Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın
inkişafından məmnunluq ifadə edilib
Azərbaycan Respublikanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinov ölkəmizə səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mladen Marinov və onu müşayiət edən şəxslər noyabrın 21-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş mərd mübarizlərin məzarlarını da ziyarət edib, onların xatirəsinə ucaldılmış “Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Sonra Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ilə Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə heyətinin görüşü olub.
Qonaqları salamlayan nazir dəvəti qəbul edərək ölkəmizə səfərə gəldiyinə görə bolqarıstanlı həmkarına təşəkkür edib, onun Sofiyada Daxili İşlər Direktoratlığının rəisi vəzifəsində çalışarkən Avropa paytaxt polis rəislərinin 2015-ci ilin avqustunda Bakıda keçirilmiş 37-ci konfransında iştirakını məmnunluqla xatırladıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf və tərəqqi yolu keçdiyini, beynəlxalq nüfuzunun yüksəldiyini, respublikamızda əsrlərboyu müxtəlif dinlərin və millətlərin nümayəndələrinin qarşılıqlı ehtiram və həmrəylik şəraitində yaşadıqlarını diqqətə çatdıran nazir son illər əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib, belə qarşılıqlı səfərlərin və görüşlərin əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini bildirib.
Vilayət Eyvazov müstəqilliyin ilk illərində ölkədə hökm sürmüş hərc-mərclik, anarxiya, cəzasızlıq mühiti, eyni zamanda, Ermənistanın hərbi müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurd yerlərindən didərgin düşməsi, yalnız xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, onun rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının birgə gərgin və səmərəli fəaliyyəti nəticəsində ölkədə asayişin, əmin-amanlığın bərpa edilməsi, kriminogen durumun nəzarət altına alınması, bugünkü ictimai-siyasi sabitliyin dönməzliyinin təmin olunması üçün görülən işlər barədə məlumat verib.
Daxili işlər orqanlarında həyata keçirilən genişmiqyaslı hüquqi-demokratik islahatlar barədə məlumat verən nazir əməliyyat-xidməti fəaliyyətin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması istiqamətində görülən işlərdən danışıb, cinayətlərin qarşısının alınmasında ən müasir informasiya texnologiyalarının imkanlarından da geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına Bolqarıstanın verdiyi dəstəyin respublikamızda yüksək qiymətləndirildiyini nəzərə çatdıran nazir Vilayət Eyvazov siyasi, iqtisadi-ticari əlaqələrin dinamik inkişafının təhlükəsizliyin etibarlı təmini ilə birbaşa əlaqəsi olduğunu qeyd edib, hazırkı səfərin ölkələrimizin Daxil İşlər nazirlikləri arasındakı əməkdaşlığın möhkəmləndirilməsində önəmli mərhələ olacağına əminliyini bildirib. Bu gün dünyadakı mövcud təhdid və çağırışların terrorizmlə, ekstremizmlə, həmçinin transmilli mütəşəkkil cinayətkarlığın bütün növləri ilə mübarizədə səylərin birləşdirilməsinin zəruriliyi, belə qlobal xarakterli təhlükələrə qarşı kəsərli tədbirlərin görülməsində operativ informasiya və qabaqcıl təcrübə mübadiləsinin, əməkdaşlığın müqavilə-hüquqi bazasının daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra general-polkovnik Vilayət Eyvazov bu istiqamətdə ekspertlərin iştirakı ilə 2012-ci il aprelin 27-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolun hazırlanaraq aidiyyəti dövlət orqanları ilə razılaşdırıldığını, ölkəmizin Avropa İttifaqının üzvü olan bir dövlətlə ilk dəfə imzalanması nəzərdə tutulan həmin sənəddə hər iki tərəfin maraq və mənafelərinin, beynəlxalq öhdəliklərinin nəzərə alındığını qeyd edib, onun cinayətkarlığa qarşı mübarizə sahəsində birgə işbirliyinin səmərəliyinin daha da artırılmasına xidmət edəcəyinə əminliyini bildirib.
Rəsmi dəvətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Mladen Marinov Bolqarıstanın ilk Daxili İşlər naziri kimi respublikamıza rəsmi səfər etməsindən qürur duyduğunu, dövlətlərimiz arasındakı əlaqələrin son illər bütün sahələrdə genişlənərək daha da dərinləşdiyini, yaxın dost saydıqları Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun çoxşaxəli funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəsindəki mövcud kriminogen durum, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Görüşün sonunda Daxili İşlər nazirləri - general-polkovnik Vilayət Eyvazov və Mladen Marinov “Azərbaycan Respublikasının Hökuməti və Bolqarıstan Respublikasının Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”ə əlavə Protokolu imzalayıblar.
Qəbulda ölkəmizin
Bolqarıstandakı səfiri Nərgiz Qurbanova
və Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov iştirak ediblər.
Azərbaycan.- 2019.-22 noyabr.- S.8.