Sabitlik Azərbaycanın uğurlu və
davamlı inkişafının əsas amillərindəndir
Bakıda son illər beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını almaqdadır. Belə mötəbər tədbirlərin təşkili ölkəmizin dünyanın inkişaf etmiş, eyni zamanda Azərbaycanı yaxından tanımayan dövlətləri ilə sıx ünsiyyət baxımından da olduqca vacibdir. Dünya dini liderlərinin II Bakı Sammitinin də paytaxtımızda keçirilməsi ümumi maraq və məqsədlər üçün çox önəmli hesab edilir. Prezident İlham Əliyev sammitdə çıxış edərkən bildirdi ki, Azərbaycan qədim dinlərarası ənənələrə bu gün də böyük hörmətlə yanaşır: "...Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir.
Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir...”
Sammitdə xüsusi vurğulandığı kimi, Azərbaycan o ölkədir ki, öz inkişafını, gələcəyini milli köklər üzərində qurub. Bu isə ənənəvi dəyərlər üçün ən böyük sərvətdir. Azərbaycanda yetişən gənc nəsil milli, vətənpərvərlik, eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu oldu. Çünki dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad, milli təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər” aşılanır: "...Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir...”
Məhz sabitlik şəraitində ölkənin iqtisadi göstəriciləri müsbət ola bilər. 2003-cü ildən bugünə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşüb. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Onlar sadəcə nəqliyyat layihələri deyil, həm də əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Əlbəttə, bu kimi yüksək göstəricilərə sabitlik şəraitində nail olmaq mümkündür.
Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurla davam edəcək, gələcəyimiz parlaq olacaq. Şəksiz və şübhəsiz ki, uğurlu gələcəyin əsas şərti daxili sabitlikdir. Ölkəmizdə bu sabitliyin təminatçısı xalqdır, onun rəyi, onun dövlətə və başçısına, hakimiyyətə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Əlbəttə, eyni zamanda dinlərarası münasibətlər də mənəvi gücümüzü artırır.
Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq. Bakıdan dünyaya səslənən mesajlar lazımi ünvana çatacaq: "Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”.
Keçirilən sammitin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etməkdir. Təəssüf ki, müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları ictimai təhlükəyə çevrilməkdədir. İnformasiya-kommunikasiya sahəsindəki müasir texnologiyalar, sosial şəbəkələr, kütləvi media vasitələri nifrət çağırışlarını bütün dünyada genişmiqyaslı sistemə çevirir. Qlobal miqyasda nifrət çağırışları İraqda, Suriyada, Fələstində, Əfqanıstanda və digər ölkələrdə sabitliyi pozub, hərbi və soyqırımı cinayətlərinə rəvac verib.
Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi əks etdirən həm də dini abidələrimizdir. Müxtəlif dövrlərdə ayrı-ayrı dinlərin nümayəndələri Azərbaycanda yaşayıb-yaratmış və gözəl tarixi miras qoymuşlar. İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir: Şamaxı Cümə Məscidi. O, 743-cü ildə inşa edilib. Bir neçə il bundan əvvəl dövlət tərəfindən əsaslı təmir olunub. Dərbənd məscidindən sonra Qafqazın ən qədim dini məbədidir.
Qədim Qafqaz Albaniyası dövlətinin kilsəsi isə Şəki yaxınlığında yerləşir. Qafqazın ən qədim kilsələrindən biridir. Atəşpərəstlik məbədi - Atəşgah Bakıdadır. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri var. Sonrakı dövrlərdə rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilib.
Dövlət başçısı ölkədə yaradılan və qorunub saxlanılan sabitliyi bütün sahələr üçün vacib faktor hesab edərək onu da xüsusi qeyd edir ki, bunun da əsasında Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilib və ya yenidən tikilib.
Bir sözlə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi var və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir: Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava, pozulmayan sabitlik var və bundan sonra da qorunub saxlanılacaq.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2019.- 23 noyabr.- S.1; 5.