İlham Əliyevin növbəti qlobalmiqyaslı layihəsi
reallığa çevrilir
45 milyard dollarlıq "Cənub qaz dəhlizi”nin bel
sütunu olan TANAP istifadəyə tam hazırdır
Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan növbəti böyük uğurun astanasındadır. Dəyəri 40 milyard dollara yaxın, uzunluğu 3 min 500 kilometr olan və 6 ölkədən keçməklə Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən kəmər sistemi - "Cənub qaz dəhlizi” layihəsinin daha bir seqmenti - Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin - TANAP-ın ikinci fazası istifadəyə tam hazır vəziyyətə gətirilib.
"Cənub qaz dəhlizi”nin bel sütunu olan layihənin açılış mərasimi noyabr ayının 30-na planlaşdırılır. Bununla da Xəzərin qazı TANAP ilə ilk dəfə Avropaya çatdırılacaq.
"Cənub qaz dəhlizi”- XXI əsrin layihəsi
Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı bu kəmər sistemi Avropanın enerji xəritəsini dəyişərək köhnə qitədə ən böyük infrastruktur layihəsi hesab olunur.
2014-cü
ilin sentyabrın 20-də, tarixi bir gündə kəmərin Səngəçal
terminalının ərazisində təməli qoyulub. Əlamətdar
haldır ki, məhz sentyabrın 20-də "Əsrin
müqaviləsi”nin ("Azəri-Çıraq-Günəşli”
yataqlar blokunun işlənməsi layihəsi) imzalanmasının
20 illiyində Bakıda Xəzər qazının Avropaya
tədarükü üzrə layihənin əsası qoyuldu. 4 il sonra, 2018-ci ilin may
ayının 29-da Bakıda rəsmi açılış mərasimi
keçirildi.
4 seqmentdən - "Şahdəniz-2”,
Cənubi Qafqaz Boru Kəməri (692 km), TANAP (1850 km), TAP-dan
ibarət (878 km) olan bu layihə Xəzər dənizinin Azərbaycan
sektorundakı "Şahdəniz-2” yatağından hasil
olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan,
Albaniya və İtaliyadan keçən boru kəmərləri
ilə Avropaya çatdıracaq. Nəhəng
layihə ilə Azərbaycan dünyanın sayılan qaz
ixracatçılarından biri olacaq. Layihənin
icrası Azərbaycanın karbohidrogen satışından və
nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə
etməsinə imkan verəcək.
Bakıda keçirilən rəsmi
açılış mərasimində cənab İlham
Əliyev layihəni dəyərləndirərkən
bildirmişdir ki, bu gün Azərbaycan müstəqil dövlət
kimi ayaqda möhkəm dayanıb, ölkə
qarşısında duran bütün vəzifələr
uğurla icra olunur. Azərbaycan belə nəhəng layihələrlə
Avropanın enerji xəritəsini yenidən tərtib edir.
Azərbaycan ilə 11 Avropa
şirkəti arasında "Şahdəniz”
yatağının ikinci mərhələsi çərçivəsində
hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən
artıq olan həcminin satışı üzrə 25 illik
sazişlər imzalanıb. Bu şirkətlər
hərəsi təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan
və Yunanıstanı təchiz etmək niyyətində olan
alıcılara, qalanı isə İtaliyanı və ona
bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində
olan alıcılara ötürəcək.
Ümumiyyətlə, "Cənub
qaz dəhlizi”ni bu günə qədər energetika sahəsində
Azərbaycanın həyata keçirdiyi böyük
strategiyanın davamı kimi dəyərləndirmək
lazımdır. Bu layihədən öncə
Bakı-Tbilisi-Ceyhan strateji xətti irəli sürülüb
və məhz bu boru vasitəsilə Xəzər dənizinin
karbohidrogen ehtiyatları dünyaya açılıb. "Bu nöqteyi-nəzərdən "Cənub qaz
dəhlizi” Bakı-Tbilisi-Ceyhan layihəsinin davamı kimi qiymətləndirilir.
Burada daha vacib məqam layihənin
beynəlxalq əhəmiyyətidir. İndiki reallıqlar
şəraitində Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsinin vacib şərti olan mənbələrin
şaxələndirilməsi istiqamətində "Cənub
qaz dəhlizi” hələlik yeganə etibarlı layihədir.
Məhz bu layihə vasitəsilə şaxələndirmə
istiqamətində Avropa ciddi addımlar atır.
Ən nəhayət,
sözügedən məsələyə kommersiya
baxımından yanaşsaq, bir neçə ildən sonra Azərbaycan
"Cənub qaz dəhlizi” layihəsindən böyük
iqtisadi dividentlər əldə edəcək.
TANAP -
"enerjinin İpək yolu”
Trans-Anadolu Təbii Qaz Boru Kəməri
- TANAP Türkiyənin Gürcüstan sərhədində yerləşən
Ərdahan şəhərinin Posof qəsəbəsi
Türkgözu kəndindən başlayaraq Ərdahan, Qars,
Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun,
Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhər,
Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ
və Ədirnədaxil olmaqla 20 vilayətdən keçir.
Boru xətti Yunanıstan sərhəddində,
Ədirnənin İpsala qəsəbəsində Avropa ölkələrinə
təbii qaz nəql edəcək TAP-a birləşir. Layihə
çərçivəsində Türkiyə sərhədləri
daxilində biri Əskişəhirdə, digəri Trakyada
olmaqla yerli təbii qaz nəqli şəbəkəsinə
bağlanmaq üçün iki çıxış nöqtəsi
var.
TANAP-ın səhmlərinin
51 faizi "Cənub qaz dəhlizi” QSC-yə, 7 faizi "SOCAR
Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP
şirkətinə məxsusdur.
TANAP üzrə anlaşma
2012-ci ildə İstanbul şəhərində imzalanıb. "Şahdəniz-2”
yatağından hasil olunan təbii qazı əvvəlcə
Türkiyəyə, sonra isə Avropaya daşıyacaq "Cənub
qaz dəhlizinin” ən mühüm həlqəsi olan
TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən
Əskişəhərə qədər olan birinci hissəsinin
açılışı 2018-ci il iyunun
12-də keçirilib və 2018-ci il iyunun 30-dan etibarən
Türkiyəyə kommersiya məqsədli qaz axını
başlayıb.
Boru kəmərinin
Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki
Avropaya çıxış nöqtəsi arasında qalan hissəsində
isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa
çatıb və 2019-cu ilin aprelində kəmərə
sınaq məqsədilə qaz vurulub. 2019-cu il iyulun 1-dən
etibarən Avropaya qaz nəqli üçün tamamilə
hazır vəziyyətə gətirilən TANAP "Türkiyə,
Orta Şərq və Avropanın ən uzun və ən
geniş diametrli təbii qaz boru kəməri” kimi adını
tarixə qızıl hərflərlə yazdı.
Yekun investisiya qərarı qəbul
ediləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində
qiymətləndirilən layihənin tikinti mərhələsində
maksimum səmərəlilik nəticəsində indiyə qədər
45 faiz qənaətə nail olunub və layihə 6,5 milyard
dollarlıq sərmayəyə başa gəlib. Digər tərəfdən layihə çərçivəsində
bu günədək TANAP boyunca sosial və ətraf mühitin
mühafizəsi məqsədilə 1000-ə yaxın layihə
həyata keçirilib.
Xəyallar
gerçəkliyə çevrildi
Türkiyə
mediasının yazdığına görə, noyabrın
30-da TANAP-ın ikinci fazasının
açılışı olacaq. Bu barədə
qonşu ölkənin enerji və təbii sərvətlər
naziri Fatih Dönməz bildirib. Onun sözlərinə
görə, TANAP "Türk axını” kəmərinin rəqibi
sayılır: "TANAP ən vacib layihələrimizdən
biridir. Kəməri noyabrın 30-da istifadəyə
verməyi planlaşdırırıq ki, mərasimdə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və
Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər”.
Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin
reallaşmasını Prezident İlham Əliyev Azərbaycan-Türkiyə
qardaşlığının növbəti təzahürü,
iki ölkənin növbəti zəfəri adlandırıb.
Səbəbi isə odur ki,
bu layihə ilk dəfə gündəmə gələndə
bəzi dairələr buna xəyal deyirdilər. Antiazərbaycançı
qüvvələr bunun həyata keçirilməsini qeyri-mümkün
sayırdılar. Amma iki qardaş ölkə
səbir etdi, dözüm göstərdi. Doğru
yolda qətiyyətlə çalışılaraq uğurlu nəticə
əldə edildi.
Əskişəhərdə
keçirilən təntənəli açılış mərasimində
çıxış edən Prezident İlham Əliyev dedi ki,
Azərbaycan Türkiyə ilə XXI əsrin enerji tarixini
birlikdə yazır. Bu tarix işbirliyi tarixidir,
bu tarix sabitlik tarixidir. Bu layihələrdə iştirak
edən bütün ölkələr, bütün şirkətlər
fayda görür, xalqlar fayda görür:
"TANAP yeddi ölkəni, bir
çox şirkətləri birləşdirir.
"Cənub qaz dəhlizi”nin
ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə
enerji təhlükəsizliyi məsələlərinin həlli
üçün əvəzolunmaz infrastruktur layihəsidir... Bu, birgə həyata keçirdiyimiz birinci layihə
deyil. Biz bundan əvvəl - 2006-cı ildə
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
açılışını qeyd etdik. 2007-ci
ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
açılışını birlikdə etdik.
Keçən il Bakı-Tbilisi-Qars dəmir
yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində
əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə
iştirak etmişik. Bu gün bu tarixi
gündə də biz birlikdəyik. Bu, onu
göstərir ki, bizim təşəbbüsümüzlə
irəli sürülən istənilən layihə həyatda
öz əksini tapır. Çünki
bunun arxasında düşünülmüş siyasət,
güclü iradə və bizim qardaşlığımız
dayanır”.
Ekspertlər də hesab edirlər
ki, TANAP təkcə enerji təhlükəsizliyi
baxımından deyil, Xəzər bölgəsindən Avropaya
qədər marşrut üzərindəki bütün ölkələrin
rifahına və məşğulluq probleminə də
töhfə verəcək.
Səhmdarlar illik 1,45
milyard dollar gəlir əldə edəcəklər
Boru kəməri bu il
iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql
edilməsi üçün hazır vəziyyətə gətirilib.
Bu il boru kəməri ilə 1,8 milyard
kubmetrədək qaz nəql olunub. Türkiyə
bu vaxtadək TANAP-la 3 milyard kubmetrdən çox Azərbaycanın
təbii qazını alıb. İlin
sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq.
Kəmərin mövcud
ötürücülük qabiliyyəti hazırda 16 milyard
kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək
artırılması nəzərdə tutulur.
TANAP-ın səhmdarları layihə
üzrə illik 1,45 milyard dollar gəlir əldə
edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın
payına düşəcək.
TANAP-la 2020-ci ildə 4 milyard
kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii
qazı Türkiyəyə nəql ediləcək. İlkin mərhələdə
TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək.
Daha sonrakı 3 il ərzində isə bu həcm
6 milyard kubmetrə çatdırılacaq. TANAP
Türkiyənin təbii qaza olan tələbatının 12
faizini ödəyəcək.
TANAP iki qardaş ölkənin
ortaq baxışının ən son bəhrəsidir. Enerji
bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab
verən TANAP, eyni zamanda, qarşıdakı illərdə birgə
həyata keçiriləcək yeni layihələrin müjdəsidir.
Azərbaycanı
İtaliyaya birləşdirən - TAP
TANAP Yunanıstan sərhədində,
Ədirnənin İpsala qəsəbəsində Avropa ölkələrinə
təbii qaz nəql edəcək Trans-Adriatik Boru Kəmərinə
- TAP-a birləşdikdən sonra Azərbaycan böyük qaz
ixracatçısına çevriləcək.
Xatırladaq ki, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki
şəhərində TAP-ın təməlqoyma mərasimi
keçirilib. 878 kilometr uzunluğunda və 4,5 milyard dollara
başa gələcək olan boru kəmərinin
ötürücülük gücü ildə 10 milyard
kubmetrdir, gələcəkdə 20 milyard kubmetrə qədər
genişləndirilmək imkanı var. Bu layihə Bolqarıstanın
qaz ehtiyacının 33 faizini, Yunanıstanın 20 faizini,
İtaliyanın isə təxminən 10,5 faizini
qarşılayacaq. BP, İtaliyanın SNAM və
Azərbaycanın SOCAR şirkətləri hər biri 20 faiz
hissə payı ilə layihənin əsas 3 investoru hesab
olunur.
TAP konsorsiumu təbii qaz tədarükçülərinin
maraqlarını ifadə etməyə imkan verəcək bazar
sınaqlarına da başlayıb. Məqsəd
sonrakı mərhələdə TAP-ın genişləndirilməsi
imkanlarını araşdırmaqdır. Boru
kəmərinin inşası üzrə Albaniya sularında dəniz
borularının tikintisi artıq başa çatıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və
İtaliya sahillərini bir-birinə birləşdirəcək
və uzunluğu 105 kilometr olacaq. Adriatik dənizində
boruların 37 kilometri Albaniya, 25 kilometri İtaliya, 43 kilometri
isə beynəlxalq sularda döşənəcək. Boru kəməri dənizin 810 metrdən də
çox dərinlikdəki hissəsindən keçəcək.
"Cənub qaz dəhlizi”nin digər
seqmenti olan "Cənubi Qafqaz Boru Kəməri” 692 km uzunluq
(Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində
- 249 km) və 42 düym diametr ölçüsündə
olan boru kəməridir. Boru kəməri
Bakı yaxınlığındakı Səngəçal
terminalından başlayır. Bu boru kəməri
Türkiyə sərhədinədək Azərbaycanda və
Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə
eyni marşrutdadır və Türkiyədə bu ölkənin
qazpaylama sisteminə birləşdirilib. Kəmər
"Şahdəniz” yatağından hasil edilən qazı
Gürcüstan-Türkiyə sərhədinə nəql etmək
məqsədilə inşa edilib. 2006-cı
ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana
və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə
Türkiyəyə "Şahdəniz Mərhələ 1”
qazını çatdırır. Ətraf
mühitə minimal təsir göstərmək məqsədilə
kəmər Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz
boyu inşa edilib.
Qətiyyətli
siyasət, prinsipial mövqeyin təntənəsi
Bir sözlə, qətiyyətli
siyasəti, prinsipial mövqeyi ilə tanınan cənab
İlham Əliyevin uğurları sırasına bir möhtəşəm
hadisə də əlavə edilir. Bu layihənin hansı
formada ərsəyə gəlməsi bəllidir. Yalnız güclü siyasi iradə nəticəsində
bu beynəlxalq layihə gerçəkliyə çevrilib.
Noyabrın 30-da isə bütün Avropa bir daha
Azərbaycan Prezidentinin uğurlu diplomatiyasından
danışacaq.
Azərbaycanın və
Türkiyənin birgə səyləri nəticəsində
daha bir dünya əhəmiyyətli tarixi layihə həyata vəsiqə
almış olacaq. TANAP qaz kəmərinin istifadəyə
verilməsi ilə artıq regiona və tərəfdaş
ölkələrin həyatına yeni bir nəfəs gələcək.
Ümumiyyətlə, "Cənub
qaz dəhlizi” Azərbaycan Prezidentinin söylədiyi kimi,
enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi
isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.
Layihənin elə önəmi də bundadır
- enerji təhlükəsizliyi və enerji resurslarının
şaxələndirilməsi. Azərbaycan
qazı yeni yollarla Türkiyəyə və Avropa
bazarlarına çıxarılır. Bu dəhliz
həm yeni yollar, həm də yeni mənbədir. Xəzər dənizindəki təbii ehtiyatların ən
münasib marşrutlarla daşınaraq Avropa bazarlarına nəql
edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik
mühitinin möhkəmlənməsinə mühüm
töhfə verəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.-22 noyabr.- S.1; 9.