Mütərəqqi
yenilik
Milli Məclis gələn
ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin
birinci oxunuşda müzakirəsini başa
çatdırdı
Dünən Milli Məclisdə
gələn ilin dövlət büdcəsi zərfinə daxil
olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin Sədri
Oqtay Əsədov diqqətə çatdırdı ki, zərfə
daxil olan sənədlərin cəmi 3-ü -”Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında”, "Azərbaycan Respublikası Milli Məclisinin
2020-ci il üçün xərclər smetası haqqında”,
"Hesablama Palatasının 2020-ci il üçün xərclər
smetası haqqında” qanun layihələri müzakirə
olunmayıb və həmin sənədlər bu iclasda geniş
müzakirə olunacaq.
Davamlı iqtisadi
inkişaf, şəffaflığın
artırılması...
İlk müzakirə olunan sənəd
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” qanun layihəsi oldu. Dəyişikliklərlə
bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat
verdi və dəyişiklikləri mütərəqqi
yenilik adlandırdı. Ziyad Səmədzadə
vurğuladı ki, dəyişikliyin məqsədi ölkənin
davamlı iqtisadi inkişafı, şəffaflığın
artırılması, sahibkarlığın
inkişafının təmin edilməsi, eyni zamanda vergi ödənişində
uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə
şərait yaratmaqdır. Həmçinin
ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri
arasında ünsiyyətin minimuma endirilməsi
planlaşdırılır.
Dəyişikliklər yeddi əsas
istiqaməti əhatə edir. Dövlət
orqanları ilə elektron məlumat mübadiləsinin
genişləndirilməsi ölkədə iqtisadi səmərənin
daha da artırılması və sui-istifadə
hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi
hər zaman diqqət mərkəzindədir.
Layihəyə əsasən,
heyvandarlıq və quşçuluq təsərrüfatlarında
istifadə edilən yem və yem əlavələrinin
satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətində
ƏDV-dən azaddır. Məcəllənin
199-cu maddəsinin (Vergi güzəştləri və
azadolmalar) 199.14-cü bəndinə təklif olunan dəyişikliyə
görə, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak
vergisindən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin
ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan
artıq olan şəxslər istisna olmaqla).
Sənaye
parkının rezidenti 10 il müddətinə
vergidən azad ediləcək
Məcəllənin 218-1-ci maddəsinin
(Azadolmalar və güzəştlər) 218-1.1.1-ci bəndinə
əsasən, kənd təsərrüfatı məhsullarının
istehsalçıları (o cümlədən, sənaye
üsulu ilə) tərəfindən özlərinin istehsal
etdikləri kənd təsərrüfatı məhsullarının
satışından əldə edilmiş hasilatın həcmi
2014-cü il yanvarın 1-dən 10 il
müddətində vergidən azad olunur.
Məcəlləyə edilən digər
dəyişikliklə müvafiq icra hakimiyyəti
orqanının qərarına əsasən yaradılan sənaye,
yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxslərin sənaye və texnologiyalar
parkındakı fəaliyyətdən əldə etdikləri
gəlir (əmək-haqqından tutulan gəlir vergisi istisna
olmaqla) qanunvericiliyə uyğun olaraq sənaye və
texnologiyalar parkında qeydiyyata alındıqları hesabat
ilindən başlayaraq 10 il müddətinə gəlir
vergisindən azad ediləcək.
Yeniliklər əsasən ədalətli
rəqabətin şərti olan bərabər və şəffaf
mühitin təmin edilməsini (yalan əqd bağlayaraq əmtəəsiz
əməliyyatlar aparan vergi ödəyicilərinə
qarşı mübarizənin aparılmasını, riskli vergi
ödəyicilərinə nazərətin gücləndirilməsini,
vergidən yayınma hallarına qarşı mübarizənin
gücləndirməsini), ƏDV
inzibatçılığının təkmilləşdirilməsini,
sahibkarların inzibatçılıq yükünün
azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq
edilməsini, sosial xarakterli güzəştlər vasitəsilə
əhalinin maliyyə (vergi) yükünün
azaldılmasını, sahibkarlıq subyektlərinin vergi
yükünün azaldılmasını, vergitutma
bazasının genişləndirilməsini, beynəlxalq
vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin
yerinə yetirilməsini özündə ehtiva edir.
Qanun layihəsi 162 dəyişiklikdən
ibarətdir.
Bu əsasən bina tikintisi fəaliyyəti ilə məşğul
olan şəxslərin sadələşdirilmiş vergitutma
metodunun ləvğ edilməsi və həmin şəxslərin
vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin
edilməsi (ƏDV və mənfəət vergisi metodu),
Transmilli Şirkətlər Qrupu anlayışının
müəyyən olunması, quş əti
satışının ƏDV-dən azadolma müddətinin
daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin
satışının 4 il ərzində ƏDV-dən azad
edilməsi ilə bağlı müddəalardır.
Qeyd edildi ki, ölkədə
dövlət orqanları ilə vergi ödəyiciləri
arasında ünsiyyətin minimuma endirilməsi
planlaşdırılır. Dövlət
orqanları ilə elektron məlumat mübadiləsinin
genişləndirilməsi ölkədə iqtisadi səmərənin
daha da artırılmasında və sui-istifadə hallarının
azaldılmasında faydalı olacaq. Komitənin
sədri Ziyad Səmədzadə atılacaq addımların
fayda verəcəyinə və şəffaflığın
artırılması sayəsində vergitutma bazasının
genişlənəcəyinə inamını ifadə etdi.
Qanunlar hamı
üçün eynidir
Müzakirələr zamanı çıxış
edən deputat Qüdrət Həsənquliyev iclasda iştirak
edən İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək
təklif irəli sürdü: "Bakının mərkəzi
köşklərlə doludur. Həmin
köşklərdə "Reklam haqqında” qanuna zidd olaraq
şüşələrin arxasında siqaretlər düzülüb.
Dünyanın heç bir yerində siqaret bu
formada reklam olunmur. Hesab edirəm ki, siz
bunları aradan qaldırsanız, hər kəs görəcək
ki, qanunlar hamı üçün eynidir. İnsanlar
bunu görməyincə, heç bir səylər nəticə
verməyəcək”.
Vaxtilə orta məktəb dərsliklərinin
ƏDV-dən azad olunması ilə bağlı qərarın
verildiyini təqdir edən deputat Fazil Mustafa dedi ki, ali məktəb dərslikləri ilə
bağlı bu addım atılmayıb. Onun fikrincə,
ümumiyyətlə, kitab və çap məhsulları
ƏDV-dən azad olunmalıdır: "18 faiz kifayət qədər
böyük rəqəmdir. Belə bir addım
atılarsa, kitaba münasibət dəyişər. Faiz aşağı salınanda kitabın qiyməti
də ucuzlaşacaq. Bunun üçün
cəsarətli addım atmaq lazımdır”.
Deputatın "Azərbaycanda
məhkəmə islahatı ciddi şəkildə
aparılmalıdır. Bu sahə ilə bağlı iki ay ərzində
təkliflər verilməsi tapşırılsa da, 7 ay
keçməsinə baxmayaraq hələ də bir xəbər
yoxdur. Bu o deməkdir ki, islahatların ləngidilməsi
istiqamətində müəyyən mesajlar verilir” fikirlərinə
cavab olaraq Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki,
məhkəmə-hüquq sistemində islahatlarla bağlı
sənəd Milli Məclisə daxil olub. Milli
Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov
isə məsələyə aydınlıq gətirdi.
Dedi ki, məhkəmə-hüquq sistemində islahatların
daha da dərinləşdirilməsi ilə bağlı
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən
Milli Məclisə göndərilən sənəd deputatlara
da paylanılıb: "Bu sənəddə ölkəmizin
davamlı tərəqqisinin təmin olunması
üçün bütün sahələrdə həyata
keçirilən islahatlar məhkəmə-hüquq sisteminin
inkişafında yeni mərhələnin başlanmasını
və bu sahədə islahatların dərinləşdirilməsini
zəruri edir. Cənab Prezident müxtəlif sahələr
üzrə təkliflərin hazırlanıb dövlət
başçısına təqdim edilməsi
tapşırığını da verib. Bunun
ləngiməsi ona görə baş verir ki, bəzi sahələrə
2 ay, bəzilərinə 3, digərilərinə isə 6 ay
vaxt verilib. Təkliflər hamısı
toplanaraq təqdim ediləcək. Ona
görə də bunu ləngimə kimi qiymətləndirmək
doğru deyil”.
600 min manata
yaxın vəsait mətbuat üçün kifayət qədər
böyük rəqəmdir
Mətbuat Şurasının sədri,
deputat Əflatun Amaşov isə dedi: "Məcəlləyə
"yalan əqd” anlayışının daxil edilməsini
xüsusilə vacib sayıram. Müəssisələrin
hüquqi sahibləri ilə yanaşı, faktiki sahibləri, yəni
təsisçiləri də məsuliyyətdən kənarda
qalmamalıdırlar. Bunları müsbət
qiymətləndirirəm. Kütləvi
informasiya vasitələri məhsullarının
alqı-satqısının bütün növləri üzrə
dövriyyələr, mətbu kütləvi informasiya vasitələri
məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat
və poliqrafiya fəaliyyəti - reklam xidmətləri istisna
olmaqla - ƏDV-dən azad olduğu layihədə əksini
tapır. Ancaq bilirsiniz ki, 2016-cı ildən
ölkəyə gətirilən qəzet kağızı və
hazır çap məhsulları əlavə dəyər
vergisinə cəlb edilir. Çünki
vergidən azadetmə vaxtilə məcəllə ilə
paralel şəkildə Nazirlər Kabinetinin qərarında da
əksini tapmışdı. Həmin qərar
2015-ci ildə ləğv edildiyindən ƏDV tətbiq olunur.
Olmazmı ki, biz bu məsələdə Nazirlər
Kabinetinin ləğv edilmiş qərarını deyil, Vergi Məcəlləsini
rəhbər tutaq? Bu verginin tətbiqindən
dövlət büdcəsinə cəmi 600 minə yaxın vəsait
daxil olur. Rəqəm elə də
böyük deyil. Ancaq mətbuat
üçün kifayət qədər böyük rəqəmdir”.
Deputat qeyd etdi ki, layihənin digər
maddəsində ümumtəhsil müəssisələri
üçün dərslik komplektlərinin - iş dəftərləri
istisna olmaqla uşaq ədəbiyyatının istehsalı ilə
bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətnin
də ƏDV-dən azad olunduğu göstərilir: "Bu
imtiyaz niyə mediaya da şamil edilməsin? Ümumən
"Vergi ödəməkdən azad edilmə” adlı
164-cü maddədə elə bəndlər var ki, onlar üzrə
ayrı-ayrı sahələrlə bağlı vergidən azadetmə
KİV fəaliyyəti qədər önəmli deyil. Ət, çörək və digər yemək məhsulları
heç də mənəvi qidadan qiymətli
olmamalıdır. Biz hər zaman, hər
yerdə bildiririk ki, ölkəmizdə media fəaliyyəti
üçün münbit şərait mövcuddur. Bir sıra imtiyazlar var. Mediaya dövlət
qayğısı göstərilir. Belə
olan halda, məncə, bu sahədə ƏDV-nin ləğvini
də növbəti imtiyaz kimi nəzərdən keçirməyə
dəyər. Buna ehtiyac var”.
Parlamentin Mədəniyyət komitəsinin
sədri Rafael Hüseynov isə dedi ki, 2020-ci ilin dövlət
büdcəsindən Azərbaycan kinosunun inkişafı
üçün 7,5 milyon manat vəsait
ayrılıb. Milli Məclisin Mədəniyyət, Əmək
və sosial siyasət komitələri və Mədəniyyət
Nazirliyinin iştirakı ilə "Kinemotoqrafiya haqqında”
yeni qanun layihəsi hazırlanıb: "Həmin qanunda Azərbaycan
kinosunun inkişafı ilə bağlı bir neçə məqam
əksini tapıb. Onlardan ikisi də vergi məsələləri
ilə bağlıdır. Biz verginin
vacibliyini anlayırıq. Ancaq kinonun
inkişafı naminə müəyyən zaman
üçün güzəştlər istəyirik. Bunun üçün keçmiş Vergilər
Nazirliyinə, indiki birləşmiş struktura müraciət
də etmişik. Müraciət ondan ibarətdir
ki, xaricdən gələn investisiyalara və kino istehsalı
ilə bağlı vergidən azadetmə və güzəştlər
tətbiq edilsin”.
Təklif edilən dəyişikliklərin
sahibkarlıq fəaliyyətinin genişlənməsinə,
iqtisadiyyatın inkişafına böyük dəstək verəcəyini
söyləyən parlamentin Elm və təhsil komitəsinin sədr
müavini Bəxtiyar Əliyev bildirdi ki, Azərbaycanda qısa
müddət ərzində vergilər sahəsində
böyük işlər görülüb. Deputat
vurğuladı ki, bu gün Azərbaycanda vergi siyasəti
ölkədə aparılan islahatlar konsepsiyasına uyğun həyata
keçirilir. Bu baxımdan təklif edilən
dəyişikliklərin gözəl nəticələr verməsi
şübhə doğurmur. Azərbaycanda
"startup”lar həyata keçirilir. Bu
"startup”lar iqtisadiyyatın, o cümlədən
sahibkarlığın inkişafına çox böyük
töhfədir və bunu təşviq etmək lazımdır.
Bu baxımdan deputat istəyir ki, nəzərdə
tutulan güzəştlər o sahələrə də tətbiq
edilsin.
İclasda deputatlardan Naqif Həmzəyev,
Aydın Hüseynov, Qənirə Paşayeva, Novruzəli
Aslanov, Rəşad Mahmudov, Kamran Nəbizadə, Rauf Əliyev
də çıxış edərək fikir və təkliflərini
səsləndirdilər.
İclasda
çıxış edən İqtisadiyyat naziri Mikayıl
Cabbarov səslənən təkliflərə münasibət
bildirdi. Nazir bildirdi ki, vergi islahatlarının həyata
keçirilməsində və
inzibatçılığında xüsusi diqqət yetirilən
məqamlardan biri də iqtisadi fəallığın təşviq
edilməsidir. 2019-cu ilin 10 ayı ərzində respublika
üzrə vergi ödəyicilərinin sayında 44 608 nəfər
artım olub: "Başqa sözlə, vergi ödəyicilərinin
sayında 10,1 faiz artım qeydə
alınıb. O cümlədən əlavə dəyər
vergisi ödəyicilərinin sayında 32,9
faiz və ya 5941 nəfər, obyektlərin sayında isə
7,3 faiz artım qeydə alınıb. Bunlar
sağlam rəqəmlərdir”.
Nazir ali məktəb
dərsliklərinin ƏDV-dən azad edilməsi ilə
bağlı təklifi də cavablandırdı. Bildirdi ki,
ümumtəhsil və peşə məktəblərindən
fərqli olaraq, burada vahid sifarişçi yoxdur: "Ali təhsil
çox böyük transformasiyalara uğrayıb. Bir çox
hallarda dərslik hansısa məşhur alimin iqtisadi ədəbiyyatı
da ola bilər, elmi ədəbiyyat da ola bilər.
Bu da ali təhsil məktəbləri
üçün dərslik kimi meyarların izlənilməsində
çətinliklər yaradır. Bütün
bunlara baxmayaraq, biz Təhsil Nazirliyində olan həmkarlarımızla
da məsləhətləşmələr aparırıq.
Çalışarıq ki, müvafiq qaydada
mütləq bu məqamları nəzərə alaq”.
Nazirin
çıxışından sonra sənəd səsə
qoyularaq birinci oxunuşda qəbul edildi.
Milli Məclisə
45 milyon manat ayrılır
Sonra "Azərbaycan Respublikası
Milli Məclisinin 2020-ci il üçün
xərclər smetası haqqında” qanun layihəsi müzakirəyə
çıxarıldı. Parlamentin İşlər müdiri
Firudin Hacıyev dedi ki, Milli Məclisin və onun
Aparatının 2020-ci il üçün
xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində
müəyyənləşib. Xərclər smetasının
ümumi dəyərinin 79,7 faizi əməyin
ödənişi fondu və əmək-haqqı ilə əlaqədar
ayırmalar təşkil edir: "Son illər aparılan məqsədyönlü
siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə
xarici ölkələrdən gələn qonaqların və
Milli Məclisin deputatlarının xarici səfərlərinin,
eləcə də ölkədaxili ezamiyyələrin sayı
xeyli artıb. 1980-ci ildə
quraşdırılmış eklektrik yarımstansiyalarında
yenidənqurma işlərinin aparılması və
yararsız hala düşmüş avadanlıqların yenisi
ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin informasiya texnologiyalarının
inkişafı ilə əlaqədar Milli Məclisin inzibati
binalarında, data mərkəzlərində
avadanlıqların quraşdırılması, iclas
zallarında elektron səsvermə sistemini idarə etmək
üçün ayrılmış xüsusi otaqlarda yenidənqurma
işlərinin aparılması tələb olunur”.
Firudin Hacıyev Maliyyə naziri Samir
Şərifovdan göstərilənləri nəzərə
alaraq Milli Məclisin 2020-ci il xərclər smetasında bəzi
maddələr üzrə vəsaitin
artırılmasını xahiş etdi: "Tikili, avadanlıq
və cari təmir xərcləri” maddəsinə 50 min,
"icarə və muzdlu xidmətlər” maddəsinə 1
milyon manat, "xarici ezamiyyətlər” maddəsinə 200 min
manat, "xarici ölkə nümayəndə heyətlərinin
və rəsmi şəxslərin qəbulu, onlara xidmət
göstərilməsi” maddəsinə 200 min manat,
"maşın və avadanlıqlar” maddəsinə 100 min
manat, nəqliyyat vasitələrinin alınmasına 300 min
manat və "torpaq, tikili və avadanlıqlar” paraqrafına
50 min manat vəsaitin ayrılmasını istəyirik”.
"Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında” sənədi isə qurumun rəhbəri Vüqar Gülməmmədov təqdim etdi. Bildirildi ki, palata üzrə xərclər smetasının ümumi məbləği 9 061 223 manat proqnozlaşdırılıb. Qanun layihəsində Hesablama Palatasının xərclər smetası ilə bağlı əməyin ödənişinə 8 167 372 manat (Hesablama Palatası işçilərinin əməkhaqqı 5 671 963 manat, ştatdankənar işçilərin əməkhaqqı 110 898 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri 887 073 manat, məcburi dövlət sığorta haqları 1 442 988 manat, icbari dövlət sığortası 23 279 manat, işsizlikdən sığorta 31 279 manat), malların (işlərin və xidmətlərin) satın alınmasına isə 628 245 manat vəsait ayrılması nəzərdə tutulur.
Məruzələrdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov büdcə zərfinə daxil olan məsələlərin yekunlaşdığını bildirdi. Spiker qeyd etdi ki, sənədlərin 2-ci oxunuşda müzakirəsi noyabr ayının 26-da olacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.-15 noyabr.- S.6.