Emal olunan xurmaya tələbat çoxdur
Aqrar sektorda aparılan islahatlar genişdir. Bu, təkcə
coğrafi baxımdan deyil, islahatların əhatə dairəsinə
görə də belədir. İslahatlar dövründə ənənəvi sahələrin
yenidən bərpası
da gündəmə gəldi. Beləliklə, son illər unudulmaq
üzrə olan sahələrin dirçəldilməsi
istiqamətində böyük
işlər görüldü.
Pambıqçılığın, tütünçülüyün, tərəvəzçiliyin, çəltikçiliyin,
fındıqçılığın, baramaçılığın yenidən inkişafı üçün dövlət
tərəfindən müxtəlif
layihələr hazırlandı,
həmin sahə ilə məşğul olan fermerlərə dəstək verildi. Belə sahələrdən
biri də xurma istehsalının inkişafıdır. Xurma
istehsalında da yüksək məhsuldarlığa
nail olmaq üçün
İspaniyadan xurma tingləri gətirilərək
fermerlərə paylanıb.
Hazırda ölkəmizin 21 rayonunda xurma yetişdirilir. Beş il əvvəl
İspaniyadan gətirilən
həmin yeni xurma sortları fermerlərə verildikdən
sonra bu sahədə məhsul istehsalı artıb.
Bunun sayəsində ötən
il ölkəmiz
200 min ton xurma ixrac edib. Belə ki, həmin
rəqəm 2017-ci illə
müqayisədə 17 faiz
çoxdur. Cari ildə
xurma istehsalının
daha 15 faiz artacağı proqnozlaşdırılır.
Xurma istehsalı
çoxaldıqca bu məhsulun dünya bazarına ixracı da artır. Hazırda Azərbaycan
dünyada xurma istehsalı və ixracına görə beşinci yerdədir.
Lakin ölkəmizdə bu sahənin dinamik inkişafı qarşıdakı
illərdə daha yüksək pilləyə
yüksəlməyə imkan
verəcək.
Qeyri-neft
sektoru üzrə ixracın 0,15 faizi xurmanın payına düşür.
Ötən il
bu sektor üzrə ixrac 1 milyard 689 milyon dollar təşkil edib. İxrac olunan qeyri-neft məhsullarında
177,4 milyon dollarla pomidor istehsalı birinci, 118 milyon dollarla qızıl (sikkə kəsilməsində
istifadə olunmayan, digər emal olunmamış formalarda) ikinci, 114,5 milyon dollarla xurma ixracı üçüncü
yerdə qərarlaşıb.
Hazırda xurma ixracında əsas alıcı ölkələr Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstandır. Bir sıra
ərəb ölkələri
də Azərbaycanda istehsal olunan xurmanı idxal edirlər. Avropa ölkələri isə daha çox
emal olunan quru xurma almağa
üstünlük verir.
Xüsusilə Almaniya və
Hollandiyada bu məhsula tələbat daha yüksəkdir. Elə ənənəvi bazarımız
olan Rusiya, Ukrayna və digər MDB ölkələri
də quru xurma almağa maraq göstərir.
Məlumdur ki, Avropa ölkələrinə
məhsul ixracı çətin prosesdən keçir. Burada standartlar MDB ölkələri
ilə müqayisədə
daha yüksəkdir.
Avropa standartlarına əməl
olunarsa, təkcə Almaniyaya ildə təqribən 2 milyon
dollar dəyərində quru
xurma ixrac etmək mümkündür.
Hazırda emal edilən
quru xurma Almaniya ilə yanaşı, Avropa İttifaqı dövlətlərindən
olan Baltikyanı ölkələrə də
ixrac olunur. Xarici bazarda tələbat yüksək
olduğu üçün
ötən il
30 faizlik artım müşahidə edilib.
Avropa ölkələrinə
məhsul ixracı üçün çoxsaylı
uyğunluq və gigiyenik sertifikatlar tələb olunur. Bu səbəbdən də Avropa bazarlarına məhsul ixrac edərkən onların tələbləri yerinə
yetirilməlidir. Ölkəmizdə Balakən və Göyçay rayonlarında
yarıqurudulmuş və
ya qurudulmuş xurma üzrə yeni istehsal müəssisələri
yaradılıb. Lakin bunların
istehsal etdikləri məhsulun keyfiyyəti Avropa standartlarına tam cavab vermir. Üstəlik, onların istehsal
gücü də xarici tələbatın ödənilməsi üçün
yetərli deyil. Bunun üçün yüksək
texnologiyalarla təmin
olunan yeni müəssisələrin açılması
zəruridir.
Dünyada xurmadan bir çox
qiymətli məhsullar
hazırlanır. Xurma qurusu, bəhməz
çox qiymətli məhsul sayılır və əczaçılıqda
geniş istifadə olunur. Əgər yeni müəssisələr
açılarsa və
qurudulmuş xurma məhsulu dünya bazarına çıxarılarsa,
daha çox gəlir əldə edə bilərik. Belə ki, satış həyata keçirilərkən
hazır məhsul xammaldan baha satılır.
Xurma istehsalını
və ixracını artırmaq, xarici bazarda müştəri tapmaq üçün Xurma İstehsalçıları
və İxracçıları
Assosiasiyası yaradılıb. Məqsəd fermerlərə istehsal və ixracda dəstək olmaqdır.
Assosiasiyanın əsas məqsədlərindən
biri də ölkədə istehsal olunan xurma məhsullarının
"Made in Azerbaijan” brendi ilə
satışını həyata
keçirmək üçün
fermerlərə kömək
göstərməklə bu
sahə ilə məşğul olan sahibkarların işini əlaqələndirməkdir. Assosiasiya yarandığı gündən
fermerlərə hər
cür dəstək verməklə məhsul istehsalının artımına
və ixracına yardımçı olur.
Bununla yanaşı, assosiasiya 21 rayonda xurma yetişdirməklə
məşğul olan sahibkarların tələb
və istəklərinin
dövlət qurumlarına
çatdırılması istiqamətində də mühüm rol oynayır.
Rüstəm
KAMAL
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 1;
5.