Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər

 

Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Keçən müddət ərzində görülən işlərin yüksək səviyyədə aparılması nəticəsində böyük irəliləyişlər əldə olunub.

Vətəndaşlara izahetmə işləri, maarifləndirici tədbirlər, mətbuatda geniş yayımlanma və s. öz bəhrəsini verməkdədir. Layihəyə əsasən Nərimanov rayonunda 400-ə yaxın konteyner meydançası yaradılıb, bura tələbata uyğun miqdarda yeni konteynerlər yerləşdirilib, onların yuyulması və meydançaların dezinfeksiyası təmin edilib.

Keçən müddət ərzində şirkətin mütəxəssisləri mütəmadi olaraq pilot layihənin həyata keçirildiyi Nərimanov rayonunda tullantıların tərkibinin və digər komponentlərin öyrənilməsi və nəticələrinin daha da artırılmasının yollarını araşdırmış, müvafiq təlimatlar vermişlər.

Layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndələri, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri cənab Martin SaymonDevid Dray paytaxtımıza gəlmişlər. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, gələn il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunmuşdur. Görüşdən sonra qonaqlar mətbuat nümayəndələrinə bu barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.

Martin Saymon bildirmişdir ki, layihənin ilkin nəticələrini uğurlu saymaq olar. Müqayisə üçün qeyd olundu ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faizə çatmışdır. Nərimanov rayonunda isə 4 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 32 faizə çatmış, təkrar emal üçün kağız karton tullantıları isə 25 faiz olmuşdur ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasının ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 25 tona çatıb. Buna görə Saymon Nərimanov sakinlərinə minnətdarlıq bildirmişdir.

Gələn ilin aprelindən mərhələli qaydada daha 3 rayonun - Nizami, Yasamal Nəsimi, sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutulur. Eyni zamanda bir sıra çatışmazlıqlar da mövcuddur. Bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması, meydançalardakı nəzarətçilərin işinə aqressiv yanaşmaları, hərəkətləri ilə proseslərin tam yerinə yetirilməsinə maneçilik törətmələri hallarına rast gəlinir ki, onları da geniş maarifləndirmə izahetmə işləri ilə aradan qaldırmaq olar.

Bildirildi ki, bu gün ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edir bu layihə onun tərkib hissəsidir. Nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm Bakı şəhəri üçün iqtisadi faydalar verəcəkdir.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2019.- 21 noyabr.- S. 12.