Dalğalarla
döyüşən qəhrəmanlar
Mayın
8-i idi... Havanın qaş-qabağı yerlə
gedirdi. Sanki, göylər yer üzünə
qalın bir pərdə çəkmişdi, hər yer
qaranlıq idi, göz-gözü görmürdü. Elə
bil ki, Şuşa dağlarının
başı üzərindəki duman yürüyərək
Bakını, Xəzər dənizini dövrəyə
almışdı...
Və bu zaman Xəzərin qoynunda üzən
"Citadel” adlı gəminin heyəti elə indicə
aldıqları məşum bir xəbərlə bağlı
qızğın müzakirə aparırdılar. Dənizdə
olan "İsrafil Hüseynov” borudüzən gəmisində
yanğın baş vermişdi və indi oradakı
insanların təcili köməyə ehtiyacı vardı.
Amma qatı duman şəraitində həmin gəmiyə
yan almaq çox təhlükəli idi. Buna baxmayaraq
kapitan bir an belə tərəddüd etmədən
son qərarını verir. Vəziyyət nə qədər
çətin olsa da, onlar insanların həyatını xilas
etməyə yollanacaqlar...
Qəhrəmanlıq
zaman, məkan məfhumunun fövqündədir...
Ruhu
ucadır qəhrəmanların...
Bəşəriyyət
aşiqi olurlar, yaradılışın, insanlığın
var olmasıdır qayələri...
Amalları
can qoyub, can verib, can yaşatmaqdır... Bir an
belə düşünmədən bu uğurda
ölümün gözünə dik baxmaq, ona meydan oxumaqdır...
Adətən
belə qəhrəmanlara ən çox filmlərdə
aşina oluruq, düşünürük ki, onlar rejissorun təxəyyülündən
yoğrulublar...
Amma
yanılırıq...
Zaman hər
an əsl qəhrəmanlar yetişdirir...
Yalnız
nağıllarda, əfsanələrdə, tarixin dərin
qatlarında axtarmamalıyıq onları...
Ətrafımızdadırlar,
realdırlar...
Vətən uğrunda canından keçərək təkbaşına
düşmənə dağ çəkən şanlı qəhrəmanımız
Mübariz İbrahimovun müasirləri deyilikmi?!
Bəli,
saysızdır Azərbaycanın belə vətənpərvər,
cəsur, qorxmaz, darda qalanların imdadına yetən uca
könüllü övladları...
Elə bu
yazıda da belə qəhrəmanlarımızdan bir neçəsi
barədə söhbət açacağıq...
Təhlükəli
olduğunu bilsək də, bir an tərəddüd
etmədik...
Bu il may
ayının 8-də "SAIPEM” şirkətinin Xəzər dənizində
borudüzmə əməliyyatları üçün istismar
olunan "İsrafil Hüseynov” gəmisinin borudüzmə
zonasında texnoloji avadanlıqların birində baş verən
qəza nəticəsində yanğın olmuşdu. "SaIpem” şirkəti tərəfindən əməliyyat
işləri aparılan gəmidə hadisə nəticəsində
14 nəfər müxtəlif dərəcəli yanğın
xəsarətləri almışdı. Həmin
yaralıların sağ-salamat təhlükəsiz əraziyə
və oradan da Bakı limanına çatdırılması isə
"Citadel” gəmisinin heyətininin şücaəti nəticəsində
olmuşdu...
Gəminin
kapitanı Elbrus İsmayılov qəza baş verən həmin
günü belə xatırlayır: "Mayın 8-i biz
tapşırıq almışdıq ki, tədqiqat yerinə
gedək. Havada qatı duman var idi. Bu zaman "İsrafil Hüseynov” gəmisindən məlumat
gəldi ki, təcili bizə yaxınlaşın. Biz bu barədə rəhbərliyə məlumat
verdik ki, adıçəkilən gəmidən onlara
yaxınlaşmağımızı istəyirlər. Rəhbərlik
isə göstəriş verdi ki,
yaxınlaşın, amma havanın qatı duman olmasını
nəzərə alın, tam təhlükəsizliyə riayət
edin. Əslində biz onlara yaxınlaşanda bilmirdik
ki, vəziyyət necədir. Sonra məlumat
aldıq ki, gəmidə yanğın baş verib və zərərçəkənlər
var. Bu barədə ardıcıl olaraq aidiyyəti qurumlara məlumatlar
çatdırmağa başladıq”.
E.İsmayılov söyləyir ki, həmin zaman Dövlət
Dəniz Agentliyindən də göstəriş gəldi ki,
xilasetmə zamanı tam təhlükəsizliyə riayət
olunsun. Verilən tapşırıqlar məsuliyyətlə,
təhlükəsiz şəkildə yerinə yetirilsin.
Əsas da ekipaj üzvlərinin təhlükəsizliyi
təmin olunsun. Çünki qatı duman idi və
görünüş sadəcə 5 metrə qədər idi:
"Verilən təlimata uyğun olaraq öz işlərimizi
görməyə və xilasetmə əməliyyatı
aparmağa başladıq”.
Kapitanın
sözlərinə görə, bu zaman onların öz həyatları
üçün də təhlükə olub: "Həyəcanlı
idim, çünki o gəminin vəziyyəti barədə
heç nə bilmirdik. Partlayış baş
verərdi, bizə də xəsarət yetirə bilərdi.
Həm də ki, gəmimizin bortunda Azərbaycan
vətəndaşları ilə yanaşı, əcnəbilər
də var idi. İstəmirdim ki, onları
da təhlükəyə atım. Ümumiyyətlə,
məqsədim o idi ki, heyətin heç bir üzvü təhlükə
ilə üzləşməsin”.
Amma bu məsələlərə baxmayaraq, insanların
həyatını xilas etməyə üstünlük verdik. Çünki
bu, biz dənizçilərin qarşısında duran ən
böyük məsuliyyətdir, borcdur. O zaman 1 nəfərin
vəziyyətinin pis olması barədə məlumat verdilər.
Elə bir yol seçməli idik ki, sahilə təhlükəsiz
və tez çataq. Tam gücümüzlə
bütün bu məsələləri həll etmək
üçün çalışırdıq. Allaha şükür ki, buna da nail olduq. Gəmidə heç bir ölüm hadisəsi
olmadı. Biz onları verilən
tapşırığa uyğun olaraq təhlükəsiz
zonaya çatdırdıq”.
"O
gün getsin, gəlməsin. Həmin gün
Şuşanın işğalı ilə əlaqədar tədbir
keçirmişdik, hamımız kədərli idik və bu
hadisə ilə də üst-üstə düşməsi əhvalımızı
tamamilə korlamışdı. İndi də
həmin anları xatırlayanda pis oluram, həyəcanlanıram”
deyə E.İsmayılov əlavə edir.
Əmrinizdəyik, cənab kapitan!
Gəmidə
elektrik mühəndisi işləyən Ramin Ələsgərov
bildirir ki, xilasetmə əməliyyatında əlindən gələn
hər şeyi etməyə çalışıb, bunu bir dənizçi
borcu bilib: "Təkcə mən yox, Azərbaycanın
bütün mərd övladları bu addımı atardı. Təhlükədə olanı xilas etmək bizim
qanımızdadır. Bütün dənizçilərimiz
dəfələrlə bundan da çətin vəziyyətlərdə
eyni addımı atıblar. Özlərinin
ölüm təhlükəsi olsa belə, mütləq
köməyə tələsiblər, nə qədər
insanlar xilas ediblər. Əminliklə deyirəm
ki, dənizçilərimizin hamısı bu əhvali-ruhiyyədə
tərbiyə alıblar”.
R.Ələsgərov
qeyd edir ki, kapitanlarının bu cür havada məsuliyyətli
addım atıb gəmi ilə hadisə yerinə yan alması
əsl möcüzə idi: "Amma o, insan həyatının
xilası üçün bu təhlükəni gözə
aldı. Bütün heyət də onun əmrlərini
icra edərək insanların köməyinə
çatdı”.
Matros
Ruslan Babayev deyir ki, gəmi heyəti olaraq arzuolunmaz hadisəyə
görə əllərindən gələni etməyə
çalışıblar: "Hər birimiz bilirdik ki, əslində
ora yaxınlaşmaq təhlükəsizlik baxımından
düzgün deyildi. Amma bu, bizim insanlıq və
vəzifə borcumuz idi”.
Motorçu
Elnur Xəlilov da qəhrəman xilasedicilər arasında olub:
"Hava şəraitinə görə xilasetmə əməliyyatı
çətin idi, amma öhdəsindən gəldik. Yaralıların hər birini xilas etdik, onları
öz otaqlarımızda yerləşdirdik, mənəvi dayaq
durduq. Ailələrinə sağ-salamat
qayıtmaları üçün əlimizdən gələni
etdik. Nə xoşbəxtəm ki, o
insanların sağ qalmasında mənim də kiçik əməyim
var”.
Şücaətlərinə yüksək
qiymət verildi
Qeyd etdiyimiz kimi, gəminin kapitanı Elbrus
İsmayılovun rəhbərliyi altında 17 nəfərdən
ibarət gəmi heyət üzvləri hadisə zamanı
yaralı personalın təxliyə olunmasında təqdirəlayiq
şücaət göstəriblər. Sevindiricidir ki, onların bu
qəhrəmanlığı diqqətdən
yayınmayıb...
Ötən gün Dövlət Dəniz Agentliyində gəmi
heyətinin döş nişanı və fəxri fərmanlarla
təltifetmə mərasimi təşkil edildi. Görüşdə
çıxış edən Dövlət Dəniz Agentliyinin
direktoru Qüdrət Qurbanov iştirakçılara may
ayında "SAIPEM” şirkətinin Xəzər dənizində
borudüzmə əməliyyatları üçün istismar
olunan "İsrafil Hüseynov” gəmisində baş verən
partlayışla bağlı məlumat verdi. Direktor söylədi
ki, hadisə barədə məlumat Dövlət Dəniz
Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən
xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti
qurumların hadisənin nəticələrinin aradan
qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin
təcrübəli kapitanları tərəfindən təmin
edilib. "BUE CASPİAN LTD” şirkətinin Azərbaycandakı
nümayəndəliyi tərəfindən Dövlət Dəniz
Agentliyinin rəhbərliyinə rəsmi müraciət
ünvanlanaraq qəzada xəsarət alanların xəstəxanaya
çatdırılması istiqamətində həyata
keçirilən təxirəsalınmaz tədbirlər, dənizçilərin
göstərdiyi şücaətlə bağlı məlumat
verilib.
Q.Qurbanov
bildirdi ki, hadisə baş verən zaman pis hava şəraiti
ilə əlaqədar helikopterin və digər xilasedici vasitələrin
qəza yerinə cəlb olunması mümkün
olmadığından "BUE CASPİAN LTD” şirkətinə
məxsus "CİTADEL” gəmisindən yaralı
personalın dərhal təxliyə edilməsi göstərişi
verilib. Gəminin kapitanı Elbrus İsmayılovun rəhbərliyi
altında 17 nəfərdən ibarət gəminin heyət
üzvləri hadisə zamanı yaralı personalın təxliyə
olunmasında təqdirəlayiq şücaət nümayiş
etdiriblər: "Dənizdə qatı duman şəraitində
gəminin dəniz qurğusuna təhlükəsiz
yanalmasının təmin edilməsi, zərərçəkən
personalın gəmiyə təhlükəsiz transferi və
onların tibbi yardım müəssisəsinə vaxtında
çatdırılmasında operativliyin təmin olunması, dənizçilərimizin
peşəkarlığından və yüksək fədakarlıqla
cəsarətli addım atmasından xəbər verir”.
"Dənizdə müstəsna cəsarətə
görə”
Q.Qurbanov
o barədə də məlumat verdi ki, hər
il Beynəlxalq Dəniz Təşkilatı dəniz nəqliyyatı
sahəsində müstəsna cəsarət göstərən
dənizçilər arasında seçim edərək
xüsusi fərqlənən bir nəfərə Beynəlxalq
Dəniz Təşkilatının "Dənizdə müstəsna
cəsarətə görə” mükafatını təqdim edir.
Gələn il Beynəlxalq Dəniz Təşkilatının
"Dənizdə müstəsna cəsarətə görə”
mükafatına kapitan Elbrus İsmayılovun namizədliyi təqdim
ediləcək. Direktor vurğuladı ki, dövlətə sədaqətlə
xidmət edən dənizçilər insan həyatının
xilası üçün hər zaman öz həyatları
bahasına qəhrəmanlıq nümayiş etdiriblər:
"Tarixən belə olub, olacaq da. Vəzifələrini
layiqincə yerinə yetirən, vicdanla, şərəflə
peşələrinə xidmət edən dənizçilərimizə
təşəkkür edirəm. Məlum
hadisə zamanı dənizçilərimizin göstərdiyi
şücaət tarixən bu sahədə xidmət edən
şəxslərin işinə, peşəsinə
böyük sevinc və fədakarlıqla
yanaşmasının göstəricisidir”.
Bakıda belə duman görməmişdim...
Tədbirdə çıxış edən "SAIPEM”
şirkətinin direktoru Giorgio Danieli bildirdi ki, qəza baş
verən gün müşahidə olunan duman, əslində
Bakı üçün xarakterik deyildi: "Bu cür hava
şəraiti üzən gəmilərə böyük
çətinlik yaradır. Biz qəza baş verən
gəmiyə yaxınlaşanda fiziki olaraq onu
görmürdük. Bu isə ona yan
almanı çətinləşdirir və təhlükəli
edirdi. Biz həmin gün nə qədər
çətin olsa da, "Citadel”in Bakı limanına yan
almasına qərar verdik. Çətin səfər
idi, amma biz bunun öhdəsindən gəldik. Təbii ki, həmingünkü gərginlik, həyəcan
mənim də yadımdan çıxmır. Arzulayıram ki, belə qəzalar heç zaman
olmasın və əgər olsa belə, biz yenə də xilasetmə
yolunda öz səylərimizi əsirgəməyəcəyik.
Əminəm ki, həmin gəmidən xilas edilən
insanlar bu çətinliyi anlayır və hər biri ogecəki
xilaskarlarını minnətdarlıqla xatırlayırlar”.
"BUE CASPİAN LTD” şirkətinin regional direktoru cənab
Filip Çemberleyn də söylədi ki, həmin gün
"Citadel” dənizdə növbədə idi və bu xəbəri
aldıqda kapitanın rəhbərliyi altında gəmi heyəti
müəyyən hazırlıqlara başladı. Getdikcə
duman daha da qatılaşırdı. Təxirəsalınmaz
təhlükəsizlik tədbiri həyata keçirilməli
idi və bunu bizim heyət üzvləri bacardılar. Zərərçəkən 14 gəmi heyəti əvvəlcə
təhlükəsiz zonaya gətirildi, onlara ilkin tibbi yatdım
göstərildi və iki həkimlə bərabər
Bakıya çatdırıldı. Bu əməliyyatı
kapitan Elbrus İsmayılovun rəhbərliyi ilə gəminin
nümayəndə heyəti çox məsuliyyətlə və
nizamla həyata keçirdilər”.
Dənizçilərin əməyinə
minnətdarlıq
Tədbirdə
çıxış edən qonaqlar bildirdilər ki, Azərbaycan
nümayəndəsinin Beynəlxalq Dəniz Təşkilatının
"Dənizdə müstəsna cəsarətə görə”
mükafatını alması çox sevindirici hal ola bilər. Həmçinin ən
azından Londonda Beynəlxalq Dəniz Təşkilatının
Baş Qərargahında müvafiq komissiya tərəfindən
kapitan İsmayılovun göstərdiyi peşəkarlığın
və cəsarətin müzakirə olunması nəticədən
asılı olmayaraq hər birimiz üçün
qürurvericidir.
Görüşdə vurğulandı ki, dövlətə
sədaqətlə xidmət edən dənizçilər
insan həyatının xilası üçün hər zaman
öz həyatları bahasına qəhrəmanlıq
nümayiş etdiriblər. Vəzifələrini layiqincə
yerinə yetirən, vicdanla, şərəflə peşələrinə
xidmət edən dənizçilərin əməyi minnətdarlıq
hissi ilə xatırlandı və sonda "İsrafil
Hüseynov” gəmisində partlayış baş verən
zaman xəsarət alanların xilasedilməsi zamanı
şücaət göstərən dənizçilər
"Donanmanın fəxri işçisi” döş
nişanı və fəxri fərmanlarla təltif edildilər.
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.- 21 noyabr.- S. 8.