Sumqayıt davamlı müasirləşmə və yüksəliş yolundadır

 

Sumqayıt - 70

 

"Gənclər şəhəri”nin yaşayış məntəqəsi, ərazi-təsərrüfat kompleksi və ictimai iqlim zonası olaraq modernləşməsi müasir idarəetmə təfəkkürünə və zəngin ənənələrə əsaslanır

 

Azərbaycanın böyük, abad, müasir şəhərlərindən olan Sumqayıtın yaranmasının 70 illiyi bu günlərdə respublika miqyasında əlamətdar hadisələrdən biri kimi böyük təntənə və coşqu ilə qeyd edilir. 1949-cu il noyabr ayının 22-də şəhər statusu almış Sumqayıt müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçmişdir. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran "Gənclər şəhəri” ötən müddətdə aparıcı sənaye və biznes mərkəzlərindən birinə çevrilmiş, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir.

Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı, həmçinin digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Digər orta və irihəcmli kapital tutumlu müəssisələrin də yenidən qurulmasına tapşırıq verilmişdir. Bütün bunların bazasında Sumqayıtda xalqın milli burjuaziyası olan güclü sahibkarlar zümrəsi formalaşmışdır.

Bu gün ölkədə sosial-iqtisadi inkişafı şərtləndirən ən əsas amil ictimai-siyasi sabitlikdir. Əlverişli şərait və münbit ictimai iqlim ictimai-siyasi sabitliyin təminatçısıdır. Bu baxımdan sumqayıtlılar da şəhərdə ictimai iqlimi işgüzar müstəvidə inkişaf etdirir və ictimai münasibətləri sağlam əsasda qoruyub saxlayırlar.

Əminliklə deyə bilərik ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublikaya rəhbərliyi illərində güclü istehsal potensialı və zəngin infrastruktur formalaşdırmış Sumqayıt şəhəri Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Təsadüfi deyildir ki, dövlət başçısı ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında Sumqayıt şəhərinin fəal iştirakını nəzərə alaraq onun yaranmasının 70 illiyinin təntənəli şəkildə qeyd olunması məqsədilə 14 fevral 2019-cu il tarixdə "Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdır. Sərəncamda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Sumqayıt şəhərinin 70 illiyi ilə bağlı Tədbirlər Planı hazırlanaraq yüksək mütəşəkkilliklə icra edilmişdir. Şəhərin əlamətdar yubileyi ərəfəsində imzalanan bu sərəncam Sumqayıta göstərilən yüksək diqqət və qayğının tərkib hissəsi olmaqla, şəhər sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.

Xatırlatmaq yerinə düşər ki, hələ 1935-ci ildə SSRİ Xalq Ağır Sənaye Komissarlığının azərbaycanlı mütəxəssislərin iştirakı ilə keçirilmiş kollegiya iclasında Abşeron yarımadasında sənaye müəssisələri və istilik-elektrik mərkəzi tikilməsi üçün yer seçilməsi barədə qərar qəbul edilmişdir. Bundan bir müddət sonra yeni sənaye şəhərinin salınması üçün Abşeronun şimal-qərbində - Bakıdan 30-35 km məsafədə Sumqayıt dəmiryolu stansiyası yaxınlığındakı ərazi seçilmişdir.

Şəhərin təməli 1939-cu ildə bəzi sənaye obyektlərinin inşa edilməsi ilə qoyulsa da, İkinci Dünya müharibəsinin başlanması bu planların həyata keçirilməsini bir neçə il təxirə salmışdır. Nəhayət, 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilmiş, bununla da yeni yaşayış məskəninin şəhərsalma və abadlıq işləri sürətlənmişdir. Qısa müddətdə Sumqayıt ümumittifaq miqyasında beynəlmiləl tikinti meydanına çevrilmiş, burada bütün ittifaq respublikalarından gəlmiş mütəxəssis və fəhlələrin işləməsi təmin edilmişdir.

Ötən əsrin 50-ci illərində Sumqayıt artıq respublika əhəmiyyətli şəhər kimi formalaşaraq inkişaf edir, Qafqazın böyük sənaye mərkəzlərindən birinə çevrilirdi. 1939-cu ildə Sumqayıtda 6 min nəfər yaşadığı halda, 1962-ci ildə şəhər əhalisinin sayı 78 min nəfərə, 1970-ci ildə isə 124 min nəfərə çatmışdı. Şəhərin əhalisi əsasən, bütün sovetlər ittifaqından olan gənc inşaatçılar, kimyaçılar, metallurqlar, neftçilər və digər mütəxəssislər hesabına artırdı.

Sumqayıtın yaranmasının ilk illərindən taleyi bu şəhərlə sıx bağlı olmuş şəxs kimi deyə bilirəm ki, Qafqazda istehsal edilən neft-kimya sənayesi məhsullarının, sintetik kauçukun, qeyri-üzvi gübrələrin, müxtəlif kimyəvi preparatların və yuyucu vasitələrin, şüşə məmulatlarının xeyli hissəsi Sumqayıtda istehsal edilirdi. Burada yaradılmış sənaye kompleksi tədricən ittifaqın neft-kimya sənayesində mühüm rol oynamağa başlamışdı. 50-70-ci illərdə Sumqayıtda boru prokat, üzvi-sintez, sintetik kauçuk, alüminium, şüşə zavodları, Neft-kimya kombinatı və digər iri müəssisələrin fəaliyyətə başlaması respublikanın iqtisadi qüdrətini gücləndirirdi. Sumqayıt SSRİ-nin 700-dən artıq şəhərinə məhsul göndərirdi.

Əminliklə deyə bilərik ki, Sumqayıt şəhərinin tarixinin ən əlamətdar səhifələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.

Böyük strateq Heydər Əliyev 1971-ci il 7 aprel tarixdə 22 yaşlı Sumqayıta gedərək Rumıniya nümayəndə heyəti ilə birgə "Üzvi sintez” zavodunda olmuş, sexləri gəzərək buraxılan məhsulların keyfiyyəti, insanların iş və məişət şəraiti ilə maraqlanmış, məsləhət və tövsiyələrini vermişdir. Ümumiyyətlə, Azərbaycana 34 illik rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhər tarixinə mühüm hadisə kimi yazılmış, yeni inkişaf mərhələsinin başlanğıcı olmuşdur. Heydər Əliyevin təşəbbüskarlığı sayəsində şəhər tərəqqi və dirçəlişin ən parlaq nümunələrindən birinə çevrilmiş, insanlar böyük ümidlə talelərini bu gənc şəhərlə bağlamışlar.

70-80-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşlar. Ümummilli Lider Heydər Əliyev "Kiçik Azərbaycan” adlandırdığı Sumqayıta müntəzəm olaraq diqqət göstərmiş, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanmış, yeni müəssisələrin açılış mərasimlərində iştirak etmişdir. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrinin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynamışdır.

Ötən əsrin 90-cı illərində SSRİ-nin məlum səbəblər üzündən dağılması, tarixi təsərrüfat və ticarət əlaqələrinin qırılması Sumqayıtın onsuz da köhnələrək ömrünü başa vurmaqda olan çoxsaylı istehsal müəssisələrini böhranlı vəziyyətə salmış, onların böyük əksəriyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdılar. Ümumilikdə 1990-1993-cü illərdə acınacaqlı iqtisadi və siyasi vəziyyətdə olan Vətənimiz Azərbaycan kimi Sumqayıt şəhərinin də üzləşdiyi böhranlı vəziyyətdən çıxması Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Məhz Ümummilli Liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq ötən əsrin 90-cı illərində Sumqayıt şəhərinin sovetlər birliyinin dağılması zəminində bərqərar olmuş yeni ictimai-iqtisadi münasibətlər sisteminin diktə etdiyi bazar reallıqlarına adaptasiyası prosesi sürətlənmişdir. Belə ki, Azərbaycanda ilk səhmdar cəmiyyət Sumqayıtda yaranmış, ilk dövlət müəssisəsi bu şəhərdə özəlləşdirilmiş, ilk özəl bank, ilk müştərək müəssisə, ilk kooperativ və kiçik müəssisə burada yaranmışdır. Bunlardan əlavə, ilk biznes mərkəzi, ilk biznes inkubatoru və ilk sahibkarlar assosiasiyası da məhz Sumqayıt şəhərində təşəkkül tapmışdır. Bu mənada, Sumqayıt şəhəri "Azərbaycan sahibkarlığının beşiyi” də hesab olunur.

Müstəqillik illərində Sumqayıt şəhərinin tarixi məşğulluq ənənələrinin və şəhərin sənaye potensialının bərpası Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndər 1993-2003-cü illərdə 6 dəfə Sumqayıta gəlmişdir. 28 dekabr 1993-cü il tarixdə müstəqil Azərbaycan Prezidenti kimi ilk dəfə Sumqayıta səfər edən Heydər Əliyev Türkiyənin "Teletaş” firması tərəfindən şəhərimizdə quraşdırılmış telefon stansiyasının açılışında iştirak etmiş, eyni zamanda, Türkiyə Prezidenti Süleyman Dəmirəllə birbaşa telefon əlaqəsi yaratmış, şəhərin Tarix muzeyinin qonağı olmuşdur.

1998-ci ilin prezident seçkilərində Ulu Öndərin səlahiyyətli vəkili olmuş şəxs kimi həmin görüşlərin biri xatirimdə əbədi iz buraxmışdır. 1998-ci il sentyabrın 27-də prezidentliyə namizəd Heydər Əliyev Ü.Hacıbəyov adına "Kimyaçı” mədəniyyət sarayı qarşısında sumqayıtlı seçicilərlə görüşərək onların etimadını dogrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini bir daha bəyan etmişdir.

Təəssüflə vurğulamaq istərdim ki, 2003-cü il aprelin 3-də Ümummilli Lider Heydər Əliyev Sumqayıta sonuncu dəfə səfər etmiş, şəhərdə ictimai-mənəvi iqlimin dəyişdirilməsinə yönəldilmiş müşavirədə problemləri hərtərəfli əhatə edən proqram xarakterli nitq söyləmişdir. 70 illik yubileyini qeyd edən sumqayıtlılar Ulu Öndərin şəhərin inkişafındakı müstəsna rolunu daim böyük ehtiramla yad edir, onun əziz xatirəsini uca tuturlar.

Respublikamıza son 16 ildə uğurla rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən müddətdə milli mənafelərə əsaslanan rasional siyasət yeritmiş, xalqın inam və etimad bəslədiyi fenomen liderə çevrilmişdir. Bu zaman kəsiyində keçilmiş böyük inkişaf yolunun uğurları dövlət başçısının çoxşaxəli siyasətində xalqa layiqli xidmət məramının daim ön planda dayandığını təsdiqləmişdir. Möhtərəm Prezident İlham Əliyevin siyasi baxışlarında novatorçuluq, islahatçılıq, liberalizm, yüksək humanizm xətti diqqəti xüsusi çəkir.

Yürüdülən uğurlu iqtisadi siyasətin nəticəsi kimi Azərbaycanın sosial inkişaf konsepsiyasında hər bir bölgənin, rayon və şəhərin tarixi məşğulluq ənənələrinin bərpası da qırmızı xətlə keçir. Bu baxımdan Sumqayıt şəhərinin də tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Prezident İlham Əliyevin son illərdə müəyyənləşdirdiyi əsas hədəflərdir. Göy Xəzərin sahilində yerləşən, əməksevər insanlarının sayəsində daim tərəqqi edən, zəngin ənənələr formalaşdıran Sumqayıt şəhəri bunun nətəcəsi olaraq Cənubi Qafqazın iri sənaye mərkəzi kimi keçmiş şöhrətini bərpa etməkdədir.

Hələ 2011-ci ilin iyulunda Sumqayıtda səfərdə olarkən cənab İlham Əliyev bununla bağlı demişdir: "Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərin respublikanın iqtisadi və ictimai-mənəvi həyatındakı rolunu yüksək dəyərləndirir, onun paytaxtla bərabər səviyyədə inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Son illər respublikanın və paytaxtın bütün guşələrində müşahidə edilən abadlıq, tərəqqi və yüksəliş tarixən gənclər şəhəri kimi tanınmış Sumqayıt şəhərində də özünü qabarıq göstərir. Mövcud potensialın səmərəli realizə edilməsi, şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıt şəhərinin son illərdəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

HAŞİYƏ: İqtisadçı alim kimi hələ 1990-cı illərdə Sumqayıt şəhərinin Respublikamız üçün əhəmiyyətini 3 mühüm parametr üzrə dəyərləndirmişdim: 1) yaşayış məntəqəsi; 2) ərazi-təsərrüfat kompleksi; 3) ictimai iqlim zonası kimi. Sumqayıt şəhərinin son illərdə keçdiyi dinamik inkişaf yolu bu təsnifatın reallığa adekvatlığını bir daha təsdiqləmişdir. Bu gün Sumqayıt şəhəri böyük yaşayış məntəqəsi olmaqla yanaşı, nəhəng sənaye və ərazi-təsərrüfat kompleksinə çevrilmişdir.

Şəhər üzrə son illərdə əldə olunmuş nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışır. Əsasən əhalini narahat edən xarakterik problemlərin həllinə, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılmasına, infrastrukturun yeniləşdirilməsinə, yolların təmirinə, məktəblərin, səhiyyə və mədəniyyət ocaqlarının təmiri və yenidənqurulmasına diqqət artırılmışdır.

Sumqayıtda bu diqqət və qayğının nəticəsi olaraq ictimai mühit əsasən sağlam və işgüzar müstəvidə formalaşmışdır. Keçmişdə həmişə mürəkkəb ictimai iqlim zonası kimi qiymətləndirilən Sumqayıtda bu gün ictimai-siyasi sabitlik hökm sürür. Şəhər rəhbərliyinin bu sahədə yürütdüyü siyasət və həyata keçirdiyi konkret məqsədyönlü tədbirlər bunu deməyə əsas verir.

Bu gün şəhərdə vətəndaş cəmiyyəti quruculuğu prinsiplərinə uyğun olaraq qarşılıqlı əməkdaşlıq münasibəti formalaşmışdır. Şəhər rəhbərliyinin bu istiqamətdəki uğurlu fəaliyyətini istər iqtisadçı alim, istər sahibkar, istərsə də ziyalı kimi yüksək qiymətləndirirəm. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı və onun komandası Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatının iştirakı ilə şəhər ağsaqqalları, bələdiyyə üzvləri, mərkəzi icra orqanlarının yerli nümayəndələri, sahibkarlar, dini və ictimai-siyasi qurumların rəhbərləri, gənclər, qadın və digər sahələrdə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, hüquq mühafizə orqanları ilə müntəzəm olaraq görüşlər və səyyar qəbullar keçirir, şəhərin ictimai iqlimini səmərəli şəkildə tənzimləyirlər. Əlbəttə, bu gün şəhərdə hansısa problemin yaşanmadığını iddia etmək də düzgün olmazdı. Ancaq hər hansı qüsur və nöqsan vaxtında aşkarlanıb həll olunduğu üçün ciddi problemə çevrilmir.

Qeyd etdiyimiz kimi, Sumqayıta 20 dəfədən çox səfər edən dövlət başçısı onun strateji inkişaf planı ilə bağlı fikirlərini açıqlamış, şəhərin paytaxt standartlarına uyğunlaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkə Prezidentinin bu səfərləri zamanı Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər haqlı olaraq belə qənaət yaratmışdır ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.

Bu layihələrin kor-koranə deyil, sistemli şəkildə, vahid plan əsasında, xüsusi arxitektura elementləri əsasında aparılması şəhərin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoymuşdur. Bakı-Quba magistral yolundan Sumqayıt istiqamətinə gələn hər kəs bu şəhərdə baş verən dəyişiklikləri heyrətlə qarşılayır: şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə iki dəfədən artıq genişləndirilmiş, nəqliyyatın rahat hərəkətinə tam şərait yaradılmışdır. Yolun hər iki tərəfində ümumi uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xəfləri, küvetlər çəkilmiş, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilmişdir.

Qısa müddətdə Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən qurulmuş, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunmuşdur. Yolun eni iki dəfə genişləndirilərək 13 metrə çatdırılmış, 112 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Yol boyu 5 kilometr uzunluğunda istinad divarları çəkilmiş, hasarlar aqlay daşı ilə üzlənmiş, yolkənarı obyektlər təmir olunmuşdur. Yolun Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün parklar salınmış, işıqlandırma sistemi quraşdırılmışdır.

Ölkə rəhbərinin dəyərli tövsiyə və tapşırıqlarının, habelə şəxsi nəzarətinin məntiqi davamı olan maddi dəstəyi nəticəsində "Yeni Sumqayıt” quruculuğunda əsaslı irəliləyişlər müşahidə olunur: abadlaşan, gözəlləşən Sumqayıt modernləşir, metropoliya standartlarına yaxınlaşır. Yeni standartları tətbiq etmək, Sumqayıtı Bakının inkişaf səviyyəsinə çatdırmaq kifayət qədər gərgin iş tələb etsə də, şəhər rəhbərliyi qarşıya qoyulmuş məqsədə yetişməkdə olduqca israrlıdır. Çünki bu qlobal inkişaf planı - abadlıq-quruculuq tədbirləri bilavasitə möhtərəm Prezidentin nəzarəti altında həyata keçirilir. Bu gün Sumqayıtda bir çox ünvanlarda sosial obyektlər yaradılmış, şəhərin infrastrukturu demək olar ki, tam yenidən qurulmuş, genişləndirilmişdir.

Qlobal layihələrdən biri də yeni Dənizkənarı bulvarın çox yüksək səviyyədə salınması olmuşdur. Bu tapşırıq şəhərin hazırkı rəhbərliyi tərəfindən ən qısa müddətdə icra edilmiş və cənab İlham Əliyev bu faktı xüsusi qeyd etmişdir: "Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi təşkilat qabiliyyəti, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək”.

Ümumilikdə son illər sosial infrastrukturun müasirləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması şəhər rəhbərliyinin yenilikçi iş üslubunun əyani göstəricisi kimi diqqəti çəkir. Bu kontekstdə Sumqayıtda insan amilini əsas tutan bir sıra qlobal layihələrin uğurla reallaşdırıldığını da xüsusi qeyd etmək lazımdır. Abadlıq-quruculuq tədbirləri çərçivəsində son 4 ildə şəhər ərazisindəki əksər park və meydanların yenidən qurulması əhalinin asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir...

Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son 16 ildə Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə burada Cənubi Qafqazda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Parkı və digər müəssisələr yaradılmışdır. Bütün bunlar həm də çoxlu sayda yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olmuşdur.

Əminliklə demək olar ki, bu gün respublikanın münbit ictimai-iqlimi və təsərrüfat zonası olan Sumqayıt şəhərinin sakinləri dinamik inkişaf proseslərini, xüsusilə 2018-ci ilin 11 aprel seçkilərindən sonra aparılan genişmiqyaslı, sistem xarakterli islahatları ruh yüksəkliyi ilə qarşılayırlar. Azərbaycan cəmiyyəti tarixin heç bir mərhələsində son 2 ildə olduqca sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır. Belə məsuliyyətli mərhələdə dövlət məmurları qarşısında vətəndaşların mənafeyi naminə daha çox səy və bacarıqla işləmək, islahatların düzgün, vaxtında reallaşdırılmasını təmin etmək, xalqın xidmətçisi olmaq, şəffaflığı təmin etmək kimi ümdə vəzifələr müəyyənləşdirilmişdir.

Başqa sözlə, son illər həyata keçirilən sosialyönümlü islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, yüksək bilik və bacarıqlara, yeni təfəkkür tərzinə malik gənclərin irəli çəkilməsi, struktur islahatlarının aparılması, yerli icra strukturları qarşısına yeni təxirəsalınmaz vəzifələrin qoyulması sumqayıtlılar tərəfindən böyük razılıqla qarşılanır.

Şübhəsiz, ölkənin məmur və idarəçi elitasını gəncləşdirmədən, həmin elitanı bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən qarşıya qoyulmuş strateji hədəflərə yetişmək mümkün deyildir. Bu baxımdan 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Azərbaycanın Birinci vitse-prezidenti postunun təsis edilməsi, Mehriban xanım Əliyevanın bu posta təyin olunması islahatların uğurla reallaşdırılmasına əsaslı təkan vermiş və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinin başlanğıcı olmuşdur.

Demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir ki, Prezident cənab İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Təkcə son aylarda həyata keçirilmiş inqilabi sosial islahatlar paketi Azərbaycanda xalqın mənafeyinin ön planda olduğunu bir daha təsdiqləyir. Son aylarda Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olmuş insanların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəniş edilmiş, zəlzələdən ciddi zərər çəkmiş vətəndaşlar üçün evlərin inşasına başlanılmış, devalvasiya nəticəsində banklara borcu yaranmış vətəndaşların borcları müəyyən şərtlər civarında kompensasiya edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 aprel tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əsasında 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılmışdır. Dövlət başçısının 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlar sosialyönümlü islahatların davamlı səciyyə daşıdığını bir daha təsdiqləmişdir. Bu baxımdan minimum əməkhaqqının məbləğinin il ərzində ikinci dəfə 40 faizə yaxın artırılaraq 250 manata çatdırılması xüsusi vurğulanmalıdır.

İmzalanmış sərəncamlar əsasında minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması; dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılması; pensiyaların minimum məbləğinin 160 manatdan 200 manata qaldırılması; hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının məvaciblərinin 40 faiz artırılması; dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması təmin edilmişdir. Ümumilikdə yeni sərəncamlar 1 milyon 350 minədək vətəndaşın əməkhaqqında ciddi artımlara səbəb olmuşdur.

İş adamlarına münasibətin əsaslı şəkildə dəyişdirilməsi, onların fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması da qarşıya qoyulmuş ciddi tələblərdən biridir. Ürəkdən inanırıq ki, dövlət başçısının 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı əhatə dairəsinə, məzmununa və əhəmiyyətinə görə sahibkarlar üçün də çox əhəmiyyətli olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edərkən demişdir: "Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.

Möhtərəm Prezidentin apardığı islahatlar və qarşıya qoyduğu hədəflər vərəndaşların dövlətə, onun rəhbərinə inamını daha da artırır. Yeni dövrün aktual çağırışları Sumqayıt şəhərinin rəhbərliyi tərəfindən də ciddiliklə nəzərə alınır, iş adamları ilə münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində qurulur.

Bəli, yaranmasının 70-ci ildönümündə Azərbaycanın dinamik və modern inkişafının əsas ünvanlarından birinə çevrilən Sumqayıt sürətli intibahının yeni mərhələsini yaşayır. Abadlıq və quruculuq işlərinin daha geniş vüsət aldığı gənclər şəhəri gündən-günə simasını gözəlləşdirməkdə, təkcə öz sakinlərinin deyil, şəhərə gələn qonaqların xatirəsində də silinməz izlər buraxır. Prezident cənab İlham Əliyevin Sumqayıta hər səfəri şəhər sakinlərinin sabaha ümidini, nikbin ovqatını daha da gücləndirir. Bütün bunlar şəhərin həyatında yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hazırda hər bir Sumqayit sakini qazanılan uğurları həyatında daha qabarıq hiss edir, yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

Qüdrət KƏRİMOV,

 

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2019.- 20 noyabr.- S. 1; 6.