Dünyanı uşaqlara verək
Körpələrin
sevinci Mehriban xanım
Əliyevaya ən dəyərli hədiyyədir
Dünyanı uşaqlara verək...
Gülüşləri cahanı bürümüş sisə, buluda sipər çəksin...
Daha müharibələr olmasın, savaşlarda insanlar ölməsin, körpə fidanlar əzilməsin, didərgin düşməsin, acından can verməsin...
Dünya uşaqların olsun...
Saf könüllərdən süzülüb gələn sevinc işartıları asimana işıq saçsın...
Dağılsın zülmət, dursun qan-qada, dünya şərin əlindən qurtulsun, xilas olsun...
Uşaqların arzularından doğulsun, şirin nağıla çevrilsin...
Bu gün onların günüdür
Bu gün uşaqların günüdür. BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə edib. BMT-nin Baş Məclisi tərəfindən 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyası qəbul olunub.
Lakin təəssüf ki, hazırda dünyada milyonlarla uşağın hüquqları tapdanır, zorakılığa, şiddətə, ac-susuzluğa məruz qalır. Uşaqlar müharibələrin qurbanına çevrilir, öldürülür, valideynsiz qalır, qaçqın həyatı yaşamağa məcbur olurlar...
Əfsuslar olsun ki, ölkəmizdə də torpaqlarımızın 20 faizinin mənfur Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurdundan didərgin düşüb qaçqına, məcburi köçkünə çevrilən minlərlə uşaq var. Lakin bu uşaqlar hər zaman dövlətimizin diqqəti və qayğısı ilə əhatə olunub. Onların mənəvi, fiziki sağlamlığı, təhsilləri üçün hər cür şərait yaradılıb. Ən ümdəsi isə qaçqın və məcburi köçkün uşaqlar əmindirlər ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və qüdrətli ordumuzun şücaəti sayəsində tezliklə öz yurdlarına-yuvalarına qayıdacaqlar və bir daha Azərbaycanda qaçqın, məcburi köçkün uşaqlar olmayacaq...
Bütün uşaqlara qayğı ölkəmizin dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı göstərilir, onların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün hər cür şərait yaradılır.
Azərbaycanda uşaq siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub
Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyev uşaq hüquqlarının müdafiəsinə, sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönələn siyasət yürüdür, bu istiqamətdə uğurlu islahatlar aparır.
Uşaqların himayədarı Birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında uşaqlarla bağlı davamlı olaraq həyata keçirilən layihələr, proqramlar onların həyatında təsvirəgəlməz ölçüdə böyük rol oynayır.
Həmçinin uşaqların hərtərəfli inkişafı, sağlam böyümələri istiqamətində fondun vitse-prezidenti Leyla Əliyeva müstəsna işlər həyata keçirir.
Hər bir uşağın qayğı ilə əhatə olunması Heydər Əliyev Fondunun əsas fəaliyyət prioritetlərindəndir.
Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı”, "Talassemiyasız həyat naminə” və bu kimi xeyli sayda layihələri uşaqlara təhsil, səhiyyə və digər sahələrdə dəstək və köməkdir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunub uşaqların istifadəsinə verilib.
Hər il "Təhsilə dəstək” layihəsi çərçivəsində fondun təşəbbüsü ilə 10 mindən çox aztəminatlı ailələrin birinci sinfə gedən övladlarına, uşaq evləri və internat məktəblərində məskunlaşan şagirdlərə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə verilir.
Əsas
amalımız gələcəkdə sizi
Azərbaycanın layiqli vətəndaşı
kimi görməkdir
Birinci vitse-prezidentin uşaqların xoşbəxt həyat sürmələri üçün həyata keçirdiyi nəcib missiya onu bütün uşaqların ən yaxın dostuna, qayğıkeşinə, "mənəvi ana”sına çevirib.
Mehriban xanım dünyadakı ən ümdə vəzifənin uşaqlara qayğı olduğunu hər zaman dilə gətirir və əməlləri ilə ifadə edir: "Əziz uşaqlar, siz bilməlisiniz ki, Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Azərbaycan sülhsevər, sabit ölkədir və biz hər zaman öz müstəqilliyimizi, sabitliyimizi və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar sizin gələcək xoşbəxtliyiniz naminədir. Bizim əsas amalımız gələcəkdə sizi mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir”.
Mehriban Əliyeva Azərbaycan uşaqlarını bəxtəvər görmək istəyir və vurğulayır ki, uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır. Birinci xanım həm də kimsəsizlərin ən böyük himayədarıdır. Çünki Ulu Öndərin adını daşıyan fond yarandığı gündən valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır. Mehriban xanımın əsl istəyi isə Azərbaycanda heç bir internat və uşaq evinin qalmamasıdır. O, bütün balaları atalı-analı görmək istəyir, hər dəfə vurğulayır ki, heç nə valideyn məhəbbətini əvəz edə bilməz, ona görə də insanları bu məsələdə daha məsuliyyətli və həssas olmağa çağırır.
Mehriban xanım uşaqların valideyn həsrəti çəkməsinə razı olmur, bacardığı qədər körpə könüllərdən bu nisgili silməyə çalışır. Əlamətdar günlərdə, bayramlarda kimsəsiz uşaqlar üçün təşkil olunan mərasimlərdə, şənliklərdə iştirak edir, onlarla əylənir, bir süfrə arxasında əyləşir, hətta öz doğum gününü də uşaqlarla bərabər qeyd edib qəlblərinə sevinc bəxş edir...
Mehriban xanım kimsəsizlərə ana qayğısı göstərir, toylarını edir, xoş günlərində qol götürüb oynayır, evlə, işlə təmin edir, təhsildə uğur qazanmalarına hər zaman çalışır.
İstək odur ki, uşaqlar
xoşbəxt, sevincli olsun...
Sağlam can insanın bu həyatdakı ən böyük hədiyyəsidir. Sağlamlıqları ilə sınağa çəkilən, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da Mehriban Əliyevanın xüsusi qayğısı və diqqəti ilə əhatə olunublar. Daun, autizmli, talassemiyalı, əqli, fiziki qüsurlu, xərçəng, şəkər kimi xəstəlikləri olan uşaqlar üçün xüsusi müalicə və reabilitasiya mərkəzləri inşa edilib, lazım olan bütün tibbi avadanlıqlarla təmin edilib...
Mehriban xanım hər zaman bu uşaqlara baş çəkir, onları bağrına basır, əzizləyir, müalicələri ilə maraqlanır...
Sağlıqlarında qeydə alınan ən kiçik irəliləyişlər belə qəlbini riqqətləndirir, onu mütəəssir edir...
Deyirlər, körpə qəlbi səmimiyyəti, mehribanlığı, xeyirxahlığı ən incə məqamlarına qədər duya, hiss edə, anlaya bilir. Buna görədir ki, uşaqlar Mehriban xanıma bağlıdırlar, onu ürəkdən sevirlər, yolunu hər zaman gözləyirlər. Özlərinin Mehriban xanım tərəfindən doğma övlad kimi sevildiklərinin fərqindədirlər. Balacalar da bu qayğıya qarşılıq vermək istəyir, hər yerdə onu gül-çiçəklə qarşılayır, şeir, mahnı, rəqs töhfələri verirlər... Çəkdikləri rəsmlərin, toxuduqları naxışların hər rəngini, ilməsini birinci xanıma həsr etmək istəyirlər... İstəyirlər ki, hər zaman Mehriban xanımın çöhrəsində gülüş, sevinc olsun...
Elə Mehriban xanımın da ən böyük arzu və istəyi bütün uşaqların xoşbəxt, sevincli olmalarıdır. Çıxışlarında hər zaman vurğulayır ki, sizin sevinciniz Heydər Əliyev Fondunun fəaliyyətinin ən böyük uğurudur: "Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.
Yasəmən
MUSAYEVA
Azərbaycan.- 2019.- 20 noyabr.- S. 1;
7.