Cəlil Məmmədquluzadənin
ev-muzeyinin təmirdən sonra
açılışı olub
Noyabrın 18-də Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Prezident İlham Əliyevin "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Bildirib ki, Mirzə Cəlil bütün yaradıcılığı ilə bərabər, həm də çox böyük azərbaycanlıdır: "O, Azərbaycanın ədəbiyyatı, maarifi, dilinin təmizliyi uğrunda çalışıb. Cəlil Məmmədquluzadənin irsinə nəzər salanda görürük ki, o və onun qələm yoldaşları bu xalq üçün çox böyük işlər görüblər. Bu gün onun ev-muzeyinin təmirdən sonra yenidən açılmasına görə çox sevinirəm. Bu gün muzeydə yeni ekspozisiyalar təqdim olunur. Düşünürəm ki, muzey gələcəkdə oradakı ekspozisiyalarının daha da genişləndirilməsində böyük rol oynayacaq".
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, Bakıda Cəlil Məmmədquluzadənin muzeyi əvvəllər olsa da, ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalıb: "Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Sonralar Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün öz əlyazmalarını yandırıb. Böyük ədibin həyat yoldaşı Həmidə xanım xatirələrində yazırdı ki, Mirzə Cəlil ev qızanda dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun balalarını yox, bu gün bizi də isidir”.
Akademik İsa Həbibbəyli 68 illik fasilədən sonra Mirzə Cəlilin nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirib: "Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evində olacaqlar. Bu evdə Cəlil Məmmədquluzadə ən böyük əsərlərini yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun böyük xidmətləri olub. Sovet rejimi onu İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin” jurnalının mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli yazıçıları bura onunla görüşə gəlib”.
Daha sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bildirib: "Mən təsəvvür etməzdim ki, ona Azərbaycanda bu qədər sevgi var. Bura ilk dəfə gəlirəm, ümid edirəm ki, bu səfərlər davamlı olacaq”.
Çıxışlardan sonra
qırmızı lent kəsilib və qonaqlar muzeyi ziyarət ediblər.
Azərbaycan.- 2019.- 19 noyabr.- S. 6.