Bir əsrin xəzinəsi

 

Müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümüdür. 100 il ərzində zəngin inkişaf yolu keçən BDU haqqında indiyədək yüzlərlə kitab nəşr edilib.

Bu günlərdə isə AMEA Fəlsəfə İnstitutu Elmi Şurasının iclasında universitetin 100 illik yübileyi ilə əlaqədar olaraq daha bir tədqiqat əsərinin müzakirəsi aparılıb və kitab çapa vsiyə olunub. Fəlsəfə İnstitutunun doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin müəllifi olduğu "Bir əsrin xəzinəsi - Bakı Dövlət Universiteti 100 il” kitabında Şərqin ilk ali təhsil ocağı olan BDU-nun 100 illik tarixi dövrü, keçdiyi şərəfli yol araşdırılıb. Bakı Dövlət Universitetinin böyük potensialı, inkişaf istiqamətləri, dünya təhsil sisteminə inteqrasiyası, fakültələri, elmi tədqiqatların və texnologiyaların tətbiqi, məzunları haqqında geniş məlumat verilir.

Tədqiqat əsərində Azərbaycanın Avropa tipli ilk ali təhsil ocağının yaradılması ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin atdığı addımlar, Bakıda universitet yaradılması ilə bağlı parlamentdə aparılan gərgin müzakirələr də yer alıb. Eyni zamanda universitetin rektorlarının taleləri haqqında da məlumat verilir.

Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin universitetlə bağlı dəyərli fikirləri, çıxışları, bu təhsil ocağının yubiley mərhələlərində iştirakları ətraflı göstərilir.

Dahi şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi kimi çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin inkişafı, mühüm məqamları təhlil edilir. Prezident İlham Əliyevin həmin siyasi kursu uğurla, yaradıcılıqla davam etdirməsi məsələləri bilavasitə araşdırılır.

Kitab müəllimlər, tədqiqatçılar, doktorantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabla bağlı fikirlərini bölüşən müəllif yazır: "Yazdığım bu kitab qazandığım bütün uğurlarımda ana nəvazişi kimi əziz saydığım müqəddəs elm məbədimiz olan Bakı Dövlət Universitetinin 100 illik yubileyinə bir övlad borcumdur. Mən də Bakı Dövlət Universitetinin minlərlə məzunlarından biri kimi bu müqəddəs elm məbədi qarşısında bir övlad məhəbbəti ilə baş əyərək deyirəm: 100 yaşın mübarək, şanlı universitetim!”

Azərbaycanın tanınmış yazıçı-publisistlərinin, deputatların, siyasi elmlər doktorlarının Bakı Dövlət Universiteti ilə bağlı xatirələrinin yer aldığı kitabın elmi məsləhətçisi Milli Məclisin deputatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Rəyçilər isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmov və fəlsəfə elmləri üzrə elmlər doktoru, professor İzzət Rüstəmovdur.

 

R.BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 19 noyabr.- S. 7.