5 qitə, 70-dən çox ölkə,
500-ə yaxın nümayəndə
Prezident İlham Əliyev Dünya
dini liderlərinin II Sammitində bəşəriyyətə
sülh və barış mesajları
ünvanladı, ksenofobiya, islamofobiyaya
qarşı birgə mübarizəyə
çağırdı
Əsrlər boyu dini dəyərlərə ən yüksək ehtiramın dövlət səviyyəsində nümayiş etdirildiyi nümunəvi məkan kimi tanınan Azərbaycan bu gün də sivilizasiyalar arasında mənəvi körpü rolunu layiqli şəkildə davam etdirir. Bu, multikultural, tolerant dəyərlərlə çıxış edən Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşdırılmasında əsas faktorlardan biridir.
Azərbaycana verilən dəyər
Bakıda dünyanın nüfuzlu dini liderlərinin iştirak etdiyi sammitlərin, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun və bir sıra beynəlxalq humanitar tədbirlərin keçirilməsi ilə Azərbaycan dialoqun, tolerantlığın, xalqlar və dövlətlər arasındakı münasibətlərdə qarşılıqlı hörmətin, barışın vacib olduğunu dünyaya bəyan edir. Eyni zamanda sivilizasiyalararası dialoqun intensiv və faydalı xarakter daşımasına fundamental töhfələr verir. Elə noyabrın 14-də Bakıda Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Dünya dini liderlərinin II Sammitində səslənən fikirlər də bu məqsədlərə xidmət edirdi.
Dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərlərinin iştirak etdikləri sammitdə mühüm məsələlər müzakirə olundu. İkigünlük konfransda "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparıldı. Sonda isə Bakı Bəyannaməsi qəbul olundu.
Əlbəttə ki, Sammitin ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycana verilən yüksək dəyərdir. Bu, həm də Azərbaycanın dinlərarası dialoqun inkişafında önəmli rol oynadığının təsdiqidir.
Dini və milli dözümlülük,
tolerantlıq
Prezident İlham Əliyev də çıxışında bu məsələyə diqqət çəkərək bildirdi ki, əsrlərboyu Azərbaycanda bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir və bu da böyük sərvətdir.
Dövlət başçısı, həmçinin ölkəmizdə uğurlu inkişafın, sabitliyin bərqərar olunması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlərin dayandığını vurğuladı: "Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz islam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır”.
Cənab İlham Əliyev ali tribunadan dövlətlərə, dini liderlərə bir daha səslənərək son illərdə dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparıldığını, onların gözdən salındığını, bizim üçün yad olan, milli təfəkkürə uyğun olmayan yeni "dəyərlər”in aşılandığını söylədi. Buna görə də dövlətləri, din xadimlərini yetişməkdə olan gənc nəsli bu yad və bəd təsirlərdən qorumağa çağırdı: "Hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir”.
Bu gün Azərbaycan, həmçinin multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm ölkəmizdə həm həyat tərzi, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılıb və bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Bütün bu tədbirlərin də məqsədi bəllidir - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə töhfə vermək...
Bakıdan səslənən mesajlar
lazımi ünvana çatacaq
Bütün bunlar Azərbaycanın dövlət siyasətinin prioritetləridir. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Ancaq təəssüflər olsun ki, son illərdə dünyada dini, etnik, məzhəb zəminində bir çox xoşagəlməz hallar, yəni münaqişələr, qarşıdurmalar, müharibələr baş verir. Bəzi hallarda isə psevdodini şüarlar altında cinayətlər törədilir. Elə bu səbəbdən də cənab İlham Əliyev dünyanın həm siyasi, həm də dini lederlərinin bu istiqamətdə səylərini birləşdirməyə çağırdı və əmin olduğunu bildirdi ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq.
Dövlət başçısının söylədiyi kimi, Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq: "Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”.
Azərbaycanın qlobal müstəvidə dinlərarası dialoqun inkişafına öz töhfəsini vermək məramı ilə evsahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.
Beynəlxalq Tolerantlıq Günü
ərəfəsində əlamətdar hadisə
İkigünlük Sammitdə müxtəlif mövzular ətrafında müzakirələr aparıldı və yekunda Bakı Bəyannaməsi qəbul olundu. Sammitdə iştirak edən dünyanın dini liderləri vurğuladılar ki, Prezident İlham Əliyevin apardığı bu humanist siyasətlə Azərbaycan son on il ərzində dinlərarası, millətlərarası münasibətlərdə artıq dünya üçün bir örnək olmaqdadır. Çıxışlarda, həmçinin terrorizmin bütün təzahürlərini pisləyərək gənclərə din haqqında məlumatların daha dolğun çatdırılmasının əhəmiyyətini vurğuladılar, mədəni müxtəlifliyin qorunub saxlanılmasının vacibliyini qeyd etdilər.
Azərbaycanın ksenofobiya, ifratçılıq və ekstremizmin bütün formaları ilə mübarizə aparmaq üçün dünyanın müxtəlif dövlətlərindən dini rəhbərləri bir araya toplamaq işində nümunəvi təcrübəyə malik ölkə olduğu vurğulandı və qeyd edildi ki, Prezident İlham Əliyev bu gün bir çox cəmiyyətlər üçün siyasi xadim kimi çox yaxşı nümunə və yaxşı örnəkdir. Cənab İlham Əliyev təkcə ölkə daxilində deyil, eləcə də regionda, dünya miqyasında qarşılıqlı hörmətin, sülh şəraitində birgəyaşayışın və səmərəli əməkdaşlığın güclənməsi üçün çox dəyərli iş görür. Dini liderlərin II Sammiti də dediklərimizin sübutudur.
Məhz 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ərəfəsində bu cür böyük Sammitin təşkili əlamətdar hadisədir və əminliklə deyə bilərik ki, bu toplantı dialoqun dərinləşməsinə, dini tolerantlığın möhkəmlənməsi sahəsində sıx əməkdaşlığın inkişafına, müasir çağırışlara və təhlükələrə qarşı fəaliyyətə şərait yaradacaq.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 16 noyabr.-
S.1; 5.