Rusiya-Azərbaycan regionlararası
forumu başa çatıb
Moskvada keçirilən X Rusiya-Azərbaycan
Regionlararası Forumu noyabrın 23-də işini
başa çatdırıb.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinin
və Rusiya Federasiyasının İqtisadi
İnkişaf Nazirliyinin
təşkil etdikləri
forumun plenar iclası Moskvadakı Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin
“Kosmos və aviasiya” pavilyonunda keçirilib. İclasın işinə iki
ölkənin rəsmi
şəxsləri, biznes
dairələrinin nümayəndələri
qatılıblar.
Azərbaycanın İqtisadiyyat
naziri Mikayıl Cabbarovun və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin həmsədrliyi ilə keçən iclasda Həştərxan vilayətinin
qubernatoru İ.Babuşkin,
Rostov vilayətinin qubernatoru
V.Qolubev, Azərbaycanın
Gəncə Şəhər
İcra Hakimiyyətinin
başçısı N.Bayramov
və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
E.Usubov çıxış
ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Rusiya Federasiya Şurasının sədri
Valentina Matviyenkonun iştirakı forumun əhəmiyyətindən xəbər
verir. Forum çərçivəsində
bir sıra mühüm sazişlər,
niyyət memorandumları
imzalanıb, dəyirmi
masalarda müzakirələr
aparılıb, yeni əməkdaşlıq istiqamətləri
müəyyən edilib.
Azərbaycan ilə Rusiya
arasında əmtəə
dövriyyəsinin artım
sürəti yüksəkdir.
Cari ildə də belə davam edir. Biz zəmin
yaradırıq ki,
2020-ci ildə bu vektoru qoruyub saxlayaq. Bu mənada
forumun nəticələrini
uğurlu hesab etmək olar. Nazir qeyd edib ki,
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri çərçivəsində
əməkdaşlığa dair daha bir
yol xəritəsi – innovasiyalar və elmi texnologiyalar sahəsində əməkdaşlığın
əsası qoyulub.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin
forum çərçivəsində aparılan müzakirələrin
nəticələrinin dekabrda
Bakıda keçiriləcək
Azərbaycan və Rusiya hökumətlərarası
komissiyasının iclasında
diqqət mərkəzində
olacağını qeyd
edib. O, həmçinin iki
ölkə arasında
elmi-texniki sahədə
əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, Rusiyada “Skolkovo”
İnnovasiya mərkəzi
fəaliyyət göstərir,
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Moskva hökuməti ilə birlikdə “Elmi-texniki vadi” layihəsini həyata keçirirlər.
İki ölkənin elm adamları
arasında əməkdaşlığı
genişləndirmək üçün
Rusiyada artıq mövcud olan layihələrin təcrübəsindən
Azərbaycanda istifadə
olunması istiqamətində
də müzakirələr
aparılır.
Forumun yekununda Azərbaycan ilə Rusiya arasında iqtisadi sahədə əməkdaşlığa
dair yeddi sənəd imzalanıb.
Azərbaycan.- 2019.- 24 noyabr.- S.4.