Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində yenidən qurulan “Azərbaycan” pavilyonunun
açılış mərasimi olub Azərbaycanın
Birinci
vitse-prezidenti Mehriban Əliyeva açılışda
iştirak edib
Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisindəki "Azərbaycan”
pavilyonunun əsaslı bərpa və təmirdən sonra
açılış mərasimi olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər
verir ki, mərasimdə Rusiya Federasiyasında rəsmi səfərdə
olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurasının sədri Valentina Matviyenko
iştirak ediblər.
Bu il əlamətdar
yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri
müxtəlif ölkələrin pavilyonları, özünəməxsus
eksponatlar ilə heyrətə gətirir. Dünyanın
50 nəhəng sərgi mərkəzi sırasına daxil olan
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə
30 milyon izləyici qəbul edir. Bu gündən
isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi
ilə buradakı "Azərbaycan” pavilyonu əsaslı bərpa
olunub.
Nadir sərgi şəhərciyi
hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
incilərindən sayılan "Azərbaycan” pavilyonu 1939-cu
ildə tikilib.
Milli pavilyonumuzda bərpa işləri onun
binasının tarixi görünüşü,
memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla
həyata keçirilib.
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası
Federal Məclisinin Federasiya Şurasının sədri
Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı.
Birinci vitse-prezident Mehriban
Əliyeva, Federasiya Şurasının sədri Valentina
Matviyenko və Moskva şəhəri merinin müavini Natalya
Serqunina "Azərbaycan” pavilyonunun rəmzi
açılışını bildirən lenti kəsdilər.
Sonra pavilyonun yenidənqurmadan
əvvəlki və təmir işləri aparılan zaman
görüntüləri əks etdirən stendlə
tanışlıq oldu.
Hazırda nadir memarlıq
siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla
izləyicilərini qarşılayır. Burada yeddi
zalda xalqımızın qədim tarixini, mədəniyyətini,
ənənələrini əks etdirən eksponatlarla
yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin
iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri,
turizm potensialı barədə məlumatlar əldə etmək
mümkündür.
Bərpa zamanı ornamentlərlə
bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi
ilə başladı və ilkin hesab edilən rəng
çoxsaylı qatların altından üzə
çıxarıldı. Bir illik gərgin iş nəticəsində
mərmər döşəmələr, sütunlar, divar və
tavandakı naxışlar, kitabxana və oranjereya tamamilə bərpa
olundu. İzləyiciləri sürprizlər də
gözləyir. Belə ki,
tapıntılardan biri bərpa işləri ilə məşğul
olanları da təəccübləndirdi. Metal
konstruksiyaların bərpası zamanı torpağa
basdırılmış fəvvarə aşkar edildi. Onu çıxarıb bərpa etdilər və
hazırda həmin fəvvarə Azərbaycan pavilyonunda qoyulub.
Daimi ekspozisiya zalında milli
musiqi, xalçaçılıq, sənətkarlıq
nümunələri sərgilənir. Həmçinin
pavilyonda Azərbaycanın məşhur rəssamlarının
əsərləri təqdim edilir. Pavilyonun
ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin
genişlənməsində vacib rol oynamış ölkə
ziyalıları barədə məlumatlar təqdim olunur.
Burada ayrı-ayrı zallarda müxtəlif
mövzularda mühazirə və konfransların keçirilməsi,
musiqi proqramlarının, eləcə də turizm zonasında
Azərbaycanın turizm imkanları barədə məlumatların
təqdimatı nəzərdə tutulur.
"Ticarət evi”
zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim
edilir. Burada
"Aznar”, "Aspi Aqro” MMC, "Azersun Holding”, "Şirvan
Şərabları”, "Gazelli Qrup”, "Gilan” MMC,
"İsmayıllı Şərab-2”, "Balxurma” MMC,
"Marandi” MMC, "Kənddən şəhərə” brendi,
"Xurcun”, "Viva” və digər yerli
istehsalçıların məhsulları ilə tanış
olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək
mümkündür.
Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisi "Ostankino” parkı ilə birləşdirildikdən
sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri
yer alıb, 49 obyekt, o cümlədən "Azərbaycan”
pavilyonu mədəni irs nümunəsi kimi tanınıb.
Kitabxana və oxu zalında müxtəlif
kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri
ilə tanış olmaq
mümkündür.
Pavilyonun
açılışı ərəfəsində Heydər
Əliyev Fondu tərəfindən "Azərbaycan” pavilyonunun
tarixini əks etdirən kitab nəşr olunub. Kitabda müxtəlif
materiallar, arxiv fotoları əsasında "Azərbaycan”
pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin
xronikası təqdim edilir.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və Rusiya
Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri
fəxri qonaqlar kitabına ürək sözlərini
yazdılar.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə
çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Hörmətli Valentina
İvanovna.
Hörmətli qonaqlar, əziz
dostlar.
Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisində "Azərbaycan” milli pavilyonunun
açılışında sizi ürəkdən
salamlayıram. Sizin hamınızı yaxın
vaxtlarda 80 yaşı tamam olmuş bu əfsanəvi sərgi məkanının
yubileyi münasibətilə təbrik etmək istəyirəm.
İlk növbədə,
hörmətli Valentina İvanovnaya bizim milli pavilyonun
açılışında iştirak etdiyinə, ölkəmizə
səmimi, mehriban münasibətinə görə dərin
minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü
tədbirdə iştirak edən rusiyalı
qonaqlarımızın hamısını salamlamağa
şadam. Öz həmvətənlərimizi
də görməyə şadam.
Bu gün Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisi nadir sərgi şəhəridir. O, dünyanın 50 ən
iri sərgi mərkəzi sırasına daxildir. Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinə hər il
30 milyona yaxın qonaq gəlir. Əlbəttə,
bu gün mən qürur hissi keçirirəm ki, Moskvanın
bu tarixi memarlıq mərkəzində bərpadan sonra "Azərbaycan”
milli pavilyonu açılır.
Pavilyon öz
qapılarını bütün qonaqların üzünə
açır.
Bizim ölkəmizə milli pavilyonun bərpasında
iştirak etmək imkanına görə Rusiya
Federasiyasının rəhbərliyinə, Prezident Vladimir
Vladimiroviç Putinə, Moskva şəhərinin hökumətinə,
Moskvanın meri cənab Sobyaninə təşəkkürümü
bildirmək istəyirəm.
"Azərbaycan” pavilyonu
1939-cu ildə məşhur Azərbaycan memarları Sadıq
Dadaşov və Mikayıl Useynovun layihəsi üzrə
yaradılıb. Sonrakı illərdə Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin ərazisindəki bir çox
başqa pavilyonlar kimi bu pavilyon da çoxsaylı dəyişikliklərə
məruz qalıb, yenidən qurulub. Məsələn,
1966-cı ildə bu nadir memarlıq binasının fasadı
bütöv metal qutu ilə örtülüb, bu isə
heç şübhəsiz, onun simasını tamamilə dəyişib.
Bir sözlə, sonrakı illərdə pavilyon
özünün memarlıq, funksional və milli identikliyini
itirib. 2014-cü ildə Moskva şəhəri
hökumətinin təşəbbüsü ilə
keçmiş müttəfiq respublikalara öz milli
pavilyonlarının bərpasında iştirak etmək təklif
olunanda Azərbaycan bu xəbəri böyük coşqu ilə
qəbul etdi və hazırlıq işlərindən sonra
2017-ci ildə bərpa işləri başlandı. Pavilyonda bərpa işləri Azərbaycan dövlətinin
dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi
ilə aparılıb. Bu binanın ilkin
memarlıq-etnik simasını qaytarmaq məqsədi
qarşıya qoyulmuşdu. Çox gərgin iş
aparıldı, Azərbaycandan və Rusiyadan ən
yaxşı mütəxəssislər, memarlar, rəssamlar, bərpaçılar,
mədəniyyət tarixçiləri dəvət edildi. Bu gün nəticəni görürük. Bu binanın tamamilə bərpa olunmuş
autentikliyini görürük. Şübhəsiz,
bu cür gözəl nəticə komanda şəklində
işin yekunudur. Bu gün mən bizim milli
pavilyonun bərpası üçün səy göstərənlərin
hamısına təşəkkürümü bildirmək istəyirəm.
"Azərbaycan” pavilyonunun
zahiri simasının bərpa olunması ilə bərabər,
o, həm də yeni məzmun kəsb edib. Burada bizim pavilyonun
qonaqları xalqımızın zəngin çoxəsrlik
tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil
Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə
uğurları barədə informasiya əldə edə bilərlər.
Əlbəttə, şübhə etmirəm ki,
gələcəkdə bu məkanda təşkil ediləcək
tədbirlər, görüşlər, sərgilər Rusiya ilə
Azərbaycan arasında dostluq münasibətlərinin daha da
möhkəmlənməsinə şərait yaradacaq.
Rusiya ilə Azərbaycan
arasında münasibətlər qədim və möhkəm
dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz
öz münasibətlərimizi strateji tərəfdaşlıq
adlandırırıq. Fürsətdən
istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət
etdiyinə və məni "Dostluq” ordeni ilə təltif
etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir
Vladimiroviç Putinə təşəkkürümü
bildirmək istəyirəm. Bu ordeni almaq mənim
üçün böyük şərəfdir və mən
bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin
daha bir təsdiqi kimi qəbul edirəm.
Bu gün ölkələrimiz
arasında fəal siyasi dialoq mövcuddur. Dövlət
başçıları səviyyəsində müntəzəm
görüşlər bunu təsdiq edir. Azərbaycanın
və Rusiya Federasiyasının prezidentləri arasında
etimada əsaslanan dostluq münasibətləri demək olar ki,
bütün sahələrdə bizim ikitərəfli əlaqələrin
dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız
öz bəhrələrini verir. Rusiya Azərbaycanın
əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft
məhsullarının idxalı üzrə isə birinci yeri
tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə
dövriyyəsi davamlı şəkildə artır.
Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard
ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində
isə 26 faiz artım müşahidə olunur. Sevindirici
haldır ki, qarşılıqlı investisiyaların həcmi
artır. Rusiya Azərbaycana sərmayə
yatırır. Azərbaycanda Rusiya investisiyalarının
həcmi 4,9 milyard, o cümlədən
qeyri-neft sektoruna sərmayə yatırımının həcmi
1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına
investisiyaları 1,2 milyard dollar təşkil
edir.
Rusiyadan Azərbaycana səfər
edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər
edib, cari ildə bu göstəricilərin artacağını
gözləyirik.
Bizim ikitərəfli əlaqələrimizdə
regionlararası əməkdaşlıq mühüm yer tutur. Azərbaycan
Rusiya Federasiyasının 70-dən çox subyekti ilə həm
iqtisadi, həm də humanitar sahədə əlaqələr
qurub. Bu gün mənim səfərim çərçivəsində
hörmətli Valentina İvanovna ilə birlikdə X yubiley
Regionlararası Forumun açılışında iştirak
edəcəyik.
Ölkələrimizi
bir-birinə bağlayan humanitar əlaqələri xüsusi
vurğulamaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda
Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə
yanaşırlar. Ölkəmizdə rus dilinin
öyrənilməsi tam həcmdə qorunub saxlanılıb.
338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın
14 dövlət ali məktəbində
rusdilli bölmə var, 50 məktəbdə Təhsil
Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi
həyata keçirilir. Ali təhsil səviyyəsində
də uğurlu əməkdaşlıq edirik. Bizim
paytaxtımızda Lomonosov adına Moskva
Dövlət Universitetinin və Seçenov adına Birinci
Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət
göstərir. Bu ildən etibarən Azərbaycan
Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun ikili magistr diplomları
proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə
təhsil alır. Bizim tələbələrin
Rusiyada təhsil almasının dəstəklənməsinə
görə Rusiya hökumətinə təşəkkürümü
bildirmək istəyirəm. Azərbaycanda
çoxminli rus icması ölkəmizin ümumi
inkişafına layiqli töhfə verir. Bir
sözlə, humanitar sahədə münasibətlərimizin
nümunəvi olduğunu desəm, zənnimcə,
yanılmaram.
Əziz dostlar, sizi bu əlamətdar
hadisə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
ərazisində "Azərbaycan” pavilyonunun
açılışı münasibətilə bir daha təbrik
edirəm. Əminəm ki, istər iqtisadi, istərsə də
humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin
daha da inkişaf etdirilməsi üçün mövcud potensial
gələcəkdə xalqlarımızın rifahı naminə
uğurla reallaşdırılacaq. Diqqətinizə
görə sağ olun. Sizə möhkəm
cansağlığı və uğurlar arzu edirəm.
Sağ olun.
***
Sonra Rusiya Federasiyası
Federal Məclisinin Federasiya Şurasının sədri
Valentina Matviyenko çıxış etdi.
Federasiya
Şurasının sədri Valentina Matviyenkonun çıxışı
-Çox hörmətli Mehriban Arif
qızı.
Hörmətli xanımlar və
cənablar, əziz dostlar.
Biz bu gün belə təntənəli
şəraitdə əlamətdar bir hadisə münasibətilə
toplaşmışıq. Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin incilərindən biri əsaslı
bərpadan sonra yenidən öz qapılarını
moskvalılara və paytaxtımızın qonaqlarına
açır. "Azərbaycan” pavilyonu
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
yaşıdıdır və hörmətli Mehriban Arif
qızının artıq dediyi kimi, düz 80 il əvvəl
açılıb. O, görkəmli Azərbaycan
arxitektorları tərəfindən tikilib və deyərdim ki,
həmin vaxt da, bu gün də memarlıq incisidir.
Əlamətdar haldır ki,
pavilyonun açılışında Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Arif qızı Əliyeva iştirak edir. Bu,
bugünkü hadisəyə xüsusi əhəmiyyət
qazandırır. Mən çox şadam
ki, Mehriban Arif qızı, dünən Rusiya
Federasiyasının Prezidenti Sizə "Dostluq” ordeni təqdim
edib. Bu, Sizin şəxsən Rusiya-Azərbaycan
münasibətlərinin möhkəmlənməsinə və
bir çox başqa məsələlərə, mədəniyyətin
inkişafına, humanitar layihələrə Sizin
töhfənizin qiymətləndirilməsidir. Həmkarlar,
gəlin Mehriban Arif qızı Əliyevanı yüksək
dövlət mükafatı münasibətilə bir daha təbrik
edək.
Biz bilirik ki, Prezident İlham
Əliyev və Siz ölkələrimiz arasında dostluğun
möhkəmlənməsi, o cümlədən mədəniyyət
və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin
inkişafı üçün çox işlər
görürsünüz. Biz bunu çox yüksək qiymətləndiririk.
Azərbaycan arxitektorlarının
düşündüyü kimi, "Azərbaycan” pavilyonu ziyarətçilərə
köhnə Bakının küçələrini
xatırladacaq, onları sanki günəşli Azərbaycan
torpağına aparacaqdı. Pavilyonun bəzədilməsində
nadir ornament kompozisiyalarından, şəbəkə
freskalarından, Azərbaycan ustalarının mismardan istifadə
etmədən kiçik qoz ağacı detallarından
yığdıqları şəbəkələrdən
istifadə olunmuşdu. Burada milli ənənələr,
milli mətbəx yer almışdı, amma zaman keçir,
zövqlər dəyişirdi. 1960-cı
illərdə pavilyon yenidən quruldu. Təəssüf
ki, nadir dəyərə malik olanların bir çoxu məhv
edildi.
Beş il əvvəl
"Azərbaycan” pavilyonunun onun əvvəlki tarixi görkəmində
bərpa edilməsi haqqında razılıq əldə olundu.
2016-cı ildə "Azərbaycan” pavilyonu Azərbaycan
tərəfinə təhvil verildi. Ötən
müddətdə Azərbaycanın və Rusiyanın nadir
ustaları tərəfindən belə incə, dəqiq,
gözəl işlər görülüb. Bu gün bizim qarşımızda bərpa olunmuş
belə gözəl pavilyon var. İstərdim ki, hər
şeydən əvvəl, pavilyonun yenidən qurulmasına
öz əməyini sərf etmiş bərpaçılara,
ustalara təşəkkürümü ifadə edim. Bütün bərpa işləri hörmətli
Mehriban Arif qızının başçılıq etdiyi Heydər
Əliyev Fondunun rəhbərliyi ilə aparılıb.
Göstərdiyiniz dəstəyə və burada yerinə
yetirilmiş nadir işlərə görə Sizə və
Fonda "Çox sağ olun!” deyirəm. Yeri gəlmişkən, demək istəyirəm ki,
Rusiyada Heydər Əliyevi dəyişməz olaraq hər zaman
böyük səmimiyyət və böyük ehtiramla
xatırlayırlar.
Bərpa işlərinin
gedişinə böyük diqqət yetirən, zəruri təşkilati
yardım göstərən Moskva meri Sergey Semyonoviç
Sobyaninə də minnətdarlığımı
çatdırmaq istəyirəm. Vitse-mer Natalya Alekseyevna
Serqunina burada iştirak edir, zəhmət olmasa, Sergey
Semyonoviçə böyük minnətdarlığımı
çatdırın. Həmçinin Azərbaycanın
Rusiyada fövqəladə və səlahiyyətli səfiri,
artıq Rusiya ilə Azərbaycan arasında dostluğun bir
növ rəmzinə çevrilmiş və bərpa işlərinin
gedişinə də böyük diqqət yetirən Polad
Bülbüloğluna da təşəkkür etmək istəyirəm.
Hesab edirəm ki,
bugünkü pavilyonun açılışı böyük
hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti
və rəmzidir. Əminəm ki, bu
pavilyon Azərbaycanın Moskvadakı qeyri-formal mədəniyyət
nümayəndəliyi statusunu daşıyacaq. Bilirəm
ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin,
konfransların, digər tədbirlərin keçirilməsi
üzrə böyük planları var. Beləliklə, Moskva
sakinləri də, paytaxtın çoxsaylı qonaqları da
bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti
və ənənələri, tarixi və əlbəttə, həm
də Azərbaycanın müasir uğurları ilə
tanış ola biləcəklər. Biz sizin əsl
dostlarınız kimi, ölkənin necə dəyişməsi,
ölkədə iqtisadi və sosial inkişaf, vətəndaşların
rifahının yaxşılaşdırılması istiqamətində
görülən böyük işlərə görə
çox şadıq və bunlarla fəxr edirik. Bakı çox gözəlləşib, hər dəfə
səfər edəndə valeh olursan, həmişə yeni nə
isə görürsən. Ona görə də
təəccüblü deyil ki, Rusiyadan turistlərin sayı bu
cür templərlə artır. Bakı da,
çox gözəl ölkə olan Azərbaycan da olduqca
qonaqpərvər və xoşniyyətlidir. Əminəm ki, bizim turistlərin sayı gələcəkdə
də artacaq. Biz isə Azərbaycandan
Rusiyaya gələn turistlərin sayının artmasında
maraqlıyıq. Həmçinin bunun
üçün də şərait yaradacağıq.
Mən hamını bu əlamətdar
hadisə münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm
ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində
"Azərbaycan” pavilyonunun açılışı 2020-ci
ilə planlaşdırılan Azərbaycan Mədəniyyəti
Günlərinin ərəfəsidir. Bu
yaxınlardakı səfərim zamanı Azərbaycanda Rusiya
Federasiyası Mədəniyyət Günlərinin
açılışını etmək mənim
üçün böyük şərəf idi. Bizim təşkil etdiyimiz mədəniyyət tədbirlərinə
necə böyük marağın olduğunu bilirəm.
Hörmətli Mehriban Arif
qızı, biz Azərbaycanın mədəniyyət təmsilçilərini
də bu cür səbirsizliklə Rusiyada gözləyirik. Biz Azərbaycanı
sevirik. Biz Azərbaycan mədəniyyətini
sevirik. Əminəm ki, Mədəniyyət
Günləri böyük uğurla keçəcək.
Bir daha hamını bu əlamətdar
hadisə münasibətilə təbrik etmək istəyirəm. Hörmətli Mehriban Arif
qızı, Rusiyanın ünvanına söylədiyiniz
sözlərə və əməkdaşlığımızın
gələcək inkişafı üçün göstərdiyiniz
səylərə görə Sizə "Çox sağ olun!” deyirəm. Sağ olun.
***
Ölkəmizin Rusiyadakı
səfiri Polad Bülbüloğlu çıxış edərək
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində
"Azərbaycan” pavilyonunun açılışını
tarixi hadisə adlandırdı. Səfir bildirdi ki,
vaxtilə bu pavilyonda Azərbaycanın layiqincə təmsil
olunması üçün bütün işlər
görülmüşdü və bu gün Birinci vitse-prezident
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun dəstəyi ilə pavilyonumuz yenidən
öz fəaliyyətini bərpa edir.
Qeyd edək ki, bu layihə mədəniyyətlərarası
və millətlərarası dialoq, xalqların bir-birinə
yaxınlaşması baxımından böyük rol
oynayır.
Azərbaycan.- 2019.- 24 noyabr.- S.1-3.