Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunan təntənəli toplantı keçirilib

 

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 27-ci ildönümünə həsr olunan təntənəli toplantı keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP İcra Katibliyində keçirilən tədbirdə çıxış edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın keçdiyi şərəfli yoldan danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəlindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır. Həmin dövrdə baş verən məlum hadisələr ölkəni dərin böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti ölkədəki vəziyyəti daha da gərginləşdirirdi. Həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Sevindirici haldır ki, tarix Ümummilli Liderə və onun yaratdığı partiyaya etimadı təsdiq etdi. Qısa zamanda ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının yüksəlməsi istiqamətində mühüm addımlar atıldı. Partiya yarandıqdan az sonra iqtidara gəldi və bugünkü möhtəşəm uğurlarımız üçün münbit şərait yarandı.

YAP sədrinin müavini qeyd edib ki, bu gün Azərbaycan dünyada öz yeri, nüfuzu olan dövlət kimi tanınır. Azərbaycan hazırda dünyada ən sabit və təhlükəsiz ölkələrdəndir. 1990-cı illərin əvvəlində dağılmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur.

YAP-ın sıralarında 750 min nəfərə qədər üzvün birləşdiyini deyən Əli Əhmədov söyləyib ki, Azərbaycanın tarixində heç zaman bir partiyanın tərkibində bu sayda üzv olmayıb. Lakin partiyamız təkcə bu sayla fəxr etmir. Eyni zamanda, partiya üzvləri ölkəmizin inkişafına töhfə vermək əzmindədirlər. Bu isə ulu öndər Heydər Əliyevin ideyalarına olan inamdan irəli gəlir. Ötən dövr ərzində partiyamız Azərbaycan xalqına ləyaqətlə, şərəflə xidmət edib. İqtidarda olduğu 26 il ərzində YAP-ın və onun liderinin ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Ölkəmiz simasını kökündən dəyişib, Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Bu gün dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə YAP-ın liderinin müəyyənləşdirdiyi siyasətin nəticəsidir.

Baş Nazirin müavini bildirib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü və əzəmətli siyasi təşkilatı kimi özünü təsdiq edib. YAP sıralarında bu qədər insanın birləşməsi və onun siyasətində yaxından iştirak etməsi vətəndaşlarımızın mütləq əksəriyyətinin Heydər Əliyev ideyalarına dərin inamı, eyni zamanda, Prezident İlham Əliyevin siyasətinə inamın ifadəsidir. Əgər vətəndaşların qəlbindən gələn bu istək olmasaydı, bu gün YAP sıralarında 750 min nəfərin cəmləşməsi mümkün olmazdı.

Əli Əhmədov deyib: “Bu yaxınlarda keçirilən rəy sorğuları da təsdiqləyir ki, ölkə əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. YAP bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcək. Uzun illər Azərbaycan vətəndaşları YAP iqtidarının faydasını görəcək və onun siyasətinə xidmət edəcək. Azərbaycan vətəndaşları ötən illərin təcrübəsi əsasında qəti əmin olublar ki, YAP-ın mövcudluğu, onun liderinin Azərbaycana rəhbərlik etməsi əmin-amanlıq, sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yüksəlməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artması, müasirləşməsi, yeniləşməsi deməkdir. YAP-ın tarixi keçmişi nə qədər əzəmətli və möhtəşəmdirsə, gələcəyinin daha da parlaq olacağına əminliklə inanırıq. YAP-ın sıralarında birləşən əzəmətli siyasi güc bu inamı reallığa çevirəcək”.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov YAP-ın yaranması dövründə ölkəmizdə mövcud olmuş gərgin ictimai-siyasi vəziyyət barədə fikirlərini bildirib. O deyib ki, müstəqilliyin ilk illərində milli dövlətçilik mənafelərinə xidmət edən iqtidarın yoxluğu, hakimiyyətin bir qrup savadsız, səriştəsiz, bəzən isə xəyanətkar şəxslərin əlinə keçməsi ölkədə idarəolunmaz bir vəziyyətin yaranmasına, daxili qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək Ümummilli Liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev Vətənin dar günündə xalqın səsinə səs verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Partiyanın təsis qurultayı keçirildi, Ulu Öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi.

Qeyd edilib ki, Ümummilli Liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başladı.

Vurğulanıb ki, istənilən siyasi partiyanın mövcudluğu, ilk növbədə, onun ideyalarının ictimai dəyəri ilə müəyyən olunur. Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi missiyanın əhəmiyyəti bu gün partiyanın sıralarında birləşən çoxsaylı üzvlərin sayında öz təsdiqini tapır. Eləcə də partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursuna bütövlükdə xalqın etimadı bu partiyanın nüfuzunun yüksək olmasını şərtləndirir. Bu inam məhz Prezident İlham Əliyevin milli maraqlara əsaslanan fəaliyyəti üzərində köklənib. Bütün bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var.

YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında partiyanın keçdiyi şərəfli yoldan danışıb, Azərbaycanın ötən illər ərzində güclü dövlətə çevrildiyini bildirib. M.İbrahimqızı bu gün Azərbaycanı istəməyən bəzi dairələrin ölkəmizin əleyhinə kampaniya apardıqlarını deyərək partiya üzvlərini həmin dairələrə qarşı daha güclü mübarizə aparmağa səsləyib.

Toplantıda, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Aytəkin Hacıyeva, YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin sədri Sadiq Əliyev və Bakı Slavyan Universitetinin tələbəsi, YAP-ın təqaüdçüsü Səbinə Nəsibli çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqımızın və dövlətimizin qarşısındakı xidmətlərdən danışıblar.

 

Azərbaycan.- 2019.- 22 noyabr.- S. 7.