Aparıcı qüvvə
Gənclər müstəqil Azərbaycanın gələcəyidir
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Xüsusilə son dövrlər ölkə rəhbərinin dövlət qurumlarına gənc kadrların təyinatı, onları qəbul edərək tövsiyə və tapşırıqlar verməsi onu deməyə əsas verir ki, artıq gənclərə böyük etimad göstərilməklə cəmiyyətə yeni nəfəs gəlir.
Ölkə rəhbərinin kadr siyasətində gənclərə üstünlük verməsi onu göstərir ki, onlara böyük inam, etimad var. Bu baxımdan son illər bölgələrdə də işbilən, təcrübəli gənclərin yüksək vəzifələrə təyin olunması istiqamətində müəyyən işlər görülür. Bu barədə Ağstafada rayon gəncləri ilə keçirilən toplantıda geniş söhbət getmişdir. Toplantıda gənclərlə bağlı görülən işlərə nəzər salan rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev demişdir ki, gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin birinci forumu və Ulu Öndər Heydər Əliyevin gənclərlə keçirdiyi görüş respublikamızın müstəqilliyi, ərazi bütövlüyünün qorunması və hüquqi, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi ölkədə vahid gənclər siyasətinin işlənib hazırlanmasının vacibliyini ortaya qoydu və aidiyyəti dövlət strukturları qarşısında konkret vəzifələr müəyyənləşdirdi. Bu vəzifələr Azərbaycan dövlətinin gənclər siyasətinin düzgün icrasından, yüksək vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasından, idmanın inkişafından, bir sözlə, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi və bütün bunlar üçün sosial-iqtisadi şəraitin yaradılması, gənclərin dünyaya inteqrasiyası və onların vətənpərvərlik tərbiyəsindən ibarət idi.
Toplantıda gənclər siyasətinin Ağstafa rayonunda uğurla həyata keçirilməsi, rayon gənclərinin hərbi vətənpərvərlik, dövlətçilik, milli-mənəvi ruhda tərbiyə olunması, gənclərin məşğulluğunun təmin olunması, dövlət və yerli ozünüidarəetmə orqanlarının işində onların fəal iştirakının təmin edilməsi barədə söz açıldı. Eyni zamanda, gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təmin edilməsi, narkomaniya və QİCS-in profilaktikası, onları müxtəlif dini təriqətlərin ekstremist və ayrıseçkilik çağırışlarından qorumaq sahəsində mütəmadi olaraq aidiyyati qurumlarla müxtəlif tədbirlərin həyata keçirilməsi barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Heydər Əliyev və Gənclər mərkəzlərinin fəaliyyəti daha da gücləndirilmiş, rayonda fəaliyyət göstərən Peintibol Atıcılıq Mərkəzinin fəaliyyətinin gücləndirilməsi üçün tədbirlər planı təsdiq edilmişdir. Gənclərin həqiqi hərbi xidmətə yola salınması ilə bağlı mərasimlər də böyük təntənə ilə təşkil edilmişdir.
Toplantıda rayonun idarə, müəssisə və təşkilatlarında olan vakant iş yerləri haqqında da iştirakçılara ətraflı məlumat verilmişdir. Qabaqcadan əldə edilmiş məlumatlara əsasən həmin gün gənclərə təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə olan vakant iş yerləri təklif olunmuşdur.
Tədbirdə Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Feruz Həsənov, Ağstafa şəhər 1 nömrəli orta məktəbin direktoru Elvin İmaməliyev, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, YAP Ağstafa rayon təşkilatının nümayəndəsi Aytən Məmmədli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Nazim Çələbiyev və başqaları çıxış edərək gənclərlə bağlı həyata keçirilən tədbirlərdən danışmış və qeyd etmişlər ki, Azərbaycan gəncliyi onlara göstərilən qayğının nəticəsi olaraq fəallıqlarını artırmağa və bunu öz əməli fəaliyyətlərində göstərməyə çalışır. Çıxış edənlər Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin reallaşması üçün arzu və təkliflərini bildirmiş və bununla bağlı qarşıda duran vəzifələrdən danışmışlar. Diqqətə çatdırmışlar ki, İlham Əliyevin Prezident olduğu 16 ildə ölkəmizdə müxtəlif sferalarda, istər mədəniyyət, istər idman, istərsə də elm və təhsil sahələrində gənclərə verdiyi dəstək onlara böyük stimul verir və məhz bu səbəbdəndir ki, Vətənimiz bir sıra mötəbər idman yarışlarına, festivallara, eləcə fə konfranslara evsahibliyi edir. Odur ki, Ağstafa gəncləri dövlət başçısının daxili və xarici siyasətini dəstəkləyir, hər zaman onunla həmfikir olduqlarını bildirirlər.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olundu. Gənclər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağstafa rayon gəncləri adından müraciət qəbul etdilər.
Sabir ƏLİYEV
Azərbaycan.- 2019.- 24 noyabr.- S. 7.