Azərbaycan ardıcıl məhkəmə-hüquq islahatları ilə diqqət mərkəzindədir

 

22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür

 

 

Ölkəmizdə ədalət məhkəməsi hakimlərinin ictimai birliyi kimi tanınan Azərbaycan Respublikasının Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyası) Beynəlxalq Hakimlər Assosiasiyasına (BHA) üzvlüyünün 10-cu ildönümü tamam olur. 2009-cu ildə təşkilata assosiativ üzv seçilən İctimai Birlik müstəqil respublikamızın bəşəri miqyasda maraq mənafelərini etibarlı qorumaq, həyata keçirilən məhkəmə-hüquq islahatlarını geniş coğrafi arealda təbliğ etmək qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanları qazanıb.

 

BHA üzvlüyünə aparan yol

 

Sıralarında respublika məhkəmələrində çalışan 400-dək hakimi birləşdirən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) dünyadakı mövcud analoji qeyri-hökumət təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığı və təcrübə mübadiləsini fəaliyyətində daim prioritet məsələlərdən biri kimi önə çəkir. İctimai birlik, eyni zamanda Azərbaycanda məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı beynəlxalq səviyyədə təbliğat işi aparır, bu sahədə ixtisaslaşmış mötəbər təşkilatlarla səmərəli əlaqələri genişləndirməyə çalışır. Bu məqsədlərə nail olmaq, beynəlxalq əlaqələrini daha da genişləndirmək, xarici məhkəmə təcrübəsini öyrənmək məqsədilə Ümumi Məhkəmə Hakimləri İctimai Birliyi hələ 2006-cı ildə BHA-ya üzvlük üçün müraciət etmişdi. Müraciətlə əlaqədar BHA-nın Almaniyadan olan nümayəndələri Azərbaycana gəlmiş, məhkəmələrin fəaliyyəti ilə yaxından tanış olmuş, məhkəmə-hüquq islahatlarının müsbət nəticələrini təqdir etməklə, müvafiq hesabat hazırlamışdılar. BHA-nın Baş katibi Antoniya Mura isə 2009-cu ilin mayında ünvanladığı məktubda Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının rəhbərliyini təşkilatın oktyabr ayında Mərakeşdə keçiriləcək illik toplantısında müşahidəçi qismində iştirak üçün dəvət etmişdi.

Nəhayət, 2009-cu ilin oktyabrında Mərakeş iclasında Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının BHA-ya assosiativ uzvlük məsələsinin müsbət həllini tapması respublikamıza olan yüksək etimadın, inamın təcəssümü kimi tarixiləşdi. Sonrakı mərhələdə qurum daxilində apardığımız gərgin və səmərəli işin nəticəsi kimi BHA-nın 2014-cü ilin noyabr ayında Braziliyada keçirilmiş illik iclasında Azərbaycanın quruma tamhüquqlu üzvlüyü gerçəkləşdi.

 

Səmərəli əməkdaşlıq üçün platforma

 

1953-cü ildə siyasətdən kənar qurum kimi Avstriyanın Salsburq şəhərində yaradılmış BHA beş qitədə yerləşən 93 milli assosiasiyasını və ya təmsilçi qrupu birləşdirir. Təşkilatın icraedici orqanı İtaliyanın paytaxtı Romada yerləşən Baş Katiblikdir. Təşkilat 4 regional qrupdan ibarətdir: Avropa Hakimlər Assosiasiyası (Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi məhz bu qrupa daxildir), İboamerika Qrupu, Afrika qrupuAsiya, Şimali AmerikaOkeaniya qrupu.

Azərbaycan hakimlərini birləşdirən İctimai Birliyin BHA-ya üzvlüyü, ilk növbədə, təşkilatın beynəlxalq səviyyədəki nüfuzu, müxtəlif ölkələrin məhkəmə orqanları arasında qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək imkanları, habelə hakimlərlə təcrübəsi ilə şərtlənirdi. Onu da bildirək ki, təşkilat milli qanunvericiliyin daha da təkmilləşdirilməsi məqsədilə mühüm rəy və təkliflərlə çıxış edir. Müxtəlif ölkələrdən olan hakimlərin müntəzəm olaraq keçirilən konfranslarında həm ədliyyə, həm də milli məhkəmə orqanlarının modernləşdirilməsi və sivil hüquqi məkana inteqrasiyası ilə bağlı müzakirələrin aparılması buna bariz sübutdur.

 

Milli məhkəmə-hüquq sisteminə yüksək etimad

 

Azərbaycan nümayəndə heyəti BHA və AHA-nın indiyədək müxtəlif ölkələrdə keçirilmiş iclaslarında daim fəallıq göstərib, müzakirə olunan məsələlərə dair səmərəli rəy və təkliflərlə çıxış edib. Hər iki qurum daxilində aparılmış "Sosial mediaKİV-in məhkəmə hakimiyyəti ilə münasibəti, onların məhkəmələrin müstəqilliyinə təsiri, məhkəmə administrasiyaları”, "Avropada hakimlərin statusu”, "Ətraf mühit və ətraf mühitin qorunması üçün cəmiyyətin tərbiyələndirilməsində məhkəmə hakimiyyətinin rolu”, "Mülki ətraf mühit üçün çağırışlar”, "Ətraf mühitin çirklənməsi: bununla mübarizədə cinayət hüququ yaxşı vasitədirmi?”, "İş yerində sağlamlıq və təhlükəsizlik”, "Mülki və cinayət işlərində məhkəmə və ekspertiza arasında münasibətlər” və digər aktual mövzularda müzakirələrdə azərbaycanlı hakimlər hər zaman yüksək fəallıq nümayiş etdiriblər.

Son 15 ildə respublikamızın məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatların beynəlxalq səviyyədə təbliği Azərbaycana qarşı bəzi əsassız iddiaların aradan qaldırılması və ölkəmiz haqqında obyektiv təsəvvürlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub. Qürur hissi ilə deyə bilərik ki, insan amilini daim önə çəkən müstəqil Azərbaycan hazırda yerləşdiyi Avropa geosiyasi arealında mütərəqqi islahatlar yolu ilə sürətlə irəliləyən, sivil Qərb dəyərlərinə sadiqliyi ilə seçilən demokratik ölkə kimi tanınır. Hər iki qurumun indiyədək Mərakeş, Fransa, Malta, İspaniya, İsrail, Niderland, Meksika, Türkiyə, ABŞ, Ukrayna, Kipr, Braziliya, Danimarka, Almaniya və digər ölkələrdə keçirilmiş yüksək səviyyəli iclasları dünyada respublikamızın məhkəmə-hüquq sistemi ilə bağlı obyektiv rəyin formalaşdığını təsdiqləyib.

 

Maraqla qarşılanan islahatlar

 

Təşkilatın illik iclasları çərçivəsində keçirdiyimiz müxtəlif səviyyəli görüşlərdə bir qayda olaraq Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların fəaliyyətində İKT-nin ən son nailiyyətlərinin tətbiqi, hakimlərin sosial şəraitinin yaxşılaşdırılması, yeni məhkəmələrin yaradılması və digər istiqamətlərdə həyata keçirilən islahatlar barədə geniş məlumatlar verilir. Nümayəndə heyətimizin üzvləri tərəfindən o da bildirilir ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda məhkəmələrin fəaliyyətinə hakimiyyət qurumları tərəfindən heç bir müdaxilə yoxdur, hakimlərin müstəqilliyi təmin olunub.

Ölkəmizdə hakimlərin seçkisi və təyinatı tam şəffaf, ədalətli şəkildə həyata keçirilirbu proses Avropanın bir sıra nüfuzlu təşkilatları tərəfindən yüksək qiymət alır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) ekspertləri Azərbaycanın bu sahədə müsbət təcrübəsini örnək kimi qiymətləndirib, onu digər dövlətlərə tövsiyə ediblər. Ölkə rəhbərliyinin iradəsi əsasında gerçəkləşdirilməsinə başlanılmış "Elektron məhkəmə” informasiya sistemi respublikanın bütün məhkəmələrində uğurla tətbiq olunur.

Müşahidələr həm də onu göstərir ki, bu gün Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edən mükəmməl qanunvericilik sistemi mövcuddur. 2004-cü ildən başlayaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işi sürətlə davam etdirilir. Son illərdə 3000 nəfər namizəd arasından 400-dək nəfər hakim test üsulu ilə şəffaf və obyektiv şəraitdə seçilərək Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında bu vəzifəyə təyin olunub.

Hakimlərin sosial vəziyyətinin, şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilib, regionlarda yeni inzibati-iqtisadi və ağır cinayətlər məhkəmələri yaradılıb. Hakimlərin sayı artırılıb, onlara köməkçi təyin olunub, yükü azaldılıb. Halbuki bir sıra Avropa ölkələrində hakimlərin yükü Azərbaycan hakimlərinin yükündən çox olduğu halda, onlar üçün belə geniş imkanlar yaradılmayıb.

Ölkəmizin məhkəmə-hüquq sistemi zamanın yeni çağırışlarına və cəmiyyətin inkişaf dinamikasına adekvat olaraq müasirləşdirilir. Ölkəmizdə həyata keçirilən sistem xarakterli islahatlar - vətəndaş amilinə daha həssas və qayğıkeş münasibətin önə çəkilməsi insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni vəzifələr meydana çıxarır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı strateji yol xətirəsi olaraq məhkəmə sistemində köklü islahatların aparılmasına zəmin yaradıb. Fərmanda hakimlərin sosial müdafiəsi, məhkəmələrdə hakimlərin sayının artırılması, məhkəmələrin fəaliyyətində yeni texnologiyaların tətbiqi, məhkəmə qərarlarının icrasının elektronlaşdırılması, sahibkarların hüquqlarının daha etibarlı müdafiəsinin təşkili üçün yeni ixtisaslaşmış məhkəmələrin yaradılması və digər konseptual əhəmiyyətli məsələlər əksini tapıb.

 

Nur-Sultan toplantısı mühüm müzakirələrlə yadda qaldı

 

BHA-nın 2019-cu il sentyabrın 15-dən 19-dək Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilmiş növbəti iclasında da mühüm və səmərəli müzakirələr aparıldı. İclasa sədrlik edən AHA prezidenti Joze Manuel İgreja Matosun qurumun Danimarkada keçirilmiş yaz iclasının protokolunun təsdiq olunması barədə təklifi yekdilliklə qəbul edildi. İclasın ikinci əsas məsələsi kimi AHA prezidentinin üzvlərə əvvəlcədən paylanılmış hesabat məruzəsi təsdiqləndi. Sədr daha sonra "Üzv assosiasiyaların statusu üzrə işçi qrupunun işi, "Brüsselə gedən yollarişçi qrupunun işi, "Müxtəlif Avropa ölkələrində qarşıya çıxan çətinliklər”, "AHA-nın büdcəsi”, "AHA Dünya hakimlər Assosiasiyası sırasında” blokları üzrə məlumat verdi.

AHA prezidenti iclasda Avropa Şurasının məhkəmələrlə bağlı komissiyası olan CEPEJ-in prezidenti, azərbaycanlı hakim Ramin Qurbanovun iclasda iştirak etdiyini bildirdisözü qonağa verdi. CEPEJ prezidenti R.Qurbanov qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək iclas iştirakçılarını Avropa Şurasının yaxınlaşan 70 illiyi münasibətilə təbrik etdi. O, rəhbərlik etdiyi qurumun AHA ilə sıx və məhsuldar əməkdaşlıq etdiyini vurğulamaqla yanaşı, Avropa məkanında məhkəmələrin işinin səmərəli təşkili məqsədilə məsləhət və praktiki yardım formatında görülən işlərdən söz açdı.

Gündəliyin üçüncü əsas məsələsi kimi AHA-ya üzv assosiasiyalarda mövcud problemlər geniş müzakirə olundu və vəziyyəti araşdıran işçi qrupunun məruzəsi dinlənilərək məqbul sayıldı. Bu xüsusda Polşa, Moldova, Macarıstan və Rumıniyada məhkəmə hakimiyyətinin üzləşdiyi bəzi problemlər geniş müzakirə olundu. AHA prezidentinin və digər çıxışçıların dediklərindən bəlli oldu ki, bəzi Avropa ölkələrinin məhkəmə hakimiyyətində özünü göstərən əsas problemlər əsasən qanunvericilikdəki boşluqlaricra hakimiyyətinin təzyiqləri ilə bağlıdır.

Eyni zamanda Moldovada siyasi hakimiyyətin məhkəmə hakimiyyətini özündən asılı duruma salmaq cəhdləri problem kimi önə çəkildi. Bildirildi ki, bu ölkədə hakimlərin işini dəyərləndirən müvafiq komissiyada bir nəfər belə hakim yoxdur. Macarıstanda isə hakimlərin məvacibinin Avropada ən aşağı həddə olması əsas problemlərdən biri kimi qeyd edildi. Rumıniyada da oxşar vəziyyətin hökm sürdüyü, hökumətin məhkəmələrə ayırdığı vəsaitin həcminin azaldığı təəssüflə vurğulandı.

Sentyabrın 16-da isə Nur-Sultan şəhərində BHA-nın illik iclasının açılışı oldusöz təşkilatın prezidenti Tony Paqoniyə verildi. T.Paqoni dünyada məhkəmə hakimiyyətinin ümumi durumundan söz açaraq texnoloji yeniliklərin məhkəmələrin işində tətbiqindən, sosial şəbəkələrin, internetin yaratdığı imkanlardan, elektron məhkəmələrdən, eləcə də bir sıra ölkələrdə siyasi hakimiyyətin yaratdığı maliyyə çətinliklərindən, hakimlərin yerdəyişməsi prinsipinə qəsd edilməsi, onlara inzibati resurslarla təzyiq göstərilməsi kimi problemlərdən danışdı. O, eyni zamanda dünyanın mütərəqqi qurumlarının dəstəyi ilə məhkəmələrə təzyiqlərin qarşısının alınacağına inamını ifadə etdi.

BHA-nın illik iclasında, həmçinin Mərkəzi Şuranın və regional qrupların rəhbərlərinin hesabatları dinlənildi, Yeni Zelandiya və Livanın təşkilata üzvlüklə bağlı müraciətləri müsbət həllini tapdı.

Sentyabrın 18-də Nur-Sultan şəhərinin Böyük Konqres Mərkəzində təşkil olunmuş "Məhkəmələrin keyfiyyətli idarəçiliyi: qlobal istiqamətlər və nümunəvi təcrübələr” mövzusunda beynəlxalq ədliyyə forumu da səmərəli müzakirələrlə diqqətçəkən oldu. Forumun aparıcılığının azərbaycanlı hakim, CEPEJ-in prezidenti R.Qurbanova həvalə edilməsi də bizim üçün qürurverici məqamlardan idi. R.Qurbanov məhkəmələrin işinin səmərəli təşkili problemlərindən, beynəlxalq əməkdaşlığın faydalarından, bu istiqamətdə CEPEJ-in mühüm rolundan söz açdı. Forumda çıxış edən digər iştirakçılar da məhkəmə hakimiyyəti və administrasiyalarının mövcud problemlərindən, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyindən, məhkəmə proseslərində yeni texnoloji yeniliklərin tətbiqi zərurətindən danışdılar.

Sentyabrın 19-da keçirilən yekun iclasda BHA-nın növbəti iclasının 2020-ci ildə Kosta-Rikada, AHA-nın iclasının isə Portuqaliyada keçirilməsi qərara alındı.

Beləliklə, həyata keçirilən islahatlar, o cümlədən BHA-nın Qazaxıstanda keçirilmiş iclasının yekunları deməyə əsas verir ki, Azərbaycanın hazırkı böyük uğurlarının əsasında həm də insan və vətəndaş hüquqlarının yüksək səviyyədə təminatı, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən sistemli və ardıcıl islahatlar dayanır. Qazanılan nailiyyətlər məhkəmələrlə yanaşı, milli ədliyyə sisteminin də hərtərəfli yeniləşməsinə və müasirləşməsinə, dövlətin ən mühüm, əlahiddə hüquq təsisatlarından birinə çevrilməsinə imkan yaradır.

Azərbaycan ədliyyəsinin yaranmasının 101-ci ildönümü ərəfəsində olan ədliyyə və məhkəmə işçiləri bu sahədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatları ürəkdən dəstəkləyir, yüksək diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayırlar. Bu gün fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycan möhkəm təməllər üzərində qurulmuşmüasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən məhkəmə sisteminə malikdir. İnanırıq ki, respublikamızın iqtisadi inkişaf tempinə adekvat olaraq bu sahədə islahatlar uğurla davam etdiriləcək, Azərbaycan yüksək inkişaf etmiş ölkələrlə rəqabətə girə biləcək modern məhkəmə sisteminə malik olacaqdır.

 

Ələddin CƏFƏROV,

Nizami Rayon Məhkəməsinin sədri,

Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri

 

Azərbaycan.- 2019.-22 noyabr.- S.10.