II Azərbaycan Diabet Konqresi
keçirilib
Noyabrın 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti, Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə II Azərbaycan Diabet Konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, Bakı şəhərinin baş endokrinoloqu Valeh Mirzəzadə noyabrın 14-də Dünya Diabetlə Mübarizə Gününün qeyd olunduğunu diqqətə çatdırıb: "Bu gün bütün dünyada mütəxəssislər diabetlə mübarizənin yollarını müzakirə etmək üçün bir araya gəlirlər. Həmin məqsədlə ölkəmizdə təşkil olunmuş konqresdə təcrübələrini bölüşmək üçün yerli və xarici mütəxəssislər iştirak edirlər. Ümid edirəm ki, konqres şəkərli diabetin idarəetmə prosesini ümumiləşdirməyə və şəkərli diabet xəstələrinə göstərilən tibbi yardım xidmətlərini təkmilləşdirməyə imkan verəcək. Konqresdə pre-diabetlə mübarizə üsulları, onun normal vəziyyətdə saxlanılması, şəkərli diabetə keçməsinin qarşısının alınması da müzakirə ediləcək.
Hazırda Azərbaycanda dispanser qeydiyyatında 250 minə yaxın şəkərli diabet xəstəsi var. Lakin şəkərli diabetdən əziyyət çəkdiyindən xəbərsiz olan xəstələr də mövcuddur. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə 500 minə yaxın insan şəkərli diabetdən əziyyət çəkir”.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, Heydər Əliyev Fondu ölkədə həyata keçirilən səhiyyə siyasətinə dəstək olaraq 2004-cü ildən "Diabetli uşaqlara xüsusi qayğı” layihəsi çərçivəsində uşaqları lazımi tibbi dərmanlarla təmin etməyə başlayıb. Qeyd olunub ki Heydər Əliyev Fondu Azərbaycanda diabetlə mübarizəyə, eyni zamanda, ürək qüsurlu uşaqların profilaktika, müalicə və əməliyyatlarına, sosial cəhətdən ehtiyacı olan insanlara, əlillərə, o cümlədən ictimai səhiyyə sahəsində aparılan bütün tədbirlərə dəstək göstərir.
Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində qarşıdakı bir il ərzində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək.
Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Əməkdar həkim Tamfira Əliyeva, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova və Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini, Respublika Endokrinoloji Mərkəzin direktor müavini Qənnadi Babək-Salek şəkərli diabetin dünyada ən geniş yayılmış qeyri-infeksion epidemiya olduğunu bildiriblər. Onlar diabetlə birgə mübarizənin vacibliyini qeyd edib, əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Konqres plenar hissələrlə davam etdirilib.
Qeyd edək ki, Beynəlxalq
Diabet Federasiyasının
məlumatlarına əsasən,
diabetli xəstələrin
sayı 2000-2017-ci illərdə
151 milyondan 425 milyona qədər artıb. Bu
rəqəmin 2045-ci ildə 628.6 milyona
çatacağı gözlənilir. Hazırda şəkərli
diabetin tibbi-sosial əhəmiyyəti
şübhə doğurmur. Bu, 2006-cı
il dekabrın 20-də BMT-nin
Baş Assambleyası və 2011-ci il 19-20 sentyabrda BMT-nin Baş Assambleya İclasının Siyasi
Bəyannaməsi ilə təsdiq olunub.
Şəkərli diabetin tibbi-sosial
əhəmiyyəti onun nəinki epidemiya xarakteri alması, o cümlədən xəstələrin əlilliyinə
və ölümünə səbəb olması ilə
əlaqədardır.
Azərbaycan.- 2019.- 15 noyabr.- S.8.