Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

 

Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa Azərbaycan tərəfdən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Yaponiya tərəfindən isə komissiyanın həmsədri “Itochi” Korporasiyasının icraçı direktoru Keita İşii həmsədrlik ediblər.

Əvvəlcə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye nazirinin parlament üzrə müavini Şuci Miyamoto Azərbaycanla Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasının iştirakçılarını salamlamaqdan məmnun olduğunu bildirib. Qeyd edib ki, ikitərəfli münasibətlər çərçivəsində kifayət qədər təcrübəyə malik olan Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq uğurla davam edir. Yaponiya şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılmasında, eləcə də digər infrastruktur layihələrində yaxından iştirak edirlər. Tərəflər arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın bundan sonra inkişaf edəcəyini deməyə əsas verir. Yaponiya Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanla əməkdaşlığın gələcəkdə digər sahələrdə də inkişafında maraqlıdır. İclas zamanı aparılacaq müzakirələrin tərəflər üçün faydalı olacağına əminliyini ifadə edən nazir müavini onun işinə uğurlar arzulayıb.

Yaponiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin digər ölkələr üçün də nümunə ola biləcəyini qeyd edən komissiyanın həmsədri K.İşii yapon şirkətlərinin Azərbaycanın enerji sektorunda və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində fəal iştirakını vurğulayıb. Yaponiya nümayəndə heyətinin tərkibində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış yapon şirkətlərinin də təmsil olunduğunu diqqətə çatdırıb, nəzərdə tutulan məsələlər ətrafında aparılacaq müzakirələrin konkret nəticələrə gətirib çıxaracağına əminliyini bildirib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər naziri M.Babayev qeyd edib ki, son illər Azərbaycanla Yaponiyanın dostluq əlaqələrinin möhkəmlənməsi ilə yadda qalıb. Yaponiyanın ölkəmizin müstəqilliyini tanıyan və ölkəmizlə əlaqələr quran ilk dövlətlərdən biri olduğu, o cümlədən Azərbaycana enerji sahəsində ən çox investisiya yatıran ölkələr arasında olduğu vurğulanıb. Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən nazir ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu da bildirib. Qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatı, nəqliyyat infrastrukturuturizm sahələrinin inkişafı ilə əlaqədar çoxsaylı layihələr həyata keçirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafı üçün geniş imkanlar yaradır. Azərbaycan rəhbərliyinin həyata keçirdiyi nəhəng nəqliyyat-logistika layihələri özünün beynəlxalq əhəmiyyəti ilə diqqəti cəlb edir. Nazir Yaponiya ilə Azərbaycan arasında həmin istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olacağını bildirib.

Çıxış edən Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan və Yaponiyanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına hər zaman öz töhfələrini verdiyini deyib. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyinə Yaponiyanın dəstəyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclasda Azərbaycanla Yaponiyanın iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye parklarında və məhəllələrində yapon şirkətlərinin iştirakı imkanları, kənd təsərrüfatı, turizm, nəqliyyat, təhsil, ətraf mühit sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan məhsullarının Yaponiya bazarına ixracı və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

Sonra hər iki tərəfdən komissiyada təmsil olunan dövlət və özəl qurumların nümayəndələri təqdimatlarla çıxış ediblər. Təqdimatlar zamanı tərəflər arasında əməkdaşlıq üçün əlverişli imkanların olduğu vurğulanıb.

İclasda ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, su ehtiyatlarından səmərəli istifadə, alternativ və bərpaolunan enerji mənbələri və digər sahələrdə əməkdaşlığın qurulması barədə razılıq əldə edilib.

 

Azərbaycan.- 2019.- 23 noyabr.- S.5.