qonaqpərvər sahibi Şeyxülislam
Allahşükür Paşazadənin dəvəti ilə
böyük sevinclə Bakıya gəlmişəm.
Bu tədbiri hərtərəfli
dəstəklədiyinə və söylədiyi fikirlərə
görə Azərbaycan Respublikasının Prezidenti İlham
Heydər oğlu Əliyevə minnətdarlığımı
bildirmək istərdim. 2010-cu ilin aprelində Dünya dini liderlərinin ilk
Bakı Sammitinin keçirildiyi vaxtdan demək olar ki, 10 il sonra dinlərarası münasibətlər
sahəsində yeni meyillər meydana çıxıb və ənənəvi
dinlər qarşısında yeni
çağırışlar durub. Son illər
Bakıda və bir çox ölkələrdə Azərbaycanın
himayədarlığı altında müasirliyin çətin
suallarına birlikdə cavab vermək məqsədilə
çoxsaylı dinlərarası və mədəniyyətlərarası
tədbirlər keçirilir. Əsasən
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri
möhtərəm Şeyxülislam Allahşükür
Paşazadənin səyləri ilə məhz Bakı qlobal səviyyəli
dinlərarası dialoq üçün mühüm meydana
çevrilib.
Son onilliklər Yer kürəsinin
ayrı-ayrı nöqtələrində müxtəlif
münaqişələr və terrorçuluğun indiyədək
görünməmiş tüğyanı ilə hamını
kədərləndirib. Terrorçular günahsız dinc
insanların qanını axıdır. Şri-Lanka,
Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Fransa - bunlar son
iki ildə dünyanı sarsıdan terror aktlarının
törədildiyi ölkələrin heç də tam
siyahısı deyil. Etiraf etməliyik ki, ənənəvi
dinlərə qarşı müharibə gedir. Bu müharibə şəhər və kəndlərdə,
informasiya məkanında, ən vacibi isə insanların
şüurlarında və qəlblərində
aparılır. Ən təhlükəlisi
budur ki, bu müharibədə ön sıralarda gənc nəslin
nümayəndələri döyüşür. Ekstremist hərəkatın ideoloqları gənclərdə
həyat təcrübəsinin olmamasından, onun nəyin
bahasına olursa-olsun öz baxışlarını müdafiə
etməyə hazırlığından istifadə edir. Bütün bunlar savadın aşağı səviyyəsi,
təkcə digər dinlər haqqında deyil, hətta öz
dini ənənələri haqqında baza biliklərinin
çatışmazlığı ilə daha da dərinləşir.
Biz hamımız bu gün informasiya müharibələrinin
aparılması üçün hansı böyük resurslardan
istifadə olunduğunu bilirik. Əlbəttə,
biz dini xadimlər daimi təhdidlərə vərdiş
etmişik. Şər qüvvələr
öz həyatını Tanrıya xidmətə həsr edənlərə
qara yaxmaq cəhdlərini heç vaxt tərk etməyiblər.
Amma bu, o demək deyil ki, biz enerjili və
çox şey vəd edən gənclərimizin vicdansız
adamlar tərəfindən özlərini aldatmasına və
istifadə olunmasına sakitcə durub baxmalıyıq. Niyə ekstremistlərin təbliğatı müəyyən
uğur qazanır? Güman edirəm, ilk
növbədə, ona görə ki, onlar dindar adamların
müasir sekulyar paradiqmalarını qəbul etməmələrindən
bəhrələnirlər. Hər tərəfdən
təlqin ediləndə ki, həyatda ən əsas şeylər
uğur, var-dövlət, ləzzətdir, onda dindar insan bu
cür yanlış dəyərlərin aqressiv
sırınmasına qarşı etiraz etməyə bilmir.
Sistemin ənənəvi dəyərlərinin
böhranı təxribatçılar və ekstremistlər
üçün geniş meydan açır. Onlar öz ideologiyalarını və sekulyar
ideologiyanı asanlıqla dəyişir, onların toxumları
münbit torpağa düşür. Buna görə də
biz dini liderlər kimi nəinki ekstremizmi rədd və ittiham
etməliyik, həm də cəmiyyətdə müqəddəs
yazılara əsaslanan sarsılmaz dəyərləri, ailəni,
nikahı, böyüklərə hörməti, dinə
hörməti, insanın dini seçimini, iztirab çəkənlərə
və kimsəsizlərə dəstəyi tərbiyə etməliyik.
İnandırıcı nümunələrlə
möhkəmləndirilən bu ideyaları biz informasiya məkanında
fəal translyasiya etməliyik. Bu gün
bizim öz həmrəyliyimizi və əzab çəkən
qardaşlarımıza diqqətimizi nümayiş etdirmək
üçün çox gözəl imkanımız var. Mən
son illərdə dağıdıcı qanlı münaqişələrdən
əhalisinin çox ziyan çəkdiyi Yaxın Şərq
regionu haqqında danışıram. Terrorçuların
Suriyaya və İraqa vurduğu ziyanı görmək
ağırdır. Yaxın Şərq
böhranı kütləvi miqrasiyaya səbəb olub. Təəssüf ki, heç də bütün
miqrantlar gəldikləri ölkələrin yerli əhalisi ilə
qarşılıqlı fəaliyyət göstərməyə
hazır olmadılar. Çoxlarının
elementar dinlərarası və millətlərarası
ünsiyyət mədəniyyəti çatmadı. Buna görə də bugünkü Sammit kimi təşəbbüslər
xüsusilə əhəmiyyətlidir.
Bu gün sekulyarizm cəmiyyətdə
getdikcə daha çox yayılır və özündə
dinin olmasını təkzib edir. Sekulyar ideyanın tərəfdarları
hesab edirlər ki, dindən imtina etmək bütün
insanların ümumi rifahına xidmət edir. İnformasiya texnologiyalarının fəal
inkişafı sayəsində cəmiyyətdə dini təşkilatlar
obrazı köhnəlmiş məhdud
dünyagörüşü sırıyan dini təşkilat
obrazı kimi təbliğ edilir, mənəviyyat haqqında
müasir təsəvvür yoxdur. Həm də bu zaman
dindarlıqla birlikdə kişi ilə
qadının ittifaqı kimi nikah, insanın doğulduğu
andan təbii həyata qədərki ömrünün
toxunulmazlığı, qeyri-təbii ədəbsiz
özbaşınalığı aşıq-aşkar tənqid
etməyə özündə güc və mərdlik tapan
insanlar rədd olunur. Sekulyar ideologiyanın
nümayəndələri onları dözülməzlikdə
ittiham edirlər. Biz bir vaxtlar
xristianlığın bəhrəsi olan, indi isə öz dini
simasını sürətlə itirən Avropadakı vəziyyəti
ürəkağrısı ilə qəbul edirik.
Bu zala müxtəlif dini ənənələrin
nümayəndələri toplaşıblar. Dinlərin
obyektiv fərqinə baxmayaraq, biz ictimai tərbiyə məsələlərinə
eyni cür baxırıq. Bizim ümumi
borcumuz və birgə vəzifəmiz - insanın həyatında
mənəvi istiqamətləri göstərməkdir. Dini liderlər siyasi liderlərə yekdilliklə
müraciət edə bilərlər və etməlidirlər.
Siyasi vəzifələri zəiflərin
ağrıları, o cümlədən zəif dövlətlərin
hesabına həll etməyi dayandırmağın zəruriliyini
birmənalı şəkildə bildirmək vaxtıdır.
Enerji resurslarını məsuliyyətsiz bölməyi
dayandırmaq vaxtıdır. Dünya
ölkələrini birinci, ikinci və üçüncü
dərəcələrə bölməyi dayandırmaq
vaxtıdır. İstərdik ki, daha
inkişaf etmiş və varlı dövlətlər bəşəriyyətin
taleyinə görə öz məsuliyyətlərini dərk
etsinlər. Onlar qlobal qaydaların diktatorları
yox, təhlükəsizliyin və sabitliyin təminatçıları
olmalıdırlar. Təcrübənin
göstərdiyi kimi, bəzi dövlətlərin digərlərinə
öz qaydalarını, ənənələrini və mədəniyyətlərini
sırımaları yaxşı heç nəyə gətirib
çıxarmır. Xalqların
özünəməxsusluğu və azadlığı təhlükəsiz
və dinc birgəyaşayışın rəhnidir. Yoxsul ölkələrdə təbii ehtiyatların
yırtıcılıqla hasilatının və ətraf
mühitin çirkləndirilməsinin dayandırılması
çox vacibdir. Biz insanların rifahı
üçün yaradılmış Tanrı nemətlərinə
görə məsuliyyət daşıyırıq və bizim
müraciətimiz hər bir insana ünvanlanıb. Biz də səmimi qəlbdən inanırıq ki,
onu eşidəcəklər.
Mən dini azlıqların təqib
olunması kimi problemi xatırlatmaq istərdim. Ən iri yerli
pravoslav kilsələrindən birinin rəhbəri kimi mən
bir sıra ölkələrdə dindaşlarımın
ayrı-seçkiliyə məruz qalması haqqında
danışmalıyam. Onlar tez-tez təqiblərə
məruz qalırlar. Yaxın Şərqdə,
bütün avromik dinlər üçün müqəddəs
torpaqda xristianlığın mövcudluğuna ciddi ziyan
vurulub. Tarix sübut edir ki, xristianlar,
müsəlmanlar və yəhudilər əsrlərboyu bu
torpaqda birlikdə yaşayıb və bu gün onlar
sülhün qorunması üçün eyni dərəcədə
məsuliyyət daşıyırlar. Xristianların
təqib olunması haqqında danışarkən
Afrikadakı problemdən yan keçmək olmaz. Cənubi Saxaranın bir sıra dövlətləri
ekstremist qruplaşmaların nəzarətsiz fəaliyyətindən
əzab çəkir. Xüsusilə
Nigeriyada xristianların əsl soyqırımı törədilir.
Mən bütün xoşməramlı
insanları Afrika ölkələrində xristianların
problemlərini diqqətdən kənarda qoymamağa
çağırıram. Əminəm ki,
dini liderlər dialoq yolu ilə bu gün bəşəriyyətin
rastlaşdığı problemlərə ciddi təsir
göstərə bilərlər. Bizim səsimiz
o vaxt inandırıcı olar ki, birlikdə və həmrəyliklə
səslənsin. Əminəm ki, biz birlikdə
Tanrı qarşısında cavabdeh olduğumuz
sülhyaradıcı vəzifəmizi yerinə yetirə bilərik.
Səmimi qəlbdən arzu edirəm ki,
bugünkü Sammit bunun təsdiqinə çevrilsin.
Biz buraya daha mühüm və
xoş səbəbə görə - Şeyxülislam
Allahşükür Paşazadənin 70 illiyini qeyd etmək
üçün toplaşmışıq. Bu gün
Bakıya dünyanın hər yerindən yüzlərlə
nüfuzlu dini liderin gəlməsi faktının özü
çox şeydən, ilk növbədə, möhtərəm
Şeyxülislamın yüksək nüfuzundan xəbər
verir. Biz hamımız onu uzun illərdir
ki, dostluğun, dinlər və xalqlar arasında dialoqun
ardıcıl tərəfdarı kimi tanıyırıq.
Bu gün bizim əziz şeyximizi 70 illiyi münasibətilə
səmimi qəlbdən təbrik etmək və ona rus pravoslav
kilsəsinə göstərdiyi dəstəyə,
sülhyaradıcı xidmətinə və anadan
olmasının 70 illiyi ilə əlaqədar rus pravoslav kilsəsinin
birinci dərəcəli "Müqəddəs Serafim Sarovski”
ordenini təqdim etmək mənim üçün olduqca
xoşdur.
Patriarx Kirill Rus Pravoslav Kilsəsinin
birinci dərəcəli "Müqəddəs Serafim Sarovski” ordenini
Şeyxülislam Allahşükür Paşazadəyə təqdim
etdi.
***
Rusiya Federasiyasının
Federasiya Şurasının sədr müavini İlyas UMAXANOV çıxış etdi və
Prezident Vladimir Putinin Dünya dini liderlərinin II Bakı
Sammitinə ünvanladığı məktubu oxudu.
- Çox hörmətli İlham Heydər
oğlu.
Zati-müqəddəsləri,
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Allahşükür Paşazadə.
Zati-müqəddəsləri
Moskvanın və Bütün Rusiyanın Patriarxı.
Hörmətli
iştirakçılar, dostlar, qardaşlar, həmkarlar.
Mən artıq burada səslənən
fikirlərə xoş niyyətlərlə qoşuluram və
məncə, bizim Sammitin məqsədlərinə və vəzifələrinə
birbaşa aidiyyəti olan bir sitat gətirmək istəyirəm:
"Əsl mənəviyyatı nə milyonlara, nə də
milyardlara almaq olmaz, lakin mənəviyyatdan məhrum olan
insanların cəmiyyətdə heç bir dəyəri
yoxdur, hətta əgər onların həmin milyonları və
milyardları olsa da”. Bu sözlər Azərbaycan
xalqının böyük oğlu, Azərbaycanın
ümummilli lideri Heydər Əliyevə məxsusdur.
Mən daha bir böyük
tapşırığı yerinə yetirmək istərdim. Bu gün bu, mənim
üçün böyük şərəfdir.
Xeyir-dualı Azərbaycan paytaxtında, çoxkonfessiyalı
və çoxmillətli Bakıda Rusiya Federasiyasının
Prezidenti Vladimir Vladimiroviç Putinin Qafqaz Müsəlmanları
İdarəsinin sədrinə, MDB Dinlərarası
Şurasının həmsədri Zati-müqəddəsləri
Şeyxülislam Allahşükür Paşazadəyə məktubunu
səsləndirmək istəyirəm.
"Zati-müqəddəsləri,
70 illiyiniz münasibətilə səmimi təbriklərimi qəbul
edin. Qafqazda sülhün və ictimai
razılığın möhkəmləndirilməsinə
yönəlmiş çoxillik yorulmaz xidmətinizlə Siz həm
Azərbaycanda, həm də onun hüdudlarından kənarda təkzibolunmaz
yüksək nüfuz qazanmısınız. Sizin Rusiyanın Mərkəzi Müsəlman Təşkilatları
və Rus Pravoslav Kilsəsi ilə məhsuldar işbirliyinə,
qədim dostluq, mehriban qonşuluq, qarşılıqlı
hörmət və etimada əsaslanan Rusiya-Azərbaycan
münasibətlərinə mühüm töhfələrinizi
dərin məmnunluqla qeyd edirəm. Zati-müqəddəsləri,
Sizə cansağlığı və mühüm və zəruri
dini-maarifçilik, sülhyaradıcı missiyanızda,
bütün işlərinizdə və təşəbbüslərinizdə
uğurlar arzulayıram.
Hörmətlə, Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin”.
Hörmətli İlham Heydər
oğlu, Sizin dostunuz Vladimir Vladimiroviç Putindən mənim
daha bir tapşırığım var. O, mənə Rusiya
Federasiyası Prezidentinin "Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Hümmət
oğlu Paşazadənin cəmiyyətdə mənəviyyatın,
tolerantlığın yüksəldilməsinə, fəal
ictimai fəaliyyətə, xalqlar arasında, mədəni-dini
sahədə etimad mühitinin qurulmasına yönəlmiş
fəaliyyətinə görə "Xeyirxah işlərə
görə fərqlənmə nişanı” ilə
mükafatlandırmaq haqqında” Fərmanını səsləndirməyi
tapşırıb.
Rusiya Federasiyasının
Federasiya Şurasının sədr müavini İlyas Umaxanov
Fərmanı oxudu və "Xeyirxah işlərə görə
fərqlənmə nişanı”nı Şeyxülislam
Allahşükür Paşazadəyə təqdim etdi.
***
Türkiyə Diyanət İşləri
başqanı Ali ERBAŞ
çıxış etdi və Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın təbrik məktubunu oxudu:
- Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham
Əliyev.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə həzrətləri.
Zati-alilərini və bu
toplantıda iştirak edən dünya dini liderlərini
hörmət və sevgi ilə salamlayıram.
Əs-sələmu aleykum və
rəhmətullahi və bərəkətuhu.
Türkiyə
Respublikasının Prezidenti möhtərəm Rəcəb
Tayyib Ərdoğanın Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə
göndərdiyi məktubu diqqətinizə təqdim edirəm.
"Çox hörmətli
Şeyxülislam Allahşükür Paşazadə həzrətləri,
Qafqaz Müsəlmanları İdarəsinin sədri.
Əziz dostum, qardaşım Azərbaycan
Prezidenti cənab İlham Əliyevin yüksək təqdiri ilə,
anadan olmağınızın 70 illiyi və
şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə
keçirilən Sammitin uğurlu olmasını diləyirəm.
Fəaliyyətə
başlamağınızdan bu günə qədər Azərbaycan
ilə birlikdə bölgəmizdə faydalı töhfələrinizlə
dini xidmətlərin yayılması sahəsində çox
mühüm irəliləyişlərin əldə edildiyini
bilirəm. Bu xidmətlərinizin İslam aləminin və
bütün bəşəriyyətin xeyrinə
olmasını sidqi-ürəkdən arzu edirəm.
Uzun illər ərzində
belə mühüm və məsuliyyəti böyük olan
bir vəzifənin öhdəsindən uğurla gəldiyiniz
üçün Sizi təbrik edirəm.
Fürsətdən istifadə
edərək Allah-Taaladan Sizə cansağlığı, rəhbərlik
etdiyiniz kollektivə uğurlar və müvəffəqiyyətlər
diləyirəm.
Sizin vasitənizlə azərbaycanlı
qardaşlarımıza sülh, cansağlığı, əmin-amanlıq
və xoşbəxtlik diləyirəm.
Ən səmimi salamlarımla,
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Respublikasının
Prezidenti”.
***
İran İslam Respublikasının
Mədəniyyət və İslami Əlaqələr Təşkilatının
sədri Abuzər İbrahimi
TÜRKMAN çıxış edərək dedi:
-Azərbaycan Respublikasının
möhtərəm Prezidenti bu ili "Nəsimi
ili” elan edib.
Azərbaycan dövlətinin,
şəxsən cənab Prezident İlham Əliyevin və həmçinin
Allahşükür Paşazadənin təşəbbüsü
ilə keçirilən bu Sammitə görə təşəkkür
edir və uğurlar arzulayıram. Azərbaycan dövlətinə
və xalqına xoşbəxtlik diləyirəm. Təşəkkür edirəm.
***
Misir Ərəb Respublikasının
Nümayəndələr Palatası sədrinin birinci
müavini Əl-Seyyid Mahmud əl-ŞƏRİF
çıxış edərək dedi:
-Cənab Prezident, icazə verin,
Zati-alinizə, eyni zamanda, qardaş Azərbaycan xalqına
gözəl qarşılanma və ev
sahibliyinə görə dərin təşəkkür və
ehtiramımı bildirim. Habelə icazə verin,
Misir rəhbərliyinin - cənab Prezident Əbdülfəttah
əs-Sisinin, Misir parlamentinin, hökumətinin və
xalqının salamlarını Sizə çatdırım.
Həmçinin Sizin müdrik rəhbərliyinizlə
uğurlar qazanan Azərbaycan xalqını təbrik edim.
İndi Sizin ölkədə
müşahidə etdiyimiz rifah və tərəqqi nümunə
götürüləcək məsələlərdən
biridir.
Misir və Azərbaycan iki
qardaş ölkədir və onların arasında tarixin dərinliklərinə
varan əlaqələr vardır. Bu əlaqələr
dünyaya sülh mesajını daşıyan, ekstremizm və
terrorla mübarizə aparan bütün bəşər
övladları arasında insani qardaşlığı əhatə
edən əlaqələrdir.
Öz adımdan,
Əl-Əsəri Şərif alimləri adından, deputatlar
adından şeyx həzrətləri Allahşükür
Paşazadəyə bəşər övladları
arasında dinc yaşayış mədəniyyətini yaymaqda
göstərdiyi səylərə görə parlamentin
qızıl medalını təqdim etmək istəyirəm. Sizə təşəkkür
edirəm.
Misir Nümayəndələr
Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif
qızıl medalı Şeyxülislam Allahşükür
Paşazadəyə təqdim etdi.
***
Özbəkistan Respublikası
Prezidentinin dövlət müşaviri Rüstəm KASİMOV Sammitdə
çıxış edərək dedi:
-Möhtərəm İlham Heydər
oğlu.
Çox hörmətli
xanım Mehriban Əliyeva.
Çox hörmətli
Şeyxülislam Allahşükür Paşazadə.
Hörmətli nümayəndə
heyətlərinin rəhbərləri, Bakı Sammitinin
iştirakçıları.
İcazə verin, Özbəkistan
Respublikasının nümayəndə heyəti adından Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Heydər
oğlu Əliyevə, Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür Paşazadəyə
səmimi qəbul, qonaqpərvərlik və Sammitin çox
gözəl təşkilinə görə ürəkdən
təşəkkürümü bildirim, həmçinin bu
cür mötəbər tədbirdə çıxış
etmək imkanına görə minnətdarlığımı
ifadə edim.
Qeyd etmək lazımdır
ki, Azərbaycanda konstruktiv sivilizasiyalararası və dinlərarası
dialoqun möhkəmlənməsinə kömək edən
beynəlxalq tədbirlərin keçirilməsi gözəl ənənəyə
çevrilib.
Beynəlxalq Tolerantlıq Günü ərəfəsində
bu cür böyük tədbirin təşkili əlamətdar
hadisədir və əminəm ki, o, dialoqun dərinləşməsinə,
millətlərarası anlaşmanın və dini
tolerantlığın möhkəmlənməsi sahəsində
sıx əməkdaşlığın inkişafına,
müasir çağırışlara və təhlükələrə
qarşı fəaliyyətə şərait yaradacaq.
Cənab Prezident, Siz də qeyd
etdiyiniz kimi, hazırda – dünya ictimaiyyətinin ziddiyyətlərin,
həmçinin dini şüarlar altında ekstremizm və
terrorizmin kəskinləşməsi problemlərindən
narahatlıq keçirdiyi bir şəraitdə bu, çox
vacibdir. Tolerantlıq Günü bizim
respublikanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin təşəbbüsü
ilə Özbəkistanda da geniş qeyd olunur. Bu il respublikanın bütün regionlarında
"Özbəkistan – bizim ümumi evimiz” devizi altında təşkil
olunan dostluq və mədəniyyət tədbirləri çərçivəsində
tolerantlıq həftəsi keçirilir.
Hörmətli Sammit
iştirakçıları, bu gün bizim ölkəmizdə,
xüsusən yaradılmış İslam Sivilizasiya Mərkəzində,
Beynəlxalq İslam Akademiyasında, İmam Buxari və
İmam ət-Tirmizi elmi-tədqiqat mərkəzlərində,
Ali Hədisşünaslıq Məktəbində milli və
dini dəyərlərin dirçəldilməsi və qorunub
saxlanılması, görkəmli alim və mütəfəkkirlərin
zəngin elmi tarixi irsinin öyrənilməsi və təbliği,
cəmiyyətdə dini tolerantlığın möhkəmlənməsi
üzrə məqsədyönlü praktik iş
aparılır. "Kəlam”, "Hədis”, "Təsəvvüf”,
"Akıda” və "Fikh” elmi ilahiyyat məktəbləri
açılıb, Özbəkistan Müsəlmanları
İdarəsinin dini müəssisələri nəzdində
İslamın humanist ideyalarını təbliğ edən və
yayan təlim kursları fəaliyyət göstərir.
Buxaradakı məşhur Miri Ərəb mədrəsəsinin
statusu ali dini tədris müəssisəsi
səviyyəsinə qaldırılıb. Yeri gəlmişkən,
bu məktəbin məzunlarından biri də hörmətli
Şeyxülislam Allahşükür Paşazadədir. Burada iştirak edən çox hörmətli din
xadimlərinin arasında Miri Ərəb məktəbinin bir
neçə məzununu görmək mənim
üçün xoşdur. Onlar öz
fundamental təhsilini bu mədrəsədə alıblar.
Dini konfessiyaların səmərəli fəaliyyətinin
həyata keçirilməsi, həmçinin onların cəmiyyət
və dövlət həyatında fəal iştirakı
üçün hər cür lazımi şərait
yaradılıb. Ölkədə 182
qeyri-İslam dini təşkilatı, 16 konfessiya fəaliyyət
göstərir. Özbəkistanda ekstremizmə
qarşı profilaktika işinin səmərəli sistemi
yaradılıb. Bu sistemin prioritet istiqaməti
yanlışlıqla terrorçu və ekstremist, yaxud digər
qadağan edilmiş təşkilat və qrupların tərkibinə
daxil olmuş şəxslərin deradikallaşması və
sosiallaşmasıdır. Məqsədyönlü fəaliyyət
sayəsində biz radikal ideyaların təsiri altına
düşmüş və sonra islah yoluna qayıtmış
20 min vətəndaşın yenidən sosiallaşması
üçün əlverişli şərait
yaradılmasına nail olmuşuq. Dövlət
başçısının təşəbbüsü ilə
əsasən Suriya və İraqda silahlı münaqişələr
zonasından 220 min vətəndaşımızın vətənə
qayıtması üzrə təşkil edilmiş "Mehr” və
"Mehr-2” əməliyyatları həyata keçirilib.
Hörmətli Sammit
iştirakçıları, müasir qlobal proseslər, təhlükəsizliyə
getdikcə artan çağırışlar və təhdidlər
səylərin birləşdirilməsi, beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və konfessiyalararası dialoqun
inkişafının zəruriliyini şərtləndirir. Məlum olduğu kimi,
2018-ci ilin dekabrında Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə
BMT Baş Assambleyasının "Sülh mədəniyyəti”
mövzusunda 73-cü sessiyasında "Maarifləndirmə və
dini tolerantlıq” adlı xüsusi qətnamə qəbul
edilib. Bu gün bütün dünya, o cümlədən
İslam icması həyəcanlı
çağırışlarla üz-üzədir. Dini şüurun siyasiləşdirilməsi və
müsəlman gənclərin radikallaşdırılması
cəhdləri ən ciddi təhlil, qiymətləndirmə və
adekvat cavabların verilməsini tələb edir. Təəssüflə qeyd etmək lazım gəlir
ki, müəyyən qüvvələr islamofobiya əhval-ruhiyyəsini
qızışdıraraq İslamı terrorizm ideologiyası
ilə əlaqələndirməyə
çalışırlar. Hesab edirəm
ki, bu cür reallıq İslam dünyasını sıx birləşməyə
məcbur edir, ölkələrimizin həmrəyliyi isə
dünyada gərginliyin azaldılmasında rol oynaya bilər.
Biz hesab edirik ki, bütün ölkələr bərabər
səviyyədə bu istiqamətdə səy göstərə
bilərlər. Biz bu aktual vəzifələrin
öhdəsindən ancaq birgə səylərlə gələ
bilərik. Bu fəaliyyətdə bizim
böyük əcdadlarımızın mötədillik, dini
etiqad, sülhsevərlik və qarşılıqlı
anlaşma kimi yüksək ümumbəşəri dəyərlərlə
müşahidə olunan mənəvi irsinin mahiyyətinin və
məzmununun beynəlxalq ictimaiyyətə
çatdırılmasına xüsusi yer
ayrılmalıdır.
Əziz dostlar, əminəm
ki, Dünya dini liderlərinin Bakı Sammiti konfessiyalararası
münasibətlərin bəşəriyyətin ümumi
maraqları naminə inkişafına və ekstremizm, terrorizm və
separatçılıq kimi qlobal təhlükələrin
aradan qaldırılmasına yeni təkan olacaq.
İcazə verin, Sammit
iştirakçılarına məhsuldar iş,
möhkəm cansağlığı, sülh və əmin-amanlıq
arzulayım.
Hörmətli İlham Heydər
oğlu, icazə verin, çox hörmətli
Şeyxülislamın Özbəkistan Respublikasının
dövlət mükafatı ilə təltif olunması
haqqında Özbəkistan Respublikası Prezidentinin Fərmanını
oxuyum və mükafatı ona təqdim edim.
"Allahşükür Hümmət
oğlu Paşazadənin "Dostluq” Ordeni ilə təltif
olunması haqqında” Özbəkistan Respublikası
Prezidentinin Fərmanı:
"Dünya sivilizasiyasının
inkişafında müsəlman aləminin böyük alimləri
və mütəfəkkirlərinin misilsiz töhfəsinin
öyrənilməsi istiqamətində məhsuldar və aktiv
fəaliyyətinə, müqəddəs İslam dininin
humanist fəaliyyətinin müxtəlif millətlərin və
xalqların nümayəndələrinə geniş
çatdırılmasına, beynəlxalq miqyasda
konfessiyalararası və mədəniyyətlərarası
dialoqun qurulmasına, özbək və Azərbaycan
xalqları arasında dostluq və əməkdaşlığın,
o cümlədən elm və maarifçilik sahəsində əlaqələrin
möhkəmlənməsində böyük xidmətlərinə,
dini və dünyəvi biliklərə malik olan ixtisaslı
kadrların hazırlanmasında layiqli töhfəsinə, gənc
nəslin tolerantlıq ruhunda tərbiyə olunmasına,
sülh və anlaşmaya, qarşılıqlı hörmətə
görə Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Hümmət oğlu
Paşazadə "Dostluq” ordeni ilə təltif olunsun”.
Özbəkistan
Respublikasının Prezidenti Şavkat Mirziyoyev”.
Dövlət müşaviri
Rüstəm Kasimov Özbəkistanın "Dostluq” ordenini
Şeyxülislam Allahşükür Paşazadəyə təqdim
etdi.
***
Gürcüstanın Azərbaycandakı
səfiri Zurab PATARADZE
çıxış etdi və Prezident Salome Zurabişvilinin məktubunu
oxudu.
-Hörmətli Prezident cənab
İlham Əliyev, ilk növbədə, Sizi salamlayıram.
Hörmətli
Şeyxülislam Allahşükür Paşazadə həzrətlərini
salamlayıram.
Hörmətli qonaqlar, sizi
salamlayıram.
Mən burada Gürcüstan
Prezidenti xanım Salome Zurabişvilinin təbrik məktubunu
diqqətinizə çatdırmaq istərdim.
"Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadəyə.
Zati-müqəddəsləri,
sizi bir daha böyük ehtiramla 70 illik yubileyiniz və
şeyxülislamlıq fəaliyyətinizin 40 illiyi münasibətilə
səmimi qəlbdən təbrik edirəm. Siz öz
ölkənizdə dini möhkəmləndirmisiniz, bu isə
böyük məsuliyyətli və şərəfli
işdir. Təəssüf hissi ilə
bildirirəm ki, bu mühüm tarixlərə həsr
olunmuş tədbirlərdə iştirak edə bilməyəcəyəm.
Gürcülər və azərbaycanlılar fərqli
dinlərin nümayəndələridir. Lakin
buna baxmayaraq, bizi yaxın dostluq əlaqələri birləşdirir.
Bu münasibətlərin qorunub
saxlanılmasında və möhkəmləndirilməsində
mən hər zaman sizin və Gürcüstanın
katolikos-patriarxının şəxsi rolunu görürəm.
İnanıram ki, bu dostluq heç zaman
sarsılmayacaq, onu qoruyub saxlayacağıq və bununla
regionumuzu daha da gücləndirəcəyik. Məhz bizim region üçün sülh,
inkişaf xüsusi əhəmiyyət kəsb edir. Sizə uzun ömür və gümrahlıq diləyirəm.
Sizə fəaliyyətinizdə böyük
uğurlar arzulayıram.
Hörmətlə,
Salome Zurabişvili,
Gürcüstanın Prezidenti”.
***
Rusiya Federasiyası
Çeçenistan Respublikasının müftisi,
Çeçenistan rəhbərinin müşaviri Salah MEZHİYEV
Çeçenistan Respublikasının
başçısı Ramzan Kadırovun məktubunu oxudu.
-Hörmətli Prezident
İlham Heydər oğlu.
Bu ali məclisin
hörmətli iştirakçıları.
Mən Çeçenistan
Respublikasının başçısı Ramzan Əhmədoviç
Kadırovun adından təbrik məktubunu diqqətinizə
çatdırıram.
"Mən Dünya dini
liderlərinin II Sammitinin iştirakçılarını və
qonaqlarını salamlayıram. Sammit təkcə
qardaş Azərbaycan üçün yox, həm də
bütün Qafqaz üçün əlamətdar hadisədir.
Çeçenistan Respublikasının birinci
Prezidenti, Rusiyanın Qəhrəmanı Hacı Əhməd
Kadırov hörmətli Şeyxülislam Allahşükür
Paşazadənin dostu olub. Onlar Qafqaz
üçün mürəkkəb illərdə öz birgə
fəaliyyəti ilə qardaş xalqlarımız arasında
dostluq və qarşılıqlı anlaşma
körpüsü yaradıblar. Biz indi bu
qiymətli irsin bəhrəsini görürük. Rusiya və Azərbaycan siyasi və dini məsələlərdə
ortaq mövqeyə malikdirlər. Bu
mövqe radikalizmə yol verilməməsi prinsiplərinə əsaslanır.
Çeçenistanın ekstremizmə
və terrorizmə qarşı mübarizədə
böyük təcrübəsi var. Qanunsuz silahlı
qruplaşmaların 11 mindən çox üzvü Hacı
Əhməd Kadırovun səyləri sayəsində tərksilah
olub. Hacı Əhməd Kadırov müharibənin davam
etməsinin yolverilməzliyi barədə dindən əsaslar gətirib.
Həmin dindən ki, Peyğəmbər
bütün dünyaya mərhəmət yayıb. Şübhəsiz ki, İslam ümmətinin əsas
vəzifələrindən biri bütün sağlam qüvvələrin
birləşməsidir və mübaliğəsiz demək olar
ki, Şeyxülislam Allahşükür Paşazadənin
Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsində
fəaliyyəti buna xidmət edir. Bakı
Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq
Mərkəzinin yaradılmasını vaxtında
atılmış və zəruri addım olduğunu hesab edirəm.
Bu addım ortaq səyləri əlaqələndirməyə
kömək edəcək.
Bu gün Qafqazda dinlərin və
mədəniyyətlərin dialoquna həmişəkindən
daha çox ehtiyac var. Bunun üçün potensial
mövcuddur.
Başlıcası, dinimizin əməkdaşlığa və
qarşılıqlı anlaşmaya
çağırmasını əsas tutaraq planauyğun
iş aparmaqdır. Müqəddəs Quranda deyilir:
"Hamınız Allahın ipindən möhkəm
yapışın və parçalanmayın!” İslam
ümmətinin tarixi bizə meydana gələn problemləri,
nifaq və fikir ayrılıqlarını necə
aşmağın mümkün və lazım olduğunu
göstərir. Bizim saleh əcdadlarımız
ağır sınaqlardan keçiblər və sülh və
anlaşma şəraitində yaşamağı vəsiyyət
ediblər. Birliyin qüdrətli
gücü təkcə müsəlmanları deyil, həm də
bütün bəşəriyyəti dəyişəcək.
Əminəm ki, Sammit müasir dövrün bir
sıra aktual problemlərinin həllinə sanballı töhfə
olacaq.
Çeçenistan
Respublikasının başçısı, Rusiyanın Qəhrəmanı
Ramzan Əhmədoviç Kadırov”.
Hörmətli şeyx həzrətləri,
icazə verin Ramzan Əhmədoviç Kadırovun və
bütün çeçen xalqının adından Sizə
yubileyiniz münasibətilə təbrikləri
çatdırım və Uca Allahın kitabı olan Quranı
təqdim edim.
Çeçenistan
Respublikasının müftisi, Çeçenistan rəhbərinin
müşaviri Salah Mezhiyev "Qurani-kərim”i
Şeyxülislam Allahşükür Paşazadəyə təqdim
etdi.
***
Əsas Amerika Yəhudi Təşkilatlarının
Prezidentləri Konfransının icraçı sədr
müavini Malkolm HONLAYN dini
liderlərin ülvi məqsədləri yaymasının
vacibliyindən danışdı, Dini liderlərin Bakı
Sammitinin əhəmiyyətinə toxunaraq dedi:
-Bu tədbir cəmiyyətlərdə
fikir ayrılıqlarının şahidi olduğumuz və din
pərdəsi altında nifrət, fanatizm, irqçilik
aktlarının həyata keçirildiyi dövrdə
mühüm əhəmiyyətə malikdir. Təbii
ki, bu, öz fəaliyyəti və işləri ilə
ardıcıl olaraq cəsarət və anlayış
nümayiş etdirən Prezident İlham Əliyevin rəhbərliyi
sayəsində mümkün olmuşdur. Həm
Prezident İlham Əliyev, həm də Şeyxülislam
sözləri işlərlə uzlaşdırırlar. Onlar bilirlər ki, hansı ortaq dəyərlərə
sahib olduğumuzu görmək və bizi ayıran yox, birləşdirən
məqamların nələr olduğunu vurğulamaq
üçün bir araya gəlmişik. Biz
dünya liderləri səviyyəsində buraya
toplaşmışıq ki, qarşılıqlı
anlaşmanı, tolerantlığı təbliğ edək və
Prezident İlham Əliyev və Şeyxülislam tərəfindən
müəyyən edilmiş nümunəni izləyək.
Mən bizi bu yolla bir araya gətirə biləcək
çox lider tanımıram.
Prezident İlham Əliyev və
Şeyxülislam bəyanatlar və sözlər verməklə
kifayətlənmir, onların həyata keçməsi
üçün əməli addımlar atırlar. Başqalarının
istismarçılıqla məşğul olub, insanlar
arasında gərginliklər yaratdığı bir vaxtda onlar
hamının bir araya gəlməsinin nə qədər
faydalı ola biləcəyini göstərirlər.
Hamı bu yanaşmadan qazana bilər.
Biz bütün dünyada
çox vaxt digər dinləri hədəfə almaqla dini
motivasiyalı, nifrət zəminində cinayətlərin
sayının kəskin şəkildə
artdığının şahidi oluruq. Biz
xristianların, müsəlmanların, bütün dinlərin
nümayəndələrinin hədəfə
alındığını görmüşük. Biz xüsusilə yəhudilərə münasibətdə
nifrət – antisemitizm aktlarının artmasının
şahidi olmuşuq. Yəhudi inancından
olan fərdlər və təsisatlar fiziki zorakılıq,
ayrı-seçkilik və qısnama aktlarının hədəfinə
çevriliblər. Bunun şahidi
olmadığımız yerlərdən biri məhz bura - Azərbaycandır.
Bizim Prezident və
Şeyxülislamın göstərdiyi nümunəyə əməl
etməkdə üzərimizə düşəni etməməyimiz
o deməkdir ki, bütün gələcək nəsillər də
buna görə əziyyət çəkəcəklər. Nifrətə
yox deməyin vaxtı çatıb.
Amerikanın yəhudi
icması cənab Prezident İlham Əliyev, Sizə və
hörmətli Şeyxülislam, Sizə nümunə
olduğunuza sizə ehtiramını bildirir. Siz
böyük liderlər və dəyərli dostlarsınız.
Ümidvarıq ki, alınan dərslər gələcəkdə
digər liderlərə nümunə olacaq.
***
KAİCİİD Beynəlxalq
Dinlərarası və Mədəniyyətlərarası
Dialoq Mərkəzinin Baş katibi Feysəl bin MUAMMAR çıxışını gənc
liderlərin mədəniyyətlərarası dialoqda,
tolerantlığın qorunmasında daha böyük rol
oynamasının önəminə yönəltdi.
***
Sonra Qüds-Yerusəlimin
ortodoks baş ravini Şlomo AMAR
çıxış etdi. O, belə tədbirlərin
onların sıralarını artırdığını və
daha çox sabitlik gətirdiyini vurğulayaraq dedi:
-Azərbaycan dünya miqyasında elə
bir ölkədir ki, burada bütün proseslər sabit, rəvan
şəkildə həyata keçirilir. Prezident
İlham Əliyev bu gün bir çox cəmiyyətlər
üçün bir siyasi xadim kimi çox yaxşı
nümunədir, öz fəaliyyəti ilə yaxşı
örnəkdir. Biz görürük ki,
burada dinlər arasında anlaşmaya xüsusi töhfə
verilir. Siz, həmçinin xalqlar
arasında da dostluq münasibətlərinin, sülhsevərlik
mədəniyyətinin daha da inkişafına töhfə
verirsiniz. Siz, əslində, öz səsinizlə
bizim bu birliyimizi gücləndirirsiniz.
Mənim yaxşı xatirimdədir,
artıq 10 il keçir, mən ilk dəfə
ölkənizə səfər etdim, Prezident İlham
Əliyevlə görüşdüm və bir sıra digər
rəsmilərlə də görüşlərim oldu. Görüşümüz zamanı xüsusi bir qərar
qəbul olundu ki, bizim yəhudi məktəbimiz paytaxt şəhərinizdə
tikilsin. Biz buna görə minnətdarıq.
Əlbəttə, bu, əslində, Prezident
İlham Əliyevin xoş məramı, xoş arzusu, niyyəti
idi ki, bu məktəb tikildi. Təbii ki,
onun istəyi hər zaman insanlar arasında yaxşı işlərin
görülməsinə yönələn bir arzudur. Bilirik ki, ümumiyyətlə, Azərbaycanda belə
nəcib layihələrin sayı kifayət qədər
çoxdur. Bilirik ki, sinaqoqun tam şəkildə
bərpa olunmasına, yəhudi icmasının arzu və istəklərinin
həllinə böyük töhfələr verilib. Bir azlıq olaraq Azərbaycanda hər zaman Prezident tərəfindən
bizə olan rəğbətin, hörmətin şahidi
olmuşuq.
***
BMT Baş katibinin humanitar məsələlər
üzrə xüsusi məsləhətçisi Abdallah əl-MƏTUQ
çıxış edərək dedi:
-Biz, bu Sammitin məhz Azərbaycanda
keçirilməsini yüksək qiymətləndiririk. Birgəyaşayış, multikulturalizm dəyərlərinə
dəstək olaraq, bu Sammitdə iştirakımızdan
qürur hissi keçiririk.
Xüsusilə də Azərbaycan dini
liderlər arasında körpü yaratmaq, dialoq
yollarını gücləndirmək, müştərək
insani dəyərləri dərinləşdirmək,
multikulturalizm və dini dəyərlər vasitəsilə gənclərin
düşüncəsini inkişaf etdirmək, həmçinin
ksenofobiya, ifratçılıq və ekstremizmin bütün
formaları ilə mübarizə aparmaq üçün
dünyanın müxtəlif dövlətlərindən dini rəhbərləri
bir araya toplamaq işində nümunəvi təcrübəyə
malik bir ölkədir.
***
Rusiya Federasiyasının
Qaraçay-Çərkəz Respublikasının
başçısı Raşid
TEMREZOV bu tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətinə
toxunaraq dedi:
-Əvvəlcə mən
hörmətli cənab Prezidentə təşəkkürümü
bildirirəm ki, Siz bizi Azərbaycana dəvət etdiniz. Biz hər
zaman böyük məmnunluqla ölkənizə səfər
edirik və hər zaman burada müsbət dəyişikliklərin
şahidi oluruq. Hər zaman anlayırıq
ki, regionlararası səviyyədə Rusiya
Federasiyasının subyektləri ilə Azərbaycan
Respublikası arasındakı əməkdaşlıq ildən-ilə
yaxşılaşır, güclənir.
***
Bütün
Gürcüstanın katolikos-patriarxı II İlyanın
vikarisi mitropolit TEODOR Patriarxın
məktubunu oxudu.
Qloballaşmanın sülhə
təsirinin aktual məsələ olaraq qaldığı
vurğulanan məktubda problemlərin aradan
qaldırılmasında dini liderlərin öz sözlərini
demələrinin vacibliyi qeyd olunur.
Məktubda deyilir: "Bu beynəlxalq
Sammitin təşkilatçılarını və
iştirakçılarını, Azərbaycan Prezidenti
Zati-aliləri cənab İlham Əliyevi, dini liderləri və
müxtəlif ölkələrin siyasi xadimlərini səmimi
qəlbdən salamlayırıq. Qafqaz Müsəlmanları
İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası
və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin
rəhbəri Şeyxülislam Allahşükür Paşazadəni
xüsusi olaraq salamlayırıq. Onun 70
yaşının tamam olması, eləcə də
Şeyxülislam kimi 40 illik xidməti bu tədbirin Azərbaycanda
keçirilməsində başlıca meyarlardan biridir”.
***
Birləşmiş Ərəb
Əmirlikləri Prezidentinin dini işlər üzrə
müşaviri əl-Sayed əl-HAŞİM
çıxış edərək Sammitin önəmindən
danışdı, Azərbaycanın dinlərarası və
sivilizasiyalararası dialoqa verdiyi töhfələri
vurğuladı.
***
Vatikanın Dinlərarası Pontifik
Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled AKAŞE
çıxış edərək dedi:
-Cənab Prezident, ölkəniz
çoxmillətlidir. Burada müxtəlif dinlərin
və mədəniyyətlərin nümayəndələri
dinc yanaşı yaşayırlar. Sizin rəhbərlik
etdiyiniz və vətəndaşlarının
qayğısına qaldığınız ölkədə
din dövlətdən ayrıdır. Bu, nə
dinə düşmənçilik, nə də onun cəmiyyətdəki
rolunu görməməzlikdir. Bu, adi işlərlə
müdrikliyi fərqləndirmək, ədaləti qorumaq,
insanlar arasında bərabərliyi həyata keçirmək zərurətindən
irəli gəlir.
Həmçinin Azərbaycan Sizin rəhbərliyinizlə
təkcə ölkə daxilində deyil, eləcə də
regionda və dünya miqyasında qarşılıqlı
hörmətin, sülh şəraitində birgəyaşayışın
və səmərəli əməkdaşlığın
güclənməsi üçün çox dəyərli
iş görür. Dini liderlərin bu
özünəməxsus toplantısı dediklərimə ən
yaxşı sübutdur.
***
"RABİTA” Müsəlman
Dünyası Liqası Baş katibinin müavini Əbdüləziz
Əhməd SARHAN və "Yaşamaq sənəti” beynəlxalq
təşkilatının təsisçisinin xüsusi
nümayəndəsi Svami DİVYATEÇ
çıxışlarında terrorizmin bütün təzahürlərini
pisləyərək, gənclərə din haqqında məlumatların
daha dolğun çatdırılmasının əhəmiyyətini
vurğuladılar, mədəni müxtəlifliyin qorunub
saxlanılmasının vacibliyini qeyd etdilər.
***
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadə bir daha Sammitin əhəmiyyətini
vurğulayaraq tədbirə gələn qonaqlara təşəkkürünü
bildirdi.
***
Qeyd edək ki, Şeyxülislam
Allahşükür Paşazadənin anadan olmasının 70
illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində
keçirilən Sammitdə dünyanın 5 qitəsindən
70-dən çox dövlətin, 25 ənənəvi din və
dini təriqətin lider və təmsilçiləri, həmçinin
10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə
yaxın yüksək səviyyəli nümayəndəsi, o
cümlədən Rusiya Federasiyası subyektlərinin
başçıları və dini rəhbərləri
iştirak edirlər.
Azərbaycan dövlətinin qlobal
müstəvidə dinlərarası dialoqun inkişafına,
qarşılıqlı anlaşma və insani həmrəylik
kimi bəşəri dəyərlərin təşviqi və
təkamülünə öz töhfəsini vermək məramı
ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı
Sammiti Prezident İlham Əliyevin təşəbbüsü
ilə başlanan və həyata keçirilən
"Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi”
illəri çərçivəsində təşkil
olunmuş beynəlxalq tədbirlərin, o cümlədən
Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı
Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq
Mərkəzinin müxtəlif mədəniyyətlər və
dinlər arasında əlaqələrin genişlənməsinə,
qarşılıqlı etimad mühitinin yaradılması
işinə töhfələrinin məntiqi davamıdır.
İkigünlük Sammitdə
"Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin
təşviqində Azərbaycan dövlətinin nümunəvi
rolu”, "Şeyxülislam Allahşükür Paşazadənin
dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və
dinlərarası əməkdaşlığın
inkişafına töhfəsi”, "Dini liderlər terrorizm, təcavüzkarlıq,
ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”,
"Qadın və uşaq haqlarının qorunması, gənclərin
maarifləndirilməsində dini liderlərin, dövlət,
elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti”
mövzuları ətrafında müzakirələr
aparılacaq.
Sammitin yekunlarına dair
Bakı Bəyannaməsi qəbul olunacaq.
Xatırladaq ki, Prezident İlham
Əliyev bu il aprelin 11-də Dünya dini
liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar
Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam
imzalayıb.
Azərbaycan.-
2019.- 15 noyabr.- S.1-3.