Sumqayıt bu gün Ulu Öndərin
arzuladığı kimi, güllü-çiçəkli,
işıqlı və abad bir şəhərə
çevrilib
Prezident İlham
Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə
iştirak edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də
Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70
illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söylədi.
Prezident İlham Əliyevin nitqi
-Əziz sumqayıtlılar, əziz dostlar.
Mən sizi və bütün sumqayıtlıları, eyni zamanda, bütün Azərbaycan xalqını Sumqayıtın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar, yeni qələbələr arzulayıram.
Bu gün Sumqayıt müasir, böyük sənaye potensialına malik olan, sürətlə inkişaf edən, gündən-günə abadlaşan gözəl şəhərdir. Əldə edilmiş bütün nailiyyətlər münasibətilə sumqayıtlıları təbrik edirəm.
Sumqayıtın qədim tarixi var. Ancaq şəhər kimi Sumqayıt 70 il bundan əvvəl formalaşdı. 1949-cu il noyabrın 22-də Nazirlər Sovetinin qərarı ilə Sumqayıt şəhəri yaradılmış və Sumqayıtın sürətli inkişafı başlamışdır. Sumqayıt sənaye şəhəri kimi formalaşdı, kimyaçılar şəhəri kimi inkişaf etdi. Sumqayıtda bir çox sənaye müəssisələri, yeni iş yerləri yaradılmışdır. Azərbaycanın müxtəlif bölgələrindən Sumqayıta kadrlar gəlməyə başlamışdır. Eyni zamanda, Sovet İttifaqının digər respublikalarından gələnlər Sumqayıtda işlə təmin olunmuşdular.
Ancaq əfsuslar olsun ki, şəhərin yaranmasının birinci mərhələsini əhatə edən dövr ərzində Sumqayıtda ekoloji tarazlığa fikir verilməmişdir, ekoloji tarazlıq pozulmuşdur. Sumqayıt o illərdə Sovet İttifaqında ekoloji cəhətdən ən qeyri-təmiz şəhər kimi fəaliyyət göstərirdi. Əlbəttə ki, bu, insanların sağlamlığına zərər vururdu, ekoloji tarazlıq pozulmuşdur. Ancaq 1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən sonra ekoloji vəziyyətə diqqət yetirməyə başlamışdır. Mən bilirəm ki, Heydər Əliyev Sumqayıtın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün mərkəzi orqanlara dəfələrlə müraciət etmişdir, müvafiq tədbirlər görülmüşdür, təmizləyici qurğular quraşdırılmışdır və 1970-ci illərdə şəhərin ekoloji vəziyyəti yaxşılaşdırılmışdır, ancaq standartlara hələ də tam cavab vermirdi. Ancaq bu gün biz görürük ki, Sumqayıt ekoloji cəhətdən təmiz bir şəhərdir, havası təmizdir, təbiəti çox gözəldir. Əminəm ki, bu istiqamətdə bundan sonra da atılacaq addımlar Sumqayıtı daha da gözəlləşdirəcək.
Heydər Əliyevin fəaliyyəti dövründə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf etdi, burada yeni yaşayış binaları tikildi, sosial obyektlər yaradıldı, parklar, xiyabanlar salındı, ağaclar əkildi və Sumqayıt Sovet İttifaqı müstəvisində mühüm ümumittifaq əhəmiyyətli sənaye şəhəri kimi inkişaf etmişdir. 1982-ci ildə ulu öndər Heydər Əliyev Moskvaya gedəndən sonra Azərbaycanın hər bir yerində olduğu kimi, Sumqayıtda da tənəzzül dövrü başlamışdır. O vaxtkı respublika rəhbərliyi öz məsuliyyətini tam dərk etmirdi, proseslərə nəzarət etmirdi və bunun nəticəsində Azərbaycanda inkişaf demək olar ki, getmirdi, durğunluq dövrü başlamışdı. Heydər Əliyev Siyasi Büronun üzvü və Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini kimi Azərbaycana daim kömək və diqqət göstərirdi, buna baxmayaraq, respublikada işlər tənəzzülə uğrayırdı. Xüsusilə 1985-ci ildən sonra Sovet İttifaqında dırnaqarası yenidənqurma dövrü başlamışdı. Həm Sovet İttifaqında çox mənfi proseslər getməyə başlamışdı, o cümlədən Azərbaycanda. Təsadüfi deyil ki, dırnaqarası yenidənqurma siyasəti başlanandan 6 il sonra Sovet İttifaqı kimi nəhəng dövlət çökdü.
1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi. Bildirməliyəm ki, Sovet İttifaqının süquta uğramasının bir neçə səbəbi var. Onların ən başlıcası odur ki, iqtisadi münasibətlər düzgün qurulmamışdı, planlı iqtisadiyyat özünü doğrultmamışdı. Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi və neftin qiyməti dünya bazarlarında kəskin düşəndən sonra gəlirlər də azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Ona görə əlbəttə ki, iqtisadi amil birinci rol oynayırdı, eyni zamanda, 1985-ci ildən sonra Sovet İttifaqında milli siyasət sahəsində çox kobud səhvlər buraxılmışdır. Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan, o cümlədən milli siyasət idi. Müttəfiq respublikalarda yerli milli kadrların qabağa çəkilməsi adi təcrübə idi. 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Biz yaxşı xatırlayırıq ki, o vaxt xüsusilə müsəlman respublikalarına münasibət çox mənfi idi. Müsəlman respublikalarının rəhbərlərinə qarşı qarayaxma kampaniyaları aparılırdı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilmişdi və elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, vəziyyət kritik həddə çatıb və o respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdır.
Eyni zamanda, separatçılara imkan yaradıldı ki, onlar nəinki öz cəfəng fikirlərini səsləndirsinlər, həm də ictimai rəyə təsir etsinlər. O vaxt biz yaxşı xatırlayırıq ki, erməni millətçiləri, o cümlədən cəllad Balayan, Kaputikyan və digərləri azərbaycanlılara qarşı açıq-aydın etnik ayrı-seçkilik toxumları səpirdilər. Ümumittifaq mətbuatında bu barədə açıq söhbət gedirdi və ümumiyyətlə, Azərbaycana qarşı ədalətsiz münasibət göstərilirdi. Bütün bunlar 1987-ci ildən sonra baş vermişdir. Çünki 1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Azərbaycan hədəf seçildi. O dövrü təhlil edərkən bir daha görürük ki, bütün bu hadisələr erməni millətçilərinin və onların havadarlarının məkrli planının bir hissəsi idi. Baxın, 1985-ci ildən sonra Heydər Əliyev Qorbaçovun yarıtmaz siyasətinə qarşı açıq şəkildə çıxış etmişdi, buna görə ona qarşı kampaniya başlamışdı, həm mərkəzi mətbuat orqanlarında, həm də ki, Azərbaycanda. Burada da milli satqınlar mərkəzə donoslar yazmağa başlamışdılar. 1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar. Onlar belə cəhdlər edirdilər, amma Heydər Əliyev bunun qarşısını layiqincə alırdı. Yəni, plan onu vəzifədən uzaqlaşdırmaq və bu məqsədlə buradakı yerli satqınlar, xainlər vasitəsilə donos göndərmək, erməni millətçiləri tərəfindən məsələ qaldırmaq idi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Beləliklə, iğtişaş törətmək, hansı ki Sumqayıtda baş verdi və ondan sonra məsələ qaldırmaq ki, ermənilər Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşaya bilmirlər. Buna görə də Dağlıq Qarabağ Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməlidir. Bax, plan bundan ibarət idi və əfsuslar olsun ki, bu plan həyata keçdi.
Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir. Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni, tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir. Mən dəfələrlə bunu demişəm, əgər, Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt Dağlıq Qarabağ münaqişəsi baş verməzdi, heç vaxt torpaqlarımız işğal altına düşməzdi.
Ondan sonra bizi yeni, çox ağır sınaq və faciə gözləyirdi – Yanvar faciəsi. Hansı ki, yenə də Qorbaçov öz xalqına qarşı böyük cinayət törədərək dinc əhalini qırdırdı. Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Heç bir rəhbər işçi bu qanlı cinayəti qınamadı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.
O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, onun hətta həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun yaxın tərəfdarı qətlə yetirildi. Ondan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. O vaxtkı rəhbərlik ona burada da yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı.
Bu gün, noyabrın 21-i Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması günüdür. Çünki o vaxt özünü demokrat adlandıran, hakimiyyəti qanunsuz yollarla zəbt etmiş satqın AXC-Müsavat hakimiyyəti imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis qurultayı Bakıda keçirilsin. Vətənpərvər insanlar, Heydər Əliyevi dəstəkləyən insanlar, ziyalılar Naxçıvana gedib soyuq, işıqsız şəraitdə, - hər on dəqiqədən bir işıqlar kəsilirdi, - Yeni Azərbaycan Partiyasını təsis etdilər. Artıq Azərbaycanın yeni dövrü başlamışdır. Məhz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi ucaltdı və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırdı ki, onlar da eyni addımı atsınlar. Onlara hələ bir neçə ay lazım oldu və artıq görəndə ki, Sovet İttifaqı çökür, ondan sonra bunu etdilər.
Biz bu tarixi yaddan çıxarmamalıyıq və gənclər bu tarixi bilməlidirlər. Bugünkü reallıqları düzgün təhlil etmək, bu reallıqlara düzgün qiymət vermək üçün biz bu acı dövrü yaddan çıxarmamalıyıq. Elə etməliyik ki, gənclər də bunu bilsinlər, hesab etməsinlər ki, bugünkü inkişaf, bugünkü tərəqqi göydən düşüb. Bilsinlər ki, biz buna qanımız, canımız bahasına nail olmuşuq. Biz tariximizin ən rüsvayçı səhifələrini də vərəqləməliyik. Ona görə ki, o rüsvayçı dövr təkrarlanmasın.
Bunu deyəndə, əlbəttə ki, mən, ilk növbədə, AXC-Müsavat dövrünü qeyd edirəm. 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş o antimilli dəstə Azərbaycanı uçuruma aparırdı. Azərbaycan əldən gedirdi. Yenicə bərpa edilmiş müstəqillik əldən gedirdi, ölkədə xaos, anarxiya, talançılıq, oğurluq, özbaşınalıq, böhran hökm sürürdü. Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.
Başqa cür ola
da bilməzdi. Çünki baxın, bizi kimlər
idarə edirdi. İndi bu tarix yaddan
çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil
dövrdə yaşayırdı. Baxın,
kimlər idi. Mən bir daha deməliyəm
ki, yaddan çıxmasın, gənclər də bilsin.
Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir
idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri
olmamışdı. Sadəcə,
küçələrdə, orada-burada
çığırıb bağırmaqla gəldi prezident
oldu və ölkəni rüsvay elədi. Görün,
hansı kadrlar seçildi. İndi bunu təsəvvür
etmək çətindir ki, - bağışlayın
sözümə görə, - belə yaramaz adamlar Azərbaycana
rəhbərlik edirdi. Baş nazir, - o da
elmi işçi idi. O da heç bir dissertasiya müdafiə
edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr
deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz
onun dövründə "otkat” sözü bizim lüğətimizə
daxil edildi. Gəldi ki, ölkəni talan eləsin,
onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin,
göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri,
- o da elmi işçi idi. On bir il
aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə
edə bilməmişdi. Rəhmətlik
akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq
istəmirəm. Sadəcə olaraq, bunu
özümə rəva bilmirəm. Uğursuz aspirant,
biliksiz, savadsız adam parlamentin sədri
oldu. Ondan nə gözləmək olardı?
Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını
artırsın, sonra partiya işinə keçsin və
karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger
deyirlər. Onun bütün tarixi
satqınlıq tarixidir. Komsomolçuları
satıb, öz partiya himayədarlarını satıb, ondan
sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz
Elçibəyi satıb. Bunu cəbhəçilər
yaxşı bilirlər. Əbülfəz
Elçibəy xəstələnəndə ən çox
sevinən elə o idi. Mən bunu dəqiq
bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib
öləcəkdir, bu da keçəcəkdir onun yerinə.
İndi son hadisələr də
göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu
paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu
nümayiş etdirsin və ondan sonra bütün millətə
bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər.
Bu, yalandır. Özünə hörmət
edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün
vaxtilə xalq hərəkatı tərəfindən
yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə
çalışır.
Nazirlərə fikir verin,
kimlər idi?
Müdafiə naziri riyaziyyat müəllimi,
savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı
ermənilərə satdı. O, Şuşanı birinci tərk
etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi
saxlayır, arxivlər var, - Şuşa əldən
getsə, başıma güllə vuracağam. Yenə də
meydanlarda sülənir, özünü elə aparır ki,
guya heç kim bilmir, bunun keçmişi
nədir. Bax, belə bir adam Müdafiə
naziri ola bilərdimi? Belə bir adam bizim ərazi
bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm.
Burada yığdıqları pulları Moskvaya
daşıyırdı. Orada özü
üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək.
Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya
məhkum edilmişdi. Şuşanı
satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız
işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.
Ondan sonra Daxili işlər
naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi
gedib canlı efirdə jurnalisti döymüşdü. Sən
bir adi adam kimi əgər kiməsə
qarşı nəsə eləsəydin, tutaq ki, sənə
toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə
toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə
sahibi ola-ola mühafizəçilərlə gəlib,
jurnalisti döyüb və bununla da fərəhlənirdi.
Sən gedib doğma rayonunu müdafiə edərdin.
Doğulduğun Kəlbəcər əldən
gedəndə, işğal altına düşəndə sən
nazir idin. Qaçmısan, siçan kimi
gizlənməyə deşik axtarmısan. O vaxt
Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər
Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki,
qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi.
Ümumiyyətlə, o vaxt orada çevriliş
cəhdi olmuşdu. İndi yenə meydanda
sülənir, elə bilir ki, hamının yadından
çıxıb.
Baş prokuror Gəncədə
girov götürülmüşdü, Prezidentə həbs əmri
vermişdi. Bu da Baş prokuror. Xarici
İşlər naziri. Heç bir xarici dildə
danışa bilməyən, hətta Azərbaycan dilində nə
dediyini heç kim başa düşmürdü.
Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti.
Ona görə biz bu faciəvi vəziyyətlə
üzləşmişdik. Əgər Heydər
Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana
gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə
gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər.
Beləliklə, bizim müstəqilliyimiz XX əsrin
əvvəllərində olduğu kimi yenə də
yarımçıq qalacaqdı.
Heydər Əliyevin hakimiyyətə
gəlməsi, əlbəttə ki, tarixi hadisədir. Bu gün biz
onun yolu ilə gedirik. Onun
yürütdüyü siyasət bu gün yaşayır, zənginləşir.
Əlbəttə, həyat yerində durmur.
Qarşımızda yeni
çağırışlar, yeni vəzifələr durur və
biz bu vəzifələri icra edirik. Çünki
bu gün Azərbaycanın uğurlu inkişafı aparılan
islahatlarla sıx bağlıdır. Ulu
Öndərin Sumqayıt şəhərinə də həmişə
çox isti münasibəti olmuşdur. Həm
sovet vaxtında, həm də müstəqillik dövründə
dəfələrlə Sumqayıtda olmuşdur. Mən də bu siyasəti davam etdirirəm. Mənim
Sumqayıta bugünkü səfərim 15 il
ərzində sayca 24-cü səfərdir. Yəni,
bu, özlüyündə göstərir ki, Sumqayıta daim
diqqət, qayğı göstərilir.
Əlbəttə ki,
Sumqayıtın problemlərinin həlli istiqamətində
böyük işlər görülüb. İlk
növbədə, infrastruktur müasirləşdirilməli
idi. Bu məqsədlə hələ 2005-ci
ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə
verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə
çatıbdır. İçməli su
problemi həllini tapıbdır. Şəhərdaxili
yollar yenidən tikilir, abadlaşdırılır, təmir
olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol
genişləndirilsin. Çünki artan nəqliyyat
sıxlıq, tıxac yaradır. Biz bunu da
həll edəcəyik. Bakı-Sumqayıt qatarı
artıq fəaliyyət göstərir. Özü
də dünyanın ən qabaqcıl şirkətinin
istehsalı olan ikimərtəbəli, çox rahat
"Stadler” vaqonlarıdır. Verilmiş
kredit hesabına şəhər nəqliyyatı
üçün müasir avtobuslar gətirildi. Yəni, bütün bu işlər planlı şəkildə
həyata keçirilir.
Şəhərin kommunal təsərrüfatı
yenilənir.
Lift təsərrüfatının təqribən 80 faizi yenilənib.
Sumqayıtda 1300-dən çox hündürmərtəbəli
binanın təxminən mininin artıq dam örtüyü
vurulubdur və qalan binaların da dam örtükləri
vurulacaq.
"ASAN xidmət” mərkəzi
yaradılmışdır. İndi göstəriş
vermişəm ki, ikinci "ASAN xidmət” yaradılsın.
Çünki tələbat artır və bəzən
növbələr yaranır. Biz buna imkan
verə bilmərik.
Sosial infrastruktur yenilənir. Məcburi
köçkünlər üçün yeni şəhərciklər,
evlər tikilir. Bu il 1800 ailə
artıq yerləşibdir. Gələn il
minimum 3 min köçkün ailəsi yeni evlərə
köçəcək. Köçkünlər
üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin
ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə
yataqxanalarda, bağçalarda və s. yerlərdə
yaşayan köçkünlər yaxşı evlərə
köçürülsünlər. Biz bunu da edəcəyik.
Məktəb tikintisi gedir. 1 saylı xəstəxana
mənim göstərişimlə artıq 5-6 ildir ki, təmirdən
çıxıb. İndi 2 saylı xəstəxananın
təmiri və əslində yenidən tikilməsi
üçün vəsait ayrıldı. Biz
bunu da edəcəyik.
Sumqayıt, əlbəttə,
sənaye şəhəri kimi inkişaf edir. Ancaq
bugünkü sənaye bugünkü
çağırışlara cavab verir. Köhnədən
qalan sənaye müəssisələrinin demək olar ki,
hamısı artıq fəaliyyətini dayandırıb.
O ərazidə - yüz hektarla ölçülən ərazilərdə
sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar
Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt
Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında
isə 13 zavod fəaliyyət göstərir və əlavə
7 zavod yəqin ki, gələn il fəaliyyətə
başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında
20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir.
Onların arasında dövlət xətti ilə
tikilmiş "SOCAR Polymer”, karbamid və digər zavodlar var.
Özəl sektor da çox böyük maraq göstərir.
Ona görə Sumqayıt bu gün müasir sənaye
şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir.
Sumqayıt müəssisələrində ildə
təqribən 2 milyard manatlığa yaxın məhsul
istehsal olunur. Ona görə Sumqayıt
bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf
edəcək.
Parklar abadlaşır, yeni
parklar, bağlar salınır. Əlbəttə ki,
onların arasında Sumqayıt bulvarını xüsusilə
qeyd etmək istərdim. Mən bu bulvarın
açılışı ilə əlaqədar
keçirilmiş tədbirdə demişəm və bir daha
demək istəyirəm ki, bu, möcüzədir, cəmi 11
ay ərzində 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə
edən gözəl bulvar salınmışdır. Sumqayıt bulvarının salınması mənim
çoxdankı arzum idi. Mən əvvəlki
dövrlərdə də dəfələrlə şəhər
rəhbərliyinə belə göstəriş vermişdim.
Ancaq Zakir Fərəcovu mən vəzifəyə
təyin edəndən sonra bu məsələ də həll
olundu. Çox şadam ki, bu gün
Sumqayıt bulvarı vətəndaşlar üçün
yeni, gözəl bir istirahət zonasıdır. Orada ictimai obyektlər var, indi orada Muğam Mərkəzi
yaradılıb, digər ictimai obyektlər şəhərə
yeni gözəllik verir. Onsuz da
Sumqayıtın kifayət qədər istirahət zonaları
vardır. Parkların hamısı
abadlaşdırılıb. Amma bulvar, əlbəttə
ki, ayrı bir məsələdir. Uzunluğu
əvvəlki Bakı bulvarından təxminən 2 dəfə
böyükdür. Çünki əvvəlki
ənənəvi Bakı bulvarının uzunluğu 3 kilometr
idi, indi 16 kilometrdir. Əlbəttə, mən
demək istəmirəm ki, burada da 16 kilometr uzunluğunda
bulvar tikilsin. Amma hər halda əgər
imkan olacaqsa, biz gələcəkdə bulvarı genişləndirməliyik.
Yəni, bütün sahələr
üzrə inkişaf var, inkişaf gedir. Bu Dram
Teatrının, "Kimyaçı” sarayının
binalarının əsaslı təmiri də bunun təzahürüdür.
Bu Dram Teatrında Ulu Öndər
Sumqayıtın yubileyini qeyd etmişdir. Yəni,
bu teatrın böyük tarixi vardır. Bu
gün burada bizim görüşməyimiz həm rəmzi
xarakter daşıyır, həm də təbiidir. Bu, tarixi həqiqəti təsdiqləyir. Bu binada Ulu Öndərin ruhu var. O, Sumqayıtı
gözəl, müasir, havası təmiz, insanlar
üçün rahat şəhər kimi görmək istəyirdi.
O siyasi vəsiyyətində demişdi, bir çox işlər
görülüb, amma görə bilmədiyimiz işləri
bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu.
Əziz dostlar, bu bayram
münasibətilə sizi bir daha təbrik edirəm, yeni
uğurlar, qələbələr arzulayıram. Sağ olun.
***
Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı
Zakir FƏRƏCOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli qonaqlar.
İcazə verin, sumqayıtlılar
adından Sizi ulu öndərimiz Heydər Əliyevin
"kiçik bir Azərbaycan” adlandırdığı
gözəl Sumqayıtda salamlayaq və şəhərimizə
"Xoş gəlmisiniz” deyək.
Ulu Öndərimiz Sumqayıta, onun zəhmətkeş
insanlarına xüsusi qayğı ilə yanaşırdı,
şəhərimizin inkişafına çox böyük diqqət
yetirirdi. Böyük tarixi şəxsiyyət
Heydər Əliyev şəhərimizə 16 dəfə səfər
etmişdi. Sumqayıtın müasir bir
şəhər kimi formalaşması, inkişafı məhz
Ulu Öndərin adı ilə bağlıdır. Biz
sevinirik ki, Ulu Öndərimizin şəhərimizə olan bu
münasibəti bu gün Sizin tərəfinizdən
də uğurla davam etdirilir. Sizin hər gəlişiniz
sumqayıtlılar üçün böyük bayrama
çevrilir, şəhərimizin inkişafında yeni mərhələ
açır.
Cənab Prezident, Azərbaycana rəhbərlik
etdiyiniz illər ərzində ictimai-siyasi həyatın
bütün sahələrində böyük uğurlar əldə
olundu, xalq və dövlət üçün taleyüklü
layihələr həyata keçirildi. Azərbaycanın
iqtisadi potensialı gücləndi, əhalinin həyat səviyyəsi
əhəmiyyətli dərəcədə yüksəldi.
Odur ki, Azərbaycan iqtisadi inkişaf sürətinə
görə son illərdə dünyanın qabaqcıl dövlətləri
sırasında şərəflə addımlayır.
Sizin həyata
keçirdiyiniz siyasət nəticəsində Azərbaycanın
regionun lider dövlətinə, söz sahibinə çevrilməsi,
beynəlxalq birlikdəki yerini daha da möhkəmləndirməsi
dünya miqyasında qəbul edilən reallıqdır. Bu
reallığı təsdiqləyən bir çox amilləri
sadalamaq mümkündür. Bu sırada Sizin
ideyanızla və iştirakınızla Bakıda keçirilən
beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan
dövlətinin dünyada artan nüfuzunu təsdiq edən
mühüm faktorlardır. Azərbaycan müxtəlif
xarakterli - siyasi, iqtisadi, idman, səhiyyə və sair tədbirlərin
keçirildiyi məkana çevrilib. Ölkəmizin
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoq mərkəzlərindən biri olmasını artıq
bütün dünya qəbul edir və bunlar dövlətimizin
artan nüfuzundan xəbər verir.
Cənab Prezident, bu gün müstəqil
Azərbaycan dövlətinin öz dəstxəti, dövlətçilik
siması, inkişaf yolu var. Bu, Sizin milli maraqlara əsaslanan
siyasətiniz, iqtisadi inkişaf və demokratikləşdirmə,
hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində
ardıcıl və məqsədyönlü fəaliyyətinizin
nəticəsidir.
Azərbaycanın beynəlxalq
imicinin yüksəlişinə təkan verən amillərdən
biri ölkəmizin iqtisadi cəhətdən dinamik
inkişafıdır. Həyata keçirilən dövlət proqramları
bütün bölgələrin inkişafına nail olmaqla əhalinin
məşğulluğunun təmin edilməsinə, abadlıq
və quruculuq işlərinin aparılmasına, infrastrukturun
yenidən qurulmasına yol açıb. Son illər
ərzində ölkəmizdə baş vermiş inkişaf və
tərəqqi, sözün həqiqi mənasında, qürur
hissi doğurur.
Cənab Prezident, müstəqil Azərbaycanımızın
bütün bölgələri kimi, Sumqayıt şəhəri
də dinamik inkişaf dövrünü yaşayır. Sizin rəhbərliyiniz, yüksək diqqət və
qayğınız nəticəsində həyata keçirilən
bu abadlıq, quruculuq və tikinti işləri
sumqayıtlılara xoş ovqat və sakit həyat tərzi bəxş
edib. Birbaşa rəhbərliyiniz, yüksək
diqqət və qayğınız nəticəsində həyata
keçirilən genişmiqyaslı uğurlu layihələr
şəhərimizin simasını tamamilə dəyişib.
Məlumdur ki, hər bir
işin icrası zamanı, ilk növbədə, dəqiq hədəflərin,
aydın tezislərin müəyyən edilməsi tələb
olunur. Bu baxımdan, Sumqayıtda görülən işlər
xaotik xarakter daşımır, Sizin tövsiyələrinizi əsas
tutaraq, sistemli, planlı və müasir şəhərsalma
prinsiplərinə uyğun olaraq, vahid yanaşmaya əsaslanan
proqram çərçivəsində və konseptual şəkildə
aparılır.
Möhtərəm cənab
Prezident, Sizin qeyri-neft sektorunun inkişafı istiqamətində
verdiyiniz tapşırıqlara uyğun olaraq görülən
işlər ölkəmizin hər yerində olduğu kimi,
Sumqayıt şəhərində də öz bəhrəsini
verməkdədir. Şəhərin inkişafı ilə əlaqədar
nəzərdə tutulmuş tədbirlər mərhələ-mərhələ
uğurla icra edilir. Bu prosesin əsasını Sizin verdiyiniz dəyərli tövsiyə və
tapşırıqlar təşkil edir. Siz
Sumqayıtdakı vəziyyətlə yaxından
tanışsınız, ətraflı məlumata maliksiniz.
Fürsətdən istifadə edib diqqətinizə
çatdırmaq istərdim ki, Sizin son illərdə
şəhərimizə səfərləriniz zamanı
açılışını etdiyiniz "SOCAR Polymer”,
polipropilen və yüksək sıxlıqlı polietilen,
Karbamid zavodları və digər müəssisələr
hesabına minlərlə yeni iş yerləri yaradılıb.
Hazırda Kimya Sənaye Parkında
şüşə, yunəyirici və boyaq fabrikinin tikintisi
başa çatmaq üzrədir. Artıq əminliklə
deyə bilərik ki, Sumqayıt Cənubi Qafqazın ikinci
böyük sənaye mərkəzinə çevrilib.
Son illərdə şəhərimizin iqtisadiyyatı sürətlə
inkişaf etmiş, aparıcı sahələrdə müsbət
irəliləyişlər təmin olunmuş, yeni istehsal sahəsinin
yaradılması nəticəsində ümumi daxili məhsul
istehsalının həcmi 2,5 dəfə,
sənaye məhsulu istehsalı isə 3 dəfə
artmışdır.
2011-ci il avqustun
7-də Siz Sumqayıt şəhərində səfərdə
olarkən, burada müasir bulvar kompleksinin yaradılmalı
olduğunu vurğulamışdınız. Qeyd etmək istərdim
ki, hələ 45 il əvvəl 1974-cü ildə, Ulu Öndər
şəhərin 25 illik yubiley tədbirində bu səhnədə
çıxış edərkən Sumqayıtda dəniz kənarında
böyük park və bulvarın yaradılması fikrini irəli
sürmüşdü. Cənab Prezident, 45 ildən sonra bu park
və bulvarın yaradılması Sizin
tapşırığınızla reallaşdı. Qısa
müddət ərzində ümumi sahəsi 106 hektar,
uzunluğu 4,2 kilometr olan ərazidə
möhtəşəm bulvar yaradıldı. Burada
şəhər sakinlərinin piyada gəzintisi, avtomobil yolu,
istirahət obyektləri, uşaqlar üçün əyləncə
mərkəzi, idman infrastrukturu quruldu, fərqli
ölçülərdə və bir-birini təkrarlamayan
yaşıl parklar salındı. Son günlərdə
isə Sizin xeyir-duanızla Sumqayıt
bulvarı, əlavə olaraq, daha 40 hektar genişləndirildi
və bir kilometr uzadıldı.
Şəhərimizdə 60-dan
çox küçə əsaslı təmir olunmuş, 10
mikrorayon, 17 məhəllədaxili ərazilərə, Hacı
Zeynalabdin, Corat qəsəbələrinə, Sumqayıt
Stansiyası, Ceyranbatan, Novxanı və Corat bağları
yaşayış massivlərinə yeni asfalt döşənmişdir.
Cənab Prezident, məlumat
üçün bildirmək istəyirəm ki, şəhərin
mərkəzi küçələrində asfalt
salınmamış yerlər qalmamışdır.
Ümumilikdə şəhər ərazisinə 3,5 milyon kvadratmetr yeni asfalt döşənmişdir.
Uzun illər şəhərdə
həlli vacib olan məsələlərdən biri - dam
örtüklərinin yenidən qurulması mərhələli
şəkildə həll olunur. Sizin
tapşırığınız əsasında şəhərimizdə
1361 yaşayış binasından 950-sinin dam örtüyü
dəyişilmiş, 250 binanın fasadı isə yenidən
qurularaq təmir olunmuşdur. Şəhərdə
mövcud 594 liftdən istismar müddətini ötmüş
400-dən çox lift yenisi ilə əvəz edilmişdir.
Yaşayış fonduna daxil
olan binaların 800-nün zirzəmisi çirkab sularından təmizlənmiş,
kommunikasiya xətləri dəyişdirilmiş, dezinfeksiya
edilmiş, yaşayış binalarında 3200 giriş və
pilləkən qəfəsləri təmir olunmuşdur. 70 nümunəvi
məhəllə yaradılmış, şəhər ərazisində
500 mindən çox ağac, milyondan artıq gül və
kollar əkilmişdir. Küçə
işıqlandırılması şəhərin 80 faizini əhatə
edir. Bu sahədə görüləcək
işlər hələ çoxdur.
Mövcud uşaq
bağçalarından 48-də təmir işləri
aparılmış, dam örtükləri yenilənmiş,
istilik sistemi bərpa olunmuşdur. Məktəblərdə
əsaslı və cari təmir işləri
aparılmış, istilik sistemi bərpa edilmişdir. 9 nömrəli tam orta məktəb binasının
tikintisi başa çatmaq üzrədir. Məktəblərdə
şagird sıxlığı olduğundan yeni məktəbin
və 8 məktəbdə əlavə tədris korpusunun
tikintisinə ehtiyac var.
Səhiyyə
ocaqlarının 11-i əsaslı və 3-ü cari təmir
olunmuşdur.
Sizin Sərəncamınızla
ayrılmış vəsait hesabına 2 saylı Şəhər
Xəstəxanası sökülərək yerində yeni
müasir xəstəxananın tikintisi ilə əlaqədar
müvafiq işlər aparılır. Şəhərin
ən böyük ekoloji problemlərindən biri olan Acıdərə
kanalının boruya alınması işləri davam etdirilir.
Kanalın 1600 poqonmetr hissəsi artıq boruya
alınmışdır.
Cənab Prezident, Sizin yaxından
köməyiniz və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın aidiyyəti qurumların rəhbərlərinə
qaçqın və məcburi köçkünlərin mənzil
şəraitinin yaxşılaşdırılması məqsədilə
verdiyi tapşırığa uyğun olaraq, 2005 məcburi
köçkün ailəsi yeni tikilən
evlərə köçürülmüşdür. Bu işlər davam etdirilir. Şəhər
icra hakimiyyəti tərəfindən məcburi
köçkünlərə mənzil tikintisi
üçün Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə 30 hektar torpaq sahəsi
ayrılmışdır.
Möhtərəm cənab Prezident,
Sizin tapşırığınıza əsasən, şəhərdəki
şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə
bu il 125 mənzil verilmişdir. Əsası 1968-ci ildə qoyulan Sumqayıt Dövlət
Dram Teatrı uzun illər idi təmir olunmurdu. Minnətdarlıq
hissi ilə bildirirəm ki, Sizin
tapşırığınızla teatrın binası yüksək
zövqlə əsaslı təmir və rekonstruksiya olunaraq
yenidən quruldu, binanın bütün xidməti, dekorasiya və
qrim otaqları estetik üslubda yaradıldı, bədii və
texniki cəhətdən yüksək səviyyədə
tamaşalar təqdim etmək üçün müasir
avadanlıqlarla və işıqlandırma sistemi ilə təchiz
olundu.
Şəhərimizin mədəni
həyatını canlandıracaq davamlı infrastruktur layihələri
də həyata keçirilib. Ümummilli Liderimizin
adını daşıyan parkda möhtəşəm Heydər
Əliyev Mərkəzi tikilərək istifadəyə verilib.
Bu mərkəzdə 420 nəfərlik akt
zalı, gənclər üçün müzakirə və
diskussiya otaqları, nikah mərasimi zalı, elektron kitabxana hər
gün insanlarımızın üz tutduğu müqəddəs
bir məkana çevrilib. Müasir tipli
Uşaq İncəsənət və şahmat məktəbləri
qısa müddətə tikilib istifadəyə verilmişdir.
Son dövrlərdə Yeni Azərbaycan
Partiyasının şəhər təşkilatı
üçün yeni bina, Bayraq Muzeyi inşa olunmuşdur.
Sizin tapşırığınızla əsaslı
təmir olunan Kimyaçılar Mədəniyyət sarayı
şəhərimizin ictimai-siyasi və mədəni həyatında
mühüm rol oynayır. Bir qədər sonra Sizin xeyir-duanızla açılacaq Muğam mərkəzini,
Nizami kinoteatrını da bu sıraya aid etmək olar.
Şəhər ərazisində
sərnişinlərin rahatlığının təmin
olunması məqsədilə Türkiyə istehsalı olan
206 avtobus kreditlə alınaraq xətlərə
buraxılmışdır. Planlı şəkildə
salınan yeni parklar, xiyabanlar, asfalt yollar, gözəlləşən
prospektlər, bütövlükdə abadlaşan məhəllədaxili
yollar, tikilən sosial obyektlər, əlbəttə, Sizin
böyük iradənizin, dövlətçilik qətiyyətinizin
sayəsində meydana gəlib. Bütün
bunlar Sumqayıtda aparılan abadlıq və quruculuq salnaməsinin
bir hissəsinə çevrilib.
Cənab Prezident,
görülmüş işlər şəhər sakinlərində
dövlətimizin iqtisadi qüdrətinə, siyasi
gücünə, iradəsinə inamı daha da artırır.
Ən əsası odur ki, şəhərimizin
sakinləri arasında sağlam mənəvi-psixoloji iqlim
yaranıb. Şəhər sakinləri Sizin daxili və
xarici siyasətinizi bəyənir, ürəkdən dəstəkləyir
və həmişə Sizin
yanınızdadırlar.
Fəxrlə demək olar ki,
bugünkü Azərbaycan Ümummilli Liderimizin arzu etdiyi Azərbaycandır
və Sumqayıt şəhəri də bu gün Ulu Öndərin
arzuladığı kimi, güllü – çiçəkli,
işıqlı və abad bir şəhərə
çevrilib.
Sumqayıt - müstəqilliyimizin
canlı simasıdır. Ötən illər onun tarixinə
neçə-neçə gözəl anlar yazıb. İnsan zəkasının, əməyinin və
birliyinin vəhdəti olan Sumqayıt islahatların nümunə
göstərildiyi məkandır. Doğma
şəhərimizə, onun inkişafına hər birimiz
öz töhfəmizi verməli, nümunə göstərməliyik.
Əminliklə bildirmək istərdim ki, illər
ötəcək, xariqələr şəhəri Sumqayıt
həmişə dövlət başçısına verdiyi
sözə sahib çıxacaq. Çünki
sumqayıtlılar etimadı doğrultmağa
çalışan zəhmətkeş insanlardır. Onların həyat amalı Heydər Əliyevin bizə
miras qoyduğu ideyalara sədaqət, Sizin diqqət və
qayğınıza məsuliyyətlə
yanaşmağımız, uğurlu işimizlə cavab verməkdir.
Sevinirik ki, indi
Sumqayıtın gündüzü də, gecəsi də
birdir, al-əlvandır, könül oxşayır,
insanlarımız sağlam ruhla, rahat şəkildə işləyir
və istirahət edirlər. Artıq Sumqayıtda
sağlam mühit, sağlam atmosfer formalaşmış və
mehriban bir Sumqayıt ailəsi yaranmışdır.
Cənab Prezident, yeri gəlmişkən,
icazə verin, Sumqayıtın şəhər statusu
almasının 70 illiyi münasibətilə
sumqayıtlıları səmimi qəlbdən təbrik edim.
Fərəh duyuruq ki, bu gün Sizin sayənizdə Azərbaycanın adı
dünya kürsülərindən çox ucadan səslənir.
Bu gün Azərbaycan dünyanın nadir ölkələrindəndir
ki, özü öz gələcəyini müəyyən
edir, müstəqil və sabit siyasət yeridir. Bu, tarixi bir həqiqətdir. Biz
bununla qürur duyuruq. İnanırıq ki, gələcəkdə
də Sizin rəhbərliyiniz altında
ölkəmiz yeni-yeni zirvələr fəth edəcək.
Möhtərəm cənab
Prezident, Sizin dünənki Sərəncamınızla 66 nəfər
sumqayıtlı fəxri adlar və medallarla təltif olunub. Bu, Sizin
Sumqayıta və sumqayıtlılara göstərdiyiniz
böyük diqqət və qayğınızın daha bir
bariz nümunəsidir. Təltif olunanlar
adından bu diqqət və qayğıya görə
bütün sumqayıtlıların Sizə dərin minnətdarlığını
bildirirəm. Siz artıq Sumqayıta
24-cü dəfədir səfər edirsiniz. Sizin hər səfəriniz Sumqayıtın tarixinə
yeni səhifələr açır.
Cənab Prezident, Sizi
sumqayıtlılar adından əmin edirəm ki, bu gündən
sonra da Sizin tapşırıq və
tövsiyələrinizin layiqincə yerinə yetirilməsi
üçün əzmlə çalışacağıq.
Sizi şəhərimizin 70
illik yubileyinə həsr olunmuş tədbirdə görməyə
çox şadıq. Sizə Sumqayıtın çoxminli əhalisinin
dərin hörmət və ehtiramını, şəhərimizin
inkişafına, çiçəklənməsinə
göstərdiyiniz diqqətə, qayğıya görə
minnətdarlığını çatdırıram.
Tanrı Sizi qorusun.
***
"Şöhrət” ordenli Əməkdar
müəllim Ofeliya BABAYEVA dedi:
-Hörmətli cənab Prezident.
Sizi bu möhtəşəm
salonda salamlamaqdan böyük qürur və fəxarət
hissi keçirirəm. Mən bu salonda dəfələrlə
çıxış etmişəm. Ancaq
ilk çıxışımı hər dəfə həyəcanla
xatırlayıram. 1974-cü il -
Sumqayıtın şəhər statusu almasının 25
illiyi.
Rəyasət heyətində
ulu öndərimiz, Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi, bütün ölkənin sevimlisi
Heydər Əlirza oğlu Əliyev əyləşmişdi. Düz 45 il
əvvəl mənə - 26 yaşlı gənc müəllimə
və şairə Sumqayıt ziyalıları adından
çıxış etmək səadəti nəsib
olmuşdur. Çıxışım Ulu Öndərin, o
böyük insanın xoşuna gəldi. "Afərin!” dedi. Mən isə çıxışımı o zaman
yazdığım misralarla bitirdim.
-Mən qızınam Azərbaycan,
Arzularım çiçək,
çiçək.
Bilirəm ki, qayğın ilə
Bu arzular göyərəcək.
Bəli, cənab Prezident, taleyimə
çox-çox minnətdaram ki, düz 45 il sonra Ulu Öndərin
layiqli davamçısının, bu gözəl ölkənin
Prezidentinin qarşısında da çıxış edirəm.
Xatirələr heç zaman unudulmur, yaddan
çıxmır.
Ulu Öndərin xeyir-duasını
aldığım o gündən bu ana kimi hər cür
qayğı və diqqəti hiss etmişəm. Sonralar
Azərbaycan Yazıçılar Birliyinin üzvü, uzun illər
bu şəhərin məktəblərində direktor, Təhsil
şöbəsinin müdiri, şəhər sovetinin
deputatı, mədəniyyət komissiyasının sədri
olduğum zamanlarda da o böyük İnsanın
qayğısı və tövsiyələri mənim uğur
yoluma işıq saçıb. Bu gün
Azərbaycan bütün dünyada özünün
uğurları ilə diqqəti cəlb edir. Bu günlərdə
gözəl paytaxtımız Bakıda keçirilən
Qoşulmama Hərəkatının Zirvə
Görüşündə 160-a yaxın ölkənin və
beynəlxalq təşkilatın nümayəndələrinin
iştirak etməsi, Sizin rəhbərliyinizlə Azərbaycanımızın
3 il bu hərəkata sədrliyi, Dünya dini liderlərinin II
Sammitində dərin məzmunlu nitqiniz, il ərzində
ölkə əhalisinin rifahının yüksəlməsinə
yönəldilmiş sərəncamlarınız hər kəsdə
minnətdarlıq hissi doğurur.
Dahi Azərbaycan şairi
İmadəddin Nəsiminin, görkəmli ədiblərimiz Cəfər
Cabbarlının, Cəlil Məmmədquluzadənin,
İsmayıl Şıxlının yubileyləri ilə
bağlı sərəncamlarınız ədəbi irsə
yüksək hörmətinizdən irəli gəlir. Bir neçə
kəlmə ilə Sumqayıtın şəhər statusu
almasının 70 illiyi günlərində təhsilimizin
uğurları haqqında danışmaq istəyirəm.
Sizin göstərişinizlə şəhərimizdə
52 məktəb, 58 uşaq bağçası, idman
məktəbləri təmir edilib və müasir tələblərə
cavab verir. Qəzalı vəziyyətdə olan 9 saylı orta
məktəb üçün yeni binanın tikilməsi, orada
təhsil alan yüzlərlə
şagirdin, onların valideynlərinin, pedaqoji kollektivin hədsiz
sevincinə səbəb olub. Pedaqoji kollektivlər,
şagirdlər, valideynlər də bu qayğınıza əməli
işlə cavab verirlər. Neçə illərdir ki,
Sumqayıt təhsili ali məktəblərə
qəbula görə ilk üçlükdədir.
Yüksək balla ali
məktəblərə daxil olan məzunlarımızın hər
il ən azı 8-10 nəfəri Prezident təqaüdünə
layiq görülür. Bütün bunlara görə mən
Sizə sonsuz minnətdarlığımı bildirirəm, əziz
Prezident! Son illər Sumqayıtın bu inkişafı Sizin şəhərimizə olan böyük
diqqətinizin bəhrəsidir. Mənim sadə əməyimə
yüksək qiymət verdiyinizə görə minnətdarlığımı
bildirirəm. Müstəqil Azərbaycanın yüksək
dövlət mükafatları olan "Tərəqqi”
medalını, "Şöhrət” ordenini, "Əməkdar
müəllim” fəxri adını Sizin sərəncamlarınızla
almağım ömrümün ən xoş
yaşantılarıdır.
Ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə,
mədəniyyətinə, milli-mənəvi dəyərlərimizin
qorunmasına və təbliğinə göstərdiyi
qayğıya görə minnətdarlığımızı
ona çatdırmağı xahiş edirəm.
Allah Azərbaycanımızı,
Sizi, xeyirxah ailənizi qorusun!
***
"Sumqayıt Kimya Sənaye
Parkı” MMC-nin direktoru Nazim
TALIBOV dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli tədbir
iştirakçıları.
Ölkəmizin son illərdə
iqtisadi inkişaf sahəsində qazandığı
böyük nailiyyətlər heç şübhəsiz ki,
ümummilli lider Heydər Əliyev tərəfindən
formalaşdırılmış möhkəm təmələ
əsaslanır. Müasir Azərbaycan dövlətinin
banisi ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik
istedadı, gərgin əməyi nəticəsində əldə
olunmuş nailiyyətlər sonrakı illərdə ölkə
iqtisadiyyatının davamlı inkişafı
üçün möhkəm zəmin yaratmışdır.
Hələ ötən əsrin
70-ci illərinin ortalarından başlayaraq Sumqayıtda kimya sənayesinin
yenidən qurulması, yeni istehsal müəssisələrinin
yaradılması sahəsində xeyli işlər
görülmüşdür.
Həyata keçirilmiş
genişmiqyaslı işlərin, qısa müddətdə
reallığa çevrilmiş layihə və ideyaların nəticəsi
idi ki, artıq ötən əsrin 70-80-ci illərində
Sumqayıt öz iqtisadi potensialına görə
keçmiş Sovet İttifaqında güclü sənaye
şəhəri kimi daha geniş tanınmağa
başlamışdır. Sumqayıtda istehsal
olunan məhsullar SSRİ-nin və xarici ölkələrin
100-dən artıq şəhərinə ixrac olunurdu. Həmin dövrlərdə Sovetlər Birliyində
istehsal olunan kimya məhsullarının təqribən 40 faizi
Sumqayıt şəhərində fəaliyyət göstərən
müəssisələrin payına düşürdü.
Təsadüfi deyil ki,
Sumqayıtın sənaye sahəsində keçmiş
şöhrətini qaytarmaq məqsədilə, möhtərəm
cənab Prezident, Sizin tərəfinizdən 2011-ci ildə
ölkəmizdə ilk sənaye parkı məhz şəhərimizdə
yaradılmışdır.
Ötən müddət ərzində
bu parkda fəaliyyət göstərən rezidentlərin biznes
fəaliyyətinin dəstəklənməsi, o cümlədən
investisiya xərclərinin azaldılması üçün
dövlət tərəfindən sənaye parkının
infrastrukturunun yaradılması ilə bağlı zəruri tədbirlər
həyata keçirilmiş, sənaye parkının rezidentlərinə
7 il müddətinə vergi və
gömrük güzəştləri müəyyən
edilmişdir.
Cənab Prezident, Sizin Sumqayıt Kimya
Sənaye Parkına göstərdiyiniz yüksək diqqət və
dövlət tərəfindən görülən kompleks təşviqedici
tədbirlər sənaye parkına yerli və xarici
investorların marağını getdikcə artırır. Siz
gərgin iş qrafikinizə baxmayaraq, vaxt tapıb ötən
dövrdə Sumqayıt Kimya Sənaye Parkına 6 dəfə
səfər etmiş, 5 sənaye müəssisəsinin təməlqoyma,
12 sənaye müəssisəsinin isə
açılış mərasimlərində iştirak
etmisiniz.
Hazırda Sumqayıt Kimya Sənaye
Parkında investisiyalarının həcmi 3 milyard dollar olan 20
rezident qeydiyyata alınıb. Sənaye
Parkının təməlinin Sizin iştirakınızla
2013-cü ildə qoyulmasına baxmayaraq, artıq burada 13
müəssisə istehsal fəaliyyəti ilə məşğuldur
və parkda 5 mindən artıq insan daimi işlə təmin
edilib. Bunların əksəriyyəti
Sumqayıt şəhərinin və ətraf ərazilərin
sakinləridir.
Möhtərəm cənab
Prezident, bu gün təkcə Sumqayıt Kimya Sənaye
Parkının nümunəsində deyil, Sizin fərman və
sərəncamlarınıza uyğun olaraq
yaradılmış təkrar emal, gəmiqayırma,
yüngül sənaye və əczaçılıq sahələrində
ixtisaslaşmış digər sənaye parklarının da
müsbət səmərəsini görə bilərik.
İlk növbədə, sənaye
parklarının iqtisadi inkişafda və sənayedə əsas
əhəmiyyətli rolu heç şübhəsiz ki,
idxalın əvəz edilməsi və yeni ixrac
imkanlarının yaradılmasıdır. Azot gübrəsi,
polimerlər, şpris, ferroərintilər, tütün məmulatları,
aqrokimyəvi məhsullar və ölkəmiz üçün
ənənəvi olmayan bu kimi onlarla yeni məhsulun
istehsalı sənaye parklarında həyata keçirilənədək,
həmin məhsullar demək olar ki, 100 faiz həcmdə idxal
olunurdu. Bu məhsullar üzrə idxalın əvəzlənməsi,
eləcə də həmin məhsulların daha çox ixraca
hesablanması və nəticədə ölkəmiz
üçün yeni ixrac imkanlarının yaranması nəinki
ölkədən valyuta çıxarılmasının
qarşısını alır, əksinə, ölkəyə
əlavə valyuta gəlməsinə zəmin yaradır ki, bu
da nəticədə iqtisadiyyatın vacib amillərindən
biri kimi milli valyutanın möhkəmlənməsinə
öz töhfəsini verir.
Eyni zamanda, sənaye
parklarının iqtisadiyyatda digər vacib rolu ölkəyə
yeni texnologiyaların gətirilməsidir. Bu gün sənaye
parklarında dəyəri 100 milyonlarla dollar olan zavodlarda
dünyanın ən qabaqcıl texnologiyalarından istifadə
edilir. Bu texnoloji yeniliklərin tətbiqi
bizə rəqabətqabiliyyətli məhsul istehsal etməyə
imkan verməklə yanaşı, həm də sosial səmərə
yaratmaqla insan resurslarının inkişaf etdirilməsində,
bilikli kadrların cəlb olunmasında, eləcə də
mövcud kadr potensialının artırılmasında
mühüm əhəmiyyətə malikdir.
Digər əhəmiyyətli
məsələ sənaye parklarının ölkənin
xammal ixracatçısından hazır məhsul
ixracatçısına çevrilməsindəki roludur. Ölkəmiz
ənənəvi olaraq neft və qaz
ixracatçısıdır, lakin bu göstərici qeyri-neft
sektorunun xeyrinə dəyişməkdədir. Misal üçün, Sumqayıt Kimya Sənaye
Parkında reallaşan karbamid zavodu və "SOCAR Polymer” layihələrinin
icrası nəticəsində karbohidrogen ehtiyatlarına
söykənən yeni məhsullar istehsal olunur ki, nəticədə
neft və qaz xammal şəklində deyil, daha dəyərli məhsula
çevrilərək ixrac edilir. Bundan
başqa, Mingəçevir Sənaye Parkındakı pambıq
ipliyi istehsalı fabrikinin timsalında
pambıqçılıq sahəsində də analoji prosesi
müşahidə etmək olar.
Möhtərəm cənab Prezident,
hörmətli tədbir iştirakçıları, bu günədək
sənaye parklarında 2 milyard manata yaxın məhsul istehsal
olunmuş, təqribən 400 milyon manatlıq məhsul ixrac
edilmişdir. Əksəriyyəti ölkəmiz
üçün yeni olan sənaye məhsullarının ixrac
coğrafiyasında MDB ölkələrini, Türkiyə,
Ukrayna, Gürcüstan, Amerika Birləşmiş
Ştatları, Yaponiya, Birləşmiş Ərəb
Əmirlikləri, Polşa, Danimarka və Hollandiyanı misal
göstərmək olar.
Statistik göstəricilərə nəzər
saldıqda, 2018-ci ilin 9 ayında Sumqayıt Kimya Sənaye
Parkında 170 milyon manatlıq məhsul istehsal edilmişdisə,
bu ilin 9 ayında 2,6 dəfə çox - yəni, 440 milyon
manatlıq məhsul istehsal olunmuşdur. İxrac isə 2018-ci
ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə artaraq bu ilin 9 ayında 190 milyon
manat təşkil etmişdir. Diqqətinizə
çatdırıram ki, 2018-ci ildə bu göstərici 52
milyon manat olmuşdur.
Həmçinin bu ilin 9 ayında
parka 600 milyon manat investisiya yatırılmışdır ki,
bu da ölkə sənayesinin qeyri-neft sektoru üzrə
investisiyalarının 50 faizini təşkil etmişdir.
Eyni zamanda, bu ilin 9 ayında 440 milyon
manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye
Parkının ölkə sənayesinin qeyri-neft sektorunda
xüsusi çəkisi 5,3 faiz olmuşdur.
Bundan əlavə, bu il
190 milyon manatlıq ixracla Sumqayıt Kimya Sənaye
Parkının ölkə üzrə qeyri-neft sənaye məhsullarının
ixracında xüsusi çəkisi 11 faiz təşkil
etmişdir.
Beləliklə, deyə bilərik ki,
cənab Prezident, bilavasitə Sizin təşəbbüsünüzlə
Sumqayıt şəhərində yaradılmış Kimya Sənaye
Parkı müsbət nəticələrini verməkdədir və
ölkənin qeyri-neft sektoru üzrə makroiqtisadi göstəricilərinə
birbaşa müsbət təsirini göstərir.
Möhtərəm cənab
Prezident, sonda fürsətdən istifadə edərək Kimya
Sənaye Parkının kollektivi adından Sumqayıt əhalisini
şəhərin 70 illik yubileyi münasibətilə təbrik
edirəm.
Əminəm ki, möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə
Sumqayıt bundan sonra daha da inkişaf edəcək, şəhərin
sənaye potensialı, o cümlədən Kimya Sənaye
Parkı ölkəmizin iqtisadiyyatına daha da böyük
töhfələr verəcəkdir.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Sumqayıtdakı 1 nömrəli
poliklinikanın baş həkimi
Arzu BƏNDƏLİYEVA dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli tədbir
iştirakçıları.
Sizi bu gün 70 illiyini qeyd
etdiyimiz, öz gözəlliyi, möhtəşəmliyi ilə
hər kəsi heyran qoyan doğma şəhərimizdə
çoxsaylı səhiyyə işçiləri adından
salamlayıram.
Həyatını ölkəmizin
yüksəlişinə və insanların xoşbəxtliyinə
həsr edən Ulu Öndərimiz xalqın sağlamlıq məsələlərinə
daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni
cəmiyyət və dövlət həyatında ən
mühüm sahə kimi qiymətləndirərək
demişdir: "Səhiyyə bizim üçün, hər
bir cəmiyyət və dövlət üçün
çox lazımlı, həyatın bütün sahələrini
əhatə edən sahədir. Onun
üçün zəruri tədbirlər görülüb və
gələcəkdə də görüləcəkdir”.
Siz Ulu Öndərimizin
uzaqgörən siyasətini bütün sahələrdə
davam etdirdiyiniz kimi, sosial sahə olan səhiyyənin
inkişafına da daim xüsusi diqqət və qayğı
göstərirsiniz. Mən bir həkim kimi səhiyyəmizin
inkişafını diqqətlə izləyirəm. Bu sahədə əldə olunan nailiyyətlərə,
tərəqqiyə hədsiz sevinirəm. Bu
uğurların təməlində Sizin sosial siyasətinizin əsasını
təşkil edən insan amili, insan sağlamlığı
dayanır. Eyni zamanda, mətbuatda gedən məlumatlarla
da tanış oluram. Təkcə bir
faktı demək kifayətdir ki, son illər Sizin və Birinci
vitse-prezidentimiz, Heydər Əliyev Fondunun rəhbəri
hörmətli Mehriban xanım Əliyevanın
qayğısı sayəsində ölkəmizdə 600-dən
çox tibb müəssisəsi yenidən tikilmiş və
yaxud əsaslı təmir edilmiş, ən müasir tibbi
avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə
verilmişdir.
Göstərdiyiniz yüksək
diqqət və qayğı nəticəsində bütün
sahələrdə aparılan genişmiqyaslı quruculuq,
abadlıq işləri nəticəsində doğma
Sumqayıtımız hazırda ekoloji cəhətdən təmiz,
füsunkar bir şəhərə çevrilmişdir. Şəhərimizin
səhiyyəsinə olan dövlət qayğısı nəticəsində
son illər burada 10-dan çox tibb müəssisəsi əsaslı
təmir olunaraq ən müasir avadanlıqlarla təchiz
edilmiş və sakinlərin istifadəsinə verilmişdir.
Hazırda Sumqayıtda 5 min səhiyyə
işçisi yüksək zövqlə təmir olunmuş həmin
sağlamlıq müəssisələrində şəhərimizin
əhalisinə keyfiyyətli tibbi xidmət göstərir.
Son illər səhiyyənin prioritet
sahələri üzrə qəbul edilən 11 Dövlət
proqramı əsasında həyata keçirilən tədbirlər
nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji,
irsi qan xəstəlikləri, böyrək
çatışmazlığı olan və s. xəstələrə
göstərilən tibbi xidmətin səviyyəsi xeyli
yaxşılaşdırılmışdır. Təbii
ki, səhiyyəni prioritet sahə kimi müəyyənləşdirən
Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri əvəzsizdir.
Həyata keçirilən çoxlu sayda
irimiqyaslı layihələrə dəstək olan çox
hörmətli Mehriban xanım Əliyeva ana, uşaq və ailə
sağlamlığının qorunmasına və möhkəmlənməsinə
böyük önəm verir. "Ana və
uşaqların sağlamlığının qorunması
üzrə Dövlət Proqramı”nın icrası ilə
bağlı diridoğulmanın yeni beynəlxalq meyarlarına əsasən,
2017-ci ilin dekabrından Səhiyyə Nazirliyinin müvafiq əmrinə
əsasən, Sumqayıt 1 nömrəli doğum evi Perinatal Mərkəz
kimi fəaliyyət göstərərək, şəhərin
perinatal patologiyalı yenidoğulmuşları ilə bərabər,
ətraf rayonların da patologiyalı yenidoğulmuşlarına
da beynəlxalq standartlara uyğun tibbi yardım göstərir.
Bu da yüzlərlə yarımçıq
doğulmuş, azçəkili uşaqların həyatda
qalmasına və yaşamasına səbəb olur.
Cənab Prezident, Sizin ölkə əhalisinin
sağlamlığının qorunmasına göstərdiyiniz
diqqət və qayğının nəticəsidir ki,
tapşırığınıza əsasən hər il respublikamızın bütün bölgələrində
olduğu kimi, şəhərimizin də minlərlə sakini
pulsuz tibbi profilaktik müayinədən keçirilir. Bu da onların xəstəliklərinin vaxtında
aşkar olunaraq sağalmalarına imkan yaradır. Bu, bir daha göstərir ki, Siz bu siyasətinizlə
bütün dəyərlər sırasında insan
sağlamlığını hər şeydən üstün
tutursunuz.
Möhtərəm Prezident, qeyd etmək
istəyirəm ki, mənim də uzun müddət
çalışdığım, şəhərin
aparıcı müalicə ocaqlarından biri olan, əsaslı
təmirinə ehtiyac duyulan, rentabelliyini çoxdan itirmiş
çoxprofilli 2 nömrəli şəhər xəstəxanasının
sökülərək yenidən tikilməsi barədə
verdiyiniz Sərəncam Sumqayıtın 70 illik
yubileyinə töhfə olmaqla bərabər, bütün
şəhər sakinlərində və tibb işçilərində
hədsiz sevinc hissi doğurmuşdur.
Əziz Prezidentimiz,
bütün sosial sahələrə, o cümlədən səhiyyə
sahəsinə göstərdiyiniz diqqət və
qayğıya görə çoxsaylı tibb işçiləri
adından Sizə minnətdarlığımızı və
təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, tibb
işçiləri həmişə olduğu kimi, bundan sonra
da səhiyyə sahəsində fədakar xidmətləri ilə
bərabər, Sizin ətrafınızda
sıx birləşərək dövlətə və
dövlətçiliyimizə töhfələrini layiqincə
verəcəklər.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Əməkdar inşaatçı Maqsud MAQSUDOV dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli tədbir
iştirakçıları.
Bizə çox xoşdur ki,
cənab Prezident, bu gün Sumqayıtın şəhər
statusu almasının 70 illik yubileyini Sizinlə birlikdə qeyd
edirik.
Əlli dörd il bundan əvvəl -
1965-ci ildə Sumqayıt şəhərindəki
Qırmızı Əmək Bayrağı Ordenli 1 nömrəli
Tikinti Trestinə ali təhsilli inşaatçı-mühəndis
kimi göndərişlə gəlmişəm. İşlədiyim
kollektiv Sumqayıtın şəhər statusu almasından
xeyli əvvəl burada fəaliyyət göstərib. Sonradan Azərbaycanın Sənaye Tikintisi Nazirliyinin
tərkibində 1 nömrəli tikinti tresti
yaradılmış və Sumqayıt şəhərində
yerləşdirilmişdir. Bu kollektivdə
çoxsaylı xalqların nümayəndələri
çalışmışlar. Sumqayıtda
istifadəyə verilən zavod və fabriklər, uşaq
bağçaları, məktəblər, xəstəxanalar və
mədəniyyət saraylarının əksəriyyəti bu
kollektivin əməyinin məhsuludur. Sumqayıtda
çox güclü inşaatçılar ordusu
yaradılmışdır. Onların
çoxu hazırda Sumqayıtda yaşayır.
Əsas diqqətçəkən məqam
odur ki, Sumqayıt şəhərinin yaranmasında,
inkişafında və ittifaq səviyyəsində
tanınmasında əməyi olan insanlar Sizin
diqqətinizdədir. Onlar orden və medallarla təltif
olunur, şəhər tədbirlərinə dəvət
edilir, onlara qayğı göstərilir. Necə
deyərlər, bizim respublikamızda heç kəs unudulmur,
heç kəs yaddan çıxmır.
Xüsusi olaraq qeyd etmək
istəyirəm ki, Sumqayıtda tikinti-quraşdırma işləri
1969-cu ildən ulu öndər Heydər Əliyevin Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə
seçildikdən sonra daha geniş vüsət
almışdır. Qara və əlvan metallurgiya, kimya,
neft-kimya, məişət kimyası, mineral gübrə
zavodlarında yeni istehsal sahələri işə
salınmışdır. Bu zavodlarda
istehsal olunan məhsullar Sumqayıtı İttifaq səviyyəsində
tanıtmış və respublikanın ikinci sənaye şəhəri
səviyyəsinə yüksəltmişdir. 1978-ci ildə
Sumqayıtda istehsal gücü 100 min ton olan yuyucu vasitələr
zavodunun istismara verilməsində Sov.İKP MK siyasi
bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini ulu öndər Heydər Əliyevin və
Nazirlər Sovetinin sədri Nikolay Tixonovun iştirakı biz
inşaatçıların həyatına ömürlük həkk
olunmuşdur. Ulu Öndər kollektivlə
görüşdü, məsləhətlərini verdi və təbriklərini çatdırdı.
Ulu Öndər daha bir
kompleksin - sintetik kauçuk zavodunun təməlini qoymuş və
bu tikintini Mərkəzi Komitənin nəzarətində olan
obyektlərin cədvəlinə daxil etdirmişdir. Mən
çox fəxrlə qeyd etmək istəyirəm ki, bu kompleks
vaxtında istismara verilmiş və bu gün də öz fəaliyyətini
davam etdirir.
Şəhərimizdə ən
böyük "Kimyaçı” Mədəniyyət
Sarayının tikintisi məhz ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Bu sarayın
tikintisinə Moskva vəsait ayırmırdı və tikinti
uzadılırdı. Ulu Öndərin
yaxından iştirakı və köməyi nəticəsində
maliyyələşmə həll olundu və bu saray tikilib
istifadəyə verildi. Hazırda burada ən
vacib tədbirlər keçirilir.
Möhtərəm cənab
Prezident, Sumqayıt son illərdə daha sürətlə
inkişaf edir.
Sumqayıtda nəhəng sənaye,
yaşayış, sosial-mədəni və məişət
obyektləri inşa olunur. Şəhər
gündən-günə gözəlləşir, yeni
ünvanlar yaranır.
Respublikada aparılan
islahatlar, yeniliklər, Prezident sərəncamları
Sumqayıt şəhərində öz uğurlu bəhrəsini
verir. Bilirsiniz ki, Sumqayıt şəhərindəki
qaçqın və məcburi köçkünlər uzun
illərdir ayrı-ayrı insanlara məxsus mənzillərdə,
bağçalarda, məktəblərdə, mədəniyyət
evlərində yaşayırdılar. 12-ci
mikrorayonda və Stansiya Sumqayıtda tikilən
yaşayış binaları istismara verildikdən sonra
ayrı-ayrı şəxslərin mənzillərində,
bağçalarda, məktəblərdə, mədəniyyət
evlərində məskunlaşan qaçqın və məcburi
köçkün ailələrinin müəyyən hissəsi
o evlərə köçürüldü. Bunun nəticəsində ayrı-ayrı
insanların mənzilləri özlərinə
qaytarılmış və onların həyat şəraiti
yaxşılaşdırılmış,
bağçaların, məktəblərin müəyyən
hissəsi boşaldılmışdır. Sumqayıtda
aparılan geniş tikinti-quraşdırma və abadlıq
işləri insanların həyat şəraitinin
yaxşılaşdırılmasına yönəlmişdir.
Cənab Prezident, görülən
bütün bu işlər Sizin Sumqayıta və
sumqayıtlılara diqqət və qayğınızın,
şəhər rəhbərinə isə
inamınızın nəticəsidir. Siz
Sumqayıtın inkişafı üzrə bir neçə sərəncam
imzalamış, maliyyə vəsaiti ayırmısınız.
Sumqayıtın inkişafında əməyi olan
insanları orden və medallarla təltif etmisiniz.
Bütün bu diqqət,
qayğı və inama görə şəhərimizin
inşaatçılar ordusu adından Sizə təşəkkürümüzü
və minnətdarlığımızı bildiririk.
***
Sumqayıt Dövlət Dram
Teatrının aktyoru, Əməkdar artist Cəlal MƏMMƏDOV dedi:
-Çox hörmətli cənab
Prezident.
Hörmətli qonaqlar, əziz
sumqayıtlılar.
Cənab Prezident, şəhərimizin
70 illik yubileyi münasibətilə bizimlə görüşə
gəldiyinizə görə Sizə bütün Sumqayıt
ictimaiyyəti adından, xüsusilə mədəniyyət və
incəsənət xadimləri adından dərin təşəkkürümüzü
bildiririk.
Son illər Sumqayıtın
sürətli inkişafı şəhərimizin mədəni
həyatında da yeni uğur və nailiyyətlərin
qazanılmasına güclü təkan verib. Sizin Azərbaycan
mədəniyyətinə verdiyiniz dəyər, onun
inkişafına göstərdiyiniz diqqət və
qayğı parlaq surətdə özünü göstərir.
Məhz Sizin çox böyük sevgi ilə bu
kövrək sahəyə, xüsusilə teatra və teatr
xadimlərinə göstərdiyiniz diqqət və
qayğı mədəniyyətimizin bütün sahələrində
yeni uğurların əldə edilməsinə, onun daha da zənginləşməsinə
münbit şərait yaradır. Həmçinin
vurğulamalıyam ki, Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun rəhbəri çox hörmətli Mehriban xanım
Əliyeva Azərbaycan mədəniyyətinin dünya
miqyasında təbliğ olunmasında, tanınmasında,
dünya irs siyahısında yer almasında və mədəniyyətimizin
bir bəşəri dəyər kimi qiymətləndirilməsi
yolunda Sizinlə çiyin-çiyinə
çalışır və böyük xidmətlər
göstərir.
Cari ilin martında Sizin və Mehriban
xanımın mədəniyyət və incəsənət
xadimləri ilə görüşünüz, onların
problemlərini dinləməyiniz, bir çox məsələlərin
yerindəcə həllini tapması bizləri çox
sevindirir, teatr xadimlərinə diqqət və
qayğınız bizə gələcəkdə daha da həvəslə
işləmək üçün böyük stimul verir.
Cənab Prezident, qısaca olaraq
Sumqayıt Dövlət Dram Teatrı haqqında
danışmaq istərdim. 1968-ci ildə Azərbaycan Nazirlər
Sovetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı
ilə şəhərimizdə ilk professional kollektiv – H.Ərəblinski
adına Sumqayıt Dövlət Gənclər
Teatrı yaradıldı. Öz pərdəsini 1969-cu il mart ayının 14-də Azərbaycan dramaturgiyasının
banisi M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli
Şah” pyesinin tamaşası ilə açdı. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı
ilə teatr Sumqayıt Dövlət Dram Teatrı
adlandırıldı. Müxtəlif dövrlərdə
bu teatrda Xalq artistləri Barat Şəkinskaya, Rza
Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Nəsir
Sadıqzadə və bir çox başqa görkəmli sənətkarlar
çalışıblar.
Bir faktı böyük qürur hissi
ilə vurğulamaq istəyirəm ki, 1981-ci ildə Moskva
şəhərində keçirilən "Ümumittifaq
teatr festivalı”nda N.Həsənzadənin "Bütün
Şərq bilsin” əsəri əsasında
hazırlanmış tamaşa ilə çıxış edən
Sumqayıt teatrı festivalın fəxri diplomuna, Nəriman Nərimanov
obrazını yaradan Xalq artisti Məlik Dadaşov isə 1-ci dərəcəli
diploma layiq görülmüşdür.
O vaxtlar Azərbaycan KP MK-nın
birinci katibi işləyən ulu öndər Heydər
Əliyev bu tamaşaya baxdıqdan sonra səhnəyə
qalxaraq teatrın kollektivini təbrik etmiş və teatr sənətini
mükəmməl bilən teatrşünas kimi tamaşa
haqqında müsbət fikirlərini söyləmişdir.
2003-cü il
aprelin 3-də ulu öndər Heydər Əliyev Sumqayıt
şəhərinə tarixi səfəri zamanı
teatrımızın işini yüksək qiymətləndirmiş,
teatra xüsusi diqqət və qayğı göstərilməsini
vacib hesab etmişdir.
Bir faktı xüsusi qeyd etmək
istəyirəm ki, Aqşin Babayevin ulu öndər Heydər
Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr
olunmuş "Xilaskar” əsərinin tamaşası 2005-ci ildə
məhz bizim Sumqayıt teatrında hazırlanıb. Azərbaycanda
ulu öndər Heydər Əliyevin bədii obrazı ilk dəfə
Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
yaradılıb.
Hörmətli cənab Prezident, Sizin
tapşırığınıza əsasən son dövrlərdə
Sumqayıtda mədəniyyət və incəsənət sahəsinə,
ədəbiyyata böyük diqqət və qayğı var.
İnşa olunan yeni binalar, inzibati tikililər, böyük
zövqlə yaradılan istirahət guşələri, yeni
çəkilən yollar, salınan parklar şəhərin
iqtisadi qüdrətinin göstəricisi olmaqla yanaşı, həm
də mədəniyyət nümunələri kimi estetik bir mənzərə
yaradır.
Mən xüsusilə bu gün
işləyib çalışdığım, uzun illər təmirsiz
qalan, məhz Sizin diqqət və qayğınız sayəsində
yüksək maddi-texniki baza ilə təmin olunmuş bu
möhtəşəm teatrımızın binasına görə
kollektivimiz adından və şəhərimizin mədəniyyət
işçiləri adından Sizə dərin təşəkkürümü
bildirmək istəyirəm.
Son illər şəhərimizdə
gedən sürətli abadlıq və quruculuq işləri
biz sumqayıtlıları həqiqətən sevindirir. Ulu Öndərimizin
adını daşıyan möhtəşəm Heydər
Əliyev Mərkəzi, Uşaq İncəsənət Məktəbi,
Sizin möcüzə adlandırdığınız, qısa
müddət ərzində inşa olunan Sumqayıt Bulvarı,
bulvarımıza xüsusi gözəllik verən Bayraq Muzeyi,
750 yerlik "Kimyaçı” Mədəniyyət Sarayı, bu
gün açılışını etdiyiniz möhtəşəm
Muğam Mərkəzi, həmçinin dahi Nizaminin
adını daşıyan kinoteatrın şəhərimizin
yubileyi ərəfəsində istifadəyə verilməsi biz
Sumqayıt sakinlərini çox sevindirir. Bu mədəniyyət
ocaqları şəhərimizin mədəni həyatına
çox böyük töhfələr verir.
Cənab Prezident,
çıxışımın sonunda bildirmək istəyirəm
ki, Sumqayıt teatrı heç vaxt ölkədə digər
teatrların qazandığı nailiyyətlərdən kənarda
qalmayıb. Teatrımız dünyanın bir
çox ölkələrində keçirilən beynəlxalq
teatr festivallarında iştirak edib və böyük
uğurlar qazanıb, Hindistan, Türkmənistan,
Gürcüstan, Rusiya, Türkiyə və başqa ölkələrdə
Azərbaycanı və şəhərimizi layiqincə təmsil
edib.
Cənab Prezident, fürsətdən
istifadə edib paytaxt Bakıda fəaliyyət göstərən
bir neçə teatrın statusunun, həmçinin teatr xadimlərinin
əməkhaqqının artırılmasına görə
Sizə dərin təşəkkürümü bildirirəm.
Diqqətinizə görə çox sağ
olun.
Yaşasın Sumqayıt!
Yaşasın müstəqil Azərbaycan!
Yaşasın Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev!
Azərbaycan.- 2019.-22 noyabr.- S.2-4.