İqtisadi sabitləşmə və dərin islahatlardan sürətli inkişaf dövrünə

 

Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın geosiyasigeoiqtisadi reytinqini hər il daha da yüksəldir

 

"İqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı”.

Hələ ilin əvvəlində, birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ölkə iqtisadiyyatının uğurlu inkişaf istiqamətlərindən söz açan Prezident İlham Əliyev qarşıdakı dövr üçün islahatların əsas hədəflərini müəyyənləşdirdi, həmçinin bunun idarəetmə sahəsində aparılmasına böyük ehtiyac olduğunu vurğuladı.

 

İslahatların əsas hədəfləri

 

Cənab İlham Əliyevin söylədiyi kimi, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. Bu istiqamətdə məqsədyönlü siyasət yürüdən dövlət başçısının irəli sürdüyü təşəbbüslər, hazırlanan və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar Azərbaycana əlavə maliyyə resursları gətirdi. Bu resurslar sosial islahatların həyata keçirilməsinə real zəmin yaratdı. Təkcə bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunduminimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artdı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə çoxaldı. Bu il orta əməkhaqqı 35 faiz yüksəldi.

Hələ ötən il keçirilən iqtisadi müşavirədə 2017-ci ili iqtisadi sabitləşmə ili, 2018-ci ili dərin iqtisadi islahatlar ili adlandıran dövlət başçısı 2019-cu ildə Azərbaycanda iqtisadi artımın yüksək templərlə təmin ediləcəyini vurğulamışdı. Bu gün bir daha Prezidentin söylədiyi fikirlər öz təsdiqini tapır. Cənab İlham Əliyevin daxilixarici siyasəti Azərbaycanın siyasi, iqtisadi reytinqini hər keçən il yüksəldir.

Ümumiyyətlə, son 16 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanır. Bu inkişaf özünü bütün sahələrdə büruzə verir. Bu illər ərzində - 2003-2019-cu illərdə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərib. Bu inkişafla ölkədə yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edirbu göstəriciyə görə Azərbaycan dünya miqyasında doqquzuncu yerdədir.

Bu ilin iqtisadi göstəriciləri də təsdiq edir ki, islahatlar uğurlu nəticələr verir. Cari ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayesi 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib.

 

Kadr islahatlarının yeni dövrü - gənclərə geniş meydan verilir

 

Bütün bu uğurlar, yəni Azərbaycanın dinamik və hərtərəfli inkişafı əlbəttə ki, struktur islahatlarının da həyata keçirilməsini zəruri edirdi. Siyasi ekspertlərin fikrincə, idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda, səmərəliliyin və çevikliyin təmin edilməsi məqsədilə mütəmadi olaraq struktur islahatlarının aparılması mühüm əhəmiyyət kəsb edir.

 

Təbii ki, ölkəmizdə struktur islahatları əvvəlki illərdə də aparılıb və bu günə qədər həyata keçirilən dərin hüquqiinstitusional islahatlar öz bəhrəsini verməkdədir. Hazırkı islahatlar da əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək və müasir dünyanın çağırışlarına cavab vermək məqsədi daşıyır. Prezidentin dediyi kimi, Azərbaycanda siyasiiqtisadi islahatlar vəhdət təşkil edir. Kadr islahatları da ümumi islahatların tərkib hissəsidir: "İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”. Noyabrın 12-də Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən Prezident İlham Əliyevin bu fikirlərindən bəlli olur ki, kadr islahatları getdikcə daha da dərinləşəcək.

Onu da vurğulayaq ki, son vaxtlar cənab Prezidentin vəzifəyə təyin etdiyi kadrlar əsasən gənc nəslin nümayəndələridir. Yəni dövlət başçısı təcrübə qazanmış gənc kadrlara böyük meydan verir.

Bu da təbiidir, çünki gələcəkdə ölkəni gənclər idarə edəcəklər. Ona görə də dövlət başçısı onların qarşısında ciddi tələblər qoyur: "Kadr islahatlarının məqsədlərindən biriodur ki, biz gənclərə daha geniş imkanlar yaradaq, geniş meydan verək ki, onlar həm təcrübə toplasınlar, həm də gələcəkdə öz işləri ilə ümumi işimizə töhfə versinlər. Bu gün kadr islahatlarının yeni dövrüdür... Biz burada da təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürükbu, uğurlarımızın əsas bazasıdır”.

 

Azərbaycan çox etibarlı və önəmli tranzit ölkəyə çevrilib

 

Azərbaycanın əldə etdiyi uğurlardan biriböyük infrastruktur layihələrinin icrasıdır. Bunların sırasında nəqliyyat sektoru xüsusi rol oynayır. Dövlət dəmir yolu infrastrukturuna böyük investisiyalar yatırır, ölkədə nəqliyyat infrastrukturu müasirləşir. Ötən illər ərzində 15 min kilometr yolun, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilməsi, beynəlxaq tranzit yükdaşımaların aparılması işinə töhfə verməsi bunun əyani sübutudur.

Noyabrın 13-də "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bildirdi ki, ölkənin uğurlu inkişafı o cümlədən nəqliyyat infrastrukturundan asılıdır. Buna görə də infrastrukturun yeniləşməsi prosesi davam etdirilməlidir.

Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir və Prezidentin dediyi kimi, önəmli tranzit ölkəyə çevrilib. Ölkəmiz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edir. Önəmli məsələ ondan ibarətdir ki, Azərbaycan artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmir, eyni zamanda Avropa məkanında da fəal əməkdaşlıq edir və bəzi Qərbi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Azərbaycan artıq Çindən konteyner qatarları qəbul etməyə başlayıb. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Azərbaycan Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirib.

Bütün bu uğurları beynəlxalq reytinq təşkilatları da qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür.

Cənab İlham Əliyev Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri ilə bağlı görülən işlərə də toxunaraq qeyd etdi ki, ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinə çox böyük diqqət yetirib. Azərbaycan ərazisində bütün işlər yekunlaşıb, o cümlədən İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi də artıq 2 ildir ki, tamamlanıb, həmçinin dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir.

Bu gün Şimal-Cənub nəqliyyat dəhlizinin işinə töhfə verəcək Bakı-Yalama yolunda işlər gedir. Bu yol da tam işlək vəziyyətə düşəndə Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsini böyük dərəcədə artıracaq.

Qeyd edək ki, bir çox ölkələr Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçılarıdr. Prezident vurğulayır ki, onların arasında hər iki layihədə iştirak edən və layihələrin reallaşmasına öz dəyərli töhfəsini verən məhz Azərbaycandır: "Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir. Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq ölkələrini bir-birinə daha da yaxın edir, təhlükəsizliyi möhkəmləndirir, bölgədə vəziyyəti daha da müsbət istiqamətdə inkişaf etdirir və hər bir ölkəyə böyük iqtisadi dividendlər gətirir”.

Göründüyü kimi, cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında böyük uğurlar qazanan Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. İslahatlar davam edir, infrastruktur layihələri icra olunur. Bununla həm xalqın rifah halı yaxşılaşır, həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzu yüksəlir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 21 noyabr.- S. 1; 2.