Cəlil Məmmədquluzadənin
150 illik yubileyi qeyd edilmişdir
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli nasir, qüdrətli dramaturq, vətəndaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, "Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və tanınmış ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirin aparıcısı AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli yazıçı və maarifçi Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı tarixində həm publisist, həm də böyük dramaturq və nasir kimi tanınmasından danışmışdır.
Tədbirdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva məruzə edərək Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundzadədən sonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığının mühüm bir hissəsini təşkil edən dram əsərlərindən, onun pyeslərində yaşadığı dövrün real hadisələrini olduğu kimi təsvir etməsindən, adi ailə-məişət məsələlərini əyani və bədii şəkildə ustalıqla qələmə almasından bəhs etmişdir.
Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından bəzi məqamları əks etdirən qısa sənədli filmin nümayişindən sonra söz Kürdəmir şəhər 6 saylı tam orta məktəbin şagirdlərinə verilmişdir. Məktəblilər ədibin "Müsəlman”, "Tapmaca”, "Bizim obrazovannılar”, "Sizi deyib gəlmişəm” felyetonlarını, "Nə bilim”, "Şapkanı görəndə”, "Nağıl”, "Dedilər” satirik şeirlərini söyləmişlər.
Şagirdlərin "Ölülər”, "Anamın kitabı” dram əsərlərindən hazırladıqları səhnəciklər tamaşaçıların alqışları ilə qarşılanmışdır.
Ədibin "Ölülər”, "Danabaş kəndinin əhvalatları”, "Poçt qutusu” əsərləri əsasında çəkilmiş filmlərdən epizodların nümayişi yubiley tədbirini daha da rövnəqləndirdi.
Tədbirin sonunda Yaqut Bahadurqızı dövlətimizin Cəlil Məmmədquluzadə şəxsiyyətinə və yaradıcılığına verdiyi yüksək dəyərdən söz açmış, ölkə Prezidentinin yazıçının 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamasının buna bariz nümunə olduğunu qeyd etmişdir.
Tofiq ABDULLAYEV
Azərbaycan.- 2019.- 19 noyabr.- S. 6.