İqtisadiyyat naziri
Mikayıl Cabbarovun Moskvada
ikitərəfli görüşləri davam
edir
Rusiyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada bu ölkənin İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, iqtisadi potensialın reallaşdırılması istiqamətində aparılan işlər müzakirə edilib, hər iki dövlətin qarşılıqlı investisiyalarda maraqlı olduğu vurğulanıb. Söhbət zamanı Rusiya işgüzar dairələrinin Azərbaycanda fəal biznes fəaliyyəti həyata keçirdiyi, son illərdə Azərbaycan sərmayədarlarının da Rusiyada regional iqtisadiyyata investisiyalar qoyduğu diqqətə çatdırılıb.
Tərəflər ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar. Gələn ay Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının növbəti iclasının keçirilməsi və bir sıra yeni sənədlərin, o cümlədən iki ölkə arasında 2019-2021-ci illər üzrə turizm sahəsində, eləcə də aqrar sənaye kompleksində əməkdaşlığa dair proqramların imzalanması imkanları müzakirə edilib.
Görüşdə Rusiya dövlət sərhədindən “Yaraq-Qazmalar” buraxılış məntəqəsi
ərazisindən Samur çayı üzərində
tikilən avtomobil körpüsünün
dekabrda istifadəyə verilməsi ilə
bağlı məsələlər də müzakirə olunub.
Azərbaycan.- 2019.- 24 noyabr.- S.4.