Regionlararası
forumlar əlaqələrin genişlənməsində
mühüm rol oynayır
Birinci vitse-prezident Mehriban Əliyeva
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak
edib
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və
Rusiya Federasiyası Federal Məclisinin Federasiya
Şurasının sədri Valentina Matviyenko noyabrın 23-də
Moskvada işini Xalq Təsərrüfatı Nailiyyətləri
Sərgisindəki "Kosmos” binasında davam etdirən X Azərbaycan-Rusiya
Regionlararası Forumunda iştirak ediblər.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir ki, Azərbaycan və Rusiya
iqtisadiyyatlarının ən perspektivli sahələri barədə
müzakirələr aparılan forumda Birinci vitse-prezident
Mehriban Əliyeva və Federasiya Şurasının sədri
Valentina Matviyenko çıxış ediblər.
Federasiya
Şurasının sədri Valentina Matviyenkonun
çıxışı
-Möhtərəm Mehriban
Arif qızı.
Hörmətli forum
iştirakçıları.
Mən Sizi Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisində, əfsanəvi "Kosmos”
pavilyonunda X yubiley Rusiya-Azərbaycan Regionlararası Forumunda
salamlamağa ürəkdən şadam.
On il əvvəl
ölkələrimizin prezidentlərinin dəstəyi ilə
bu tədbirə start verilib. Bu illər ərzində
forum bizim regionlararası əlaqələrimizin
inkişafı üçün əsl səmərəli
mexanizmə, regionların, ictimaiyyətin nümayəndələrinin,
biznesin dialoqunda səmərəli məkana çevrilib.
Bu yaxınlarda Federasiya Şurasının
nümayəndə heyəti Bakıda rəsmi səfərdə
olub.
Son illər Azərbaycanın
paytaxtı xeyli gözəlləşib və Rusiya nümayəndə
heyətinin bütün üzvlərində ən parlaq təəssüratlar,
çox gözəl xatirələr doğurub. Azərbaycan
Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə,
hörmətli Mehriban Arif qızı, Sizə, bütün Azərbaycan
xalqına Rusiyaya bu cür münasibətə, Sizin ənənəvi
qonaqpərvərliyinizə, səmimi qəbullara görə
çox təşəkkür edirik. Əlbəttə,
imkandan istifadə edərək, bu çox gözəl
auditoriyada Sizi, hörmətli Mehriban xanım, Rusiya
Federasiyasının yüksək dövlət mükafatı
– "Dostluq” ordeni ilə təltif olunmağınız
münasibətilə bir daha təbrik etmək istəyirəm.
Bu, Sizin ölkələrimiz arasında
münasibətlərin inkişafı və möhkəmlənməsinə,
Azərbaycanın ictimai və mənəvi həyatında rus
dilinin və rus mədəniyyətinin qorunub
saxlanılmasında xidmətlərinizə verilən yüksək
qiymətdir.
Bu gün ölkələrimiz
arasında münasibətlər əsl tərəfdaşlıq
və qarşılıqlı faydalı xarakter
daşıyır, mehriban qonşuluq, bir-birinin maraqlarına
hörmət prinsiplərinə əsaslanır. Şübhəsiz
ki, Rusiya və Azərbaycanın uğurlu əməkdaşlığının
rəhni ölkələrimizin liderləri Vladimir
Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyevin
səmimi etimada əsaslanan münasibətləridir. Təkcə ötən ilin əvvəlindən
prezidentlərimiz doqquz dəfə görüşüblər.
Bizim münasibətlərimiz sanballı
müqavilə-hüquq bazasına söykənir. Hazırda Azərbaycanla Rusiya arasında 140-a
yaxın dövlətlərarası və hökumətlərarası
müqavilə və saziş qüvvədədir. Ötən
il isə 2024-cü ilədək olan
dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının
əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 "yol xəritəsi”ni
ehtiva edir. Onlar ticarətin və
qarşılıqlı sərmayələrin həcminin
artırılmasına, nəqliyyat potensialının
inkişafına, birgə müəssisələrin
yaradılmasına, rəqəmsallaşma sahəsində,
büdcə-vergi sektorunda təcrübə mübadiləsinə,
həmçinin humanitar əlaqələrə istiqamətlənib.
Son illər Rusiya və Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin
dərinləşdirilməsi üzrə çox böyük
iş görülüb. Biz artıq onun praktik nəticələrini
görürük. Ötən ilin yekunlarına görə
qarşılıqlı əmtəə dövriyyəsi təxminən
14 faiz artıb və təqribən 2,5
milyard dollar olub. Rusiya idxal üzrə Azərbaycanın
əsas ticarət və qeyri-xammal sektoru mallarının
ixracı üzrə bir nömrəli tərəfdaşıdır.
Sərmayələr üzrə əməkdaşlıq
möhkəmlənir. Rusiyanın Azərbaycana birbaşa
sərmayələri 1,5 milyard dollardır.
Azərbaycan bazarında bizim təxminən 700
birgə müəssisəmiz fəaliyyət göstərir.
Nəqliyyat sahəsində, xüsusən
"Şimal-Cənub” dəhlizinin formalaşmasında intensiv
qarşılıqlı fəaliyyət həyata
keçirilir. Əminəm ki, o,
Avrasiyanın ən mühüm nəqliyyat arteriyası olacaq,
Rusiya və Azərbaycandan keçməklə Cənubi
Asiyadan Avropaya yükdaşımalarını xeyli sürətləndirəcək.
İqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiya səmərəli
fəaliyyət göstərir. Dünən bizim forum
çərçivəsində geniş iclasın
keçirildiyi işgüzar şuralarımız
kooperasiyanın inkişafına böyük töhfə verirlər.
Hesab edirəm ki, ölkələrimizin
qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsi
təkcə müvafiq idarələrin deyil, həm də
işgüzar icmanın xidmətidir.
Cari ilin aprelində Bakıda
kompleks işgüzar missiyanın yekunlarını yüksək
qiymətləndiririk. Onun işində Rusiyadan 78 və Azərbaycandan
140 şirkət, həmçinin ölkələrimizin
müvafiq nazirliklərinin və idarələrinin nümayəndələri
iştirak ediblər. Tədbir çərçivəsində
informasiya texnologiyaları, kimya sənayesi, avadanlıq tədarükü
üzrə razılaşmalar əldə olunub və bir
sıra sazişlər imzalanıb. İqtisadiyyatda
əlaqələrimizin gələcəkdə möhkəmlənməsi
üçün regionlararası əməkdaşlıq
mexanizmlərini maksimum işə salmaq zəruridir. Bu gün Rusiya Federasiyasının 72 subyekti Azərbaycanla
ticari münasibətlər, humanitar əlaqələr
saxlayır. Moskva, Moskva vilayəti,
Sankt-Peterburq, Çelyabinsk, Volqoqrad, Saratov, Nijni-Novqorod, Həştərxan,
Sverdlovsk vilayətləri, Stavropol və Krasnodar diyarları bu
sahədə liderdirlər.
Rusiya və Azərbaycanın
regionları, işgüzar dairələri və təşkilatları
arasında praktik əməkdaşlığın genişlənməsində
əsas rol Rusiya-Azərbaycan Regionlararası Forumuna məxsusdur. Bu məkana tələbat,
onun iştirakçılarının sayı ildən-ilə
artır. Ötən il dövlətlərimizin
başçılarının həmin forumun işində
iştirakı bu tədbirə xüsusi əhəmiyyət
qazandırıb. Forumda çıxış edən
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin vurğulayıb ki,
regionlararası əlaqələr bizim dövlətlərarası
münasibətlərimizin ən mühüm tərkib hissəsidir.
Regionlararası əməkdaşlığın
möhkəmlənməsində və genişlənməsində
parlamentarilər mühüm missiyanı yerinə yetirirlər. Biz Rusiya Federasiyası
Federal Məclisi və Azərbaycan Respublikasının Milli Məclisinin
əməkdaşlığı üzrə parlamentlərarası
komissiya çərçivəsində fəal iş
aparırıq. Komissiyanın növbəti iclasının bu il dekabrın əvvəlində Sankt-Peterburqda
keçirilməsi barədə razılıq əldə
olunub. Bundan başqa, Rusiya və Azərbaycan
parlamentariləri çoxtərəfli parlament təşkilatlarının
səmərəli qarşılıqlı fəaliyyətini təmin
ediblər. Biz Parlamentlərarası
İttifaq, MDB-yə üzv dövlətlərin Parlamentlərarası
Assambleyası, ATƏT Parlament Assambleyası və digər
beynəlxalq parlament strukturları çərçivəsində
sıx əməkdaşlıq edirik. Məsələn,
ölkələrimiz nasizmə bəraət
qazandırılmasının, antihitler koalisiyasının
döyüşçülərinin xatirəsinin təhqir
edilməsinin yolverilməzliyi barədə MDB PA üzv
dövlətlərinin parlamentlərinin rəhbərlərinin
bəyanatını dəstəkləyiblər.
Rusiya-Azərbaycan əməkdaşlığında
humanitar əlaqələr xüsusi rol oynayır. Bakı Slavyan
Universiteti əsl mənada nadir təhsil, elm və mədəniyyət
mərkəzidir. Onun divarları arasında rus dilinin
öyrənilməsi, slavyan xalqlarının ənənələri
və mənəvi dəyərlərinin qorunub
saxlanılması üzrə böyük iş
aparılır. Azərbaycanda, həmçinin Rusiyanın
aparıcı ali məktəblərinin –
Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları
fəaliyyət göstərir. Rus dilində tədrisin
aparıldığı təxminən 400 məktəb var.
Bizim üçün millətlərarası ünsiyyət
dili olan rus dilinə bu cür diqqətli münasibəti həmişə
vurğulayır və buna görə Azərbaycan rəhbərliyinə
dərin təşəkkürümüzü bildiririk.
Turizmin inkişafında
müsbət dinamikanı məmnunluq hissi ilə qeyd etmək
istəyirəm. Hörmətli Mehriban Arif qızı
artıq bu barədə danışdı. Ötən il rusiyalı turistlərin sayı rekord həddə
- təqribən 900 min nəfərə çatıb. Onların sayının ilbəil artması
üçün gələcəkdə də səylər
göstərmək lazımdır.
Mədəniyyət sahəsində
daimi dialoq həyata keçirilir, mütəmadi olaraq sərgilər,
teatr qastrolları, konsertlər, musiqi və kino festivalları
təşkil olunur. Artıq 25 ildir ki, irimiqyaslı Mədəniyyət
Günləri layihəsi həyata keçirilir. Bir daha
demək istəyirəm ki, bu il Federasiya
Şurası nümayəndə heyətinin səfəri
çərçivəsində Rusiya Federasiyasının Azərbaycan
Respublikasında Mədəniyyət Günlərinin
açılış mərasimində iştirak etmək mənim
üçün xüsusi şərəfdir və buna görə
məmnunam.
Əziz dostlar, xalqlarımızı
çoxillik dostluq əlaqələri, zəngin mədəni
və tarixi irs birləşdirir. Gələn
il biz Böyük Vətən müharibəsində
Qələbənin 75 illiyini birlikdə qeyd edəcəyik. Ortaq tarixin yenidən yazılması cəhdləri,
nasizm üzərində qələbədə, Avropanın və
dünyanın "qəhvəyi taun”dan xilas edilməsində
bizim xalqlarımızın rolunun azaldılması cəhdlərinin
qarşısının alınmasında səylərimizi birləşdirmək
vacibdir. Burada, həmçinin çox
ümid edirik ki, regionlararası səviyyədə də bu
tarixi hadisəyə layiqincə diqqət yetiriləcək.
Əminəm ki, bizim forumda əldə
olunan razılaşmalar Rusiya-Azərbaycan dostluğunun gələcəkdə
də möhkəmlənməsinə xidmət edəcək,
regionlararası əməkdaşlığın çərçivələrini
və formatlarını genişləndirəcək, ölkələrimizin
və xalqlarımızın mənafeyi naminə
qarşılıqlı faydalı əməkdaşlığın
inkişafına kömək edəcək.
Mən forumun təşkilatçılarına,
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinə,
Azərbaycanın nazirlik və idarələrinə təşəkkürümü
bildirmək istəyirəm. Rusiya-Azərbaycan
forumuna çox diqqətlə, çox qayğı ilə
yanaşan və onun yüksək səviyyədə keçməsi
üçün əlindən gələni əsirgəməyən
İqtisadi İnkişaf naziri Maksim Stanislavoviç Oreşkinə
ayrıca təşəkkür etmək istərdim. Azərbaycanın ümummilli lideri, dahi oğlu Heydər
Əlirza oğlu Əliyev deyirdi ki, dünya quruculuq sayəsində
yaşayır və inkişaf edir. Gəlin,
onun bu müdrik kəlamına əməl edərək vətəndaşlarımızın
həyatını birlikdə yaxşılaşdıraq.
Çox sağ olun.
***
Sonra Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva
çıxış etdi.
Birinci
vitse-prezident Mehriban Əliyevanın çıxışı
-Çox hörmətli Valentina
İvanovna.
Hörmətli forum
iştirakçıları.
Onuncu Azərbaycan-Rusiya
Regionlararası Forumunun bütün
iştirakçılarını ürəkdən
salamlayıram.
Hörmətli Valentina
İvanovna, Azərbaycan nümayəndə heyəti
adından, ilk növbədə, sizə bu forumda iştirak
etdiyinizə, həmçinin bizim ölkəmizə xeyirxah
münasibətinizə görə təşəkkürümüzü
bildirmək istəyirəm. Yubiley forumunun
bütün təşkilatçılarına və
iştirakçılarına səmimi qəbula görə təşəkkür
edirəm.
Sizin ölkənizə rəsmi
səfərə dəvət edilməyimə və mənə
yüksək mükafatın - "Dostluq” ordeninin təqdim
edilməsinə görə Rusiya Federasiyasının rəhbərliyinə,
şəxsən Prezident Vladimir Vladimiroviç Putinə dərin
təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni mənə
şəxsən Rusiya Federasiyasının Prezidenti Vladimir
Vladimiroviç Putinin təqdim etməsi mənim
üçün böyük şərəfdir. Mən bu mükafatı Rusiya ilə Azərbaycan
arasında qarşılıqlı hörmətə əsaslanan
dostluq, mehriban qonşuluq münasibətlərinin daha bir rəmzi
kimi qəbul edirəm.
Regionlararası əməkdaşlıq
bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib
hissəsidir.
Azərbaycan Rusiya Federasiyasının 70-dən
çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi
yaxşı bir ənənəyə çevrilib və
regionlararası əlaqələrin genişlənməsi
işində mühüm rol oynayır. Keçən
ilin sentyabrında Bakıda bundan əvvəlki forumun
açılışında iki dövlətin
başçılarının iştirakı regionlararası əməkdaşlığa
ali səviyyədə əhəmiyyət
verilməsinə dəlalət edir. Budəfəki
forum çərçivəsində rəqəmsallaşma, kənd
təsərrüfatı, turizm sahələrində, humanitar
sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin
perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu
kimi, bu forumun da nəticələri bizim ikitərəfli
münasibətlərin möhkəmlənməsinə öz
töhfəsini verəcək.
Hörmətli xanımlar və
cənablar, Azərbaycan ilə Rusiyanı çoxəsrlik
dostluq, mehriban qonşuluq və qarşılıqlı
hörmət telləri bağlayır. Rusiya və Azərbaycan
prezidentlərinin siyasi iradəsi, onların birgə səyləri
sayəsində bu gün bizim əməkdaşlığımız
strateji tərəfdaşlıq xarakteri kəsb edib. Dövlət başçılarının sıx
dostluq münasibətləri, qarşılıqlı səfərləri,
müntəzəm görüşləri həm ikitərəfli
formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
münasibətlərin inkişafına xüsusi dinamika verir.
Sevindirici haldır ki, bu gün ölkələrimiz
arasında çoxcəhətli tərəfdaşlıq
praktiki olaraq bütün sahələri əhatə edir.
Möhkəm ikitərəfli müqavilə-hüquqi
baza yaradılıb, 200-dən çox sənəd
imzalanıb. Hökumətlərarası və
parlamentlərarası işçi qruplar münasibətin
inkişafına sanballı töhfə verir.
Ticari əlaqələr bizim
əməkdaşlığımızın əsas istiqamətlərindən
biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından
biridir və bizim qeyri-neft məhsullarının idxalı
üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə
dövriyyəsinin inkişafı və şaxələndirilməsi
üzrə kompleks tədbirlər həyata keçirilib.
Azərbaycan xaricdə özünün ilk ticarət
nümayəndəliyini Rusiya Federasiyasında açıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan
işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət
göstərir. Bizim
istehsalçıların müxtəlif regionlara ixrac
missiyaları təşkil edilir.
Hörmətli Valentina
İvanovna, siz çox nikbin rəqəmlər səsləndirdiniz. Mən
onları təkrar edəcəyəm, lakin zənnimcə, həmin
rəqəmlər o qədər pozitivdir ki, onları bir daha təkrarlamağa
dəyər. Ticarətdə müsbət
dinamika müşahidə edilir. Məsələn, 2018-ci
ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard
ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində
isə artım 26 faizə çatıb. İnvestisiya
sahəsində də əməkdaşlığımız
genişlənir. Azərbaycanda Rusiya
kapitallı 700-ə yaxın müəssisə qeydə
alınıb. Azərbaycanda Rusiya investisiyalarının
həcmi 4,9 milyard ABŞ dollarına
çatıb. Eyni zamanda, Azərbaycan Rusiyaya 1,2
milyard dollar sərmayə yatırıb. Hazırda
maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi,
əczaçılıq, nəqliyyat kimi sahələrdə
müştərək layihələr həyata keçirilir.
Məsələn, "SOCAR Polymer” zavodu inşa edilib, "Azərikimya”
müəssisələri modernləşdirilir, Gəncə
avtomobil zavodunda "KamAz” Səhmdar Cəmiyyətinin və
"Ural” avtomobil zavodunun yük avtomobillərinin istehsalı və
yığılması həyata keçirilir. Hacıqabul Sənaye
Məhəlləsində "QAZ” markalı avtomobillərin
yığılması üzrə zavod tikilir. "P-farm”
əczaçılıq preparatları zavodunun birinci növbəsinin
tikintisi başa çatmaq üzrədir. Rusiya
şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak
edir. Elektrik enerjisi mübadiləsi həyata
keçirilir. Azərbaycan, Rusiya və
İran arasında "Şimal-Cənub” enerji dəhlizinin
yaradılması üzrə iş aparılır.
Rusiya Federasiyası ölkəmizdən
ixrac edilən kənd təsərrüfatı məhsullarının
əsas istehlakçısıdır. Biz də öz
növbəmizdə, Rusiyadan kənd təsərrüfatı
texnikası və mineral gübrələr alırıq.
Yaxın gələcəkdə 2020-2022-ci illər
üçün aqrar sənaye kompleksində əməkdaşlıq
proqramının imzalanması planlaşdırılır.
Nəqliyyat-tranzit sahəsi
bizim əməkdaşlığımızın mühüm
istiqamətlərindən biridir. "Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu sahədə
mühüm layihədir. Həmin layihənin həyata
keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit
daşımalarının həcmi 8 dəfə, bu ilin birinci
yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi
avtomagistralının tikintisinin başa
çatdırılması, habelə Samur çayı üzərindən
avtomobil körpüsünün birgə tikintisi
planlaşdırılır. "Şimal-Qərb”
beynəlxalq nəqliyyat dəhlizi də uğurla fəaliyyətə
başlayıb.
Turizm sahəsində əməkdaşlığımız
dinamik şəkildə inkişaf edir. 2018-ci ildə
Azərbaycana səfər etmiş rusiyalıların sayı
900 minə yaxın olub. Bizim ölkəyə
gələn turistlərin sayına görə Rusiya birinci yeri
tutur. Azərbaycan da öz növbəsində,
Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu
üçün əsas investorlardan biridir.
Son illərdə bizim
humanitar əməkdaşlığımız əhəmiyyətli
dərəcədə fəallaşıb. Təhsil sahəsində
əməkdaşlığı xüsusi vurğulamaq istəyirəm.
Bakıda Lomonosov adına Moskva Dövlət
Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Bu ildən etibarən Azərbaycan Diplomatik
Akademiyasının və Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun ikili magistr diplomları
proqramının birgə icrasına başlanıb.
Ölkəmizin 338 məktəbində tədris rus dilində
aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus
dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata
keçirilir, Azərbaycanın 14 dövlət ali
məktəbində rus bölmələri var. Rusiyada 11 mindən
çox azərbaycanlı tələbə təhsil alır.
Əziz dostlar, ölkələrimiz
arasında əməkdaşlıq çoxtərəflidir. Eyni zamanda, bu əməkdaşlığın
daha da genişləndirilməsi üçün potensial
imkanlar var. Əminik ki, bizim birgə səylərimizlə yeni
qarşılıqlı faydalı layihələr reallaşacaq.
Bu, Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında dostluq münasibətlərinin və
strateji tərəfdaşlığın ruhuna uyğundur.
Forum iştirakçılarına səmərəli
iş arzulayır, ölkələrimizin və
xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya
münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsini
diləyirəm.
Sonda Rusiya Federasiyasının rəhbərliyinə,
şəxsən Prezident Vladimir Vladimiroviç Putinə,
Rusiya Hökumətinin başçısı Dmitri
Anatolyeviç Medvedevə, hörmətli Valentina İvanovna,
sizə, bir daha təşəkkür etmək istəyirəm.
Bu gün mənim Rusiya Federasiyasına rəsmi
səfərimin üçüncü günüdür.
Üç gün ərzində hiss etdiyim səmimi dostluq
ab-havasına, keçirilmiş çox faydalı, məhsuldar
görüşlərə görə təşəkkürümü
bildirmək istəyirəm. Əminəm ki, bizim münasibətlərimiz
gələcəkdə də Rusiya Federasiyasının və
Azərbaycan Respublikasının prezidentlərinin siyasi iradəsi,
sizin düzgün olaraq qeyd etdiyiniz kimi, onların arasında
etimada əsaslanan dostluq münasibətləri sayəsində
durmadan inkişaf edəcək. Moskvada
olmağıma çox şadam. Moskva
gözəl şəhərdir. Məni
onunla tələbəlik illərim bağlayır. O mənə
yaxın, doğma şəhərdir. Moskvaya gələndə
həmişə sevinirəm və hər dəfə bu şəhərin
necə gözəlləşdiyini görürəm.
Sizə, bütün
dostlarımıza bir daha təşəkkür edirəm. Fürsətdən
istifadə edib sizi Azərbaycana dəvət etmək istəyirəm.
Çox sağ olun. Forumun
işinə uğurlar arzulayıram. Sağ olun.
***
Daha sonra imzalanmış ikitərəfli
sənədlərin mübadiləsi mərasimi oldu.
İki gün ərzində
keçirilən yubiley forumu Azərbaycanın və
Rusiyanın regionları arasında işgüzar münasibətlərin
inkişafına yönəlib və dövlət-özəl
sektor dialoqu üçün nadir platformadır.
Təşkilatçıları
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olan
forum işini plenar iclasla davam etdirib.
Azərbaycan.- 2019.- 24 noyabr.- S.3-4.