“Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri,
mərhələləri və həlli perspektivləri”
proqramı üzrə kurslar başa çatıb
Noyabrın 21-də Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası və “Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ
Araşdırmalar Mərkəzində İctimai Birliyin
könüllüləri üçün “Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri,
mərhələləri və həlli perspektivləri”
proqramı üzrə qısamüddətlı elmi maarifləndirmə
və təbliğat kursları başa çatıb.
Kursların dinləyiciləri Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının beynəlxalq münasibətlər
ixtisasının tələbələri olublar.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında fəaliyyət göstərən Qarabağ
Araşdırmalar Mərkəzində oktyabrın 31-dən
keçirilən kursların sonuncu günündə Prezident
yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, “Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin sədr müavini Elçin
Əhmədovun “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın
Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün
nəticələri (1988-1993)” mövzusunda mühazirəsi
dinlənilib.
Kurslara yekun vuran Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi, tarix elmləri doktoru,
professor Əli Həsənov “Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması istiqamətində Azərbaycanın dövlət
siyasəti” mövzusunda məruzə ilə
çıxış edib.
Əli Həsənov ermənilərin
200 ildən çox bir dövrdə azərbaycanlılara
qarşı həyata keçirdiyi etnik təmizləmə,
soyqırımı siyasətinin əsas məqsədləri,
o cümlədən bu hadisələrin öyrənilməsi,
dünya ictimaiyyətinə çatdırılması kimi məsələlərdən
bəhs edib. Prezidentin köməkçisi bildirib ki, tariximizə
nəzər salsaq Rusiya-İran, Rusiya-Türkiyə müharibələri
fonunda ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən
Qarabağa, Naxçıvana, Zəngəzura
köçürülməsi, onların məskunlaşandan
sonra Azərbaycan torpaqlarına göz dikməsi, bu ərazilərdə
Ermənistan dövlətini yaratmaq siyasəti, bütün
bunların zaman-zaman qanlı səhifələrə rəvac
verən hadisələrlə müşayiət edilməsi
kimi həqiqətlərin şahidi olarıq. Bunların
sırasında 1918-ci il 31 mart - Azərbaycanlıların
soyqırımı, həmçinin 1948-1953-cü illərdə
azərbaycanlıların kütləvi şəkildə Ermənistandan
köçürülməsi, Xocalı soyqırımı və
digər erməni vandalizm aktlarını qeyd etmək olar.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı mövcud vəziyyət barədə
danışan Əli Həsənov deyib ki, bu məsələ
ilə əlaqədar Azərbaycanın haqq səsi, ədalətli
mövqeyi artıq dünya ictimaiyyətinə
çatdırılıb. Azərbaycan Prezidenti İlham
Əliyev başda olmaqla dövlətimiz ötən müddətdə,
xüsusən son 15 ildə Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həlli ilə
bağlı bütün beynəlxalq təşkilatlarda öz
sözünü deyib, hücum diplomatiyasını həyata
keçirib. BMT Təhlükəsizlik Şurası tərəfindən
qəbul edilən dörd qətnamənin hər birində Azərbaycanın
işğal olunmuş ərazilərinin qeyd-şərtsiz
boşaldılması, Ermənistan qoşunlarının geri
çəkilməsi, dinc əhalinin doğma torpaqlarına
geri qaytarılması ilə bağlı tələblər irəli
sürülür. Bu qətnamələr beynəlxalq
hüquqa əsaslanır. Son vaxtlar Qoşulmama Hərəkatı
da birmənalı şəkildə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllini dəstəkləyir. Digər beynəlxalq təşkilatlar,
o cümlədən Avropa Şurası, ATƏT, Avropa
Parlamenti, həmçinin tərəfdaşlıq etdiyimiz NATO
kimi qurumların əksəriyyəti bu işğal
faktını tanıyıblar. Lakin təəssüflər
olsun ki, beynəlxalq münasibətlərin indiki durumu və
ikili standartlar siyasəti Ermənistana işğal etdiyi Azərbaycan
torpaqlarından geri çəkilməsi üçün ciddi
şəkildə təzyiq göstərilmir.
Prezidentin köməkçisi diqqətə
çatdırıb ki, dövlətimizin
başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan
münaqişəsinin ədalətli şəkildə həlli
istiqamətində apardığı siyasət dünya
ictimaiyyətinin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması
ilə bağlı keçirilən tədbirlərin
coğrafiyasını genişləndirir. Bu baxımdan Heydər
Əliyev Fondunun gördüyü işlər də olduqca təqdirəlayiqdir.
Mütəmadi olaraq keçirilən
bu kursların əhəmiyyətini qeyd edən Prezidentin
köməkçisi vurğulayıb ki, əsas məqsəd
ermənilərin 200 ildən çox müddətdə azərbaycanlılara
qarşı həyata keçirdiyi etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasətini gənclərə
bütün təfərrüatları ilə
çatdırmaqdır. Bundan əlavə, bu kursların
keçirilməsi gənclərin maarifləndirilməsi və
onlarda vətənpərvərlik ruhunun artmasına kömək
olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri
haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması
istiqamətində Azərbaycan dövlətinin
apardığı mühüm işlərə töhfə
verməkdir.
Sonra dinləyicilərə
sertifikatlar təqdim olunub.
Xatırladaq ki, kurslar çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Yaqub
Mahmudovun “Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları və təcavüzkarlıq siyasətinin tarixi
kökləri”, Prezident Kitabxanasının şöbə
müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin
baş elmi işçisi Nazim Mustafanın “XX əsrin əvvəllərində
ermənilərin azərbaycanlılara qarşı təcavüzü
(1905-1906)", AMEA-nın Tarix İnstitutunun Azərbaycanın
tarixi demoqrafiya şöbəsinin müdiri, tarix elmləri
doktoru, professor Kərim Şükürovun “Ermənilərin
Azərbaycan torpaqlarına köçürülməsi və
Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişməsi”,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Tarix
kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədovanın
“Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları DQMV-nin yaradılması və onun nəticələri
(1918-1923)”, AMEA-nın Şərqşünaslıq
İnstitutunun professoru Solmaz Tohidi-Rüstəmovanın “Azərbaycanlıların
soyqırımı (1918-1920-ci illər)”, Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü, professor Musa
Qasımlının sovet dövründə Ermənistanın
Azərbaycana ərazi iddiaları və azərbaycanlılara
qarşı etnik təmizləmə siyasətinin nəticələri
(1945-1985)” və “Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin
deputatı Elman Məmmədovun “Ermənistanın azərbaycanlılara
qarşı etnik təmizləmə və soyqırımı
siyasəti: Xocalı soyqırımı” mövzularında
mühazirələri dinlənilib.
Azərbaycan.- 2019.- 22 noyabr.- S. 7.