Sumqayıtda möhtəşəm yubiley şənliyi

 

Sumqayıtda əlamətdar günləri, bayramları qeyd etmək adət halını alıb. Budəfəki bayrama - şəhərin 70 illik yubileyinə xüsusi hazırlıq görülmüşdü. Hələ ilin əvvəlindən ayrı-ayrı məhəllələrdə, təhsil, mədəniyyət və səhiyyə ocaqlarında bayram əhvali-ruhiyyəsi nəzərə çarpmaqda idi. Başqa sözlə, Sumqayıtın bütün təşkilatlarında yubileylə bağlı silsilə tədbirlər keçirilirdi. Noyabrın 19-da isə Sumqayıtın əsas meydanında, şəhər icra hakimiyyətinin binası qarşısında ümumşəhər yubileyi keçirildi.

Şənlik başlamazdan öncə bildirildi ki, Sumqayıt bu gün təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın sayılıb-seçilən iri sənaye mərkəzinə çevrilib. Burada müasir şəhər infrastrukturu yaradılıb. Parkların, meydanların yenidən qurulması, istehsal sahələrinin genişləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşması hər kəsi sevindirir. 70 yaşını qeyd edən bu şəhər ötən əsrin 40-cı illərində təşəkkül tapıb. Zəhmət və həmrəylik üzərində qurulan Sumqayıt xalqımızın həmrəyliyini təcəssüm etdirən gözəl ənənələri ilə qısa müddətdə böyük şöhrət qazandı, ölkəmizin iftixarına çevrilə bildi.

Qeyd olundu ki, Sumqayıta qayğı və diqqət ötən əsrin 70-ci illərindən başlayaraq bir qədər də artdı. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatında sürətli inkişafa təkan verdi. İnsanlar daha yaxşı işləmək, uğurlar qazanmaq üçün əllərindən gələni əsirgəmirdilər. Bu şəhər 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin qayğısı nəticəsində təkcə respublikamızda deyil, keçmiş SSRİ miqyasında tanınan sənaye mərkəzlərindən birinə çevrildi.

Son 16 ildə burada həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Prezident İlham Əliyevin tapşırığı ilə Sumqayıtın əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Ölkənin sənaye potensialında xüsusi çəkisi olan Sumqayıtda insan kapitalının qorunması, sosial rifah halının yaxşılaşdırılması ən vacib məsələlərdəndir.

Sonra möhtəşəm bayram tədbirinə start verildi. Sərhəd qoşunlarının hərbçilərinin nümunəvi keçidi səmada vertolyotların uçuşu ilə müşayiət olunurdu. İgid sərhədçilərimiz əllərində Azərbaycan bayrağı tribuna önündən keçdilər. Alqış sədaları ətrafı bürüdü. Müdafiə Nazirliyinin DİN Daxili Qoşun birləşmələrinin, atlı süvarilərin məğrur keçidi meydana toplaşanlarda qürur hissi oyatdı.

Sumqayıtın sənaye müəssisələrinin kollektivləri, ümumtəhsil məktəblərinin müəllim şagird heyəti tribuna önündən keçdilər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, respublikamızda akkreditə olunmuş səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, əmək qəhrəmanları möhtəşəm paradı izləyirdilər.

Tədbir axşam bayram konserti ilə davam etdirildi. Respublikamızın incəsənət ustaları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Yubiley şənliyi atəşfəşanlıqla başa çatdı.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2019.- 20 noyabr.- S. 8.