Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi
çərçivəsində sərgi təşkil olunub
Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının Bakıda keçirilən iclası çərçivəsində noyabrın 14-də "Baku Crystall Hall”un Media Mərkəzində "MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin final mərhələsi ilə bağlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov MDB-yə üzv dövlətlər arasında əməkdaşlığın inkişafında gənclərin rolunun artırılmasına xüsusi diqqət yetirildiyini bildirib. Nazir vurğulayıb ki, "MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin əsas məqsədi Birlik məkanında gənclərin inkişafını, onlar arasında əməkdaşlığın gücləndirilməsini təmin etməkdir. A.Rəhimov gənclərin bu əməkdaşlığın inkişafı istiqamətində ideya və layihələrinin davamlı olacağına əminliyini bildirib, onlara uğurlar arzulayıb.
Tədbirdə MDB-yə üzv dövlətlərdən 30-dan çox gəncin elm, texnika və digər sahələr üzrə layihələri nümayiş olunub. Sərginin məqsədi MDB-yə üzv ölkələrin gənclərinin sosial-iqtisadi əhəmiyyətli innovativ fəaliyyətlərinin dəstəklənməsi, elmi-texniki yaradıcılığa sövq edilməsi və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsidir.
Sərginin yekununda
ən yaxşı layihələrin müəllifləri
mükafatlandırılacaq. Mükafatlandırma mərasimi
noyabrın 15-də təşkil olunacaq.
Azərbaycan.- 2019.-15 noyabr.- S.6.