Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu
işə başlayıb
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, forum çərçivəsində təşkil olunmuş Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik çıxış ediblər.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin çıxışında qeyd edib ki, Azərbaycan bir sıra məhsulların ixracına görə Rusiya bazarında lider mövqedədir. O, Rusiyanın 70 regionunun Azərbaycanla əməkdaşlıq etdiyini və bu regionlardan 30-nun nümayəndələrinin X foruma qatıldığını qeyd edərək bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqeyinin möhkəmləndirilməsi üçün böyük perspektivlərə malik olmasından xəbər verir. Maksim Oreşkin cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 26 faiz artdığını, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlığın genişləndiyini vurğulayıb. Nazir dekabrda Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyini, bir sıra mühüm sənədlərin imzalanacağını da diqqətə çatdırıb.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, ölkəmizin isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırdığını qeyd edib. Azərbaycanda dövlət tərəfindən sahibkarlara yüksək səviyyədə dəstək verildiyini, bu sahədə xüsusi qanunvericiliyin, ixtisaslaşdırılmış sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayan Mikayıl Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərmayədarlarının bu ölkədə lokal istehsala investisiya qoyduqlarını da diqqətə çatdırıb. Nazir Azərbaycanda rus dilinə qayğıdan danışıb, ölkəmizdə Rusiya ali məktəblərinin filiallarının açılması və digər mövzulara da toxunub.
Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının 2020-ci il üçün birgə fəaliyyət planı işləyib hazırladıqlarını bildirib. Fəaliyyət planına qarşılıqlı biznes missiyaları, sərgilər, böyük iqtisadi tədbirlərdə biznes dialoqlar və s. daxil edilib. Səməd Qurbanov vurğulayıb ki, regionların əməkdaşlığı ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayır. Rusiyanın 80-ə yaxın subyektinin Azərbaycan ilə iqtisadi əlaqələr yaratdığını deyən İdarə Heyətinin sədri əmin olduğunu bildirib ki, hazırkı forum bu münasibətlərin genişlənməsinə töhfə verəcək.
Forum işini “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalarla davam etdirib.
İki gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, deputatlar, biznes dairələrinin nümayəndələri iştirak edirlər.
Noyabrın 23-də forum işini Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisi-Kompleksindəki “Kosmos” pavilyonunda davam etdirəcək.
Həmin gün, həmçinin "Azərbaycan"
pavilyonunun açılışı olacaq.
Azərbaycan.- 2019.- 23 noyabr.- S.3.