“Azərbaycan
Respublikasının Konsul Nizamnaməsinin
təsdiq edilməsi haqqında”, “Notariat
haqqında”, “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının qanunlarında və
Azərbaycan Respublikasının Mülki
Məcəlləsində dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il
8 oktyabr tarixli 1672-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Notariat haqqında”, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 8 oktyabr tarixli 1672-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Notariat haqqında”, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, "Notariat haqqında”, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
15 noyabr 2019-cu il
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 1.