Gəncliyin səhnədə
sənət coşqusu...
Azərbaycan professional musiqi sənətinə yeni töhfə hesab olunan "Məhsəti” operası iki ölməz sənətkarın - Məhsəti Gəncəvi və Üzeyir bəy Hacıbəyli yaradıcılığının məhsuludur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yenidən tamaşaya qoyulan "Məhsəti” operası hər iki sənət korifeyinə gənc nəslin sevgisinin ifadəsidir.
Dahi Üzeyir bəy Hacıbəylinin
bu əsərinə can
verən, onu sevdirən, səhnədən
enməsinə imkan verməyən korifeylərimizin
gənc davamçılarından sayılan bəstəkar Pikə
Axundova, libretto müəllifi
Leyla Qədirzadə, baş
rolların ifaçıları - Əməkdar artistlər
İnarə Babayeva, Ramil
Qasımov, həmçinin yaradıcı heyətin digər
üzvləri "Məhsəti”ni tamaşaçılara
yenidən sənət coşqusu ilə təqdim
etdilər. Maraqlı məqamlardan biri
operanın mövzusunun ömrünü
sənət yolunda şam
kimi əridən Məhsəti Gəncəvinin
taleyindən bəhs etməsidir.
Bu dəfə
gənc bəstəkar Pikə Axundova böyük məsuliyyətlə,
öz yaradıcılıq imkanlarına güvənərək,
tamaşaya imza atmış oldu.
Azərbaycan poeziyasında Məhsəti imzası XII əsrdən tanınır və sevilirsə, onun milli musiqi aləmində özünəlayiq yer tutması isə bəstəkarlarımızın ölməz şairin şeiriyyət dünyasını bir daha tamaşaçılara sevdirmək məramı ilə üst-üstə düşür. Bəstəkar bir daha musiqi ilə poeziyanın vəhdətini yaratmaqla onun heç vaxt zamanların arxivinə atılmayacağını təsdiqləmiş oldu.
Mütəxəssislərin fikrincə, Azərbaycan poeziyasının musiqidə təcəssüm etdirilməsi hər iki sənətə uzunömürlülük vəsiqəsinin verilməsi anlamına gəlir. Bəstəkar Ramiz Mustafayevin "Vaqif”i ilə V.Adıgözəlovun "Natəvan”ından sonra "Məhsəti”nin də adının həmin silsiləyə daxil olması Azərbaycan poeziyasının musiqidə təcəssümü deməkdir.
"Bu dünya bir qızıl kuzəyə bənzər, suyu gah şirindir, gah da ki, zəhər”, - deyib Məhsəti xanım. Bəli, dünyanın "qızıl kuzələr”indən doldurduğu acını da şirin pay kimi qəbul edərək cəsarətli bir qadın ömrü yaşayan, gözəlliyi və amalı, əqidəsi, rübaisi və məsnəvisi ilə diqqət çəkən Məhsəti Gəncəvinin obrazının gənclik tərəfindən yenidən operaya gətirilməsi zamanın diktəsi kimi də qəbul olunur.
Bəstəkar Pikə Axundova, libretto müəllifi Leyla Qədirzadə, quruluşçu rejissor və Məhsəti obrazını yaradan İnarə Babayeva, quruluşçu baletmeyster, Xalq artisti Təranə Muradova, xormeyster Şəhla Ələkbərova, geyim üzrə rəssam, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Xanəndə qız rolunun ifaçısı, Əməkdar artist Fərqanə Qasımova və digər iştirakçılar sanki Məhsəti ilə müasir dövr xanımları arasında bir mənəvi körpü yaratmağı qarşılarına məqsəd qoyublar. Sevindirici haldır ki, öz təkrarsız ifaları, yaddaqalan obrazları ilə onlar buna nail olublar.
Operada Məhsəti obrazını yaradan İnarə Babayeva və şairənin ömür-gün yoldaşı Əmir Əhməd rolunun ifaçısı Ramil Qasımov növbəti dəfə peşəkar opera müğənnisi olmaları ilə tamaşaya böyük impulslar gətiriblər. Operada iştirak edən - digər personajları canlandıranlar (Taleh Yəhyayev - Sultan Səncər, Fəhmin Əhmədli - Vəzir, İlqar Məclumov - Nizami Gəncəvi, Fəxri Kazım Nicat - Qasid) da öz rollarının öhdəsindən məharətlə gəliblər.
Operanın da musiqi və səhnə tərtibatı tamaşanın daha inandırıcı və təsiredici olmasında əsas vasitələrdən birinə çevrilib. Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun idarəsi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri operanın musiqi tələbatını tam təmin edir. Xanəndə qız obrazından ayrıca söz açmaq daha doğru olardı. Bu obrazın Əməkdar artist Fərqanə Qasımovaya həvalə edilməsi tamaşanın uğurlu alınmasında mühüm amil hesab olunur.
Operanın musiqi xarakteristikasından söz açmışkən qeyd edilməlidir ki, burada muğamdan istifadə ənənəyə sadiqliyin təsdiqidir. Üzeyir bəy Hacıbəylinin muğam ənənəsinin qorunub saxlanması həm də Məhsəti şeirinin musiqinin bu janrı ilə vəhdəti deməkdir.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 6.