Tibbi
sığorta sağlam həyatın təminatına xidmət
edir
Dünya əhalisinin ən azı
yarısının səhiyyə xidmətlərinə əli
çatmır. 100 milyona yaxın insan həddən artıq
yoxsulluq içində yaşadığından səhiyyə
xidmətlərindən dolğun faydalanmaq imkanlarından məhrumdur.
Gündə cəmi 1,9 dollaradək pulla yaşamaq məcburiyyətində
qalanların müalicə üçün pul ödəmələri
təbii ki, ağlabatan deyil. Bundan başqa, 800 milyondan
çox insan (dünya əhalisinin təqribən 12 faizi) ailə
büdcəsinin ən azı 10 faizini səhiyyə xidmətlərinə
xərcləyir. Bəli, bu cür statistikanın
ağırlığı nikbin gələcəyə bəslənən
ümidləri də bədbin məcraya yönəldir.
Bu səbəbdən BMT-yə
üzv olan ölkələr belə razılığa gəliblər
ki, 2030-cu ilədək bütün əhalini səhiyyə
xidmətləri ilə əhatə etsinlər. Əsas məqsəd
odur ki, insanların zəruri səhiyyə xidmətlərindən
faydalanmalarına maliyyə çətinlikəri mane
olmasın.
Ağır xəstəliklərin
müalicəsi və bu zaman göstərilən xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması
günümüzün aktual problemlərindəndir. Tibbi
sığortanın da başlıca vəzifəsi
insanların sağlamlığının
yaxşılaşmasına xidmət etməkdir. Müalicəyə
ehtiyacı olanların öz vəsaitləri hesabına yox,
başqa mənbələrdən təmin edilməsi imkan verir
ki, ən ağır xəstəliklərdən müalicə
alan yüz milyonlarla insan məcburən yoxsulluğun
girdabına yuvarlanmasın. Gözlənilmədən
ağır xəstəliyə yoluxanlar əllərindəki qəpik-quruşlarını
itirməsin, borca düşməsin və ev-eşiklərini
satmaq məcburiyyətində qalmasınlar.
Əlbəttə, səhiyyə
xidmətlərinin ümumi əhatəsi heç də o demək
deyil ki, bütün xəstəliklərin müalicə
haqqını ödəməyi hər hansı bir
sığorta qurumu öz üzərinə götürəcək.
Bu, təbii ki, mümkün deyil. Odur ki, problemin həllinin incəliklərini
anlamaq üçün müasir dünyada tibbi
sığortanın inkişaf etmiş ölkələrdə
necə fəaliyyət göstərməsinin nəzərdən
keçirilməsi zəruridir. Bu baxımdan Almaniya,
Böyük Britaniya, ABŞ, Fransa və Kanada kimi ölkələrin
təcrübəsi diqqətəlayiqdir.
Sosial sığorta modelinin klassik
nümunəsi kimi Almaniya maraqlıdır. Bu ölkədə
maliyyə mənbələri aşağıdakı qaydada
bölünür: tibbi sığorta 60, özəl tibbi
sığorta 10, dövlət büdcəsi hesabına 15 və
vətəndaşların şəxsi vəsaiti hesabına 15
faiz. Tibbi-sosial sığorta proqramları əhalinin 90 faizini,
özəl-tibbi sığorta isə 10 faizini əhatə
edir. Xəstəxana xəzinədarlığı
(kassaları) xüsusi qeyri-kommersiya təşkilatları
statusuna malikdir və xəstəliklərlə bağlı
risklərin sığortalanması ilə məşğul
olurlar. Onların, eləcə də həkimlərin, o
cümlədən stomatoloqların təmsilçilərini
özündə birləşdirən ödəniş
komissiyaları federal səviyyədə güzəştlərin,
normativlərin və göstərilən tibbi xidmətlərin
qiymətlərinin təyin olunmasında iştirak edirlər.
Alman qanunvericiliyinə görə,
yalnız illik gəliri 50 min avronu keçənlər özəl
tibbi sığortadan faydalana bilərlər. Qalan vətəndaşlar
məcburi sosial tibbi sığorta ilə əhatə olunurlar.
Bu ölkədə tibbi xidmətlər bazarı elə
yüksək inkişaf etmişdir ki, dövlət tibbi
sığortası aparıcı, özəl sığorta isə
tamamlayıcı rollarını oynayır.
Böyük Britaniyaya gəldikdə,
bu ölkə büdcə modelinin ən parlaq nümunəsi
hesab olunur. Böyük Britaniyada səhiyyə xərclərinin
95 faizi dövlət, 5 faiz özəl tibbi sığorta
hesabına ödənilir. Vəsaitlər dövlət
büdcəsində toplanır, oradan səhiyyə müəssisələrinin
maliyyələşdirilməsini idarə edən
özünütənzimləmə təşkilatlarına
ötürülür. Bu hesaba bütün əhali pulsuz səhiyyə
xidməti ilə əhatə olunur və tibbi xidmətlər
üçün ödənişlər demək olar ki, yox dərəcəsindədir.
Məsələn, bir resept üçün cəmi 7,85
funt-sterlinq həcmində sabit ödəmə tətbiq edilir.
Fransanın səhiyyə sistemində
isə sosial-sığorta modelinə üstünlük
verilir. Bu sistemin 50 faizi sosial tibbi sığortanın, 20 faizi
fərdi tibbi sığortanın, 10 faizi dövlət büdcəsinin,
20 faizi də vətəndaşların şəxsi vəsaitləri
hesabına ödənilir. Əhalinin 96 faizi sosial
tibbi-sığorta ilə əhatə olunub. Fərdi
sığorta isə səhiyyə xidmətləri
bazarında əlavə rol oynayır.
Biz aparıcı ölkələrin
sığorta sistemlərində son zamanlardakı yalnız
ümumi cəhətləri sadaladıq.
Göründüyü kimi, onlar bənzər olduqları qədər
də fərqlidirlər. Yeri gəlmişkən onu da qeyd edək
ki, Qərbdə səhiyyənin və tibbi
sığortanın səviyyəsini, təsir
gücünü təyin edən amillərdən biri də
orta insan ömrünün uzunluğu ilə əlaqədardır.
Eyni zamanda səhiyyə xərclərinin sırasında vətəndaşların
maariflənməsinə və hüquqi təminatına ciddi vəsaitlər
ayrılır. Yəni sağlam həyat tərzinin təbliği,
insanların sağlamlığının qorunması istiqamətlərində
sistemli layihələr həyata keçirilir və ailə
sağlamlığını qoruyanlara müsbət nümunə
kimi müəyyən güzəştlər tətbiq edilir. Məsələn,
müxtəlif ölkələrdə siqaret çəkənlərin
sayına nəzər salsanız görəcəksiniz ki, ən
az tütün aludəçiləri inkişaf etmiş
ölkələrdədir. Çünki həmin ölkələrdə
antitütün təbliğatına külli məbləğdə
vəsait xərclənir.
Reallıqlar belə qənaətə
gəlməyə əsas verir ki, dünya səhiyyə
sisteminin yeni məzmunu formalaşmaqdadır. Bu, təbii ki,
tibbi sığortaya da təsir edəcək, baxmayaraq ki,
dünyada böyük şirkətlər tibbi sığortada
öz paylarını azaltmağa meyillidirlər. Bu yerdə
qeyd edək ki, Azərbaycanda məcburi tibbi
sığortanın gələn ilin əvvəlindən tətbiq
olunması gözlənilir. Amma ölkədə özünə
hörmət qoyan şirkətlər artıq neçə
ildir ki, işçilərinə və hətta onların ailə
üzvlərinə tibbi sığorta paketi təklif edirlər.
Bu gün planetar miqyasda müasir səhiyyənin
qarşısında önə çıxan problemlərin
sırasında maliyyə dayanıqlığı, xidmət
modelləri kimi məsələlər durur. Onlar bilavasitə
və dolayısı tibbi sığortanın inkişafına
və təkmilləşməsinə təsir edir. Müasir səhiyyənin
düşünən beyinləri sabit inkişaf edən
ekosistemlərin, səhiyyə islahatlarının
aparıcı qüvvələrinin sıx əməkdaşlığında
maraqlıdır.
Bir qayda olaraq, bütün
intibahların arxasınca tənəzzül baş verir. Lakin
bu, 2019-cu ilin səhiyyəsinə aid deyil. Dünyada müasir
səhiyyə sistemləri artıq xəstəliklərin
müalicəsinə yox, onların vaxtında
diaqnozlaşdırılıb aradan qaldırılmasına xidmət
edir. Rəqəmsal texnologiyalar əsasında tətbiq edilən
yeni modellər səhiyyənin mövcud qlobal problemlərini
üzə çıxarır və daha ucuz, daha faydalı
müalicə mexanizmlərinin yaradılmasını
stimullaşdırır. Buna baxmayaraq, proqnozlara görə,
2022-ci ilədək dünyanın səhiyyə xərclərinin
7,7 trilyon dollardan 10,1 trilyon dollaradək artması gözlənilir.
Fərdiləşmiş səhiyyənin, yeni
texnologiyaların inkişafı və yayılması,
innovasiyaların tətbiqində güclü rəqiblərin
meydana çıxması, alternativ tibbi xidmətlərə tələbin
artması bu xərcləri qaçılmaz edir. Səhiyyə
təmsilçiləri cərrahiyyə əməliyyatlarının
keyfiyyət göstəricilərinin, xidmətin
yaxşılaşmasına və innovativ üsulların
işlənilməsinə diqqəti artırır və daha
çox insanın səhiyyə xidmətlərindən
faydalanmasına imkan yaratmaq üçün yeni xidmət
modelləri tətbiq edirlər. Təbii ki, bütün bunlar
səhiyyəyə daha çox vəsaitin ayrılmasına səbəb
olur.
Bahadur
İMANQULİYEV
Azərbaycan.- 2019.- 24 noyabr.- S. 6.