2020-ci ilin dövlət büdcəsi Azərbaycanın artan gücünün növbəti ifadəsi olacaq

 

Komitələrin birgə iclasında büdcə layihəsi ikinci oxunuşda müzakirə edildi

 

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclası keçirildi. İclası aparan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirdi.

Komitə sədri qeyd etdi ki, gələn ilin dövlət büdcəsi Azərbaycanda gedən inkişaf proseslərinə, həyata keçirilən islahatlara böyük dəstək verəcək. Ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.

İclasda iştirak edən Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə gələn ilin büdcə layihəsi ilə bağlı göstəriciləri yığcam şəkildə diqqətə çatdırdı. Qeyd etdi ki, dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat proqnozlaşdırılır. Büdcənin xərcləri isə 26 milyard 913,7 milyon manat (ÜDM-də xüsusi çəkisi 32,3 faiz) proqnozlaşdırılır ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 723,7 milyon manatya 6,8 faiz çoxdur.

Qeyd olundu ki, cari ildə dövlət başçısı tərəfindən mühüm sosial qərarlar qəbul olunmuşdur. Bütün bunlar gələn ilin dövlət büdcəsində öz əksini tapıb. Xatırladaq ki, 2019-cu ilin martsentyabr aylarında əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 mərhələ üzrə sosial paketlər təsdiqlənmişdir. Bu zəmində minimum əməkhaqqının təxminən 2 dəfə artırılaraq, 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72 faiz artırılaraq, 116 manatdan 200 manata çatdırılması bu sahədə atılmış mühüm addımlardandır. Artımlar eyni zamanda dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiyasu təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçiləri əhatə etmişdir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək bildirdi ki, gələn ilin büdcə layihəsinin birinci oxunuşda müzakirəsi zamanı komitənin mövqeyi ifadə olunmuşdur. Müzakirələr zamanı komitə üzvləri öz təkliflərini səsləndiriblər. Belə ki, elm və təhsil sahəsini əhatə edən qurumların fəaliyyəti ilə bağlı əsas müddəalar büdcə layihəsində öz əksini tapıb. Elm və təhsillə bağlı ayrılan xərclər bu sahələrdə inkişafa və yeniləşməyə öz töhfəsini verəcək. Komitə sədri büdcə layihəsinin ikinci oxunuşda Milli Məclisin plenar müzakirəsinə çıxarılmasını məqsədəuyğun hesab etdi.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dedi ki, Azərbaycanın tarixində ilk dəfə olaraq gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri büdcənin 5,1 faizini təşkil edəcək. Bu, çox yüksək və çoxdan gözlənilən rəqəmdir. Başqa bir mühüm məqam ondan ibarətdir ki, 2020-ci ildə bütün ölkə üzrə icbari tibbi sığortaya keçmək üçün xeyli vəsait ayrılıb. Bu da imkan verəcək ki, gələn ildən bütövlükdə ölkə üzrə icbari tibbi sığorta tətbiq olunsun. Əhliman Əmiraslanov onu da qeyd etdi ki, Milli Məclisdə müzakirələr zamanı təklif olunan bir sıra məsələlərin gələn ilin dövlət büdcəsində öz əksini tapması olduqca əlamətdar haldır. Komitə sədri büdcə layihəsinin çox mükəmməl və peşəkarlıqla hazırlandığını deyərək plenar müzakirəyə çıxarılmasını təklif etdi.

Gələn ilin dövlət büdcəsinin layihəsinin olduqca əhatəli hazırlandığını deyən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bir sıra məsələlərlə bağlı fikirlərini bildirdi.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirdi ki, növbəti ilin dövlət büdcəsi Azərbaycanın gücünü göstərən, xalqın rifahına xidmət edən mükəmməl maliyyə sənədi olacaq. Onun sözlərinə görə, hər bir büdcə yalnız nəzərdə tutulduğu ilin deyil, növbəti illərin də perspektivini nəzərə almalıdır.

Müzakirələr zamanı deputatlardan Məlahət İbrahimqızı, Qənirə Paşayeva, İlham Məmmədov, Asim Mollazadə, Rəşad Mahmudov, Novruzəli AslanovSevinc Hüseynova gələn ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər.

Yekunda İlqar Fətizadə müzakirələr zamanı qaldırılan məsələlərə münasibət bildirdi. Gələn ilin dövlət büdcəsinin layihəsi ikinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 20 noyabr.- S. 4.