“Jewish
Journal” azərbaycanlı məcburi
köçkünlərin Los-Ancelesə səfəri barədə
məqalə dərc edib
Amerikanın
"Jewish Journal” nəşri Xocalı
qırğınının möcüzə nəticəsində
sağ qalmış sakini Dürdanə Ağayevanın Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş
Dağlıq Qarabağ bölgəsindən məcburi
köçkünlərdən ibarət nümayəndə
heyətinin Los-Anceles şəhərinə səfərinin təfərrüatlarından
bəhs edən məqaləsini dərc edib. Müəllif
yazır ki, nümayəndə heyətinin tərkibinə
Şuşa sakini Tural Gəncəliyev, Laçın rayonundan
olan Gülməmməd Məmmədov və Dürdanə
Ağayevanın özü kimi Xocalıda soyqırımı
yaşamış Ceyhun Ələkbərov daxil olublar.
Los-Ancelesə
səfər etmiş məcburi köçkünlərin
taleyindən bəhs edən D.Ağaeva qeyd edir ki, Ermənistan
qoşunları Xocalını işğal edəndə və
dinc əhaliyə qarşı qırğın törədəndə
onun cəmi 20 yaşı olub. Gülməmməd isə
1992-ci il mayın 18-də Laçın rayonu işğal
olunduğu vaxtdan sonra 10 il ərzində qaçqınlar
üçün çadır düşərgəsində
yaşayıb. Bu düşərgədə məktəbin
olmamasına baxmayaraq, o, UNICEF-in təqdim etdiyi dərsliklər
əsasında təhsil alıb və sonradan ABŞ-ın
Sirakuz Universitetinə daxil olaraq bu ali məktəbi biofizika
üzrə elmlər doktoru dərəcəsi ilə bitirib.
Tural Şuşa şəhərindən qovulan 40 min azərbaycanlı
sakin ilə birlikdə 12 yaşında məcburi
köçkün olub. O, ötən il Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icmasının sədri seçilib və Dağlıq Qarabağdan
didərgin düşmüş 80 min azərbaycanlı məcburi
köçkün icmasını təmsil edir.
Səfər
zamanı nümayəndə heyəti Amerika Yəhudi Komitəsinin,
Los-Anceles Konfessiyalararası Şurasının rəhbər
şəxsləri, İsa Məsih Kilsəsinin nümayəndələri,
Pakistan və Türkiyə icmalarının və Orinc dairəsi
İslam Cəmiyyətinin təmsilçiləri, həmçinin
Azərbaycanın yaxın dostu olan ravvin Devid Vulpe və
Los-Anceles Sinay Məbədinin digər liderləri ilə
görüşlər keçirib.
Ağayeva
qeyd edir ki, nümayəndə heyətinin səfərinin
böyük bir hissəsi ABŞ yəhudilərinin ən
böyük və gözəl məbədlərindən biri
olan Nessa sinaqoqunda təşkil edilmiş xüsusi proqram olub.
Proqram çərçivəsində Qarabağda davam edən
işğal və dağıntılar bərəsində
videoçarxlar nümayiş etdirilib, məcburi
köçkünlərin hər biri çıxış edərək
özünün həyatda qalması tarixçəsini
danışıb. Məqalənin sonunda müəllif
ümidvar olduğunu bildirir ki, münaqişə tezliklə
sülh yolu ilə həllini tapacaq və Azərbaycan
torpaqları işğaldan azad ediləcək.
Azərbaycan.- 2019.- 17 noyabr.- S. 6.