Bütün dinlərin harmoniyası Azərbaycandadır

 

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür

 

Bu gün tolerantlıq günüdür...

Demək, həm də azərbaycançılıq günüdür...

Əbəs deyil ki, bu gün dünyada baş verən dini qarşıdurmalar, din adı altında həyata keçirilən terrorlar, irqi, milli, dini ayrı-seçkilik, dözümsüzlük fonunda Azərbaycanda minillərdir var olan tolerantlıq bütün bəşəriyyətə nümunə göstərilir, həm də ən mötəbər tribunalardan, ən ali dini rəhbərlər səviyyəsində...

"Azərbaycanda keçirilən dinlərarası görüşləri xatırlamaq istəyirəm. Burada dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var - hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, mili nizəyə çevirmək, nifrət edildiyin zaman sevmək, təhqir edildiyin zaman bağışlamaq, dünya ilə harmoniyada yaşamaq...”

Bu fikirləri ötən il Roma papası Fransisk Vatikanda Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirmişdi...

Bəşəriyyətə örnək milli-mənəvi dəyərlərimizin özəlliyi, unikallığı ondadır ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Bunu ölkəmizdə mövcud olan və müxtəlif inanclara məxsus tarixi, dini abidələr əyani sübut edir. Məsələn, tarixdə ilk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir. Bunlar Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu bir məkan olmasına əyani nümunədir.

 

Azərbaycan artıq tolerantlıqdan multikulturalizm səviyyəsinə qalxıb

 

Hazırda ölkəmizdə 2250 məscid, 14 kilsə, 7 sinaqoq, 942 dini qurum, 748 ziyarətgah fəaliyyət göstərir. Ölkədə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin bu fərqliliyə insanların tolerant münasibətinin bariz nümunəsidir.

Bu bir faktdır ki, Azərbaycanda var olmuş indi bu ali dəyərləri özündə ehtiva edən dini mənzərə dünyanın başqa heç bir ölkəsində yoxdur. Bunu illərdir Azərbaycanda yaşayan xalqların, etnik qrupların, dini icmaların nümayəndələri vurğulayırlar.

Dini həyatın əsası tolerantlıqdır, amma Azərbaycan artıq tolerantlıqdan multikulturalizm səviyyəsinə qalxıb. Dini dözümlülük, insanların inanclarına humanist yanaşma xalqımızın təbiətinə xas insanpərvərliyindən, xoş məramından irəli gəlir. bu dəyərli ənənə nəsillərdən nəsillərə ötürülərək bu gün mənəvi sərvət kimi qorunub saxlanır. İnsanlar mənsub olduqları dinə aid ayinləri məscidlərlə yanaşı, fəaliyyət göstərən sinaqoq kilsələrdə sərbəst şəkildə icra edirlər. Müqəddəs bayramlarını digər dinlərin nümayəndələri ilə birlikdə qeyd edirlər, toy, yas mərasimlərində qaynayıb-qarışır, bir-birinə dayaq dururlar...

Vətənimiz Azərbaycanın keşiyini birlikdə çəkirlər...

 

Məscidlər, kilsələr, sinaqoqlar...

 

Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, multikultural dəyərlər, milli dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış yəhudilərə öz varlığını qoruyub saxlamağa əlverişli imkan yaradıb. Quba İsraildən kənarda yəhudilərin ən sıx məskunlaşdığı şəhərdir. Buradakı Qırmızı Qəsəbə adlanan yaşayış məskəni isə bütün postsovet məkanında dağ yəhudilərinin yığcam yaşadıqları yeganə məkandır.

Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir ki, təkcə bu faktın özü Azərbaycanda tolerantlıq ənənələrinin hansı səviyyədə olduğunu təsdiqləyir.

Ölkəmizdə dövlət qayğısı ilə əhatə olunan azsaylı qədim xalqlardan biri Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10000-ə yaxındır ki, onların təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla udilər dinc şəraitdə yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri qarşılıqlı anlaşma mövcud olmuşdur. Prezident İlham Əliyevin göstərdiyi diqqət qayğı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri - Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib.

Ölkəmizdə tatlar, talışlar, kürdlər, malakanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər kimi bir çox etnik qruplar da yaşayır. Onlar özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin elementlərini qoruyub saxlayır.

 

Azərbaycanın multikulturalizm tolerantlıq kimi bəşəri dəyərlərə münasibəti yüksəkdir

 

Azərbaycanın multikulturalizm, tolerantlıq kimi bəşəri dəyərlərə münasibəti beynəlxalq səviyyəli təşəbbüslərdə praktik müstəvidə özünü göstərir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha böyük aktuallıq kəsb etmişdir. Heydər Əliyev Fondunun bütün dinlərə xüsusi diqqət göstərməsi, Luvr muzeyində İslam mədəniyyəti bölməsinin təşkilində, yəhudi uşaqlar üçün təhsil imkanlarının yaradılmasında, Strasburq Fransanın digər regionlarındakı kilsələrin təmirində yaxından iştirakı dünya ictimaiyyətinə Azərbaycanın dəyərli töhfəsi kimi qiymətləndirilir.

Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələrdən olan Romada Müqəddəs Marçellinio Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası xristian dünyasında böyük əks-səda doğurub.

Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin başlıca məqsədi insanların sülh şəraitində yaşamasını təmin etmək üçün tolerantlıq, multikultural dəyərlərin təbliğ edilməsidir. Bu yönümdə atılan addımlar isə nəinki Azərbaycana ölkəmizdəki dini konfessiyalara, bütünlüklə müsəlman aləmi ilə digər inanclar arasında münasibətlərə, eyni zamanda, bütün dünyada gedən proseslərə təsir göstərəcək əhəmiyyətli məsələlərdir.

 

Sülhün, dostluğun, birgəyaşayışın dünyaya ixrac edilməsi

 

Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili 2017- ci ili "İslam həmrəyliyi ilielan etməsi ölkədə əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərin, sülhün, dostluğun, birgə yaşayışın dünyaya ixrac edilməsinə öz mühüm töhfəsini verdi.

Prezidentin islam həmrəyliyinə çağırışı bütün islam dünyasında xalqların ölkələrin iqtisadi, mədəni, elmi əməkdaşlığına, eyni zamanda, islam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik sülh ideyalarının daha da diqqət mərkəzinə çəkilməsinə xidmət etdi. Bu mühüm beynəlxalq tədbirlər bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyir, həm dünyaya tolerantlıq multikulturalizmin mütərəqqi modelini təqdim edir.

Bütün bunlarla yanaşı, hər il Azərbaycanda dini qurumlara dövlət tərəfindən mütəmadi olaraq maliyyə yardımı da göstərilir. Bu il Prezidentin Ehtiyat Fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı Azərbaycan Yeparxiyası dini qurumuna Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat ayrılıb. Həmçinin Avropa yəhudilərinin Bakı dini icmasına, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının hər birinə 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək göstərilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb.

Bəli, dini dözümlülük azərbaycançılığın təməl kodudur...

Tolerantlıq Azərbaycan xalqının əslindədir, kökündədir, genindədir...

Bu müdrik xalq ona düşmənçilik edənlərə qarşı da həmişə tolerant yanaşır. İşğal olunan torpaqlarımızdakı dini ocaqların, məscidlərin, məzarlıqların dağıdılmasına baxmayaraq, bu gün Bakının mərkəzində ermənilərin dini məbədi, məzarlıqları qorunub saxlanılır, onlara qarşı heç bir hörmətsizlik edilmir...

Tolerantlığın bu cür fövqəlbəşər nümunəsinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 16 noyabr.- S.7.