Sumqayıt bu gün Heydər Əliyevin arzuladığı şəhərə çevrilib

 

Sumqayıt - 70

 

Sumqayıt xeyli vaxtdır ki, bayram libasına bürünüb. Bütün şəhər ictimaiyyətinin böyük sevinc hissi ilə səbirsizliklə gözlədiyi əlamətdar tarix - Sumqayıtın 70 illik yubileyi artıq gəlib çatıb. Yubileylə əlaqədar silsilə tədbirlər isə çoxdan başlayıb. Prezident İlham Əliyevin "Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2019-cu il tarixli sərəncamına əsasən, şəhərin bu əlamətdar tarixi ilə bağlı tədbirlər planı hazırlanıb həyata keçirilməkdədir.

 

Qəsəbədən sənaye mərkəzinə

 

70 illik yubileyi şəhər sakinləri qürur və fəxarətlə qarşılayırlar. Çünki tarixi enişlərdən, yoxuşlardan keçən Sumqayıt bu gün öz mövcudluğunun ən yüksək inkişaf və yüksəliş dövrünü yaşayır. İndi tək Azərbaycanın deyil, Cənubi Qafqazın ən gözəl şəhərləri sırasında yer tutan Sumqayıtda həyata keçirilən layihələr Avropanın nüfuzlu nominasiyalarına layiq görülür. Ən əsası isə Sumqayıt öz müasir standartları və trendləri ilə inkişaf edən Azərbaycanın rəmzi kimi çıxış edir.

Tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi kimi də şöhrətini gündən-günə artıran Sumqayıtın müasir tarixi XX əsrin 30-cu illərinin sonundan başlayır. Sovet hökumətinin Abşeron yarımadasında növbəti sənaye mərkəzi yaratmaq barədə qərarından irəli gələrək 1939-40-cı illərdə burada sintetik kauçuk, boru yayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri yarımçıq qalır. 1941-ci ildə istilik elektrik stansiyası işə düşür. 1945-ci ildə Kimya zavodu ilk məhsulunu verir.

1949-cu ildə isə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilir. Beləliklə, qəsəbə olaraq yaranan Sumqayıt getdikcə sənaye mərkəzinə çevrilməyə başlayır. 1952-ci il boruyayma zavodu ilk məhsulunu buraxır. Vaxtilə tikintisi dayanmış Sintetik Kauçuk zavodu işə salınır və ilk dəfə neftdən etil spirti əldə edilir. 1955-ci ildə isə, alüminium zavodu işə düşür. 60-cı illərdə polimer tikinti materialları kombinatı, superfosfat zavodu tikilərək istehsala başlayır. Bütün bunlara paralel olaraq elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.

 

Ulu Öndərin inkişaf yoluna çıxardığı şəhər

 

Sumqayıtın daha sürətli inkişafı isə Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından sonrakı dövrə təsadüf edir. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndə respublikamız ittifaq miqyasında çox geridə qalmışdı. Lakin Heydər Əliyevin işgüzarlığı, təşəbbüsləri və tələbkarlığı ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində tezliklə Azərbaycanın taleyində və tarixində müsbətə doğru dönüş başlandı. Təbii ki, Azərbaycan iqtisadiyyatında baş verən intibah Sumqayıtdan yan ötmədi. Qeyd etdiyimiz kimi, həmin dövrədə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri yaradılmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıtda yüngül sənaye müəssisələri yaradıldı, sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi və şəhər öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başlandı. 70-ci illərin əvvəllərində əhalinin məişət kimyası mallarına olan tələbatını maksimum ödəmək məqsədilə Cənubi Qafqazda ilk dəfə olaraq Sumqayıt Məişət Kimyası Zavodu yaradıldı, superfosfat zavodunda yüksək texnologiya əsasında inşa edilərək dənəvər superfosfat gübrəsi istehsalatı işə salındı. 1970-73-cü illərdə "Üzvi sintez” zavodunda bir-birinin ardınca qliserin, benzol, izobutilen və poliizobutilen, həmçinin xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexləri fəaliyyətə başladı, 1974-cü ildə sintetik kauçuk zavodunda yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması ilə onun istehsal gücü xeyli artırıldı. Ümumiyyətlə, 1969-82-ci illərdə Ulu Öndərin rəhbərliyi altında Sumqayıtda bir çox müəssisələr istifadəyə verildi. Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu İplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını misal göstərmək olar.

1970-80-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında seçildi. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar Ulu Öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq bu cür inkişaf edirdi. Ən əsası respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi.

Məhz 70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. Dünyanın demək olar ki, əksər ölkələrinə ixrac olunan şəhər sənayesi məhsullarının keyfiyyəti və əsaslı tikintisinin gedişi ilə daim maraqlanan, tez-tez məlumatlar alan ölkə rəhbəri Sumqayıtı daim öz nəzarəti altında saxlayır, onun ortaya çıxan bütün problemlərini operativ həll edirdi. Bu diqqət və qayğının nəticəsi idi ki, 70-ci illərdə Sumqayıtda hər il 80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz Ümummilli Liderin o dövrdəki məqsədyönlü siyasətinin bəhrələridir. Bu gün Sumqayıtın ən gözəl ünvanlarından olan "Kimyaçılar” mədəniyyət sarayı da həmin dövrdə inşa olunub.

Beləliklə, Heydər Əliyevin xüsusi diqqəti və qayğısı ilə 70-80-ci illərdə Sumqayıt öz inkişafının yüksək mərhələsinə qədəm qoymuşdu. Rəhbərlikdə olduğu illərdə sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində onun əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olmuşdur.

 

Sumqayıta və sumqayıtlılara böyük diqqətin təzahürü

 

Lakin sovet ittifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi surətdə köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər öz fəaliyyətini dayandırmış və ya az güclə işləməyə başlamışdı. Bu proses əhalinin sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı.

Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Xatırladaq ki, 1993-cü il dekabrın 18-də Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə Sumqayıta gəlmiş, şəhərdə quraşdırılmış yeni telefon stansiyasının açılışında iştirak etmiş, Tarix muzeyində olmuş, "Şəhidlər xiyabanı” kompleksini ziyarət etmiş, icra hakimiyyətinin işçiləri ilə görüşərək tapşırıq və tövsiyələrini vermişdi. Ulu Öndərin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermiş, sakinlərdə qurub yaratmağa əbədi həvəs, gələcəyə böyük inam yaratmışdır. Bundan sonra Heydər Əliyev 5 dəfə Sumqayıtda olmuş, müxtəlif tədbirlərdə iştirak etmiş, şəhər ictimaiyyəti ilə görüşmüşdür. Bu səfərlər Ulu Öndərin Sumqayıta və sumqayıtlılara böyük diqqətinin təzahürü idi.

Məhz Ümummilli Liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıtın yeni ictimai-iqtisadi münasibətlər sisteminə adaptasiyası sürətlənmişdir. Heydər Əliyevin Sumqayıtın sənaye potensialının bərpası, mövcud müəssisələrin modernləşdirilməsi, elmi innovasiyaların tətbiqinin sürətləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər tez bir zamanda müsbət nəticələrini göstərməyə başlamışdır. Həmin vaxt Ulu Öndərin şəxsi dəstəyi ilə xarici investisiya cəlb edilməklə Sumqayıtda iri layihə həyata vəsiqə qazandı: kimya sənayesinin gələcək inkişafında əvəzsiz rol oynayacaq Buxar-generator qurğusu inşa edildi.

Ümummilli Liderin bu şəhərlə bağlı qarşıya qoyduğu vəzifə belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye mərkəzinə çevrilsin, yerli kadr potensialına söykənərək burada müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın, yeni iş yerləri açılsın. Beləliklə də, Sumqayıt yenidən iqtisadi və kadr potensialı ilə seçilən bir şəhərə çevrilsin.

 

16 ildə 23 səfər

 

Son 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar Sumqayıtla bağlı Ulu Öndərin qarşıya qoyduğu vəzifələrin sürətlə həyata keçirilməsini təmin edib. Ona görə əminliklə demək olar ki, bu gün Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib. Bütün bunlar həm də onu göstərir ki, Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən və dövrün tələbinə uyğun zənginləşdirən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Ona görə bu gün Sumqayıt Prezident İlham Əliyevin daim diqqət və qayğısını duyur və hiss edir. Bunu Prezident İlham Əliyevin son 16 ildə Sumqayıta 23 dəfə səfər etməsi də göstərir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan verib.

Bu barədə danışan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyir: "Özünəməxsus müasir şəhər nümunəsinə çevrilən Sumqayıtın növbəti memarı möhtərəm Prezident İlham Əliyevdir. Ulu Öndərin ideya və təşəbbüslərini məharətlə həyata keçirən cənab Prezidentin ardıcıl səyləri Sumqayıtı gözəl ünvanlardan birinə çevirib. Son 16 ildə ölkə rəhbəri 23 dəfə Sumqayıta səfər etmişdir. Prezident İlham Əliyevin hər gəlişi Sumqayıtın tarixinə böyük hərflərlə yazılmaqla bərabər, bu şəhərin tərəqqisini şərtləndirən əsas amilləri bir daha aydın şəkildə müəyyənləşdirmiş və qətiləşdirmişdir”.

Regionların sosial-iqtisadi inkişafına dair I və II Dövlət proqramlarının uğurla icrası, habelə III Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq ölkənin makroiqtisadi göstəricilərində şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb. Xüsusən iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində şəhərdə yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac potensialı yüksəlib.

 

Şöhrətini bərpa edən müasir sənaye mərkəzi

 

Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu işlərdə inamla irəliləyir. Ona görə, əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir.

Son illərdə gücü 525 MVt olan elektrik stansiyası, "Sumqayıt-3” yarımstansiyası tikilmiş, "Azərkimya” İB-in müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Azgüntex” zavodu, tərkibinə çörək zavodu, taxıl anbarı, dəyirman və logistik mərkəz daxil olan "Sağlam qida” Aqrar-Sənaye Kompleksi, "Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, "Gilan” Tekstil Parkı, mis emalı zavodu, "Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, "Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı, Texnoil MMC mühərrik yağları istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında İnşaat Kimyəviləri Zavodu, "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, pestisid və aqro-kimyəvi məhsulları, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen qurğusu, elektron təhsil avadanlığı, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi, Sumqayıt Texnologiyalar Parkında müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış 13 zavodu, "Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodları, Aqrokimya Azərbaycan MMC tərəfindən pestisidlər istehsalı zavodu, "SOCAR Polymer” layihəsi çərçivəsində polipropilen zavodu istifadəyə verilmişdir. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir.

Ötən il noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında Prezident İlham Əliyev Sumqayıtın sənaye şəhəri kimi bundan sonra da uğurla inkişaf edəcəyini bildirib: "Şadam ki, biz bu gözəl parkı Sumqayıt şəhərində yaratdıq. Sumqayıt ölkəmizin, Cənubi Qafqazın ikinci sənaye şəhəridir.

Sumqayıtın inkişafı üçün çox böyük işlər görülür, çox böyük layihələr icra edilir. Sosial layihələr, infrastruktur layihələri, qazlaşdırma demək olar ki, yüz faiz səviyyəsindədir, içməli su 93 faiz səviyyəsindədir, yollar salınır, məktəblər tikilir, gözəl abadlıq işləri aparılır. Sumqayıt bulvarı yaradılıb, sakinlər üçün çox gözəl istirahət zonasıdır, "ASAN xidmət” mərkəzi, olimpiya kompleksi, xəstəxana istifadəyə verilib. Əlbəttə ki, Sumqayıt sənaye şəhəri kimi uğurla inkişaf edəcək. Mən əminəm ki, biz qarşıda duran bütün vəzifələri bundan sonra da uğurla icra edəcəyik”.

Bu ilin əvvəlində Prezident İlham Əliyev iki dəfə Sumqayıta səfər edib. Yanvar ayının 16-da Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı Kimya Sənaye Parkında inşa olunmuş, ildə 650-660 min ton karbamid və 1 milyon ton ammonyak istehsal etmək gücünə malik olan "SOCAR karbamid” zavodunun və fevral ayının 18-də ikinci dəfə şəhərə səfəri zamanı Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı Polietilen zavodunun açılışında iştirak etmişdir. Hazırda ölkədə qeyri-neft sektorunda ən böyük layihə olan müəssisələrin ümumi dəyəri təxminən 1 milyard 200 milyon avro təşkil edir. Zavodlarda 900 nəfər daimi işlə təmin edilmişdir. İstehsal həcminin 70 faizinin ixrac üçün nəzərdə tutulduğu müəssisələrin fəaliyyəti ölkəyə hər il 200 milyon dollar məbləğində vəsaitin daxil olmasına imkan yaradacaq. Ümumiyyətlə isə bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verəcək.

 

Şəhərin yeni simasını müəyyən edən quruculuq

 

Ümumiyyətlə, Prezident İlham Əliyevin Sumqayıta hər səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların, sərəncamların icrası və həyata keçirilən genişmiqyaslı tədbirlər sənayedə olduğu kimi, həm də tikinti, abadlıq və quruculuq sahəsində əsaslı dönüş yaradıb. Ölkə rəhbərinin tövsiyələri, tapşırıqları və dəstəyi sayəsində yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizayn baxımından müasir görkəmini saxlamaq şərti ilə irimiqyaslı layihələr icra olunub. Xüsusilə Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən başlayaraq abadlıq, quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılıb və qısa müddətdə uğurla başa çatdırılıb.

İqtisadi və sosial sahədə inkişafı şərtləndirilən amillərdən biri kimi şəhərin müasir yol-nəqliyyat sisteminin qurulması diqqət mərkəzində saxlanılıb. Yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi və tıxac problemlərinin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bunlardan biri şəhərin əsas giriş yolu olan Sülh küçəsinin 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək 90 min kvadratmetrə çatdırılmasıdır. Sumqayıtın ikinci giriş yolu olan Sahil küçəsi də 7,5 kilometr uzunluğunda yenidən qurulub, yolun eni 13 metrə çatdırılıb. Burada Corat qəsəbəsindən keçən hissədə sakinlərin istirahəti üçün park salınıb. Binəqədi-Novxanı-Sumqayıt yolu əsaslı təmirdən sonra açılıb və Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometr hissəsində yeni yolun təməli qoyulub. Prezident İlham Əliyev bu mərasimlərdə iştirak edib. Şəhərin Koroğlu küçəsində 4 kilometr, Səməd Vurğun küçəsində 9 kilometr, Nizami küçəsində 1,6 kilometr, Sərvər Bədəlbəyli küçəsində 0,8 kilometr, Heydər Əliyev küçəsində 1,8 kilometr uzunluğunda yeni asfalt örtüyü salınıb. Qurd Dərəsi yaşayış massivində 2,5 kilometr uzunluğunda yol hər iki tərəfə genişləndirilib, eni 8 metrə çatdırılaraq asfalt örtüyü təmir edilib.

Şəhərdə həyata keçirilən layihələrin bir qismi Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda reallaşdırılmışdır. Parkda yenidənqurma işləri aparılmış, ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilmiş, əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə yeni yaşıllıq zolağı salınmış, rəngli fəvvarələr kompleksi, Bayraq meydanı və uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur.

Parkda sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib, önündə Ulu Öndərin ağ mərmərdən heykəli ucaldılıb. Mərkəzdə onun həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir.

Ulu Öndərin adını daşıyan parkda müasir memarlıq üslubunda sahəsi 2950 kvadratmetr olan 735 yerlik 3 mərtəbəli Uşaq incəsənət məktəbi də tikilib. Məktəbdə 60 sinif otağı var. Burada 700-dən çox şagird təhsil alır və 200-dən artıq müəllim çalışır. Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 1000 kvadratmetr olan ikimərtəbəli şahmat məktəbi də tikilib və müasir avadanlıqla təchiz edilib.

Sumqayıt Dövlət Dram Teatrı da əsaslı təmirdən sonra istifadəyə verilmiş, müasir avadanlıqlarla təchiz edilmiş, 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulmuş, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənmiş, burada iki fəvvarə və monitor quraşdırılmışdır.

Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatının inzibati binası, Bayraq muzeyi, Gənclər mərkəzi, "ASAN xidmət” mərkəzi, Mərkəzi Bankın ehtiyat sistemi binası, 500 metr uzunluğunda tərsanə, şəhərin əsas giriş yolunda Bayraq meydanı, paralimpiya və olimpiya idman kompleksləri, əlillərin bərpa mərkəzi, şəhər prokurorluğunun binası da Sumqayıtın yeni ünvanlarıdır. Bunlardan başqa, son illərdə Sumqayıtın Tarix muzeyinin, 1 saylı şəhər mərkəzi xəstəxanasının, "Kimyaçılar” mədəniyyət sarayının, 1 saylı Uşaq-gənclər idman məktəbinin, 3 saylı Uşaq-gənclər şahmat-dama idman məktəbinin binaları əsaslı təmir olunmuşdur. Həmçinin əlillərin bərpa mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası tikilmiş, yüzlərlə çoxmənzilli yaşayış binasının dam örtükləri dəyişdirilmiş, 1660 şagird yerlik 5 məktəb binası, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin tədris korpusu tikilmişdir.

Onu da qeyd edək ki, indiyədək Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 15 sərəncam imzalanıb. Bunun da nəticəsində şəhərdə abadlıq və quruculuq işlərinin, o cümlədən şəhər təsərrüfatının möhkəmləndirilməsi tədbirlərinin daha sürətlə və keyfiyyətlə həyata keçirilməsi mümkün olub.

Bu gün şəhərin bütün ərazilərində tikinti-quruculuq işlərinin möhtəşəm nümunələrini görmək mümkündür. Bu işlər ünvanlı, konkret və məqsədyönlüdür. Diqqəti çəkən məqam ondan ibarətdir ki, abadlıq və quruculuq işlərinə daha çox şəhərin ucqarlarından, girişlərindən başlanılıb. İndi hansı istiqamətdən şəhərə daxil olsan binaların üzlənməsinin, onlara dam örtüklərinin vurulmasının, mövcud dam örtüklərinin yenilənməsinin, yolların genişləndirilməsinin şahidi olmaq olar.

Görülən işlər sakinlər tərəfindən müsbət qarşılanır və bu barədə onlar ürəkdolusu söhbət açırlar. Hər bir şəhər sakini aparılan və səngimədən davam etdirilən abadlıq və quruculuq işlərinin nəticəsində gündən-günə gözəlləşən şəhərdən, sözün əsl mənasında, zövq alır. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkə boyu aparılan abadlıq və quruculuq işləri burada da ən yüksək səviyyədə öz təzahürünü tapmaqdadır.

 

 

Dünyanı heyran qoyan bulvar

 

Sumqayıt dəniz sahilində yerləşsə də, burada heç vaxt bulvar olmayıb. Zakir Fərəcovun şəhər icra hakimiyyətinin başçısı təyin olunmasından sonra həyata keçirilən kompleks abadlıq və quruculuq işlərinin bir istiqamətini də dəniz sahilində bulvarın salınması oldu. Beləliklə, cəmi bir neçə aya uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan yeni bulvar kompleksi ərsəyə gətirildi. Burada əhalinin istirahəti üçün bütün şərait yaradılıb, 55 hektar sahədə yaşıllıq zolağı, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib, müasir avtomat suvarma sistemi qurulub.

Hələ iki il əvvəl Sumqayıtın yeni salınmış bulvarı İspaniyanın paytaxtı Madriddə keçirilən "Global Trade Leaders Club”un 24-cü Beynəlxalq üstünlük və liderlik forumunda "İnternational Award for Excellence & Leadership” mükafatına layiq görülüb.

Xatırladaq ki, "Global Trade Leaders Club” dünya biznesini araşdıran 3 ən böyük beynəlxalq təsisatdan biridir. İspaniyanın hökumət nümayəndələrinin, müxtəlif ölkələrin səfirlik və konsulluq əməkdaşlarının, dünyanın tanınmış biznes strukturlarının rəhbərlərinin qatıldığı mərasimdə Sumqayıt bulvarının təqdimatı zamanı cəmi 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduğu, sevimli istirahət məkanına çevrilən bulvarın möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Bu barədə danışan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sözlərinə görə, bulvarın salınması göstərir ki, Sumqayıt son illər müasir layihələr əsasında yenidən qurulur və regionun gözəl turizm məkanlarından birinə çevrilməkdədir. Möhtərəm İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır: "Şəhərdə abadlıq-quruculuq işləri bu gün də geniş miqyasda davam etdirilir. Sumqayıtda son bir neçə ildə görülmüş işlərin həcmi və miqyası son 20-25 ildə görülən işlərə bərabərdir. Bunun nəticəsidir ki, Sumqayıtın siması qısa müddətdə çox dəyişib, modern bir şəhərə çevrilib. İspaniyada qazanılan mükafat bütün Sumqayıtda və bu şəhərin timsalında Azərbaycanda gedən möhtəşəm abadlıq və tikinti işlərinin beynəlxalq səviyyədə qiymətləndirilməsidir. Ona görə bu, cənab İlham Əliyevin və Azərbaycanın uğurudur”.

Sumqayıtda bu gün də həyata keçirilən quruculuq layihələrindən biri dənizkənarı bulvarın bir qədər də genişləndirilməsidir. Hazırda 4,2 kilometr uzunluğunda və 106 hektar sahəsi olan bulvarın ərazisi daha bir kilometr genişləndirilir. Genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınıb. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək. Bulvarın genişləndirilən ikinci hissəsi bu günlərdə əhalinin istifadəsinə veriləcək.

Dənizkənarı bulvar ərazisində inşa olunan muğam mərkəzində son tamamlanma işləri aparılır. Muğam mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzin 400 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq. Binada muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

 

Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır

 

Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə həyata keçirilən işlərin nəticəsində Sumqayıt inkişaf edib, şəhərdə tamamilə yeni infrastruktur yaradılıb. Hansı ki, bu infrastruktur uzun illər sumqayıtlılara ən yüksək standartlar əsasında xidmət edəcək. Ona görə bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır. Sumqayıtın bugünkü inkişafı göstərir ki, Heydər Əliyevin arzuları reallaşır, ideyaları həyata vəsiqə qazanır. Çünki Ulu Öndər Heydər Əliyev Sumqayıtı belə görmək istəyirdi. Prezident İlham Əliyevin "Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında” imzaladığı sərəncamında yazılır: "Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələri çərçivəsində Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, həmçinin digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir”.

Bəli, bu fikirlər Sumqayıtın inkişafının bir neçə cümlə ilə əhatəli ifadəsidir. Sumqayıt həqiqətən, zəngin inkişaf və yüksəliş yolu keçərək yenidən ölkəmizin böyük sənaye mərkəzinə çevrilməyi bacarıb. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.

Ona görə Sumqayıt özünün 70 illik yubileyini başıuca, inkişaf nəticəsində əldə olunan nailiyyətlərlə qeyd edir. İnkişaf isə sürətli və davamlıdır. Hər ötən gün Sumqayıtın həyatında mühüm yeniliklərin şahidi olursan. Cənab Prezidentin qayğısı və diqqəti şəhərin ictimai, sosial-iqtisadi həyatında rolu olan hər kəsi daha məsuliyyətlə və fədakarlıqla çalışmağa sövq edir. Ona görə qarşıdakı illər və növbəti yubileylər Sumqayıtın yeni və möhtəşəm uğurları ilə əlamətdar olacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 19 noyabr.- S. 4-5.