Kənd təsərrüfatı
məhsullarının istehsalı artır, keyfiyyəti
yüksəlir
Xaricdən gələn
sifarişlərin çox hissəsi bu sektora aiddir
Kənd təsərrüfatında aparılan dərin islahatlar müsbət nəticə verir. Belə ki, bu sahədə istehsal getdikcə artır, məhsulun keyfiyyəti yüksəlir. Bu, fermerlərə dövlət tərəfindən göstərilən qayğı nəticəsində mümkün olub.
Kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar torpaq vergisindən savayı bütün növ vergilərdən azad edilib. Üstəlik, onlara istifadə etdikləri yanacaq və sürtkü yağlarına görə subsidiyalar verilir.
Bundan başqa, fermerlərə istifadə etdikləri toxuma, gübrəyə, damazlıq heyvanlara və tinglərə görə də müəyyən güzəştlər edilir. Dövlət başçısının qeyd etdiyi kimi, dünyada fermerlərə Azərbaycan qədər güzəşt edən ikinci bir ölkə yoxdur.
Prezident İlham Əliyev oktyabrın 15-də sosial-iqtisadi sahəyə həsr olunan müşavirədə aqrar sektora göstərilən dövlət dəstəyini qeyd edərək demişdir: "Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir...
Hazırda bu sahədə ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faiz artmışdır”.
Digər sahələrə olduğu kimi, aqrar sektora da böyük kapital qoyuluşu həyata keçirilir. Bu məqsədlə ölkə üzrə bu sektorla bağlı yeni aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər görülür. Məqsəd aqrar sektorda yüksək keyfiyyətli məhsul istehsal etmək, həm də bu sahədə məhsuldarlığı artırmaqdır. Ölkə üzrə 51 aqroparkın yaradılması nəzərdə tutulur. Hazırda 22 aqropark fəaliyyətdədir, cari ilin sonunadək daha 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələri icra etmək üçün 2,4 milyard manat investisiya qoyulması nəzərdə tutulur.
Son dövrlər aqrar sektorda yeni texnika və texnologiyaların tətbiqinə də böyük önəm verilir. Odur ki, məhsuldarlıq artır, maya dəyəri aşağı düşür. Bunun nəticəsidir ki, cari ildə taxılçılıqda məhsuldarlıq 30 faizdən çox olub. Ötən illərdə həmin rəqəm 20 sentner civarında idi. Xüsusilə qeyd etmək lazımdır ki, müasir texnika və texnologiyalardan, o cümlədən suvarma sistemlərindən istifadə edən aqropark və iri fermer təsərrüfatlarında bu rəqəm 60 faizdən çoxdur.
Taxıl istehsalında ərzaq təhlükəsizliyi mühüm rol oynayır. Ölkə üzrə ən çox istifadə edilən ərzaq məhsulu da buğdadan hazırlanan çörəkdir. Qeyd edək ki, taxıl əkini ilə məşğul olan fermerlərə daha çox güzəştlər edilir. Cari ildə 1 milyon 12 min hektar sahədə taxıl əkininin həyata keçirilməsi bunun nəticəsidir. Əkinin 670 hektarını buğda, 342 min hektarını arpa təşkil edib. Bu da dövlətin taxılçılıqla məşğul olan fermerlərə edilən güzəştlər sayəsində mümkün olub.
Kənd təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ciddi işlər görülür. İndiyədək ölkə üzrə fermerlərə minlərlə müxtəlif təyinatlı kənd təsərrüfatı texnika və avadanlığı satılıb. Cari ilin 6 ayında 700-dən çox texnikanın fermerlərə satışı təmin edilib. Bununla yanaşı, müasir texnologiyalar və suvarma sistemləri ilə təminata da diqqət yetirilir.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6273,8 milyon manat təşkil etmişdir ki, onun 2966,5 milyon manatı heyvandarlıq, 3307,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 7,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,1, bitkiçilik məhsulları üzrə 11 faiz artıb.
Kənd təsərrüfatının inkişafı ixracatda da özünü göstərir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında alkoqollu və alkoqolsuz içkilərin ixracı 85, pambıq lifliyin ixracı 38, pambıq ipliyinin ixracı 32, meyvə-tərəvəzin ixracı 14, şəkər ixracı 12 faiz artıb.
Azexport.az portalına gələn sifarişlərin çox hissəsi kənd təsərrüfatı məhsullarına aiddir. Belə ki, cari ilin sentyabr ayında daxil olan ixrac sifarişlərinin çox hissəsi tütün, toyuq əti və yumurtası, fındıq ləpəsi, pambıq yağı, şərab, nar, soğan, sarımsaq, meyvə konsentratı, təzə meyvə, mürəbbə, süd məhsullarıdır.
Rüstəm
KAMAL
Azərbaycan.- 2019.- 19 noyabr.- S. 1;
6.