Azərbaycan-İordaniya
dostluq, qardaşlıq əlaqələri
çox yüksək səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Sami Abdullah Ğoşeh fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Sami Abdullah ĞOŞEH etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək dedi:
- Cənab Prezident, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi etimadnaməmi və sələfimin geri çağırılma məktubunu təqdim etmək mənim üçün şərəfdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz cənab səfir, sizi Azərbaycanda salamlayıram, sizə uğurlar arzulayıram. Əminəm ki, fəaliyyətiniz dövründə biz İordaniya-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafını görəcəyik.
Bildiyiniz kimi, əlaqələrimiz çox yüksək səviyyədədir və biz bir çox sahələrdə uğurlu əməkdaşlıq edirik. Mənim qardaşım Kral həzrətləri ilə çox möhkəm dostluq-qardaşlıq münasibətlərimiz vardır. Bildiyiniz kimi, dövlət başçılarının bir çox qarşılıqlı səfərləri təşkil edilmişdir. Beynəlxalq təşkilatların tədbirləri zamanı biz həmişə bir-birimizlə görüşürük. Eyni zamanda, beynəlxalq tədbirlər zamanı da həmişə görüşürük. Ötən ay Rusiyada "Valday” Diskussiya Klubunun iclasında birlikdə iştirak etmişik. Doğrudan da Kral həzrətləri ilə bizim çox yaxın əlaqələrimiz var və bu əlaqələr ikitərəfli münasibətlərimizin inkişafı üçün də mühüm rol oynayır. Beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik və bu qarşılıqlı dəstək və həmrəylik davam etdiriləcək.
Hesab edirəm ki, biz növbəti mərhələdə daha çox iqtisadi əməkdaşlığa fikir verməliyik. Hələ ki, qarşılıqlı ticarət dövriyyəmiz bizim istəklərimizi əks etdirmir. Ona görə ticarət dövriyyəsinin artırılması istiqamətində əlavə addımların atılması lazımdır. Hesab edirəm ki, hökumətlərarası komissiya da bu istiqamətdə önəmli addımlar atacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələlərinə də çox diqqətlə baxmaq lazımdır. Son zamanlar turizm sahəsində yaxşı irəliləyiş var və əminəm ki, bu müsbət dinamika davam etdiriləcək. Ölkənizin çox məşhur, dünya səviyyəli tarixi abidələri, əlbəttə ki, bir çox ölkələrdən turistləri ölkənizə cəlb edir. Son illərdə Azərbaycana da xaricdən gələn turistlərin sayı kəskin artmışdır. Bu ilin on ayında 11 faiz artım var. Ancaq oktyabr ayında keçən ilin oktyabrı ilə müqayisədə 25 faiz artım olub.
Biz sözlə, əlaqələrimizin
hərtərəfli inkişafı üçün
çox gözəl şərait
vardır. Əminəm ki, siz
öz fəaliyyətinizlə bu işlərə yeni təkan
verəcəksiniz. Bir daha xoş gəlmisiniz.
X X X
Səfir
Sami Abdullah ĞOŞEH dedi:
-Cənab Prezident, gərgin iş qrafikinizə baxmayaraq, bizə vaxt ayırıb qəbul etdiyinizə, etimadnaməni
təqdim etmək üçün şərait
yaratdığınıza görə
Sizə təşəkkürümüzü
bildiririk. İcazə verin, İordaniya
Haşimilər Kralı
II Abdullahın salamlarını
Sizə çatdırım.
Azərbaycan Respublikasına və
Azərbaycan xalqına
davamlı inkişaf, rifah və şəxsən
Sizə cansağlığı,
uzun ömür arzulayıram.
Əlahəzrət Kralın təlimatına uyğun olaraq mən işlədiyim müddət ərzində
iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın
inkişafı istiqamətində
səylərimi əsirgəməyəcəyəm. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyindəki
həmkarlarımla birlikdə
və digər qurumların köməyi ilə bu əlaqələrin
daha da inkişaf
etməsinə nail olacağıq.
İki ölkə arasında iqtisadiyyat, investisiya və turizm sahələrində
əlaqələrin inkişafı
üçün azərbaycanlı
həmkarlarımızla birgə
iş görəcəyik.
Cənab Prezident, Əlahəzrət Kral gələn ay Sizinlə görüşmək arzusundadır.
Cənab
Prezident, icazə verin, mən Azərbaycanda gördüyüm
bu möhtəşəm
inkişaf, bütün
sahələri əhatə
edən tərəqqiyə
valeh olduğum barədə hisslərimi Sizə bildirim. Qeyd etmək istəyirəm ki, cənab Prezident, mən, əlbəttə, Azərbaycanın
necə gözəl, füsunkar ölkə olduğunu şəkillərdən,
fotolardan bilirdim, amma buraya gəldiyim
ilk gündən bunun bilavasitə şahidi oldum. Əlbəttə, əldə olunmuş
bu misilsiz, əvəzolunmaz tərəqqinin
adamda yaratdığı
ilk təəssürat odur
ki, həqiqətən
Azərbaycan inkişaf
etmiş dövlətlərin
sırasındadır.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm,
xahiş edirəm mənim də səmimi salamlarımı
Kral həzrətlərinə
çatdırasınız.
Ölkəmiz haqqında dediyiniz xoş sözlərə görə sizə minnətdaram. Əminəm ki, fəaliyyətiniz dövründə siz Azərbaycanın müxtəlif
regionlarına səfər
edəcəksiniz, ölkəmizlə,
xalqımızla yaxından
tanış olacaqsınız. Eyni zamanda,
onu görəcəksiniz
ki, İordaniyaya, onun xalqına Azərbaycan cəmiyyətində
çox böyük rəğbət var.
Azərbaycan.- 2019.- 19 noyabr.- S. 2.