Naxçıvan
yaşayır, güclənir və böyük inkişaf
yolunu davam etdirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən Prezident İlham ƏLİYEV dedi:
-Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir.
Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir. Hazırda düşmənlə sərhəddə vəziyyət necədir və hərbi potensialın möhkəmləndirilməsi üçün əlavə hansı işlər görülməlidir?
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif TALIBOV dedi:
-Çox
sağ olun cənab Prezident. Bütün
bunlar hamısı Sizin ölkəmizə uğurlu rəhbərliyinizin,
Ümummilli Liderimizin yolunu uğurla davam etdirməyinizin nəticəsidir.
Bütün bunlara görə muxtar respublika
sakinləri adından Sizə minnətdarlığımızı
bildiririk. Bu günlər sərhədlərdə məhəlli
münaqişələr baş verir, ancaq buna baxmayaraq, Sizin rəhbərliyinizlə,
qayğınızla muxtar respublikada yerləşən Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin birləşmə
və hissələri uğurlu yol keçib, Əlahiddə
Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun
Ordusuna qədər yol keçibdir. Bu da Sizin
qayğınızla yaradılıb. Alınmış
silah-sursatla bu gün muxtar respublikanın ordusu da
lazımınca təmin olunur. Hazırda
muxtar respublikada yerləşən birləşmə və
hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər
və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri
məişət komplekslərinin
yaxşılaşdırılması sahəsində işlər
gedir, hava hücumundan müdafiə sahəsində işlər
həyata keçirilir. Bir sözlə, Sizin
qayğınızla muxtar respublikanın müdafiəsi
üçün orada yerləşən hərbi hissələr
hər bir tapşırığı yerinə yetirməyə
tam hazırdır.
Prezident
İlham Əliyev: O dağ postlarına təchizatın təşkili
ilə bağlı işlər görülüb?
Vasif
Talıbov: Demək olar ki, hamısına yollar çəkilibdir.
Bəzi postlarımız var ki, onların təminatı
avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn
ilin iyun ayına qədər təminat artıqlaması ilə
həyata keçirilibdir və xidmətin aparılmasında
heç bir problem yoxdur.
Prezident
İlham Əliyev: Çox yaxşı. Digər
vacib sahə energetikadır. Bu istiqamətdə
də böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220
meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki,
bunun əksəriyyəti bərpaolunan enerji növləridir.
Su və Günəş elektrik
stansiyalarının tikintisi geniş vüsət
almışdır. Hazırda uzun illər
üzərində işlədiyimiz və İran İslam
Respublikası ilə imzalanmış anlaşma nəticəsində
reallaşan önəmli layihə icra edilir – 36 meqavat
gücündə Ordubad Su Elektrik Stansiyası tikilir. Soruşmaq istəyirəm, bu istiqamətdə
hansı işlər görülüb və stansiyanın
tikintisi ilə bağlı əlavə hansı addımlar
atılmalıdır?
Vasif
Talıbov: Sizin qayğınız və
iştirakınızla 2005-ci il dekabrın
20-də muxtar respublikada İran İslam Respublikasından
alınmış qazın açılışı həyata
keçirildi, bu gün 90 minə yaxın abonent qazla təmin
olunubdur. Elektrik enerjisi sahəsində də
böyük işlər görülüb. Əgər 2003-cü ildə muxtar respublikada bir
elektrik stansiyası var idisə, hazırda 9 elektrik
stansiyası mövcuddur. Siz qeyd etdiyiniz
kimi, bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard
kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35
milyon kilovatsaata yaxın ixrac edibdir. Buna
görə bu sahədə də Sizin qayğınızla
işlər davam etdirilir, problem yoxdur. Ordubad
Su Elektrik Stansiyası ilə bağlı Araz
çayının bizim əraziyə tərəf hissəsində
bənd tikilibdir, qapılar qoyulubdur, kanalda işlər davam
etdirilir. İran İslam Respublikası ilə
danışıqlar aparılır ki, o tərəfdən də
bəndin tikintisi ilə bağlı işlərə
başlanılsın. Vəsait
ayırıbsınız, heç bir problem yoxdur, işlər
davam etdirilir.
Prezident
İlham Əliyev: Çox yaxşı. Bu,
doğrudan da tarixi nailiyyətdir. Çünki
Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas
hissəsindən coğrafi baxımdan ayrılıb və belə
olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb
edir. Bu, əslində, təhlükəsizlik
məsələsidir və heç bir daxili enerji resursu olmayan
Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir
neçə il bundan əvvəl bunu təsəvvür
etmək belə mümkün deyildi, bu gün
reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi
enerji balansındakı payı getdikcə artır və
Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi
nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar
Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan
enerji hesabına qarşılayacaqdır.
Bir də ki, yolların tikintisinə də böyük vəsait
ayrılmışdır və yollar keyfiyyətli tikilir. Mən
özüm şəxsən bunun şahidi olmuşam. Naxçıvan-Şərur-Sədərək
avtomobil yolu bir neçə ildir ki, istifadəyə verilib.
Naxçıvan-Şahbuz yolu layihəsi tam icra
edilib. Naxçıvan-Culfa yolu da icra
edilib, hazırda Culfa-Ordubad yolunun tikintisi davam etdirilir. Bu istiqamətdə hansı işlər
görülüb və bu yolun nə vaxt istifadəyə
verilməsi nəzərdə tutulur?
Vasif
Talıbov: Çox sağ olun. Ayırdığınız vəsaitlə orada
işlər başlanıbdır, yolun uzunluğu 50 kilometrdir.
O vaxt layihəni təsdiq edən zaman verdiyiniz
tapşırığa əsasən onun 11 kilometri 2
gedişli-2 gəlişli, qalan 40 kilometrə yaxını isə
1 gedişli-1 gəlişlidir. Artıq orada
torpaq və bir qat asfaltın qoyulması işləri başa
çatıbdır. Bu ilin sonuna kimi orada
ikinci asfalt qatının qoyulması başa çatacaq.
İcazənizlə, biz üçüncü
qatı qışda deyil, may-iyun aylarında qoyaq.
Prezident
İlham Əliyev: Gələn ilə?
Vasif
Talıbov: Bəli, yol böyüsün, otursun, may-iyun
aylarında tamamilə tamamlanacaqdır.
Prezident
İlham Əliyev: Beləliklə, şəhərlərarası
bütün yollar artıq ən yüksək standartlara cavab
verəcək.
Vasif
Talıbov: Bəli, birinci dərəcəli yollar demək olar
ki, tam standartlara cavab verən səviyyədə qurulur.
Prezident
İlham Əliyev: Kənd yolları da tikilir, bu istiqamətə
də vəsait ayrılmışdır və gələn
ilin investisiya proqramında bu, nəzərə
alınmalıdır.
Vasif
Talıbov: Sağ olun. Ümumiyyətlə,
2003-2019-cu illər ərzində kənd yolları da daxil
olmaqla, 2 min kilometrə yaxın ümumi yollar investisiya və
büdcə vəsaiti hesabına qurulmuşdur.
Prezident
İlham Əliyev: Çox yaxşı. Şərur Sənaye
Məhəlləsinin yaradılması üçün bu il 5 milyon manat vəsait ayrılıb və bu
sahədə hansı işlər görülür? Eyni zamanda, Naxçıvanda yeni xalça fabrikinin
tikintisi də nəzərdə tutulur. Bu
sahədə hansı işlər görülüb? Məruzə edin.
Vasif
Talıbov: Çox sağ olun. Ayırdığınız vəsait hesabına
Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama
işlərinə başlanılıbdır, qısa müddət
ərzində investorların cəlbi ilə bağlı təkliflər
vermişik. Təklifləri gözləyirik
ki, orada hansı sənaye müəssisələri qurulsun.
Demək olar ki, bu ilin sonuna artıq orada ilk
müəssisənin qurulması işlərinə
başlanılacaqdır. İlk olaraq bitki yağları
istehsalı müəssisəsinin qurulması nəzərdə
tutulubdur. Ona görə ki, muxtar
respublikamızda bu, yüz faiz idxal hesabına həyata
keçirilir.
Xalça fabrikinin qurulması işləri başa
çatdırılıbdır. İndi yun tədarükü
sexinin qurulması işləri davam etdirilir. Artıq orada işçilər
götürülübdür, yəni, sınaq işləri
başlanılıbdır, xalçalar toxunur. Bir-iki ay müddətində orada işlər tamamilə
başa çatdırılacaq.
Prezident
İlham Əliyev: Çox yaxşı. Artıq
bir neçə ildir ki, Naxçıvan özünü
taxılla tam təmin edir və məhsuldarlıq da
yaxşıdır. Kənd təsərrüfatının
inkişafı üçün indi pivot suvarma
qurğularının alınması məqsədilə vəsait
ayrılmışdır. Eyni zamanda, bu ilin
investisiya proqramında Süni Mayalanma Mərkəzinin tikintisi
nəzərdə tutulur. Bunun ümumi dəyəri təqribən
7 milyon manatdır, onun böyük hissəsi bu il
verilməli idi, vəsait verildi və bu sahədə hansı
işlər görülüb?
Vasif
Talıbov: Muxtar respublikada bu sahəyə də diqqətiniz
sayəsində, cənab Prezident, deyə bilərəm ki, bu
illər ərzində 4 min hektara yaxın ərazidə
yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan
yuxarı artezian quyusu qazılmışdır və kəhrizlər
bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar
respublikanın əkinə yararlı torpaqları əgər
39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su
anbarını istifadəyə verdiyinizdən, yeraltı
suvarma şəbəkələri qurulandan sonra bu gün
artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə
olunur və muxtar respublika özünü ərzaqla tam təmin
edə bilir. Deyə bilərik ki, Sizin rəhbərliyinizlə
muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi
məsələləri tam təmin olunubdur.
Prezident
İlham Əliyev: Çox yaxşı. Eyni
zamanda, əminəm ki, artıq ixrac potensialı da
formalaşa bilər. Bildiyiniz kimi,
Türkiyə tərəfi böyük addım ataraq
Naxçıvanın istehsalı olan malların idxalı ilə
bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal
potensialı artdıqca ixrac imkanları da genişlənəcək.
Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri
təqribən 400 milyon manata yaxın idi. İndi növbəti
il üçün büdcə məsələləri
müzakirə olunur. Əlbəttə ki,
Naxçıvanın uğurlu və təhlükəsiz
inkişafı üçün nə lazımdırsa, biz onu
da edəcəyik. Ancaq bir məsələyə
diqqətinizi cəlb etmək istəyirəm.
Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər
hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83
milyon manatı yerli gəlirlər hesabına formalaşır,
qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab
edirəm ki, növbəti illərdə yerli gəlirlərin
artırılması istiqamətində işlər
aparılmalıdır ki, onların faiz nisbəti artsın.
Əminəm, belə olan halda daha da
böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri
icra edilsin.
Bütün ölkədə olduğu kimi, bu gün
Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə
şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm
ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin
10 ayı ərzində büdcə gəlirləri plandan əlavə
850 milyon manat artmışdır. Bunun
yarısı gömrük, yarısı vergi orqanları
hesabına formalaşıb. Bu əlavə
800 milyon manat sırf idarəetmədə aparılan
islahatlarla, şəffaflıqla bağlıdır və bizə
imkan verir ki, maaşları da, pensiyaları da artıraq,
investisiya layihələrinə də vəsaiti artıraq.
Ona görə gələn ilin büdcəsinə
baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin
artırılması, eyni zamanda, ümumi büdcədə
yerli gəlirlərin faizinin artırılması
üçün əlavə addımlar atılmalıdır.
Vasif
Talıbov: Gələn ilin büdcəsi ilə əlaqədar
deyə bilərik ki, maaş artımı
ilə əlaqədar büdcənin həcmi də
artmışdır. Gəlirlər hissəsi isə
12 milyon manata yaxın artırılmışdır, yəni,
2020-ci ilin büdcəsində yerli gəlirlər 100 milyon
manata yaxındır. Pensiya və təqaüdlərin
ödənilməsi üçün yerli büdcədə təqribən
100 milyon manata yaxın yığım nəzərdə
tutulub.
Prezident
İlham Əliyev: Çox yaxşı. Şadam
ki, Naxçıvanda bütün istiqamətlər üzrə
işlər yaxşı gedir. Əminəm ki, bu dinamika
gələn il də təmin ediləcək.
Əminəm ki, muxtar respublika əhalisinin sosial
rifahının yaxşılaşdırılması, respublika
qarşısında duran bütün vəzifələrin
icrası üçün bütün qüvvələr səfərbər
ediləcək və 2020-ci il də
Naxçıvan üçün uğurlu olacaqdır.
Azərbaycan.-
2019.- 19 noyabr.- S. 1; 2.