Azərbaycan-Rusiya münasibətləri Azərbaycan və
Rusiya xalqlarının rifahı naminə bundan sonra da
uğurla inkişaf edəcək
Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinlə görüşü
olub.
AZƏRTAC xəbər
verir ki, Rusiya Prezidenti avqustun 13-də imzaladığı
fərmana əsasən
"Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını
təqdim edib.
Rusiya dövlət
başçısının Novo-Oqaryovadakı iqamətgahında
keçirilən görüşdə
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanı salamlayan Prezident Vladimir PUTİN dedi:
- Hörmətli
Mehriban Arif qızı.
İcazə verin, Sizi Moskvada
indiyə qədər
olmadığınız qisimdə
- Birinci vitse-prezident kimi salamlayım. Mən bilirəm
ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var. Rusiya Federasiyası Hökumətinin
sədri Dmitri Anatolyeviç
Medvedev Sizinlə görüşü
barədə mənə
artıq məruzə
edib. Bilirəm ki, orada danışmağa mövzu
olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan
həcmini nəzərdə
tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi
26 faiz artıb. Bu, ciddi göstəricidir.
Biz demək olar
ki, bütün istiqamətlər üzrə
- parlamentlər, ictimai
təşkilatlar səviyyəsində
əlaqə saxlayırıq.
Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim
formalaşıb. Bilirəm ki, sabah
Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası
Forumu da açacaqsınız. Hesab edirəm
ki, bu, bizim
əməkdaşlığımızın
olduqca mühüm istiqamətidir. Ona görə
ki, bizim qarşılıqlı fəaliyyətimizin
xeyli hissəsi məhz regionlar səviyyəsində həyata
keçirilir. Bizim təklifimizi
qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə
görə Sizə təşəkkür etmək
istəyirəm.
***
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban
ƏLİYEVA dedi:
- Hörmətli
Vladimir Vladimiroviç. İlk növbədə,
Rusiyaya rəsmi səfərə dəvət
edilməyimə görə
Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Yenidən Moskvada olmağıma
çox şadam.
Moskva mənim üçün yaxın, doğma şəhərdir. Mənim tələbəlik
illərim burada keçib. Moskva hər dəfə
göz oxşayır.
Mənim
Rusiya Federasiyasının
dövlət mükafatı
- "Dostluq” ordeni ilə təltif edilməyimə görə
də Sizə təşəkkürümü bildirmək istəyirəm.
Bu, mənim Rusiya-Azərbaycan
dostluq münasibətlərinin
möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə
verilən yüksək
qiymətdir.
Fürsətdən və imkandan istifadə edib Sizə Azərbaycan Respublikası Prezidentinin salamını və ən xoş arzularını çatdırmaq
istəyirəm. O, Sizinlə münasibətləri çox
yüksək qiymətləndirir
və Rusiya-Azərbaycan
münasibətlərinə xüsusi əhəmiyyət
verir. Sizinlə İlham Heydər
oğlu arasında müntəzəm görüşlər
bizim ikitərəfli əlaqələrin çoxvektorluluğunu
və dinamizmini müəyyən edir.
Mən həm də Azərbaycan Respublikası
Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər
etmək təklifini çatdırmaq istəyirəm.
Bizim ölkələrimiz arasında
münasibətlər möhkəm
mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası
ilə münasibətlər
Azərbaycanın xarici
siyasətində çox
mühüm yer tutur. Siz dediyiniz kimi,
bütün istiqamətlər
üzrə müsbət
dinamika müşahidə
edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir.
Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq
öz bəhrələrini
verir və bu, çox sevindirici haldır.
Qeyd etmək istəyirəm ki, Rusiyadan ölkəmizə
gələn turistlərin
sayı durmadan artır. Keçən il 900 min rusiyalı Azərbaycana səfər edib. Bu il
biz həmin göstəricinin
artacağını gözləyirik.
Əlbəttə, humanitar sahədə münasibətlərimizi xüsusi
qeyd etmək istəyirəm. Hesab edirəm ki,
bu münasibətlər
nümunəvidir. Siz bilirsiniz
ki, Azərbaycanda rus mədəniyyətinə,
rus dilinə çox böyük hörmət bəsləyirlər.
Respublikamızın paytaxtında
M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin, İ.M.Seçenov
adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə
başlanıb. Azərbaycanda
338 məktəbdə tədris
rus dilində aparılır, 14 dövlət
ali məktəbində
rusdilli bölmə fəaliyyət göstərir.
Rusiyada
11 min azərbaycanlı tələbə
təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir.
Dəvətə, səmimi qəbula, qonaqpərvərliyinizə görə
Sizə bir daha təşəkkür
edirəm. Əminəm ki, Azərbaycan-Rusiya
münasibətləri Azərbaycan
və Rusiya xalqlarının rifahı
naminə bundan sonra da uğurla
inkişaf edəcək.
***
Rusiya Prezidenti
Vladimir PUTİN
dedi:
- Hörmətli
Mehriban Arif qızı.
Bilirsiniz ki, təntənəli hissəyə
keçmək nəzərdə
tutulurdu, lakin hər halda Sizin indicə
dediyiniz məqama reaksiya verməyə bilmərəm. Bu, xüsusən bizim humanitar əlaqələrə
və Azərbaycanda rus dilinə münasibətə aiddir.
Həqiqətən bu, keçmiş
Sovet İttifaqı ölkələrindən, keçmiş
Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə,
rus dilinə münasibət ən yüksək səviyyədə
saxlanılır. Bilirəm ki,
Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir.
Biz bunu çox
yüksək qiymətləndiririk.
Ona görə ki, bu baza bizim
bütün başqa istiqamətlərdə münasibətləri,
o cümlədən iqtisadi
və humanitar əlaqələri, sözün
geniş mənasında,
inkişaf etdirməyə
imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik
və öz tərəfimizdən bu trendi dəstəkləmək
üçün nə
lazımdırsa edəcəyik.
Hesab edirəm ki, bu, bizim ümumi
sərvətimizdir. Ona görə
ki, bu, insanların
öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına,
həm şəxsiyyətlərarası,
həm də dövlət səviyyəsində
münasibətləri inkişaf
etdirməyə imkan verir.
Birinci vitse-prezident
Mehriban ƏLİYEVA:
- Sözsüz belədir, Vladimir Vladimiroviç.
Bu, Azərbaycanda dövlət siyasətidir.
Düşünürəm ki, biz gələcəkdə
bu sahəyə daha çox diqqət yetirməliyik.
Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür.
Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud
olan əlaqələrin
qorunub saxlanması və bu əlaqələrin
daha da möhkəmlənməsi
lazımdır.
Prezident Vladimir PUTİN:
- Azərbaycan
Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda
görüşmək şərəfinə
nail olacağam.
Birinci vitse-prezident
Mehriban ƏLİYEVA:
- Sağ olun. Dəvət üçün sağ olun.
Prezident Vladimir PUTİN:
- Mənə icazə verin, artıq xatırlatdığım
xoş təntənəli
hissəyə keçim.
Siz özünüz də bunu dediniz. Mən əvvəlcə bunu demək istərdim. Əlbəttə, bu dövlət
mükafatı, bu
"Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən,
Sizin diqqətinizi ona cəlb etmək
istəyirəm ki, bu, düşünülmüş
qərardır. Sadəcə,
Sizin bizə gəldiyinizə görə
yox, Sizin Azərbaycanda ali
vəzifəli şəxslərdən
biri olduğunuza görə yox. Bu, Sizin işinizlə,
Sizin fəaliyyətinizlə,
dövlətlərarası əlaqələrin bugünkü
yüksək səviyyədə
saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk.
Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı
üçün gördüyünüz
işləri əks etdirir. Onun adı belə də səslənir:
"Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun.
Birinci vitse-prezident
Mehriban ƏLİYEVA:
- Sizə təşəkkür edirəm.
Sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan
münasibətlərinin inkişafında
və möhkəmlənməsində
xidmətlərinə görə
"Dostluq” ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu.
Rusiya Prezidenti
Vladimir Putin "Dostluq” ordenini
Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi.
Birinci vitse-prezident
Mehriban ƏLİYEVA dedi:
- Bu ordenə görə dərin təşəkkürümü bildirmək istəyirəm.
Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız.
Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən
bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir.
Çox
şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə
mənim də cüzi töhfəm var. Çox sağ olun.
Prezident Vladimir PUTİN:
- Təşəkkür
edirəm.
Birinci vitse-prezident
Mehriban ƏLİYEVA:
- Sağ
olun.
Azərbaycan.- 2019.- 23 noyabr.- S.1-2.