Qışın astanasında nar baharı

 

İnanmaq çətindir, ona görə ki, dünyanın heç bir yerində heç vaxt qışın astanasında nar çiçəkləmir, amma Bakıda çiçəkləyib! Noyabrın son günlərinin soyuq küləkləri əsir, bayır-bucaqda işə dərsə, ya da sadəcə gəzintiyə çıxanların geyimləri tədricən dəyişir. Artıq palto geyirlər, kurtkalar qalınlaşır, adamlar başlarını örtür, boyunlarına şərf bağlayırlar. Küləklər ağacların saralan yarpaqlarından səmaların not dəftərinə xəzan simfoniyasını cızır.

Nar necə çiçəkləyə bilər belə havada? İqlimmi dəyişir, dünyanınmı axırıdır? Hər gün obaşdan yüzlərlə süpürgəçi paytaxtın küçələrinə çıxır, qucaq-qucaq yarpağı süpürüb aparırlar. Göyçaylı dostumdan soruşuram ki, orda nar çiçəyi tapmaq olarmı? Şaqqanaq çəkib gülür ki, rəhmətliyin oğlu, indi nəinki nar çiçəyi, heç narın özünə də nadir halda rast gəlirsən! Deyirəm ki, Bakıda nar çiçəkləyib, uydurursan deyir, inanmır.

Ona iki gün ard-ardınca Bakıda keçmiş Qubernator bağında çəkdiyim nar çiçəklərinin şəkillərini, videolarını göndərirəm. Təəccüblənir ki, mümkün deyil! Yenə kameranı əlimə alıb Filarmoniya bağına gedirəm, fəvvarənin ətrafında çıçəkləyən nar ağaclarının şəklini çəkirəm. Bəzən insan gözlə gördüyü bir hadisəyə şübhə ilə yanaşa bilir. Ağaclara qulluq edən bağbandan soruşuram ki, qardaş, busirdir, axı indi narın çiçəkləyən vaxtı deyil! Gülümsəyib deyir: "Bu ağaclar dekorativ bitki sayılır, bəhər üçün yox, gözəllik üçün əkilib. İki ay olar ki, çiçəkləsələr də, hələ solmayıblar. Onların vəzifəsi bu bağa zinət vermək, zövq oxşamaqdır”.

Sevinirəm, çünki "Azərbaycan” qəzeti son 3-4 ildə Dənizkənarı Milli Parkda nar bağının salınması təşəbbüsünü bir neçə dəfə irəli sürmüşdü. Səbəbini də yazmışdıq ki, nar hər bir azərbaycanlı üçün bitki olmaqdan savayı, həm də gözəllik rəmzidir. Biz qəlbimizdə nar ağacına olan sevgini əcnəbilərə də nümayiş etdirməliyik. Hər gələn qonaq da bilməlidir ki, nar bizim üçün əsrarəngiz bitkidir. Yaponlar üçün sakura - albalı budağı kimi.

Sakura budağı beş-on gün üstündə gül saxlayırsa, nar ağacı Azərbaycanda təxminən mayın 15-dən çiçəkləməyə başlayır və bu nar baharı nə az-nə də çox, düz üç ay - payızadək davam edir. Əgər Bakı bulvarında bəhər verən və dekorativ nar ağaclarından alleya salınarsa, deməli, biz yarım ilə yaxın özümüzə də, əcnəbilərə də əsrarəngiz bir nar baharı hədiyyə edə bilərik.

Məsələ burasındadır ki, narla bağlı əfsanələr Qərb mədəniyyətindən də eyni poetik tərzdə keçir. Amma Şərq dünyası narı bütün meyvələrin tacı kimi daha uca tutub, onun şəninə daha çox əfsanələr yaradıblar, şeirlər bəstələyiblər. Azərbaycanlılar da nara məhəbbətində heç bir xalqdan geridə deyil. Xatirələrin kəpənək qanadlarında çırpınaraq ruhumuzda əbədi pərvazlanan bu nar ləçəkləri bizim üçün təbiətin ən gözəl, həzin və lirik bəstəsidir.

Narla bağlı bir neçə gün əvvəl baş verən əhvalatı danışmaq yerinə düşərdi. Dostumun həyat yoldaşı Barselonada ağır xəstəlikdən kimya-terapiya alır və cərrahiyyə əməliyyatına hazırlaşmaq, bədənini zəhərli maddələrdən təmizləmək üçün qeyri-ənənəvi yola əl atır. Ona yerini dəyişməyi, nəsə gözəl bir ölkəyə getməyi tövsiyə edəndə çox yeri araşdırır, axırda Azərbaycanı seçir. Görüşəndə xahiş etdi ki, ona Bakını göstərim, ölkə haqqında nağıllar, əfsanələr danışım. Gördüyü hər şeydən güc almaq, ruhuna nur çiləmək istəyirdi. Onunla Bakını gəzdik, İçəri şəhəri dolaşdıq, "Yanardağa baş çəkdik. Tanış olduqca uşaq kimi sevinirdi. "Yanardağda alovun dillərinə, Bakıda Alov qüllələrinin ucalığına əllərini uzadıb seyr edirdi və dodaqlarının altında astadan pıçıldayırdı ki, mənə kömək edin, məni sağaldın. İçəri şəhərdə yerə döşənən daşları sığallayırdı ki, ilahi, necə də gözəldirlər!

Onun xəstə ruhuna nikbinlik gətirmək üçün nar baharından danışdım: "Bir az tez gəlsəydiniz əfsanəvi çiçəklərə barmaqlarınızın ucu ilə toxuna bilərdiniz, onlardan güc alardınız”. İçəri şəhərdə qala divarının yanında qonağımız bir stəkan nar şirəsi içib gülümsəyir: "Çiçəyini görmədim, amma meyvəsini daddım, şirəsini içdim. Dünyanın çox yerində nar yemişəm, amma buradakı nardan heç yerdə tapmazsan. Çox dadlıdır”.

Ona hara getdiyimizi demirəm. İçəri şəhərdən Filarmoniya bağına keçib çiçəyə bürünən nar ağaclarının yanına gəlirik. Baxıb deyir ki, günahsız körpə təbəssümü kimi gözəldilər, görəsən nə çiçəyidir?

- Sizi təbrik edirəm. - deyirəm cavab əvəzində.

- Nə münasibətlə? - soruşur.

- Siz bəxti gətirənlərdən oldunuz, nar çiçəyi ilə görüşə bildiniz!

Heyrətdən və sevincdən bilmir ki, nə etsin. Lal-dinməz durub baxır, kipriyindən asılan bir damla göz yaşı qopub gedə bilmir, əlini yenidən nar çiçəklərinin ləçəklərinə toxundurur: - Allahım, necə də zərifdirlər, nə qədər gözəldirlər? Azərbaycanlılar üçün nar çiçəyi nə qədər müqəddəsdir? - deyə soruşur.

Cavab verirəm ki, bizim müqəddəs kitabımızda deyilir ki, nar ağacları cənnət bağında bitir. Elə sizin Bibliya əfsanələrində də nar əsl "cənnət alması” imiş. Sevimli peyğəmbərimiz isə paxıllığı, nifrəti və kini insanın içindən təmizləyən meyvə kimi nar yeməyi məsləhət görərdi.

Sevinir: - Elə bil mənim üçün deyilib...…

Vidalaşıb ayrılırıq. Narla bağlı internetə baxıram. Xeyli məlumat var. Narın rəsmi Misir ehramlarında, qədim Bizans parçalarının üzərində, əntik yunan ərəb ornamentlərində tapılmışdır. Qədim yunan mifologiyasında narın öz yeri var. Yunanlar inanardılar ki, nar yemək insana ölümsüzlük bəxş edir. Nar Yunanıstanda həm ər-arvad sadiqliyinin simvolu olmuşdur. Çin toylarında şirin nar dənələrini yeməklə bəylə gəlinə xeyir-dua verirlər. Azərbaycan əfsanələrində isə deyilir ki, nar sevgi məhəbbət simvoludur. Qədim zamanlarda sözlə sevgisini bildirməkdə çətinlik çəkən gənclər qızlara nar göndərməklə öz hisslərini büruzə verər, sevgilərini etiraf edərdilər.

Qızlarımıza Nargilə, Gülnarə kimi adların verilməsi bizim nara olan sonsuz bağlılığımızın nişanəsidir. Onlar ər evinə köçərkən başlarına atılan duvaq da nar çiçəyinin rəngində olub. Nara bəstələnən mahnıların sayı-hesabı yoxdur.

Əgər yaponlar sevdikləri sakura budağını dünyaya tanıda biliblərsə, biz niyə nar ağacı ilə bağlı bütün bilikləri əfsanələri yaz çələngi kimi başımızın üstünə qaldırmayaq? Filarmoniya bağında dekorativ nar ağaclarının əkilməsi landşaft memarlığının dövlət tərəfindən mükəmməl həllidir. Bu minvalla ümid etmək olar ki, artıq şəhərdə məskən salan dekorativ nar ağacları tədricən artacaq ölkəmizə gələn əcnəbilər bizim qədər narla bağlı əfsanələr əhvalatlarla tanış olacaqlar. İstənilən ölkəyə gedən turist ilk öncə yerli əhalinin müqəddəs əziz saydığı, xüsusi dəyər verdiyi varsa, onunla maraqlanır. Onu görməyə, dərk etməyə yadda saxlamağa çalışır. Bir nar çiçəyinin şərqli ruhumuza bütün gözəlliklərin eşqlərin rəmzi kimi hakim kəsilməsi qəribə deyilmi?

Özünü unudub nar çiçəyinin ləçəklərinin arxasındakı qərib fəzaları kəşf edən geriyə yolu olmayan şairlərimiz, bəstəkarlarımız varsa, nara qoşulan mahnılar heç vaxt dəbdən düşmürsə, deməli, biz yaponlar kimi minlərlə turistə anlada bilərik ki, Azərbaycan misilsiz əfsanələrin vətənidir, onun hər qarış torpağında, hər açılan çiçəyində bir sevgi dastanı yatır. Nar çiçəyi, nar ağacı bu baxımdan ecazkar gücə malikdir. Yalnız torpaq sərhədlər müqəddəs deyil. Bir nar ləçəyi Vətən qədər əzizdir. Əsgər necə Vətən uğrunda - bir ovuc torpaq uğrunda ölum-dirim savaşına atıla bilirsə, biz içimizdə xalqımıza, onun tarixinə təbii sərvətlərinə müqəddəs bir sevgi yaşatmalıyıq.

Vətən elə bir məfhumdur ki, biz onun hər qarışını, hər çiçəyini, daşını belə qənirsiz bir sevgi ilə sevməsək bütün dünyaya bunu təlqin etməsək, əcnəbilər bizi anlayacaq, ki, ipəyimizin, xalçalarımızın, muğamımızın tərənnüm etdiyimiz meyvələrin, çiçəklərin bənzərsizliyini dərk edəcəklər. Biz dövlətimizin atdığı nəcib addıma əməlimiz, sevgimizlə dəstək verməliyik. Bunun üçün gənclər, uşaqlar nar çiçəkləri ilə birgə şəkil çəkdirməli bu görüntüləri bölüşməlidirlər. Çünki nar dünyanı fəth etməyə qadir olan Azərbaycan brendidir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 24 noyabr.- S. 8.