Milli Qəhrəmanın
adını daşıyan məktəb-liseyin uğurları
Prezident
İlham Əliyev 2010-cu ilin 22 iyulunda Azərbaycanın
müstəqilliyinin və ərazi
bütövlüyünün qorunub saxlanmasında müstəsna
xidmətinə və göstərdiyi rəşadətə
görə gizir Mübariz Ağakərim oğlu İbrahimova
Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi
(ölümündən sonra) barədə Sərəncam
imzalamışdır.
Dövlət
başçısının həmin gün
imzaladığı başqa bir sərəncamı isə
Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi
haqqındadır. Qəhrəmanın adını əbədiləşdirmək
üçün 29 sentyabr 2010-cu ildə Biləsuvar şəhərindəki
məktəb-liseyə Milli Qəhrəmanın adı verildi və
həmin məktəbin bazasında Biləsuvar Bağça-Məktəb-Lisey
Kompleksi yarandı. Kompleks 18 oktyabr 2010-cu ildən fəaliyyət
göstərir. Bu təhsil müəssisəsi öz fəaliyyətində
şagirdlərə milli və bəşəri dəyərləri,
vətəndaşlıq şüurunu aşılamaq, hər
şagirdin şəxsiyyətini və yaradıcı
potensialını inkişaf etdirmək, müstəqil həyata
hazır intellektuallar yetişdirmək, liderlik keyfiyyətlərini
təlqin etmək və s. kimi dəyərləri əsas
götürür. Məktəb-liseydə çalışan
müəllimlər ona nail olmaq istəyirlər ki, burada təhsil
alan hər bir şagird xalqımızın igid qəhrəmanı
Mübariz İbrahimovun adına layiq vətəndaş kimi
yetişsin.
Cəmiyyətin
yüksək savadlılığı ölkənin
inkişafının təməl prinsiplərindən biridir.
Belə bir dəyərin formalaşmasında əsas məsuliyyət
peşəkar təhsilverənlərin - pedaqoqların üzərinə
düşür. Elə ona görə də təhsil
ocağında çalışan pedaqoqların məqsədi
bu istiqamətdə fəaliyyətlərini genişləndirmək
və ölkə miqyasında fərqlənən, effektiv tədris
metodikası yaratmaqdan ibarətdir. Biləsuvardakı bu məktəbdə
müasir idarəetmə sistemi qurulmuş, beynəlxalq təhsil
ocaqları ilə müxtəlif layihələrin icrasına
başlanılmışdır. 2015-ci ildən etibarən
Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali
məktəblərə qəbul imtahanlarının orta bal
göstəricisinə görə kompleks 5 ildir ki, respublika
birincisi olmaqdadır. Biləsuvar Bağça-Məktəb-Lisey
Kompleksinin məzunlarının ali məktəblərə qəbul
üzrə ümumi orta balı 2014-2015-ci tədris ili
imtahanlarında 623, 2015-2016-cı tədris ilində 607,
2016-2017-ci il tədris ilində 636, 2017-2018-ci tədris ilində
isə 626 bal olmuşdur. 2018-2019-cu tədris ilində ali məktəblərə
qəbul üzrə ümumi orta bal göstəricisi 629 bal
olmaqla qəbulun orta balına görə respublika üzrə
yenə də birinci yeri tutmuşdur. Cari tədris ilində məzun
olan 31 şagirddən 14-ü 640 baldan, 12 şagird 600 baldan, 5
şagird isə 500 baldan yuxarı nəticə göstərmişdir.
İndiyə kimi şagirdlərdən 4 nəfər Prezident təqaüdünə
layiq görülmüşdür.
Kompleksdə
şagirdlərlə iş müasir təhsilin tələblərinə
uyğun qurulmuşdur. Tədris prosesində fəal təlim
üsullarından, pedaqoji innovasiyalardan istifadə olunur,
İKT texnologiyaları tətbiq edilir. Liseydə şagird dərs
prosesində hazır biliyi qəbul edən yox, axtaran,
araşdırandır. Tədrisin "qızıl qayda”sı
olan əyanilik burada sözdə deyil, işdə həyata
keçirilir. Şagirdlərlə iş yalnız tədrislə
məhdudlaşmır. Belə ki, şagirdlər bir sıra
sosial layihələrə, dərnək və klublara da cəlb
edilir ki, bu da onların bir vətəndaş kimi
formalaşmasına, dünyagörüşlərinin zənginləşməsinə
müsbət təsir göstərir. Kompleksin idarə heyəti
və müəllimləri ilə yanaşı, beynəlxalq əlaqələr
və sosial proqramlar qrupu da bu məsələdə öz
işlərini görür. Məqsəd şagirdlərə
müasirliyi, tolerantlığı, xalqlar və mədəniyyətlərarası
dostluğu, dünyagörüşlü və mədəni
olmağı aşılamaq olsa da, öz soy-kökünə,
əcdadlarına bağlı gənc nəslin yetişməsindən
də yan keçilmir. Kompleksdə heç bir tarixi gün
diqqətdən kənarda qalmır. Nəticədə
şagirdlər ulularımız kimi mərd, iradəli, məğrur
gənclər olaraq yetişirlər. Təhsil müəssisəsində
tez-tez təşkil olunan ekskursiya və gəzintilər
zamanı şagirdlərə etik normalar aşılanır.
Sosial
Proqramlar və Tyutor fəaliyyəti qrupunun tərtib etdiyi
illik tədbirlər planına əsasən kompleksdə tədris
ili ərzində bır sıra tədbirlər:
yarışlar, ekskursiyalar, müsabiqələr keçirilməsi
nəzərdə tutulub. Kompleksdə şahmat, teatr, musiqi alətləri,
debat, "Xəmsə” kimi intellektual dərnəklər fəaliyyət
göstərir. Tədbirlərin təşkili zamanı
şagirdlərin natiqlik, şeir, mahnı, musiqi alətində
ifa, rəqs, əl işləri və sairə kimi
bacarıqları kəşf olunur, onlara istiqamət verilir və
ya onlara yeni bacarıqlar aşılanır. Beləliklə,
şagirdlərə özünə, öz bacarıqlarına
inanaraq ictimaiyyət qarşısında sərbəst
çıxış etmək imkanı verilir.
Kompleksin
kitabxanası indiki təhsil sisteminə
uyğunlaşdırılmışdır. Belə ki,
şagirdlərin və müəllimlərin istifadəsi
üçün kitabxanada hər cür şərait var.
Kitabxana dörd hissədən ibarət olaraq oxucuya və
istifadəçilərə xidmət göstərir. Burada
proyektor və elektron lövhə
quraşdırılmışdır. Kitabxana fondu da çox
geniş və zəngindir. Dərs kitabları, dərs vəsaitləri,
bədii və elmi-publisistik ədəbiyyatlar kifayət qədərdir.
Kompleksdə
şagirdlərə və əməkdaşlara gün ərzində
iki dəfə (səhər 4 çeşid və naharda 8
çeşid) milli və Avropa mətbəxinin ləziz təamları
tenderlə seçilmiş Keytering şirkəti tərəfindən
təqdim edilir. Yeməklərin gigiyenik və şagirdlərin
ağız dadına uyğun olması üçün mətbəxdə
ixtisaslı aşbaz və işçi heyəti
çalışır. Bundan əlavə, şagirdlərə
çay, meyvə və desert olaraq şirniyyatlar təqdim
edilir.
Şagirdlərin
60 faizininin uzaq məsafədə yaşadığı nəzərə
alınaraq onlar nəqliyyat vasitəsi ilə təmin olunub.
Bunun üçün 5 avtobus fəaliyyət göstərir.
Bütün
bu deyilənlər məktəbin fəaliyyətində ilk
baxışda nəzərə çarpan cəhətlərdir.
Məktəb-liseydə görülən uğurlu işlər
daha çoxdur. Xüsusən hər bir fənnin tədrisində
məktəbin öz dəst xəti mövcuddur. Bir sözlə,
Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi
respublikamızın ən qabaqcıl təhsil müəssisələrindən
biri kimi öz işlərini günün tələbləri səviyyəsində
və adını daşıdığı Milli Qəhrəmana
yaraşan bir şəkildə qurmuşdur.
Seyran CAVADOV
Azərbaycan.- 2019.- 21 noyabr.- S. 9.