İnsanlığa ilk qadağa, bəşəriyyətin bərəkəti

 

Çörək dünyada ən geniş yayılmış qida sayılır. Bu gün insanlığı çörəksiz, buğdasız təsəvvür etmək mümkün deyil. Bəs maraqlıdır, görəsən insanların buğda ilə tanışlığı nə vaxt başlayıb? Buğdadan çörəyin hazırlanması necə kəşf olunub?

Bəşəriyyətin buğda ilə tanışlığı Yer üzündə yaşamın başlanğıcı kimi qəbul edilir. Bəzi dini rəvayətlərə görə, Allah ilk insanı - Adəmi, eləcə də o, tək olmasın deyə Həvvanı yaradır və hər ikisinin ilk zamanlar cənnətdə yaşamalarına, oradakı bütün nemətlərdən faydalanmalarına izn verir, yalnız buğdadan başqa. Şeytanın təhrikiylə Adəm və Həvva qadağaya baxmayaraq, buğdanı yedikləri üçün Allahın qəzəbinə gəlir və Yerə göndərilirlər. Əvvəllər cənnətdə rahatlıqla əldə etdikləri nemətləri Yerdə özləri zəhmətlə əldə etməli olurlar. Buğdanın ilk istehsalı da məhz o zamana təsadüf edir...

Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı hansısa əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın e.ə. 10-cu minilliyin ikinci yarısına aid olması göstərilir. Həmçinin eramızdan əvvəl II-III minillikdə Misirdə 3 buğda növünün əkildiyi qeyd olunur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı daşlaşmış buğda növləri e.ə. VI-VII minilliyə aid edilir.

Yuval Noah Harari "Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabında yazır ki, təxminən 18 min il əvvəl sonuncu buz dövrü öz yerini qlobal istiləşmə dövrünə verditemperatur artdıqca yağıntıların miqdarı da azaldı. Yeni iqlim Yaxın Şərqdə buğda və digər taxıllar üçün ideal idi. Odur ki, onlar çoxalaraq yayıldı: nəticədə insanlar daha çox buğda yeməyə başladılar və özləri də bilmədən bu bitkinin yayılmasına səbəb oldular. Yabanı toxumları ələmədən, arıtlamadan və bişirmədən yemək mümkün olmadığı üçün insanlar onları toplayıb, istifadəyə hazırlamaq məqsədilə müvəqqəti düşərgələrə daşıyırdılar. Buğda toxumları kiçikçox sayda olduğundan, düşərgələrə daşındıqda yolda yerə tökülürdü. Bu səbəbdən tədricən insanların gediş-gəliş yollarının və düşərgələrin ətrafında daha çox buğda cücərməyə başladı.

İnsanların sıx cəngəllikləri və meşələri yandırması da buğdanın inkişafına kömək etdi. Od ağac və kolluqları təmizləyərək buğda və digər otların gün işığını, suyuqida maddələrini təkbaşına istismar etməsi üçün şərait yaratdı. Buğdanın bol olduğu yerlərdə ov heyvanları və digər qida mənbələri də çox olduğundan insanlar köçəri həyat tərzindən tədricən əl çəkib, mövsümidaimi düşərgələrə yerləşdilər.

Ehtimal var ki, ilk vaxtlar yalnız məhsul yığımı zamanı bir neçə həftəliyə düşərgə salırdılar. Nəsillər dəyişdikcə buğda da çoxalıb yayılırdı və məhsul yığımı 5-6 həftə davam edirdi. Nəticədə müvəqqəti düşərgələr daimi yaşayış yerlərinə - kəndlərə çevrilirdi. Bu cür məskənlərin varlığına dair sübutlar bütün Yaxın Şərqdə, xüsusilə də Natuf mədəniyyətinin e.ə. 12500-9500-cü illər arasında inkişaf etdiyi Levant bölgəsində aşkar edilib. Natuflar daşdan evlər və anbarlar tikər, qıtlıq dövrləri üçün toxum saxlayardılar. Yabanı buğdanı toplamaq üçün daş oraq, döymək üçün daş həvəng kimi alətlər icad etmişdilər.

E.ə. 9500-cü ildən sonrakı dövrdə Natufların övladları taxıl yığımına və tədarükünə davam etdilər. Amma taxılı daha da inkişaf etmiş üsullarla yetişdirməyə başladılar. Yabanı toxumları yığarkən məhsulun bir qismini növbəti mövsümdə əkmək üçün ayırıb saxladılar. Toxumları necə gəldi səpmək yerinə onu torpağa basdıranda daha yaxşı nəticə əldə etdiklərini gördülər, buna görə də toxa və kotanı icad etdilər. Sonra tədricən tarlaları otlardan təmizləmək, parazitlərdən qorumaq, sulamaq və münbitləşdirmək kimi üsulları tətbiq etməyə başladılar. Taxılı yetişdirməyə daha çox diqqət yetirdikcə, digər yabanı növləri toplamağa və heyvanları ovlamağa daha az vaxtenerji sərf etməyə başladılar. Beləcə, ovçu-toplayıcılar fermerlərə çevrildilər.

Zamanla icmalar arasında ünsiyyət quruldu. İstehsal etdiyi məhsulun artığını özündə olmayan məhsulla mübadilə etməklə ticarət əlaqələri yarandı. İnsanlar istehsal etdiyi və satdığı məhsulu hesablaya bilsin deyə daş, gil lövhələrə və dəri parçalarına xətt çəkməyə başladılar. Bu xətlər zamanla inkişaf etdi və səsləri ifadə etməyə başladı. İnsanlar yazının kəşfi ilə tarixin qaranlığından çıxdı. Buna görə buğda təkcə Yer üzünün yaranmasına səbəb olan qadağa ilə bağlı deyil, həm də sivilizasiyaya keçidin əsas dinamikasıdır.

Arxeoloji mənbələr buğda əkininin Anadoluda, Azərbaycanda, Qərbi İran və Cənubi Qafqazda başladığını təsdiqləyir. Xüsusilə Anadoluda, Misirdə və İraqda aparılan arxeoloji qazıntılar zamanı daşlaşmış buğda dənələri tapılıb. İordaniya çayı yaxınlığındakı Jeriko və Dəməşqin cənubundakı Tel Esved bölgəsində buğda əkilməsi ilə bağlı konkret arxeoloji məlumatlar var. Bu bölgənin həqiqətən Adəmin cənnətdən qovulduğu coğrafiya olub-olmadığı bilinmir, ancaq bəşəriyyətin sivilizasiya prosesi buradan başlayıb. Bəli, həm tarixi, həm də dini qeydlər buğda əkinçiliyinin ilk dəfə bu coğrafiyada başladığını və qədim sivilizasiyaların əsas qida məhsulunun buğda olduğunu təsdiqləyib.

Mesopotamiya sivilizasiyalarından qalan yazılı qaynaqlarda buğdanın əsas ticarət məhsullarından biri olduğu təsdiqlənib. "Gilgameş” dastanında buğda motivi tez-tez işlənib və təsvirlərdə istifadə edilib. Buğda Mesopotamiyadan Ərəbistan səhralarına və Asiyaya dəniz yolu ilə körfəzə göndərilən əsas məhsul olub. Qədim Misirdə və Finikiyada buğdadan vergi tutulub.

İnsanlar buğdanı əvvəllər suda isladıb yeyiblər. Sonra odda qovurub yeyəndə daha dadlı olduğunu görüblər. İki düz daş arasında əzdikdə isə toz halına gəldiyini aşkar ediblər. Undan bişirilən ilk qidanın horra olduğubunun Qədim Misirdə baş verdiyi düşünülür. Belə ki, misirlilər buğda tozunu dəri qabların içində su ilə qarışdırıb, isti daşların üzərində bişirərək horra əldə ediblər. İllər sonra xəmir əvvəlcə qaynar daşın, daha sonra dəmirdən hazırlanmış sacın üzərində bişirilib və çörək əldə olunub. Təndirdə çörək bişirmə üsulundan bu gün Azərbaycanla yanaşı, Orta Şərqdə və Kiçik Asiyada da istifadə olunur.

Unu mayalandırmaq prosesinin isə 4 min il əvvəl misirlilər tərəfindən kəşf olunduğu qəbul edilib. Bu üsulla daha az buğda ilə daha çox və dadlı çörək əldə etmək imkanı yaranıb.

Hazırda isə buğda təkcə çörək istehsalında deyil, müxtəlif məhsulların hazırlanmasında da geniş istifadə olunur.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 17 noyabr.- S. 7.