İLHAM
ƏLİYEV islahatlarının yeni mərhələsi
Prezidentin sistem
islahatları sosial-iqtisadi inkişafın dinamizmini və
dövlət idarəçiliyinin daha da modernləşməsini
uğurla təmin edir
Bəzən bir kəlmə söz qələmə almaq istədiklərinin çoxunu ifadə edib düşüncələrini aydınlığa çıxaran bələdçiyə çevrilir.
Son dövrlər ölkəmizdə aparılan köklü islahatlar haqqında fikirlərimi illərimin həmdəmi - kağız-qələmlə bölüşməkdir niyyətim...
Bu davamlı prosesin səbəb və məqsədlərini təfəkkürümdən keçirirəm, yönəldiyi hədəflərə nəzər yetirirəm, gözlənilən nəticələrini təsəvvürümdə canlandırmağa çalışıram. Və elə bu an hiss edirəm ki, düşündüklərimin, demək olar, hamısı elə "islahat” kəlməsinin mənasında əks olunub.
Bu sözün semantikası qüsur və nöqsanları aradan qaldıraraq vəziyyəti arzuolunan hala salmaq, yaxşılaşdırmaq, düzəltmək, qaydasına qoymaqdır. Lüğət fondumuza ərəb dilindən keçmiş "islahat” kəlməsinin mənşə dildə tarixin hansı dövründə formalaşdığını müəyyənləşdirmək indi çox çətindir və bəlkə buna heç ehtiyac da yoxdur. Əsas olan onun ifadə etdiyi məzmundur, bununsa insanlıqla yaşıd olduğunu heç bir araşdırma aparmadan, tarixi soraqlara müraciət etmədən də tam əminliklə iddia etmək olar...
***
Adəm övladı dünyaya göz açdığı gündən islahata ehtiyac duyub.
Ətraf aləmi, həyat şərtlərini öz ehtiyaclarına, tələbatlarına uyğunlaşdırmağa, özü üçün mümkün qədər qaydasına qoymağa, yaxşılaşdırmağa çalışıb, buna bacardığı qədər də nail olub. Əks halda insan həyatda qalıb öz nəslini davam etdirə bilməzdi, bu gün qarşımıza misilsiz maddi-mənəvi nailiyyətlər, möcüzə kimi kəşflər, texnoloji yeniliklərlə çıxan bəşər mədəniyyətini formalaşdırmağı bacarmazdı.
Bu mənada dünyanın hansı dilində, necə səslənməsindən asılı olmayaraq "islahat” mənası verən hər bir kəlmə bəşəriyyətin inkişafının ilk simvoludur. Bu inkişaf prosesi mağarada dünyaya göz açmış ibtidai insanın öz şüurunun diktəsi ilə böyük dünyaya doğru birinci addımlarından başlanıb və bu gün də davam etməkdədir.
Elə tarix də, əslində,
islahatların tarixidir...
Zaman bir yerdə durub-dayanmır, cəmiyyətin əsas
məhsuldar qüvvəsi olan insan vaxt axarında yeni
reallıqlarla, əvvəlkindən tamam fərqli şərtlərlə
qarşılaşır və yeniliklərlə uzlaşmaq,
onlardan bəhrələnmək, inkişaf axınından
qıraq qalmamaq üçün mövcud istehsal münasibətlərini
zaman-zaman dəyişib cilalayır.
Bu, istehsal münasibətlərinin məhsuldar qüvvələrin
xarakterinə və inkişaf səviyyəsinə
uyğunluğu qanunudur.
İstənilən cəmiyyətin yaxın-uzaq tarixinə
nəzər yetirsək, bütün inkişaf proseslərinin
bu qanun əsasında tənzimləndiyini, davamlı
islahatlardan keçdiyini, bu gün ən yüksək
inkişaf səviyyəsinə malik cəmiyyətlərin
zaman-zaman ən çox və ən geniş islahat aparan
toplumlardan ibarət olduğunu görəcəyik.
Bir
sözlə, həyat islahat üzərində qurulub...
İslahatın
olduğu hər yerdə inkişaf var, uzlaşma var, uğur
var...
İslahatın
olmadığı yerdə isə durğunluq, ətalət,
itirən və itirilən nəsillər...
***
Keçmişə azdan-çoxdan bələdəm. Tarixi romanlar
üzərində işləyərkən oxuyub-öyrəndiklərim,
bu sahənin mütəxəssisləri ilə
apardığım qızğın mükalimələr milli
dövlətçilik ənənələrimizin
formalaşmasında böyük rol oynamış şəxsiyyətlərimizin
islahatçı dünyagörüşü barədə
müəyyən qənaətlərə gəlməyimə
imkan verir.
Ağqoyunlu hökmdarı Uzun Həsən, Səfəvilər
dövlətinin yaradıcısı Şah İsmayıl Xətai,
Əfşarlar sülaləsinin banisi Nadir şah haqqında əsərlər
yazmışam. Ona görə nisbətən uzaq
tariximizin bu üç şəxsiyyəti haqqında
danışmağa özümü daha səlahiyyətli
sanıram. Bu insanların ruhunu,
dövrünü daha aydın duyuram, çünki onlarla
asanlıqla təmasa keçə bilirəm.
Onların hər biri öz zəmanələrinin
qüdrətli islahatçıları idilər.
Uzun Həsən "Qurani-Kərim”i türk dilinə tərcümə
etdirmişdi.
Hərbi-tayfa prinsipləri əsasında fəaliyyət
göstərən əyanlarının
bölücülük fəaliyyətini zəiflədib, ərazicə
geniş olan dövlətini gücləndirməkdən
ötrü maliyyə və inzibati islahatlar həyata
keçirmişdi. Vergilərin həcmini
azaltmışdı. Təbəələri
arasındakı mübahisə və şikayətlərin ədalətli
həlli məqsədilə "Qanunnamə” tərtib
etdirmişdi. Qanunları pozan hər kəsin
layiqincə cəzalandırılması üçün
bütün vilayətlərdə sərt cəza mexanizmı
formalaşdırmışdı.
Hələ Şah İsmayıl Xətai...
Bu yenilikçi sərkərdənin öz dövründə
cəmiyyət həyatının müxtəlif sahələrində
apardığı islahatlar cild-cild tədqiqatlara mövzudur. Qısaca olaraq onu bildirim ki,
bu gün üç rəngli, aylı-ulduzlu dövlət
bayrağımızın üzərində rənglərin
simvolikası ilə qovuşmuş türkçülük,
müasirlik və islam ideyasının vəhdəti
Şah İsmayılın dövründən,
apardığı islahatlardan, cəmiyyət üçün
müəyyən etdiyi qayda-qanunlardan,
formalaşdırdığı milli dövlətçilik
prinsipləridən gəlir.
Nadir şah da siyasi və ictimai həyatın hər sahəsində
köklü islahatlar aparıb möhtəşəm və
cahanşümül imperiya qurmağı fəaliyyətinin əsas
qayəsi kimi görürdü. Onun apardığı
islahatlar hətta məzhəb davalarının aradan
qaldırılması, dinin dövlətdən ayrılması
kimi o dövr üçün son dərəcə çətin
və mürəkkəb məsələləri belə əhatə
edirdi.
Bu islahatların
öz məqsədinə nə dərəcədə
çatması indi tarixin bəri üzündən o qədər
də önəmli deyil, önəmli olan bu şəxsiyyətlərin
irəli sürdükləri islahat təşəbbüsləridir,
bu təşəbbüslər işığında
formalaşdırdıqları milli ideallardır, illər, əsrlər
sonra xalqa rəhbərlik məsuliyyətini öz üzərinə
götürəcək dövlətçi xələflərinə
mənəvi miras kimi ötürdükləri missiyadır.
***
...Aradan qərinələr,
əsrlər ötdü.
Adlarını çəkdiyim tarixi şəxsiyyətlərimizin
zamanın sərt reallıqları üzündən axıra
çatdıra bilmədikləri islahatlar XX yüzilliyin
ortalarında öz layiqli davamçısını tapdı. Böyük
şəxsiyyətlərimizin nurlu obrazlarını öz
xarizmatik simasında bütünləşdirən, onların
arzu və amallarını yerinə yetirməyə qabil olan
qüdrətli Liderə qovuşdu. Bu Lider, milli dövlətçilik
tariximizin ən böyük islahatçısı olan Ulu
Öndər Heydər Əliyev idi.
Tarix
haqqında mənimsədiyim bilgilərin öyrətdiyi bir həqiqət
də var: xalqın, dövlətin, bir qədər də
geniş əhatədə götürsək, bəşəriyyətin
yaddaşında o şəxsiyyətlər qalır ki, onlar
hansısa islahatların müəllifi olublar, insanlar
üçün mütərəqqi yeniliklər yaradıblar,
torpağın köksündə ucaltdıqları maddi mədəniyyət
nümunələrində, tikililərdə, yollarda,
körpülərdə, bulaqlarda nəcib əməllərinin
imzası var, həyata keçirdikləri dəyişikliklərin
cəmiyyətə az-çox faydası toxunub.
Bu, zamanın xatırlaya bildiyi qüdrətli dövlət
adamlarına də aiddir. Qoca dünyanın sinəsindən o qədər sərkərdələr,
yaşadığı dövrdə adı-sanı aləmə
sığmayan cəngavərlər, yürüşlərin
önündə gedən igid bahadırlar,
işğalçı qoşun rəhbərləri
ötüb keçib ki...
Amma indi hanı onlar?!
Əgər hansısa salnaməçinin qeydlərinə,
daş kitabələrə, xalqın yaratdığı
folklor nümunələrinə adları düşübsə,
bəlkə kimsə epizodik olaraq xatırlasın, şəxsiyyətləri
ilə maraqlansın. Əgər belə bir soraq da yoxdursa, bu
insanlar, sanki heç olmamış kimidirlər. Buradan hansı nəticə çıxır?!
Bir var qılınc gücünə hansısa əraziləri
fəth edib, müəyyən müddət öz
hökmündə saxlayasan, sonra qoşun-ləşkəri
daha güclü bir işğalçı gəlib hər
şeyi əldən ala, bir də var, konkret bir coğrafiyada
möhkəm təməllərə söykənən elə
dövlət institutları formalaşdırasan, maddi-mədəni
dəyərlər ərsəyə gətirəsən,
xalqın bu günü və gələcəyi
üçün elə əsaslar yaradasan ki, bu əsaslar
dövlətçiliyi bir də heç zaman sarsılmağa
qoymaya... Əsl dövlət xadimləri bu
ikincini bacaranlardır.
Ümummilli Lider Heydər Əliyev ötən əsrin
60-cı illərinin sonlarından etibarən, sovetlərin son dərəcə
çətin şərtləri çərçivəsində
də olsa, Azərbaycan xalqı üçün möhkəm
dövlətçilik dəyərləri
formalaşdırdı. Zəif inkişaf göstəricilərinə
görə keçmiş ittifaq ölkələrinin ardınca
sürünən ətalət dolu aqrar ölkəni qısa
müddətdə öncül sənaye respublikasına
çevirdi. Heydər Əliyev buna həyatın
bütün sahələrində apardığı əhatəli
islahatlarla nail oldu. O, cəmiyyətdə qayda yaratdı,
pozulmuş nizamı düzəltdi, haqq-ədaləti bərqərar
etdi, kimliyindən asılı olmayaraq hər bir vətəndaşa
sahib çıxdı, haqqı-nahaqqın, gücsüzü
güclünün ayağına vermədi.
Heydər Əliyevin o illərdə Azərbaycanda
apardığı dəyişikliklər əsl islahat idi və
bu islahatdan yüz minlərlə vətəndaşımız
bəhrələnirdi.
Tarixin bütün dövrlərində olduğu kimi Ulu
Öndərin sovet Azərbaycanında apardığı
islahatlar kimlərinsə maraqlarına da toxunurdu, buna
qarşı çıxmaq istəyənlər, mane olmağa
çalışanlar, mərkəzə "donoslar”
ötürüb prosesi dayandırmağa
çalışanlar da tapılırdı. Bununla belə
bədxahlar öz məkrli niyyətlərinə çata
bilmirdilər.
Çünki Heydər Əliyevin verdiyi qərarlar,
atdığı qətiyyətli addımlar xalqın
arzularından gəlirdi. Ulu Öndər bununla cəmiyyətin
sosial sifarişlərini, istəklərini yerinə yetirirdi.
Sovet dövlətinin qurucuları kimi
kağız üzərində bu formasiyanın guya ən
hörmətli təbəqəsi sayılan, reallıqda isə
imtiyazlı şəxslərin tədricən
sıxışdırıb bir kənara qoyduqları,
yuxarıdan aşağı baxdıqları əli qabarlı
fəhlənin, kəndlinin illərdən bəri ürəyində
qalmış gözləntilərini doğruldurdu.
Məsələn,
Ulu Öndər bilirdi ki, onun ali məktəblərə qəbul
zamanı ədalət prinsiplərinin qorunması naminə,
deyək ki, prokuror övladlarının hüquq fakültəsinə
sənəd verməsini məhdudlaşdırmasından rəncidə
olan imtiyazlı şəxslər var, amma bu qərarı bayram
edən, belə bir yeniliklə arzularına doğru yolları
açılan on minlərlə kasıb, zəhmətkeş
övladı da var. Ona görə də islahat xəttindən
bir addım geri çəkilmirdi.
Cəmi bir neçə ildən sonra isə tale Heydər
Əliyevin üzərinə daha böyük bir missiya qoyacaqdı. Dövlət
müstəqilliyinə qovuşan Azərbaycanda bir
ictimai-iqtisadi formasiyadan digərinə keçidin
yaratdığı saysız-hesabsız çətinlikləri
xalqın çağırışı ilə o yoluna
qoymalı olacaqdı.
Azərbaycanda
hüquqi dövlət, vətəndaş cəmiyyəti
quruculuğu, dövrün çağırışlarına
uyğun dövlətçilik təsisatlarının
yaradılması, beynəlxalq aləmə inteqrasiya, yeni
iqtisadi münasibətlər sisteminin
formalaşdırılması, dövlət əmlakının
özəlləşdirilməsi, torpaq islahatı kimi son dərəcə
çətin, mürəkkəb və çoxşaxəli
prosesləri məhz Heydər Əliyev həyata keçirəcəkdi.
Özü də SSRİ-nin süqutundan sonra yeni idarəçilik
metodları, demokratik dəyərlər, bazar iqtisadiyyatı
prinsipləri haqqında səthi təsəvvürləri belə
olmayan cəmiyyətdə. Üstəlik, müharibə şəraitində
yaşayan, torpaqlarının 20 faizi işğal olunan ölkədə...
Əllərinə silah keçirmiş başıpozuq
qrupların islahat qərarlarını hər an
təhdid etdikləri, hakimiyyət iddiası ilə dövlətə
silah çəkdikləri təhlükəli bir ortamda... Azərbaycanın
sərvətlərinə, geostrateji imkanlarına göz
dikmiş Qərblə Şərqin, Şimalla Cənubun
maraqlarının düz kəsişmə nöqtəsində...
Amma Heydər Əliyev bütün maneələri dəf
edərək bu islahatları apardı və bu günün
qüdrətli Azərbaycanı üçün möhkəm,
sarsılmaz təməllər formalaşdırdı.
Bu gün ölkədə aparılan
islahatlar Ulu Öndərin ruhunun davamıdır...
Bu islahatlara bütün Azərbaycan xalqı sevinir. Ən çox şad olansa
Heydər Əliyevin əbədiyaşar ruhudur, şəksiz
ki...
***
"İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək”.
2003-cü ilin prezident seçkisi ərəfəsində
Azərbaycan xalqına müraciəti zamanı Ulu Öndər
gələcəkdə yerinə yetirilməli olan
taleyüklü məsələlər, planlar, işlər deyərkən
həm də sistem islahatlarını nəzərdə tuturdu.
Böyük strateq yaxşı bilirdi ki, onun daha çox
keçid dövrünün reallıqlarına uyğun
formalasdırdığı idarəçilik sisteminin
zaman-zaman təkmilləşdirilməsinə, yeniləşən
dünyanın çağırışlarına, vətəndaşların
gözləntilərinə uyğun qurulmasına ehtiyac olacaq.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev məhz
sistem islahatları aparır. Ölkənin idarəçilik
sistemini müasir dövrün reallıqlarına
uyğunlaşdırır. Daha çevik,
mobil, həssas, sıx kommunikasiya mühitində
çalışan, bürokratik əngəlləri
özündən uzaqlaşdıran, problemlərin həllinə
yönəlik səmərəli, effektiv və hesabatlı bir
sistem formalaşdırır.
Cənab İlham Əliyevin qətiyyəti, yüksək
siyasi iradəsi sayəsində həyata keçirilən
ardıcıl islahatlar dövləti gücləndirir,
insanların rifah halını yüksəldir, dövləti,
dövlət məmurlarını xalqa daha da
yaxınlaşdırıb, doğmalaşdırır.
Aparılan bütün bu islahatların mərkəzində
isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın ictimai obrazı dayanır.
Ölkə rəhbərimizin verdiyi strateji qərarların,
islahatların aparılması, müsbətə doğru dəyişikliklərin
həyata keçirilməsi niyyəti ilə irəli
sürdüyü vəzifələrin uğurla
icrasını, öz məqsədinə çatmasını
təmin edən başlıca amil də elə məhz Mehriban
xanım Əliyeva şəxsiyyətidir.
***
Təkmil və effektiv idarəçilik sistemində hər
hansı bir işin yerinə yetirilməsi iki mərhələyə
bölünür.
Sistemə rəhbərlik edən şəxs, yaxud
kollegial qurum strateji qərarlar verir. Məsələlərin
strateji tərəfləri ilə məşğul olur, konkret
hədəflər, məqsədlər müəyyənləşdirir.
Verilən
qərarları reallaşdırmaq, vəzifələrin yerinə
yetirilməsi üçün optimal həllər tapmaq, layihələri
ən kiçik detallarına qədər işləyib
hazırlayaraq icra etmək, iş prosesini daimi nəzarətdə
saxlayaraq mümkün riskləri, hər hansı problemləri,
maneələri dərhal aradan qaldırmaq, ortaya konkret nəticələr
qoymaq isə peşəkar təşkilatçıların,
icraçı menecerlərin işidir.
Ulu
Öndərin yetirməsi kimi Heydər Əliyevdən yüksək
strateq təfəkkürü, dövlətçilik səriştəsi
əxz etmiş Azərbaycan Prezidenti öz ətrafında hər
zaman güclü komanda formalaşdırmağa
çalışıb, zəif bəndləri, etimadı
doğrulda bilməyənləri, tapşırılmış
işləri yarıtmayanları dərhal komandadan
uzaqlaşdırıb. Azərbaycanın son
onilliklərdə əldə etdiyi nailiyyətlərdə, ildən-ilə
yüksələn inkişaf göstəricilərində
dövlət rəhbərinin qarşıya qoyduğu vəzifələri
layiqincə yerinə yetirməyə çalışan məmurların
əməyi olub, bunu obyektivlik naminə hər zaman qeyd etməliyik.
Bununla belə ölkə rəhbərimizin Azərbaycanın
gələcəyini, müasir dünya trendlərini, əhalinin
rifah halını nəzərə alaraq verdiyi qərarların
icra səviyyəsi, strateji layihələri yerinə yetirməli
olan icraçıların öz vəzifələrinə
yanaşması bəzən Prezidentin gözləntilərinə
adekvat olmayıb.
Ola bilər ki, kimlərsə bu qərarların
yenilikçi mahiyyətini köhnə təfəkkürlə
doğru-dürüst anlaya bilməyiblər, yaxud hansısa
çətinliklər, əngəllər ortaya
çıxanda onların aradan qaldırılmasından
ötrü lazımi qətiyyət, prinsipiallıq göstərməyi
bacarmayıblar, ya da böyük dövlətçilik
amallarının reallaşmasına, bunu da etiraf edək, sadəcə
xırda, cılız məmur maraqları maneə törədib.
Mehriban Əliyeva şəxsiyyəti isə bütün
bu amillərin hamısını istisna edir. Onun fitri təşkilatçılıq
istedadı, peşəkar menecer keyfiyyətləri,
insanları motivasiya etmək bacarığı Azərbaycan cəmiyyətinə
2004-cü ildən fəaliyyətə başlamış Heydər
Əliyev Fondunun yerinə yetirdiyi irimiqyaslı layihələrdən
bəllidir.
İllər
ötdükcə sırası genişlənən, öz məqsədlərinə
çatan, sıravi vətəndaşların həyatında
real nəticələri ilə görünən bu
sosial-humanitar layihələr, Heydər Əliyev Fondunun hər
hansı sosial probleminin həllinə çalışan on
minlərlə vətəndaşdan ötrü son ümid yerinə
çevrilməsi, Azərbaycanın evsahibliyi etdiyi möhtəşəm
beynəlxalq tədbirləri ən yüksək səviyyədə
təşkil etməsi insanların Mehriban xanım haqqında
təsəvvürlərini daha da dəqiqləşdirib
möhkəmləndirib.
"Məsələ
şəxsən Mehriban xanımın nəzarətindədir”,
"Mehriban xanımın rəhbərliyi ilə yeni layihə
həyata keçirilir”, "Mehriban xanım
tapşırıq verib, problemi yoluna qoyacaqlar”... Sıravi Azərbaycan vətəndaşının təsəvvüründə
indi bu kəlmələr istənilən işin uğurla
başa gələcəyinə, hər hansı problemin
qüsursuz həllini tapacağına, vətəndaşın
dövlətdən məmnunluğuna irəlicədən əminlikdir.
Çünki bu ad olan yerdə hansısa dövlət məmurunun
problemi həll etmək əvəzinə insanları yola verməsi,
işlərin icrasını yubandırması, səhlənkarlıq
göstərməsi sadəcə olaraq mümkün deyil. Axı dərhal
bütün bunlara görə hesabat vermək,
tapşırılan işə səhlənkar münasibətin
məntiqi bir izahını tapmaq var...
Əgər
bir layihə Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilir, bir iş onun nəzarəti
altında görülürsə, burada bütün detallar saat
mexanizmi kimi nizamlı çalışmalıdır, bir-birini
hərəkətə gətirməlidir, əməli nəticə
yaratmalıdır. Mehriban xanım
icraçı komandaları da konkret layihələr üzrə
formalaşdırır. Hər kəsə
işin ən yaxşı bildiyi, ən yüksək keyfiyyətlə
yerinə yetirə biləcəyi hissəsini həvalə
edir. Sonda ortaya qoyulan nəticə də
keyfiyyətli olur.
Bu səbəbdən Azərbaycan Prezidenti verdiyi islahat qərarlarının
icrasında Mehriban xanıma güvənir. Ona həvalə
edilmiş hər bir strateji layihənin öz məqsədinə
çatacağına əmindir. Ona görə
də cəmiyyət üçün xüsusilə həssas
məsələ olan, sıravi vətəndaşların
dövlətdən çoxsaylı gözləntilərini əks
etdirən, islahatların, demək olar ki, əsas qayəsi
sayılan sosial sahədə genişmiqyaslı layihələrin
icrası missiyası məhz Mehriban xanımın üzərindədir.
İlham Əliyev bilir ki, sıravi vətəndaşları
düşünərək irəli sürdüyü və
onlar üçün ən vacib layihələrin icrasına məhz
ən çox inandığı şəxs nəzarət etməlidir. Bu halda ölkə rəhbəri
vaxtının əsas hissəsini belə cari işlərə
sərf etməyib dövlətin bu günü və gələcəyi
üçün digər strateji məsələlərlə
məşğul ola bilir. Mehriban
xanım Əliyeva faktoru dövlətin yükünü
azaldır. Dövlət təsisatlarının
operativ, çevik, bir-biri ilə əlaqəli şəkildə
çalışmasını təmin edir.
***
Cənab İlham Əliyev də, Mehriban xanım
Əliyeva da çox tez-tez müxtəlif məkanlarda
insanların əhatəsindədirlər, Azərbaycan vətəndaşları
ilə birgədirlər, görülmüş hansısa
işi, yaradılmış hansısa xoş nəticəni
onlara təqdim edirlər, insanların yeni gözləntilərini,
istək və arzularını dinləyirlər.
Bəziləri bunu yeni bir yanaşma, yeni bir tərz kimi
yozmağa çalışır.
Amma
bütün bunlar indinin mənzərəsi deyil axı...
Azərbaycan insanı əzəldən onları öz
yanında, yaxınında görüb və belə
doğmalıqla tanıyıb. Xatırlayırsınızmı,
illər əvvəl Lənkəranda bina uçanda da,
Kürqırağı kəndləri su basanda da, başqa
fövqəladə hadisələr zamanı da sadə bir
geyimdə dərhal hadisə yerinə tələsib
insanların dadına yetişən Prezident İlham Əliyev
idi.
2005-ci ildə indiki "İçərişəhər”
metrosunda qəza baş verərkən xəstəxanaya gedib
yaralılara bir-bir baş çəkən, onların
bütün müalicə və reablitasiya xərclərinin
Heydər Əliyev Fondu tərəfindən ödənilməsini
təmin edən Mehriban xanım Əliyeva idi.
Bu xüsusiyyət indi, bir günün içində
formalaşmayıb. Bu, Ulu Öndər Heydər Əliyevdən
əxz edilmiş davranışdır, dövlətçilik ədəbidir.
Hələ 70-ci illərdə Ulu Öndər rayonlara,
sadə zəhmət adamlarının görüşünə
gedərkən o zaman hələ yeniyetmə olan İlham
Əliyev də onu müşayiət edirdi, insanların
qayğılarını, dövlətdən gözləntilərini
duyurdu, Heydər Əliyevin vətəndaşlara sevgi dolu
münasibətindən görüb-götürürdü. Anlayırdı
ki, bir dövlət adamının gücü xalqdan gəlir.
Bir dövlət adamının əsas
missiyası xalqa verdiyi faydalarla onların inam və dəstəyini
qazanmaqdır, ən böyük siyasəti insanlar
üçün real işlər görməkdir. Öz xalqını ucaltmağa
çalışanı xalq daha çox ucaldacaq.
Və Heydər Əliyevdən əxz olunan keyfiyyətlər
bu gün ölkə rəhbərliyinin əsas idarəçilik
prinsiplərinə çevrilib.
***
Az
yaşım yoxdur, dünyanın, demək olar, hər
üzünü görmüşəm. Müəllifi dəqiq
bəlli olmasa da, daha çox Çörçilə aid edilən
maraqlı bir kəlam var, deyir, "İyirmi yaşında
liberal olmayanın ürəyi, qırx yaşında
mühafizəkar olmayanınsa ağlı yoxdur”.
İllərin qazandırdığı həyat təcrübəsinə
əsaslanaraq deyə bilərəm ki, cəmiyyət
üçün liberal gəncliyin enerjisi də, mühafizəkar
yaşlı nəslin qoruduğu ənənələr də
çox dəyərlidir. Amma bircə şərtlə
ki, bunlar bir-biri ilə ziddiyyətə girib cəmiyyəti ya
yenilik xatirinə tələskənliklərə, ya da
mühafizəkarlıq xatirinə inkişaf proseslərindən
geridə qalmağa məhkum etməsin.
Azərbaycan Prezidentinin apardığı islahatların
uğur formulu isə bu ikiliyin sintezini yarada bilməsindədir. İlham
Əliyev bu islahatlarla müstəqillik tariximizin yeni bir
dövlətçilik ənənəsini də yaradır.
Azərbaycan dövlətinin inkişafında
müəyyən xidmətləri olan, indi isə
yaşını, səhhətini nəzərə alaraq istefa
mədəniyyəti sərgiləyən insanlar hörmət-izzətlə
yola salınır. Prezident onları qəbul
edib, təşəkkürünü, dövlətin bu
insanlara xoş münasibətini yetirir.
Eyni zamanda yüksək vəzifələrə təyin
etdiyi şəxsləri, o cümlədən gənc icra
başçılarını qəbul edərək xalqın
şahidliyi ilə onlardan gözləntilərini
çatdırır, məsuliyyətli olmağı, insanlara,
onların problemlərinə həssas münasibət göstərməyi
tapşırır, vətəndaşlara bu şəxslərin
fəaliyyətinin daimi ictimai nəzarətdə saxlanması
mesajını verir.
Bu sivil cəmiyyətlərə xas tərzdir. İnkişaf
belə baş verir, tərəqqi belə əldə olunur, vətəndaş
cəmiyyəti bu minvalla formalaşır.
***
Azərbaycan Prezidentinin yüksək vəzifələrə
təyin etdiyi şəxslərin karyera yoluna nəzər
salıram, hər təyinatın arxasında şəxslərin
uğur hekayəsi var.
Azərbaycanın yeni Baş Naziri Əli Əsədov
iqtisadiyyatı mükəmməl bilən mütəxəssisdir. Heydər
Əliyevin başlatdığı dövlət quruculuğu
prosesinin ağırlığına ilk gündən
çiyin verib. I
çağırış Azərbaycan Milli Məclisinin
deputatı olub, iqtisadi qanunyaradıcılığı
prosesində müstəsna xidmətlər göstərib.
Ulu Öndər peşəkarlığına,
şəxsi keyfiyyətlərinə güvənərək hələ
1998-ci ildə ona iqtisadi məsələlər üzrə
köməkçisi kimi yüksək etimad göstərib.
Əli Əsədov son onilliklərdə Azərbaycanda həyata
keçirilən tikinti-abadlıq tədbirlərində,
dünyaya səs salan möhtəşəm layihələrdə
əsas koordinator kimi yaxından iştirak edib. Tarixinin ən
qüdrətli dövrünü yaşayan məmləkətimizdə
əldə olunan sosial-iqtisadi nailiyyətlərdə onun da
şəksiz payı var. Ən əsası dövlət
başçımız tərəfindən son dövrlərdə
yeni keyfiyyət mərhələsinə qədəm qoyan
islahatlar strategiyasının icrasında da fəaldır, təşəbbüskardır.
Bu zəngin təcrübə ilə ölkəmizin
Baş Naziri kimi də Prezidentin etimadını yenə də
doğruldacağına böyük inamımız var.
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının yeni rəhbəri Samir Nuriyev xaricdə
təhsil almış gənc, peşəkar kadrlardandır. Karyera irəliləyişləri
gözlərimizin önündə baş verdi.
İçərişəhər Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin rəhbəri kimi bu tarixi məkanda
yerinə yetirdiyi layihələrlə onun bəşəriyyətin
tarixi incisinə çevrilməsinə mühüm töhfə
verdi. Prezident daha sonra ölkəmiz
üçün yenilik olan Mənzil İnşaatı Dövlət
Agentliyinin (MİDA) formalaşmasını bu gənc şəxsə
həvalə etdi. Samir müəllim də dövlət
başçısının böyük dəstəyi,
birbaşa nəzarəti altında sosial mənzil sistemini
çox uğurla qura bildi, minlərlə ailə ev sahibi oldu, qarşıdakı dövrlərdə
isə daha on minlərlə ailə dövlətin bu
lütfündən yararlanacaq. Bu nailiyyətləri
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsində də davam etdirdi. Yenə də
Prezidentin dəstəyi ilə bu sahədə köklü dəyişikliklərə
imza atdı, illərlə davam edən, xaotik və eybəcər
hal alan şəhərsalma prosesinin yerində
Prezidentin istədyi müasir, modern sistem bərqərar etdi. Bu prosesdə üzdəniraq mətbuatın vasitəsilə
"tikinti maqnatlarının” şantajına, bədnam təsirlərinə
məruz qalsa da, düz yolundan çəkinmədi, Prezidentin
tapşırıqlarını əvvəldən sonadək qətiyyətlə,
prinsipiallıqla icra etdi. İndi isə
Prezident Administrasiyasının yeni rəhbəri kimi daha
mühüm missiyanı yerinə yetirməlidir. Yetirəcək
də...
Yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov da gənc
olmasına baxmayaraq uzun illərdir ki, yüksək dövlət
qulluğundadır. Hələ gənc yaşlarından ona
göstərilmiş etimadları doğrultduğundan peşəkar
menecerlik səriştəsindən məqsədyönlü
istifadə üçün ölkənin təhsil naziri vəzifəsinə
təyin edildi. Uzun illər ətalət
mühitində olan təhsil sektorunda nəzərəçarpacaq
yeniliklər yaratdı. Bu sahəni xeyli
gücləndirdi, bacardığı qədər
prinsipiallıq göstərdi. Sonra rəhbər
təyin olunduğu vergi sistemində də köklü dəyişikliklərə
başladı. Şəffaflığı,
qanunlara riayət olunmasını, vergidən yayınma
hallarının qarşısının alınmasını təmin
etdi. Prezidentin bu sahədə sistem dəyişikliklərinə
keçilməsi barədə
tapşırığını sözün düzü,
heç birimizin gözləmədiyi qədər operativliklə
və keyfiyyətlə icra etdi.
Bilirəm ki, Mikayıl Cabbarovun indiyə qədərki fəaliyyət
sahəsinin gedişi, uğurları təkcə bir şəxsdən
asılı deyil. Təhsil də, vergi də, ümumən
iqtisadiyyat da saysız-hesabsız faktorlardan asılı olan
kifayət qədər mürəkkəb, qəliz
sektorlardır. Ona görə də ola
bilər ki, gənc nazirin effektivlik göstəriciləri hələ
yüz faizə çatmayıb. Amma əsas odur
ki, Mikayıl Cabbarov indiyədək səhvlərə də
yol vermir və ona tapşırılan vəzifələri
doğru-dürüst, halallıqla yerinə yetirməkdən
ötrü bütün potensialını ortaya qoyur.
Prezidentin apardığı kadr islahatları,
nümayiş etdirdiyi mövqe belə bir qənaəti də
formalaşdırır ki, daha bir vəzifədə uzun
müddət qalmaq söhbəti yoxdur. Hər
şey, müasir biznes dilində desək, şəxsin
KPİ-dan, yəni əsas fəaliyyət göstəricilərindən
asılıdır. Kim işi yarıda biləcəksə,
ona yenə etimad göstəriləcək, yeni işlər,
yeni layihələr tapşırılacaq, özünü
doğrulda bilməyənlərsə qısa müddətdən
sonra vəzifəsi ilə vidalaşmalı olacaq.
Bu, cənab
İlham Əliyevin dövlət idarəçiliyi sistemində
qurduğu motivasiya sistemidir, həm də...
***
Nə gizlədim, bəzən yaşlı nəslin
cavanlara tərəddüdlə yanaşdıqlarını, bədgüman
fikirlərə düşdüklərini də hiss edirəm. Açığı, onu da
ayırd edə bilmirəm, bu, səmimi tərəddüd
duyğusudurmu, yoxsa cavan yaşda yüksək vəzifələrə
təyinat alan şəxslərə adicə qibtə?!.
Amma elə, ya belə, bu hissə yer olmamalıdır. Biz
yaşlı nəsil gənclərə həm yol verməliyik,
həm də təcrübəmizlə onlara dəstək
olmalıyıq. Əziz həmyaşıdlarım, gəlin
dövlət rəhbərimizin etimad göstərdiyi, iş
tapşırdığı cavanlar haqqında bədgümanlıq
etməyək.
Prezident İlham Əliyev apardığı islahatlarla,
etdiyi müsbət dəyişikliklərlə Azərbaycanı
yenidən qurur, yenidən yaradır, müasirləşən
dünyamızda ölkəmizi önə çıxarır. Onun
reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, "Cənub qaz dəhlizi”,
Böyük İpək yolu kimi layihələr təkcə Azərbaycan
vətəndaşına, Qafqaz İnsanına deyil,
ümumilikdə bəşəriyyətə töhfə
verir...
Mən yazıçıyam, yazıçınınsa
gücü xəyallarındadır. Bir vaxtlar Nazım Hikmət
yazırdı ki, "Ən gözəl günlər hələ
yaşanmamış günlərdir”. Mən
də xəyallarımın gücü ilə illər
sonranı, hələ yaşanmamış günlərin
gözəlliklərini düşünə bilirəm, illər
sonranın Azərbaycanını düşüncələrimdə
şəkilləndirməyi bacarıram.
Aradan cəmi
30 il ötəndən sonra - 2050-ci ilin Azərbaycanını
indikindən də möhtəşəm, indikindən də
qüdrətli görürəm...
Bu xəyallar reallıqdan doğur.
İlham
Əliyevin sayəsində, İlham Əliyevin islahatları nəticəsində
hər şey çox gözəl olacaq!..
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı, YAP Xətai rayon təşkilatının sədri
Azərbaycan.- 2019.- 20 noyabr.- S. 1; 5.