Bütün sahələrdə inkişaf və müasir
tələblər
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası müstəqillik illərində bütün istiqamətlər üzrə inkişaf edərək yeni bir tarixi mərhələ səviyyəsinə yüksəlmişdir. Vaxtilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin atdığı düşünülmüş və uzaqgörən addımlar sayəsində Naxçıvan Muxtar Respublikası işğaldan xilas edilmiş, burada gələcək inkişafın möhkəm təməlləri yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi böyük diqqət və qayğı regionda müasir inkişafın təmin edilməsinə meydan açmışdır.
Möhtərəm Prezidentin qədim diyara etdiyi tarixi səfərlər hər dəfə inkişafın yeni bir dalğasına təkan vermişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan dövlətinin yaratdığı geniş imkanlardan səmərəli şəkildə istifadə edərək, bütün qüvvələri və resursları muxtar respublikada hərtərəfli və əsaslı inkişafa nail olmağa səfərbər etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən aparılan danışıqlar muxtar diyarın ölkə rəhbəri qarşısında hesabatıdır. Müstəqil dövlətin böyük qayğısının işığında Naxçıvan Muxtar Respublikasının hansı ritmlərlə inkişaf etdirilməsi və əldə olunan mühüm nəticələr haqqında aydın təsəvvür yaradan bu hesabat regionda ardıcıl olaraq həyata keçirilmiş genişmiqyaslı proqramların gedişatını və yekunlarını əhatə edir və dövlət tapşırıqlarının məsuliyyətlə yerinə yetirilməsinə dair ciddi məlumatları nəzərə çarpdırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasında qazanılmış nailiyyətlərə verdiyi yüksək qiymət burada idarəetmənin və əzmkarlığın bütün imkanları ilə konkret əməli işlərə istiqamətləndirildiyini əyani şəkildə görməyə aydınlıq gətirir.
Cənab Prezidentin qəbul zamanı bəyan etdiyi fikirlər ilk növbədə Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə inkişafa nail olunduğuna işıq salır. Ölkəmizin rəhbərinin aşağıdakı fikirləri regiondakı hərtərəfli inkişafa verilmiş yüksək qiymətin ifadəsidir: "Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır”. Dövlət idarəetməsi sahəsində çoxvektorlu inkişafa xidmət edən müdrik və çevik siyasəti ardıcıl olaraq həyata keçirən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının timsalında bu idarəetmə modelinin cəmiyyət həyatının bütün istiqamətlərində uğurlu nəticələrə gətirib çıxardığını diqqət mərkəzinə çəkmişdir.
Naxçıvan inzibati-iqtisadi rayonunun 2017-ci ildə Azərbaycanın regionları içərisində rəqabətədavamlı hərtərəfli inkişafa görə birinci yerə çıxması burada baş vermiş genişmiqyaslı böyük dəyişikliklərin hesabatını vermək üçün şərait yaradır.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən xüsusi diqqət yetirdiyi məsələlərdən biri də bu regionda əldə olunan nailiyyətlərin çətin mühasirə şəraitində qazanılmasını cəmiyyətin diqqətinə çatdırmaqdan ibarət olmuşdur. Uzun illərdən bəri blokada şəraitində yaşamalı olan Naxçıvan Muxtar Respublikasında gedən iqtisadi-mədəni proseslərin və böyük inamla keçilən yolun uğurlu dərsləri istənilən çətinlikləri dəf etməklə mühüm nəticələr qazanmağın mümkünlüyünə diqqəti yönəltmək məqsədi daşıyır. Bu, həm də konkret olaraq Naxçıvan Muxtar Respublikasında mühasirə şəraitində, mürəkkəb coğrafi vəziyyətdə əldə olunan nailiyyətlərin də dövlət səviyyəsində qiymətləndirilməsinin göstəricisidir: "Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub, buna baxmayaraq respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.
Dövlət başçısının qəbulunda Azərbaycanın bu regionunda təhlükəsizlik və ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirməsi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar düşmən əhatəsində yaşamalı olan muxtar respublikada həmin sahələrə daha ciddi fikir verilməsinin zərurətini qabarıq ifadə etmək məqsədini daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ölkə Prezidenti qarşısında verdiyi hesabatdakı ordu quruculuğu xəttinə dair məlumatlar regionda hərbi sahədə əldə olunan nailiyyətlərin səbəbləri və nəticələrini aydın şəkildə təsəvvür etməyə şərait yaradır. Ali Məclisin Sədrinin cavablarında səsləndirilmiş aşağıdakı sözlər həmin istiqamətdə gedən proseslərin addım-addım izlənilməsinə işıq salır: "Sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib. Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin diqqətinizlə yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə hazırdır”.
Muxtar respublikada ordu quruculuğunun səviyyəsini təsəvvür etməyə imkan yaradan bu hesabat regionda ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində, itirilmiş torpaqlarımızın qaytarılması sahəsində əldə olunmuş mühüm uğurları əyani şəkildə təsdiq edir. Belə ki, 2018-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun on bir min kilometr ərazini işğaldan azad etməsi, itirilən torpaqların geri alınması müstəqil dövlətimizin ərazi bütövlüyü siyasətinin təntənəsidir. Bundan başqa, Şərur rayonunun Danzik kəndindəki sərhəddə yerləşən Qızılqaya zirvəsində üçrəngli dövlət bayrağımızın dalğalandırılması Azərbaycan ordusunun ən böyük zəfərlərindən biri sayılmağa layiqdir. Böyük qürur hissi ilə demək olar ki, məhz Qızılqaya zirvəsinin fəth edilməsi ilə Azərbaycan ordusu Ermənistan üçün strateji əhəmiyyətə malik olan Yerevan-Çanaxçı-Söylən-Laçın magistralına nəzarət etməyə nail olmuşdur.
Eyni zamanda, ordumuzun apardığı uğurlu əməliyyatlar sayəsində ulu əcdadlarımızın məzarlarının olduğu Yastan yüksəkliyində Azərbaycan əsgərinin qərar tutması torpaqlarımızın etibarlı şəkildə qorunacağına təminat verir. Bütün bunlar cənab Prezidentin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik və ordu quruculuğu istiqamətində həyata keçirilmiş genişmiqyaslı işlərin möhtəşəm nəticələridir. Bu mənada Prezident İlham Əliyevin aşağıdakı sözləri regionda aparılan hərbi-siyasi işlərin dövlət səviyyəsində qiymətləndirilməsindən ibarətdir. "İlk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”. Dövlət başçısı tərəfindən deyilmiş bu sözlər Naxçıvana qarşı haqsız ərazi iddialarında olan işğalçı Ermənistana ciddi bir mesajdır.
Dövlət rəhbərimizin qəbulunda enerji və ərzaq təhlükəsizliyi üzrə gedən danışıq bu, həlli zəruri olan sahələrdəki mövcud dinamik inkişafı, qazanılan nailiyyətləri əks etdirməklə bərabər, həm də, ümumiyyətlə, regionda təhlükəsizlik istiqamətində görülmüş işləri tamamlayır və möhkəmləndirir. Cənab Prezidentin bu sahə üzrə Naxçıvanda "Su və Günəş elektrik stansiyalarının tikintisinin geniş vüsət alması” ilə yanaşı, "hazırda önəmli layihələrin icra edilməsi” haqqında bildirdikləri bu vacib sahənin inkişafının ölkə rəhbərinin nəzarəti altında olduğunu göstərir. Naxçıvan Muxtar Respublikasında enerji və taxıl istehsalı sahəsində baş vermiş böyük dəyişikliklər və nail olunmuş nəticələr regionda həmin xətt üzrə dövlət siyasətinin uğurla həyata keçirildiyini nümayiş etdirir. Ali Məclisin Sədrinin muxtar respublikada 2008-ci ildəki cəmi bir elektrik stansiyadan hazırda 9 elektrik stansiyasının istifadəyə verilməsinədək keçilmiş yol haqqındakı məlumatları, xüsusən də Naxçıvanın böyük miqdarda enerji ixrac etmək imkanlarına malik bir diyara çevrilməsinə dair səslənən fikirlər qısa müddətdə bu sahədə böyük irəliləyişə nail olunduğunu nümayiş etdirir. Bu gün Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə bir il ərzində ixrac edilən 35 milyon kilovata yaxın elektrik enerjisinin miqdarı diyarın 2003-cu ildə malik olduğu elektrik enerjisi resurslarından çoxdur.
Doğrudan da, cənab Prezidentin vurğuladığı kimi, regionda elektrik enerjisinin bugünkü səviyyəsini bir neçə il bundan əvvəl təsəvvür etmək mümkün deyildi. Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi və nüfuzu hesabına XX əsrin sonu və XXI əsrin əvvəllərindəki enerji böhranının aradan qaldırılması üçün fasilələrlə verilən məhdud enerji resurslarından başqa, yalnız Türkiyə Cümhuriyyətindən çəkilmiş xətt üzrə alınan enerji ilə qismən vəziyyətdən çıxılması muxtar respublikada sərt iqlim şəraitində insanların yaşayıb işləmək imkanlarını təmin etmək üçün ilkin və ən zəruri tələbatların ödənilməsinə xidmət edən tarixi xilaskarlıq missiyasının ifadəsi idi. Sonrakı illərdə isə Prezident İlham Əliyevin yaratdığı geniş imkanlar muxtar respublikada bərpaolunan enerji ilə yanaşı, Günəş enerjisindən də gen-bol istifadə etməyə şərait yaratmışdır. Modul tipli elektrik enerjisi mərkəzlərinin quraşdırılması ehtiyat elektrik enerjisinin qorunub saxlanılmasına da şərait yaradır.
Prezident İlham Əliyevin rəsmi qəbul zamanı Naxçıvan Muxtar Respublikasını "taxılla özünü tam təmin edən” region kimi təqdim etməsi burada ərzaq təhlükəsizliyinə də nail olmaq üçün mühüm tədbirlərin görüldüyünü nəzərə çarpdırır. Bu gün Naxçıvan Muxtar Respublikasının bütün ərazisində əkinəyararlı olan torpaqlardan tam istifadə olunması, dəmyə torpaqlarda bol taxıl yetişdirilməsi işinə diqqət yetirilməsi, suvarma problemlərinin həlli, digər aqrotexniki üsullardan bacarıqla istifadə edilməsi taxıl istehsalı sahəsində mühüm nailiyyətlərin qazanılması ilə nəticələnmişdir. XX əsrin doxsanıncı illərindəki çörək növbələrindən bu gün respublikamızın hər yerində, o cümlədən də Naxçıvanda çoxçeşidli çörək istehsalına qədərki keçilmiş çətin və məsuliyyətli yol geniş mənada müstəqil Azərbaycan dövlətinin qısa müddətdə haradan-haraya qədər gəlib çatdığını əyani surətdə nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulundakı müzakirələrdə insanların sosial rifahı ilə əlaqədar məsələlər xüsusi yer tutur. Ölkəmizin büdcəsində də sosialyönümlü inkişafın xüsusi çəkisinin ildən-ilə artırılması aparılan məqsədyönlü ardıcıl dövlət siyasətinin bariz göstəricisidir. Respublika üzrə yol infrastrukturunun inkişaf etdirilməsi sahəsində aparılan geniş-miqyaslı işlər həm böyük inkişafa, həm də sosial rifaha hesablanmış mühüm tədbirlərdir. Naxçıvan Muxtar Respublikası ərazisində çəkilən çoxgedişli yolların keyfiyyətlə salınmasının ölkə rəhbəri tərəfindən ayrıca qeyd edilməsi görülmüş işlərə verilmiş yüksək qiymətin ifadəsidir. Həqiqətən də Naxçıvanda yol tikintisi sözün əsl mənasında yol mədəniyyəti səviyyəsində həyata keçirilir, ən yüksək standartlara tam cavab verir. Naxçıvan-Şərur-Sədərək yolunun 10 ildən artıq bir müddət bundan əvvəl istifadəyə verilməsinə baxmayaraq, bu gün də dayanıqlı bir keyfiyyətə malik olması Naxçıvan yollarının ölkə rəhbərinin qeyd etdiyi keyfiyyətli yol göstəricilərinin tələblərinə uyğun olduğunu nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Culfa-Ordubad magistralının tikintisi haqqında Prezident İlham Əliyevə verdiyi məlumatdakı mövsüm nəzərə alınmaqla yol tikintisinin aparılmasına dair izahlar burada keyfiyyətli yol salmaq ənənəsinin davam etdirilməsini diqqətə çatdırır.
Məlum olduğu kimi, Azərbaycanın hər yerində, o cümlədən də Naxçıvanda dönmədən sənayeləşmə proqramları uğurla həyata keçirilməkdədir. Bu, Naxçıvan Muxtar Respublikasında ilk növbədə zəruri ərzaq və məişət mallarına tələbatların ödənilməsinə və iş yerlərinin genişləndirilməsinə şərait yaratmışdır. Son illərdə Naxçıvanda ixracyönümlü sənaye sahələrinin yaradılması regionda sənayeləşmə hərəkatının irəli getdiyini göstərir.
Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamları ilə ayrılmış maliyyə vəsaitləri hesabına Naxçıvanda son illərdə inşa edilən, istifadəyə verilməkdə olan Şərur Sənaye Məhəlləsi və Xalçaçılıq fabriki regionun sənaye potensialının daha da genişləndirilməsinə və yerli xammaldan səmərəli istifadəyə təkan vermişdir. Naxçıvan xalçalarının ölkə və dünya bazarlarına çıxarılması iqtisadi əhəmiyyəti ilə bir sırada, həm də muxtar diyarın dünyada tanıdılmasına yol açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi vəzifə daşıyan dövlət və hökumət nümayəndələrinin qəbulu praktikasını həyata keçirməsi və həmin qəbul zamanı bütün danışıqları televiziya vasitəsilə xalqa çatdırması dövlət idarəçiliyi təcrübəsinə gətirilən yeni format kimi mühüm əhəmiyyətə malikdir. Bu, ölkədə baş verən proseslər və yeniliklərlə Azərbaycan xalqını əyani surətdə tanış etmək, dövlət idarəçiliyinin aşkarlığına nail olmaq baxımından da düşünülmüş addımdır.
Prezident qəbulu dialoqu dövlət rəhbərimizin yeni bir dövlət idarəçiliyi tribunası kimi də böyük maraq doğurur. Prezident qəbulu dialoqunun televiziya vasitəsilə geniş ictimaiyyətə çatdırılması dövlət başçımızın xalqla ünsiyyətinin və həmrəyliyinin fərqli bir auditoriyasını formalaşdırmaqdadır. Möhtərəm Prezidentin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə keçirdiyi qəbul da dövlət rəhbəri və xalq dialoqu ilə yanaşı, həm də ölkəmizin bu regionunda əldə olunan nailiyyətlər, baş verən dəyişikliklərlə əlaqədar yüksək səviyyədə aparılan maarifləndirmə missiyasının da əməli ifadəsidir.
Eyni zamanda, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının daha da inkişaf etdirilməsi üçün qarşıya qoyduğu müasir tələblər bu regionun daha da inkişaf etdirilməsinə istiqamət verən dövlət əhəmiyyətli tapşırıqlardır. Bu tələblər və tapşırıqlar icraçıların yolunu aydınlaşdırır və cavabdehlik hissini daha da artırır, səfərbərlik üçün stimul yaradır.
Prezidentin qəbulu zamanı dövlət başçısının ifadə etdiyi dərin əminlik hissi Naxçıvan Muxtar Respublikasında yeni və daha parlaq zəfərlərin qazanılmasına inam bəsləməyə tam əsas verir: "Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük inamını həyata keçiriləcək yeni layihələr və qazanılacaq daha böyük uğurlarla möhkəmləndirəcəkdir.
Müstəqillik illərində böyük və şərəfli yol keçmiş Naxçıvan Muxtar Respublikası dövlət rəhbərimizin qayğısı və tələblərinin işığında daha böyük nailiyyətlərə doğru özünü səfərbər edərək irəliyə doğru addımlamaqdadır.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti,
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri, akademik
Azərbaycan.- 2019.-22 noyabr.-
S.8.