Hər bir gənc vətənpərvər
olmalıdır
İlham ƏLİYEV: "Mənim gənclərə
xüsusi münasibətim var,
mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə
arxalanıram”.
Hər bir ölkənin maddi və mənəvi tərəqqisi cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin sosial-psixoloji vəziyyətindən, həyat və əmək fəaliyyətindən bilavasitə asılıdır. İctimai-iqtisadi münasibətlərin təkmilləşdirilməsində gənclər hərəkatının böyük rolu var. Çünki onlar millətin gələcəyi, inkişafın və yüksəlişin əsas meyarıdır. Cəmiyyətin tərəqqisi dövlətin gənclər siyasətini düzgün müəyyənləşdirməsi və həyata keçirməsi ilə də sıx bağlıdır.
Azərbaycanda gənclər hərəkatının təşəkkül tapması və inkişafına təsir edən amillərin öyrənilməsi, müasir dövrdə ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərinin, prinsiplərinin, metodlarının, vasitə və formalarının tədqiqi onların ictimai-siyasi dəyişikliklərdə rolu və yerini dərindən dərk etməyə imkan verir.
Dövlətin gənclər siyasətinin çox geniş bir spektri - təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, şəxsi problemlərinin həlli, hüquqlarının müdafiəsi, ölkənin ictimai-siyasi, mədəni həyatında iştirakı, təşkilatlarının fəaliyyəti, beynəlxalq əlaqələri və s. ilə bağlı məsələləri əhatə edir.
Azərbaycan gəncliyi tarixin bütün dövrlərində cəmiyyətin həyatında mühüm rol oynamış, xalqımızın əldə etdiyi uğurlarda onların böyük əməyi olmuşdur. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsində də gənclərin rolunu danmaq mümkün deyil. Sovet imperiyasına qarşı azadlıq mübarizəsinin, Qarabağ hadisələri ilə bağlı təşəkkül tapmış xalq hərəkatının ön sıralarında məhz gənclərimiz getmişlər. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hökm sürən hərc-mərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə bağlı, demək olar ki, heç bir iş aparılmırdı. O dövrdə başlı-başına buraxılmış gənclərin bəziləri xalqımızın mənəvi dəyərlərinə zidd vərdişlərə qurşanmış, bir qismi isə ölkədə nizami ordu olmaması səbəbindən fərarilik edərək vətənini tərk etmişdilər. Hakimiyyət hərc-mərcliyinin, siyasi qeyri-sabitliyin və s. mənfi amillərin məntiqi nəticəsi olaraq torpaqlarımızın bir hissəsinin işğalı gənclərimiz arasında pessimist əhvali-ruhiyyənin artmasına, milli dövlət məsələlərinə laqeyd münasibətin formalaşmasına, vətənpərvərlik hisslərinin azalmasına gətirib çıxarmışdı.
Yalnız 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan anarxiya və özbaşınalıq məngənəsindən çıxa bildi. Həmin həyəcanlı günlərdə Heydər Əliyev xalqın çağırışına səs verərək xilaskarlıq missiyasını öz üzərinə götürdü: ölkəni vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi. Böyüməkdə olan nəslin və gənclərin mənəvi-etnik tərbiyəsinin möhkəmləndirilməsi məsələsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi.
Azərbaycan tarixində gənclərlə bağlı vahid dövlət siyasəti məhz 1993-cü ildən həyata keçirilməyə başlanmış və bu iş bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur.
Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə əlaqədar bir çox fərman və sərəncamlar imzalayan Heydər Əliyev gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Bütövlükdə, 1993-2003-cü illərdə Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində mühüm təcrübə qazanılmışdır. Bu gün gənclər problematikası ilə məşğul olan ictimai elmlər, o cümlədən tarix elmi qarşısında müstəqillik illərində ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin təcrübəsini, xüsusiyyətlərini, nəticələrini tədqiq etmək, bu əsasda gənclərlə bağlı strategiyanın təkmilləşdirilməsi üçün təklif və tövsiyələr hazırlamaq kimi mühüm vəzifələr durur.
Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən layihələrin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncamı da gənclərə dövlət qayğısının davamı idi.
Bütün bunlar deməyə əsas verir ki, uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusilə diqqətəlayiq idi. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqamətdə görülən mühüm tədbirlərdəndir.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında”, "Gənclər siyasəti haqqında” qanunlar, habelə "Gənc ailə” proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir.
Azərbaycan əhalisinin 2,8 milyonu və ya 31 faizi gənclərdir. Sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Cənab Prezidentin ölkənin idarə edilməsində son günlər gəncləri səlahiyyətli vəzifələrə irəli çəkməsi qarşıda duran hədəflərə çatmaqda onların potensialından maksimum istifadə etmək deməkdir. Bu, əlbəttə, həm də gənclərə inanaraq, güvənərək, vətənpərvər yetişmələri üçün hesablanmış siyasətdir.
Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
İlqar QULİYEV,
YAP Yasamal rayon Təşkilatı
Gənclər Birliyinin sədri
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 6.