Parlamentin komitələrində büdcə
layihəsinin ikinci oxunuşda
müzakirəsi yekunlaşdı
Noyabrın 20-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclası keçirildi.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirdi.
Bahar Muradovanın sözlərinə görə, sosial-iqtisadi islahatlar, inkişafın bütün parametrləri üzrə qarşıya qoyulan vəzifələr, hökumətin vətəndaşlar qarşısındakı öhdəlikləri sahəsindəki hədəflərə çatmaq üçün gəlinən ümumi qənaət ondan ibarətdir ki, 2020-ci ilin büdcə paketinə daxil olan qanunlar və nəzərdə tutulan imkanlar bütün bu proseslərin həyata keçirilməsini təmin eləcək. Bir sözlə, gələn ilin inkişaf parametrlərinə tam uyğun şəkildə hazırlanan dövlət büdcəsi respublikamızın iqtisadi yüksəlişinə, əhalinin sosial rifahının daha da yüksəldilməsinə, mədəni və humanitar sahələrdə görülən işlərə, o cümlədən ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun döyüş imkanlarının daha da artırılmasına xidmət edəcək.
Qeyd olundu ki, gələn ilin dövlət büdcəsinin icrasından gözləntilər həm də qeyri-neft-sektorundan daxilolmaların artması və bunun da nəticəsində büdcədə neft amilindən asılılığın azaldılmasıdır. Həyata keçirilən islahatlar və qarşıya qoyulan vəzifələr onu deməyə imkan verir ki, gələn il vergi daxilolmaları artacaq.
Xüsusilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsindəki proseslər nəzərdə tutulan hədəflərə çatmağı təmin edəcək. Bütün bunlar həm də biznesin, orta sahibkarlığın inkişafına dəstək verəcək.
Eyni zamanda büdcədən ayrılan xərclərin səmərəliliyinin artırılması, şəffaflığın və hesabatlılığın təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılacaq.
Bahar Muradova onu da qeyd etdi ki, regional inkişaf, bölgələrdə məşğulluğun təmin olunması, kənd təsərrüfatının inkişafı istiqamətindəki prioritetlərin yerinə yetirilməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmət edəcək siyasətin həyata keçirilməsi ilə bağlı məsələlərin yüksək səviyyədə maliyyələşməsi büdcə paketində nəzərə alınıb.
İclasda iştirak edən Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bildirdi ki, 2020-ci ilin dövlət və icmal büdcələrinin layihələri Prezident İlham Əliyevin müəyyən etdiyi və Azərbaycan iqtisadiyyatının yeni makroiqtisadi reallıqlarını özündə əks etdirən strateji inkişaf prioritetləri və ölkənin sosial-iqtisadi hədəfləri nəzərə alınmaqla tərtib olunub. Qeyd edildi ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri isə 26 milyard 913,7 milyon manat məbləğində proqnozlaşdırılır. 2020-ci ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə dövlət büdcəsi xərclərinin 64,2 faizi həcmində və ya 17 milyard 275,9 milyon manat, əsaslı xərclərə 29 faizi həcmində və ya 7 milyard 809,6 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 6,8 faizi həcmində və ya 1 milyard 828,2 milyon manat vəsait yönəldiləcək.
Nazir müavini
bildirdi ki, növbəti
ildə sosialyönümlü xərclərin
məbləği 10 milyard 642 milyon manat təşkil edəcək.
Bu da cari illə
müqayisədə 2 milyard
874 milyon manat və ya 37 faiz
çoxdur. O da diqqətə çatdırıldı
ki, plenar iclasda və komitələrdə deputatların
qaldırdığı məsələlər
Maliyyə Nazirliyi tərəfindən öyrənilir.
Plenar iclasda deputatların toxunduqları məsələlər
cavablandırılacaq.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
bildirdi ki, təmsil etdiyi qurumun təqdim etdiyi rəydə gələn ilin dövlət büdcəsi
ilə bağlı bütün məsələlər
tam əksini tapıb. Bununla yanaşı
Hesablama Palatası mandatına uyğun olaraq dövlət büdcəsinin həm iqtisadi, həm funksional, həm inzibati təsnifatı üzrə bölgüsü,
ehtiyat, bölüşdürülməmiş,
büdcədənkənar vəsaitlərin
həcmi barədə
geniş məlumatlar rəydə göstərilib.
Rəydə məntiqə söykənən
nəticələr əsasında
təhlillər aparılıb.
Müzakirələr zamanı deputatlardan Fazil Mustafa, Asim Mollazadə, Qüdrət Həsənquliyev,
Qənirə Paşayeva,
Tahir Kərimli, Çingiz Qənizadə,
Şahin İsmayılov,
Sona Əliyeva və Naqif Həmzəyev
gələn ilin büdcə layihəsi ilə bağlı fikirlərini bildirdilər,
təkliflərlə çıxış
etdilər.
Yekunda Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat
nazirinin müavini Sevinc Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov müzakirələr
zamanı qaldırılan
məsələlərə münasibət bildirdilər
və gələn ilin dövlət büdcəsinin layihəsi
ikinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2019.- 21 noyabr.- S. 1;
3.